Fransız maarifçiliyi Azərbaycan
tədqiqatında
Zöhrə Əliyevanın monoqrafiyasi müasir elmi-nəzəri fikrin ən mürəkkəb məsələlərindən biri- fransız maarifçiliyinin XIX və XX əsrin əvvəlləri Azərbaycan ədəbi-nəzəri fikrinin inkişafında rolu probleminə həsr olunub.
XIX və XX əsrin əvvəlləri Azərbaycan maarifçiliyi tarixində həqiqətən müstəsna yer tutur. Bu problemə aid tədqiqat işlərinin bolluğuna baxmayaraq, bir çox məsələlərin, xüsusilə, Şərq-Qərb yönümünə aid problemlərin daha dərindən tədqiq olunmasına ehtiyac vardır.
Postsovet ədəbiyyatşünaslığı şəraitində bu problemin yeni metodoloji yanaşmalar kontekstində öyrənilməsi qeyd olunan prosesin obyektiv inkişaf mənzərəsini yaratmaq üçün xüsusi əhəmiyyət və aktuallıq kəsb edir.
Kitabın aktuallığı bir də ondadır ki, ədəbiyyatşünaslığımızdakı boşluğu doldurmaq üçün atılmış mühüm addım kimi də diqqəti cəlb edir.
Müəllif öz tədqiqat işində, ilk dəfə olaraq, kompleks formada Azərbaycan maarifçilərinin yaradıcılığı nəzərdən keçirmiş, fransız maarifçilərinin ideyalarının Azərbaycan ədəbi-nəzəri fikrinə təsirinin tarixi ardıcıllıq dinamikasını göstərmişdir.
Məlum olduğu kimi, Azərbaycan maarifçiliyi geniş mənada XIX əsrin 30-cu illərindən başlamış və oktyabr inqilabı və sovet hakimiyyətinin ilk illərinədək davam etmişdir. Maarifçilik müxtəlif ideya əqidəli, yaradıcılıq metodları olan yazıçıların və ictimai xadimlərin yaradıcılığında öz ifadəsini tapmışdır.
Tədqiqatçı Azərbaycanın görkəmli maarifçilərinin yaradıcılığını səciyyələndirən fərdi üslubu, janr formaları, obrazlar sistemləri, tematikası və dünyagörüşünün spesifik xüsusiyyətləri hərtərəfli nəzərdən keçirilmişdir.
Dünya mədəniyyət tarixində XVII əsrdən başlayaraq, fransız maarifçiliyi XIX əsrdə öz demokratik ideyaları ilə mühüm yer tutdu. XVIII əsr fransız klassisizminin nümayəndələri - Malerb, Kornel, Rasin, Molyer fransız maarifçiliyinin baniləri hesab olunur. XIX və XX əsrin əvvəlləri Azərbaycan maarifçiliyinin inkişafında fransız maarifçiliyi mühüm rol oynadı.
Avropa yazıçıları ilə yaradıcılıq əlaqələri Azərbaycan maarifçilərinin dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb etdi. Bir çox alimlər A.Bakıxanovu yalnız Azərbaycanda deyil və bütün Şərqdə maarifçilik fikrinin zirvəsi hesab edir, Azərbaycan maarifçiliyinin çiçəklənməsini onun adı ilə əlaqələndirirlər.
Qeyd edildiyi kimi, maarifçilik estetik istiqamət kimi Fransada XVII əsrdə, Rusiyada isə artıq XVIII əsrdə təşəkkül tapmışdır. Təbii ki, Azərbaycan maarifçiliyi də öz yolu ilə getsə də, müəyyən qarşılıqlı əlaqədən və təsirdən xali deyildi. XIX əsrdə Azərbaycanda baş verənlər Rusiyada XVIII əsrdə, Fransada XVII əsrdə baş verdi.
Fransız və rus maarifçiliyinin ideyaları Azərbaycana XIX əsrdə nüfuz etdi.
Azərbaycan maarifçilərinin dünyagörüşü geri qalmış sxolastik görüşlərlə qızğın toqquşmada inkişaf edirdi. Müəllif M.F.Axundzadənin ideya və fikirlərinin formalaşmasında Avropa maarifçiləri Russo, Volter, Monteskye, Didro, Fontonel və başqaları ilə müqayisəli təhlil yolu ilə əyani misallar gətirmişdir. Xüsusilə, Monteskyenin "Fars məktubları" əsəri ilə tanınmış M.F.Axundzadənin "Kəmalüddövlə məktubları" əsərinin yazılmasında oynadığı rolu inkar etmək olmaz.
Azərbaycan və fransız maarifçilərinin əsərləri müqayisə edilərək ümumilik dərəcəsi müəyyən edilmiş, dövrün və insanın ziddiyyətləri, onun mənəvi siması, əxlaqi dəyərləri, mənəvi potensialı və dəyər yönümü açılmışdır. Konkret zaman və konkret ədəbi material çərçivəsində bu proses nəzərdən keçirilmiş, prosesin inkişaf dinamikası öyrənilmiş, Azərbaycan yazıçıları üçün xarakterik olan varislik əlaqəsi və novatorluğu öyrənilmişdir. Bu tədqiqatın xronoloji çərçivəsi (XIX və XX əsrin əvvəlləri) onunla şərtlənir ki, məhz bu dövrdə Azərbaycan maarifçiliyinin formalaşması və inkişafı baş vermişdir.
Müəllif Azərbaycan və fransız ədəbiyyatının ən əsas qarşılıqlı əlaqə nöqtələrini tədqiq edib, ideyalardakı, obrazlardakı, mənəvi problemlərin qoyuluşu və həllindəki bir çox tipoloji paralelləri aşkara çıxarıb. Məhz bu yolla müəllif fransız ədəbiyyatının təsir dərəcəsini müəyyən etməyə nail olmuş, həmçinin, fransız ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri problemini Azərbaycan - fransız yazıçılarının əsərlərindəki ideya-mövzu ümumiliyini aşkara çıxarmışdır.
Z.Əliyeva fransız maarifçilərinin ideyalarının A.Bakıxanova, İ.Qutqaşınlı, M.Ş.Vazeh, H.Zərdabi, N.Vəzirov və başqalarına təsirini A.Bakıxanov yaradıcılığına Didronun maarifçilik ideyalarının təsirini izləmişdir. Bakıxanov fransız maarifçiləri kimi tərbiyəyə, doğma xalqının maariflənməsinə, dünyagörüşü və təfəkkürünün inkişafına mühüm əhəmiyyət vermişdir.
Həmin dövrdə bir çox Azərbaycanlılar Fransada təhsil almış, fransız dilini mükəmməl bilirdilər. İ.Qutqaşınlı özünün məşhur "Rəşid bəy və Səadət xanım" povestini fransız dilində yazmışdır. Müəllif Şərqlə Qərbin sintezini C.Məmmədquluzadənin yaradıcılığında da izləmişdir. Fransız maarifçilik ideyalarının Azərbaycan romantiklərində - Abbas Səhhət, Məhəmməd Hadi, Hüseyn Cavid yaradıcılığında aşkarlamışdır.
N.Vəzirovun "Ağa Kərimxan Ərdəbili" və "Dələduz" pyesləri Molyerin dramaturgiyasının təsiri altında yazılmışdır. Azərbaycan dramaturqu fransız ədəbiyyatında mövzu və ideya, obrazları əxz edərək ikiüzlülük, mənəviyyatsızlıq, acgözlük kimi mənfi insani xüsusiyyətləri kəskin tənqid etmişdir.
Fransız maarifçilik ideyalarının maarifçi-realistlər - M.Sidqi, F.Köçərli, N.Nərimanov, S.Qənizadə, R.Əfəndiyev yaradıcılığına təsiri məsələsi də işıqlandırılmışdı.
Fransız və Azərbaycan ədəbiyyatçılarının göstərilən dövrdə ideya-mövzu ümumiliyinin öyrənilməsi, müəllifə problemin iki milli mənəvi-etik potensiyası qovşağında nəzərdən keçirməyə imkan vermişdir. Müəllif tərəfindən aparılan müqayisə iki milli ədəbiyyat arasında yalnız ümumiliyi deyil, hər bir xalqın etik, dini, mədəni xüsusiyyətləri ilə bağlı fərqləri də göstərmişdir.
Monoqrafiyada indiyədək mövcud ədəbiyyatşünaslıq problemləri dərindən araşdırılmışdır. F.Köçərlinin, M.Rəfilinin, F.Qasımzadənin, Ə.Mirəhmədovun, N.Məmmədovun, K.Talıbzadənin, Ə.Əhmədovun, S.Tağızadənin əsərləri tənqidi surətdə təhlil süzgəcindən keçirilmişdir.
Yeni-yeni faktların toplanması, Azərbaycan-fransız ədəbi əlaqələrinin inkişafında yeni meyillərin yaranması hələ də məlum səbəblərdən dərindən tədqiq olunmamış bir çox müddəaların yenidən dəyərləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
L.H.Səmədova
Səs.- 2010.- 27 aprel.- S. 11.