Soyqırım: Bakı"

 

Sənədli filminin təqdimat mərasimi keçirildi

 

Dövlət Film Fondunda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən hazırlanan növbəti filmin - "Soyqırım: Bakı" sənədli filminin təqdimat mərasimi keçirilib. Qeyd edək ki, filmin prodüseri Günel Paşayeva, ssenari müəllifi rejissoru Etibar Məmmədov, redaktoru Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlı, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır.

Təqdimat mərasimində millət vəkili Q.Paşayeva film haqqında məlumat verib: "Filmdə ermənilərin 1918-ci ildə Bakıda törətdiyi soyqırımı sənədlərlə, faktlarla öz əksini tapır. Filmdə hadisənin canlı şahidləri, doğmalarını, yaxınlarını itirən, bu soyqırımından əziyyət çəkən insanların xatirələrindən daha geniş istifadə olunub. Hadisənin canlı şahidlərinin fikirləri filmdə öz əksini tapıb. Bu isə beynəlxalq ictimaiyyət üçün çox önəmlidir. Filmi hazırlayan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi bunun Azərbaycanla yanaşı, dünyadakı azərbaycanlılar arasında da yayılmasını planlaşdırır".

Millət vəkilinin bildirdiyinə görə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bu faktları bilməsi çox vacibdir: "Bu zaman onlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı ilə bağlı daha geniş təbliğat aparmaq imkanı əldə edəcəklər. Hər il aprelin 24-də ermənilər qondarma "soyqırımı" iddiaları ilə çıxış edirlər. Biz bu iddiaların uydurma olduğunu sübut etmək üçün həmişə Türkiyənin yanında olmuşuq. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "soyqırımı" aktı ilə bağlı qərar qəbul olunanda, Azərbaycan parlamenti dərhal buna reaksiya verdi biz çox kəskin etirazımızı bildirdik. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Güllə telefonla əlaqə saxlayaraq, dövlətimiz adından etirazını çatdırdı. Düşünürəm ki, hər bir vətəndaşımız bu cür hərəkət etməlidir. Bizim xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları xüsusilə fəal olmalıdırlar".

Millət vəkili, həmçinin, bildirib ki, "Soyqırım: Bakı" filminin Azərbaycan televiziya kanallarında nümayiş etdirilməsi nəzərdə tutulur. Filmin beynəlxalq ictimaiyyət arasında geniş yayılmasını həyata keçirmək üçün Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi filmin ingilis rus dillərində versiyasını da hazırlayır. Filmin xarici dillərdə ABŞ-da, bəzi Avropa MDB ölkələrində təqdimatının keçirilməsi planlaşdırılır".

Tədbirdə ombudsman Elmira Süleymanova çıxış edərək, bildirib ki, Azərbaycanda bu cür filmlərin çəkilməsi ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından çox böyük əhəmiyyət daşıyır. E.Süleymanovanın sözlərinə görə, ermənilər hər zaman türklərin onların düşməni olması ilə əlaqədar yalan təbliğat aparırlar: "Bunun nəticəsidir ki, hətta məktəb yaşında olan erməni türklərin düşmən olduğunu iddia edir. Amma biz öz övladlarımızı bu cür düşmənçilik ruhunda böyütmürük. Bu soyqırımı faktlarının sübutu kimi belə filmlər olmalıdır".

Millət vəkili Həvva Məmmədova çıxışında bildirib ki, ermənilər, ötən əsrin əvvəllərində olduğu kimi, əsrin sonlarında da azərbaycanlılara qarşı soyqırımı törədiblər bunun ən dəhşətlilərindən biri Xocalıda baş verib: "Ermənilər Xocalı soyqırımına qədər Dağlıq Qarabağın azərbaycanlılar yaşayan onlarla kəndində soydaşlarımıza qarşı qırğınlar törədiblər. Xocalı dünyada analoqu olmayan bir faciədir. Bu soyqırımı bütün dünyada ermənilərin kimliyini bir daha sübut etdi. Amma ermənilər bu gün dünyada qondarma soyqırımı siyasəti aparırlar".

H.Məmmədovanın dediyinə görə, ermənilər hətta o qədər azğınlaşıblar ki, Xocalı faciəsi zamanı çəkilən şəkilləri öz saytlarında yerləşdiriblər: "Bu fotoların Kosovoda Yuqoslaviyada çəkildiyini iddia edirlər. Bununla ermənilər dünya ictimaiyyətinə guya Azərbaycan tarixçilərinin saxtakarlıqla məşğul olduğunu sübut etmək istəyirlər. Biz bu cür uydurma iddiaların qarşısının alınması üçün təbliğatımızı daha gücləndirməliyik".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə çıxışında mart qırğınları zamanı Azərbaycan mətbuatının jurnalistikasının da ciddi zərər çəkdiyini söyləyib. Onun bildirdiyinə görə, indiki Sabir bağı deyilən ərazidə yerləşən "Kaspi" "Açıq söz" qəzetlərinin redaksiyaları, həmçinin, "Orucov qardaşları" adlanan çap mətbəəsi erməni daşnakları tərəfindən amansızcasına məhv edilib. Bununla yanaşı, o vaxt məşhur bolşeviklərdən olan Dadaş Bünyadzadənin peşəcə jurnalist olan qardaşı Bakı kəndlərindən birində erməni daşnakları tərəfindən qəddarcasına qətlə yetirilib: "Mart qırğınlarından sonra ta "Azərbaycan" qəzeti fəaliyyətə başlayana qədər Azərbaycan xalqı ermənilər tərəfindən, belə  demək mümkünsə, informasiya blokadasında saxlanılıb".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 27 aprel.- S. 11.