Mənəviyyat kamillik nümunəsi olan alim

 

YAP Gədəbəy rayon təşkilatı Zərifə xanım Əliyevanın 87 illiyinə həsr olunan tədbir keçirildi

 

Dünən YAP Gədəbəy rayon təşkilatının qərargahında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın ildönümü ilə bağlı keçirilən tədbirdə partiya fəalları, rayon ictimaiyyətinin bir qrup üzvü iştirak etdi. Tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov çıjış edərək, bildirdi ki, fitri istedada malik alim Zərifə xanım Əliyeva, həm də dünya təbabətində özünəməxsus yeri olan, hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat və kamillik nümunəsi ola biləcək nadir şəxsiyyətlərdən biri idi: "1985-ci ilin bu bahar günündə dünyasını dəyişən, parlaq amalların, nəcib duyğuların, tükənməz həyat eşqinin təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanımın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il ehtiramla anılır. Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatı əziz və unudulmaz Zərifə xanım Əliyevanın xatirəsini anma günündə bir sıra tədbirlər keçirib".

R.Muradov Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açdı. Təşkilat sədri insan varlığının tibb elminin uğurlarından kənarda təsəvvür etməyin qeyri-mümkün olduğunu qeyd edərək, hər bir insanın taleyini öz taleyi kimi yaşamağı bacaran alimlərin gərgin əməyinin böyük əhəmiyyət kəsb etdiyini bildirdi: "Belə gözəl insanlardan biri də dünya oftalmologiya elminin görkəmli tədqiqatçısı, Azərbaycan oftalmologiya məktəbinin banilərindən biri, göz zədələnmələrinin müasir müalicə üsullarının yaradıcısı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevadır. Müqəddəs xatirəsi, ülvi insani keyfiyyətləri ilə mənəvi ucalığın zirvəsinə çataraq əbədiyyətə qovuşmuş, 87 illik yubileyinin işığına yığışdığımız Zərifə xanım Əliyeva Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda, ölkəmizin elm və mədəniyyətinə görkəmli ziyalılar bəxş edən, yaddaşımızda sadə, təvazökar, eyni zamanda, prinsipial bir insan kimi silinməz bir iz qoymuş Əziz Əliyevin ailəsində anadan olmuşdur. Bu saf mühit sonradan elmin gərgin zəhmət tələb edən pillələrində Zərifə xanımın xarakterində, insanlarla münasibətində öz əksini tapırdı. Bəlkə də, məhz bu mühitin təsirinin nəticəsidir ki, O, insan orqanizminin ən zərif və daha çox diqqət, məsuliyyət tələb edən üzvünü - insanın nur çeşməsini özünə tədqiqat obyekti seçdi."

YAP Gədəbəy rayon təşkilatının sədri onu da söylədi ki, sönməz Zərifə xanım ziyası, əbədi yaşayan Zərifə xanımın xatirəsi həmişə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının aparat rəhbəri Namiq Rüstəmov, rayon ilk ərazi təşkilat sədrləri Cəlal Tomiyev, Ələddin Cabbarov və başqaları bildirdilər ki, akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 28 aprel.- S. 7.