Akademik Zərifə Əliyeva
oftalmologiya elminin, nəinki Azərbaycanda, xarici ölkələrdə
də tanınmasına nail olmuşdur
Turqay Məmmədova: "Zərifə Əliyeva
qayğıkeş ana, vəfalı həyat yoldaşı və
səmimi iş yoldaşı idi"
- Turqay xanım, akademik Zərifə Əliyeva Azərbaycan
tibb elminin beynəlxalq səviyyədə tanınmasında əvəzsiz
xidmətləri olub. Sizcə, Azərbaycan xanımının
bu dərəcədə böyük uğurlara imza
atmasının kökündə hansı amillər
dayanırdı?
- İlk öncə, qeyd edim ki, Zərifə xanım Əliyeva aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində Azərbaycan milli-mənəvi dəyərlərinin gözəl incilərini özündə qoruyub saxlayan alicənab bir ailədə - görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Zərifə Əliyevanın bir şəxsiyyət kimi formalaşmasında və tərbiyəsində, eyni zamanda, gələcək həyatının düzgün və doğru istiqamətdə qurulmasında onun ailəsi böyük rol oynamışdır. Xüsusən də, Zərifə Əliyevanın bir şəxsiyyət kimi yetişməsində anası Leyli xanımın əməyi əvəzsiz olmuşdur. Zərifə xanımın gənc yaşlarından musiqiyə böyük həvəsi olub. Lakin o, orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil oldu və buranı bitirdikdən sonra Zərifə xanım təbabətin ən incə sahəsi olan oftamologiyanı seçdi. O, bu sahədə işləyən zaman çox fəal elmi işlə məşğul olmağa başladı. Xüsusən də, o, Azərbaycanın bölgələrində olan indiki Şirvan şəhərində traxomaya qarşı mübarizədə fəal iştirak edib, traxomanın sintometsinlə müalicəsini apararaq, nəticədə, bu işləri tibb elmləri namizədi dissertasiyası ilə başa çatdırdı. Bundan sonra Zərifə xanımın elmi fəaliyyəti peşə xəstəliklərinə həsr olunub. Zərifə xanım Əliyeva Bakıda fəaliyyət göstərən Kondisoner zavodunda laboratoriyanın açılmasına nail olaraq, orada eksperimental işlər apararaq və bununla yanaşı, Azərbaycan elmi-tədqiqat göz xəstəlikləri institutunun laboratoriyasında da çalışıb. Zərifə Əliyeva nəticədə doktorluq dissertasiyasını müdafiə edib, gələcək işləri bu səpuidə aparıb. Bundan başqa Zərifə xanım irididiaqnostika, diantologiya aid, həkimlərin xəstələrlə münasibətlərinə və s. həsr olunmuş elmi işlərin də müəllifi olub. Zərifə Əliyevanın 150-yə yaxın elmi işi və çap olunmuş 10 monoqrafiyası mövcuddur. Bütün bunlarla yanaşı, Zərifə Əliyeva elmi fəaliyyətdən əlavə, çox fəal ictimai işlərlə məşğul olub. O, eyni zamanda, bir sıra tibbi jurnal redaksiyalarının üzvü kimi çalışıb. Zərifə Əliyeva bir neçə doktorluq dissertasiyasının elmi rəhbəri və çox sayda namizədlik dissertasiyalarının da müəllifi olmuşdur. Zərifə xanım oftamologiyanı, nəinki Azərbaycanda, eləcə də çox uzaq xarici ölkələrdə də tanıtdırmışdır. O, daha çox Moskva alimləri ilə sıx əlaqədə idi və onlarla bərabər elmi monoqrafiyalar yazırdı. Zərifə Əliyeva məhz bu işlərinə görə, SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax mükafatına layiq görülüb. O, həm alim, həm gözəl bir insan, eyni zamanda, çox qayğıkeş və sadə bir xanım idi. Baxmayaraq ki, Zərifə xanım görkəmli bir ailənin nümayəndəsi idi, o, hər bir kəslə öz dili ilə danışırdı. Akademik Zərifə xanım özünə və ətrafdakılara qarşı çox tələbkar idi. O, hər cür laborant və doktorluq işlərini öz öhdəsinə götürürdü. Zərifə xanım işlərini çox tələskən və vaxtında yerinə yetirən bir insan idi.
- Zərifə xanım Əliyeva
Azərbaycan kimya sənayesi sahələrində
çalışan işçilərdə görmə
orqanlarının vəziyyəti, mövzusunda dissertasiya
müdafiə etmişdi. Sizcə bu dissertasiyanın müdafiəsi
tibb elminin inkişafına və onun yeni bir spektrdə
qurulmasına hansı formada təsir göstərib?
- Zərifə Əliyeva peşə xəstəliklərinin müalicəsinə böyük önəm verirdi. O, bir sıra bölgələrdə, xüsusən də, Gəncədə və başqa rayon və şəhərlərdə bu qəbildən olan xəstələrin müayinə və müalicəsini aparırdı. Eyni zamanda, Bakı Kondinsioner zavodunda da fəaliyyət göstərən tibb laboratoriyasında da yoxlamalar apararaq, xəstələri aşkar edir, onların vaxtında profilaktikasına və müalicəsinə çox böyük diqqət göstərirdi.
- Akademik Zərifə Əliyevaya M.İ.Averbax mükafatının verilməsi Azərbaycan aliminə və elminə göstərilən diqqətin təzahürü kimi qiymətləndirilir...
- Böyük alim Zərifə Əliyevaya verilən bu ad Azərbaycan oftamologiyasına verilən böyük qiymət idi. Çünki bu ad hər alimə verilmir. Zərifə Əliyevanın tibb sahəsində gördüyü işlərin elmi dairəsi çox geniş idi.
- Bu gün Zərifə Əliyevanın
böyük təcrübəsindən Azərbaycanın tibb
elmi hansı formada yararlana bilir?
- Zərifə xanımın işləri, həkim diantologiyasına, irididiaqnostikaya əsaslanıb. Bu gün də Azərbaycan tibb sahəsində bu üsuldan istifadə olunur. Bundan əlavə, Zərifə Əliyeva traxomanın ləğvində, sintometsinlə müalicəsində böyük bir təcrübi bilik yaratmışdı. Hazırda həkim diantologiyası, irididiaqnostika və onun müəyyən etdiyi bir sıra üsullardan Azərbaycan tibb təcrübəsində geniş istifadə olunur.
- Gənc nəslin təlim-tərbiyəsində, onların yüksək səviyyəli həkim oftalmoloqlar kimi formalaşmasında da böyük əməyi olub...
- Zərifə xanım bir neçə doktorluq dissertasiyası ilə yanaşı, çoxsaylı namizədlik dissertasiyalarının da elmi rəhbəri olub. Bu da gənc nəslin təlim-tərbiyəsində öz müsbət töhfəsini vermiş olub. Gənclərə çoxlu tövsiyələr verən, onları tərbiyələndirən Zərifə xanım alim olmaqla yanaşı, həm də gözəl insan idi. O gənclərlə işləməkdən böyük qürur duyurdu.
- Onun adını daşıyan Milli-Oftalmologiya Mərkəzi akademikin ideyalarını gerçəkliyə çevirmək üçün üzərinə düşən vəzifəni hansı formada yerinə yetirir?
- Bu gün Milli Oftalmologiya Mərkəzində Zərifə Əliyevanın müəyyənləşdirdiyi ənənə davam və inkişaf edir. Zərifə Əliyeva oftalmologiya elminin inkişafında və bügünkü tibb elminin nailiyyətlərində əvəzsiz rola malik olan bir akademik kimi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
- Zərifə xanımla çiyin-çiyinə
çalışmış bir şəxs kimi Onunla
bağlı təəssüratlarınızı necə
bölüşərdiniz?
- Akademik Zərifə Əliyeva barəsində çox danışmaq olar. Çünki o qədər zəngin bir insan idi ki, onunla bağlı xatirələri danışmaqla paylaşmaq çox çətindir. Onunla bağlı xatirələr çox zəngindir. Zərifə xanım hər kəslə öz dilində danışardı. O, xadiməyə, tibb bacısına və həkimə eyni dərəcədə böyük diqqətlə yanaşırdı. Zərifə xanım ətrafında olan hər kəsə bacardığı qədər kömək göstərən bir insan idi. O, qayğıkeş ana, vəfalı həyat yoldaşı və səmimi iş yoldaşı olmuşdu.
Tapdıq QURBANLI
Səs.- 2010.- 28 aprel.- S. 4.