“Azərbaycan iqtisadiyyatı möhkəm
təməllər üzərində
qurulub"
Müsahibimiz YAP Siyasi Şurasının üzvü,
iqtisadçı-ekspert Aydın Hüseynovdur
- "Nabucco" layihəsinin tezliklə
reallaşması mümkündürmü?
- "Nabucco" layihəsinin
nə vaxt reallaşacağını söyləmək
çətindir. Ancaq hesab edirəm ki, bu layihə mütləq
reallaşacaq. Bir çox siyasi situatsiyalar da bunu deməyə əsas
verir. Təbii ki, adıçəkilən layihənin
reallaşmasının ölkəmiz üçün müsbət
tərəfləri var. Bilirsiniz ki, ölkəmizin əsas
böyük boru ixrac kəmərləri Bakı-Tbilisi-Ceyhan və
Bakı-Novorossiysk neft xətləridir. Eyni zamanda,
"Nabucco" layihəsinin də reallaşması ölkəmizin
maraqlarına uyğundur. Məlumdur ki, dünyanın əksər
ölkələri, o cümlədən, Avropa ölkələri
respublikamızla əməkdaşlıq etməyə meyil
göstərirlər. Çünki Azərbaycan stabil dövlətdir.
Həmçinin, Azərbaycan iqtisadiyyatı möhkəm təməllər
üzərində qurulub. Prezident İlham Əliyevin
yürütdüyü siyasət ondan ibarətdir ki,
respublikamız xarici ölkələr əməkdaşlığını
genişləndirsin və Azərbaycan günü-gündən
inkişaf etsin. Biz bu gün uğurlu nailiyyətləri
görməkdəyik. Azərbaycan sürətlə inkişaf
edir və əhalinin sosial müdafiəsi gücləndirilir. Bu
gün dünya bazarında neftin qiyməti
bahalaşmaqdadır. Təbii ki, bu da, öz növbəsində,
neft ölkəsi olan Azərbaycan iqtisadiyyatına müsbət
təsir göstərən amillərdəndir. Heç kəs
respublikamızın iqtisadi inkişafını inkar edə
bilməz. Beynəlxalq maliyyə qurumları da öz
hesabatlarında Azərbaycanın inkişaf etdiyini qeyd edirlər.
Çünki respublikamızda iqtisadi inkişafın əsasını
Heydər Əliyev kimi böyük siyasətçi qoyub. Biz də
hazırda bunun bəhrəsini görməkdəyik. Bir
çox beynəlxalq və regional layihələr Azərbaycanın
iştirakı olmadan həyata keçirilmir. Bu, həm ölkə
rəhbərliyinin apardığı uğurlu siyasətdən,
həm də ölkəmizin təbii sərvətlərlə
zəngin olmasından irəli gəlir. Hesab edirəm ki,
"Nabucco" layihəsinin də reallaşması Azərbaycanla
Avropa ölkələrinin əməkdaşlığını
daha da genişləndirəcək.
- Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı görülən işlər barəsində nə
deyə bilərsiniz?
- İlk öncə, onu
qeyd edim ki, "Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul olunan I Dövlət Proqramı"
uğurla həyata keçirildi. Bunun nəticəsində regionlarda yeni iş yerləri
yaradıldı, infrastruktur bərpa edildi. Məlumdur ki, bir ərazini
iqtisadi cəhəddən inkişaf etdirmək
üçün həmin ərazinin infrastrukuru bərpa
olunmalıdı. Yəni bura yol və kommunal sahələri
aid etmək olar. II Dövlət Proqramı da uğurla icra
edilməkdədir. Ölkə başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, "Bütün sosial- iqtisadi
göstəricilərimiz yüksək səviyyədədir".
2009-2013 illəri əhatə edən İkinci Proqramın
icrası nəticəsində dövlət büdcəsinin gəlirləri
artacaq və respublikamızda iqtisadi inkişaf daha da sürətlənəcək.
Bu gün respublikamızda 800 mindən artıq yeni iş yeri
yaradılıb ki, bunun da böyük əksəriyyəti
regionların payına düşür. Dövlət Statistika
Komitəsinin məlumatına görə, cari ilin əvvəlindən
respublikamızda müxtəlif ticarət və sosial müəsissələr
tikilib istifadəyə verilib. Bakıda "Dalğa Plaza"
İş Mərkəzi, Naxçıvanda avtomobil zavodu, Gəncə
şəhərində "Ramada Plaza", Göyçay və
Ağdaşda olimpiya-idman kompleksləri, Qəbələdə
"Gilan" piano zavodu, "Qafqaz Resort" mehmanxanası,
"Fitnes" sağlamlıq mərkəzi, Avtovağzal
binası tikilib istifadəyə verilib. Yəni bütün
bunlar onu göstərir ki, Abşeron yarımadası da daxil
olmaqla, ölkəmizin bütün regionları sürətlə
inkişaf etməkdədir. Sevindirici haldır ki, Prezident cənab
İlham Əliyev bölgələrdə görülən
işlərlə şəxsən yaxından tanış
olur. Ümumiyyətlə, onu qeyd etməliyəm ki,
regionların inkişaf etdirilməsi həm əhalinin məşğulluq
probleminə, həm də qeyri-neft sektorunun inkişafına
müsbət təsir edir. Bütün bunlar
iqtisadiyyatımızın inkişafını daha da sürətləndirir.
- Prezident İlham Əliyev bir müddət öncə
"Azərbaycan Respublikasında 2010-2104-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı"nı
təsdiq edib. Bu, ölkəmizdə turizmin inkişafına nə
kimi təsir göstərəcək?
- Bir çox ölkələr
turizmdən böyük gəlir əldə edirlər. Yəni
əksər ölkələrin dövlət büdcəsi, əsasən,
turizm sahəsindən gələn gəlirlər hesabına
formalaşır. Bizim ölkəmizin də böyük turizm
potensialı mövcuddur. Turizmin inkişafı ilə
bağlı qəbul edilən və 2003-2005-ci illəri əhadə
edən I Dövlət Proqramı uğurla həyata
keçirildi. İndiyə qədər 8 regionda turizm
informasiya mərkəzləri yaradılıb. Turizm
potensiallı regionlarda yeni turizm obyektləri yaradılıb. Ötən
il ölkəmizə 1,4 milyondan çox xarici turist səfər
edib. Bu, həm ölkə rəhbərliyinin diqqət və
qayğısı nəticəsində turizm sektorunun
inkişaf etməsi, həm də respublikamızın təbii-coğrafi
şəraiti ilə əlaqədardır. Məlumdur ki, bizim,
eyni zamanda, Xəzərsahili ərazilərimiz də turizm
üçün əlverişli sahələrdəndir. Həmçinin,
Azərbaycanın Naftalan kimi müalicəvi bölgələri
də var. Bu da, öz növbəsində, respublikada turizmin
inkişafına təsir göstərən amillərdən
hesab olunur. Qeyd etməliyəm ki, turizm sahəsinin inkişaf
etdirilməsi ölkə iqtisadiyyatına bir sıra müsbət
təsirlər göstərəcək: regionların
inkişaf etməsi və əhalinin işsizlik probleminin həll
edilməsi, qeyri-neft sektorunun inkişafı və s. Ümid edirəm
ki, turizmin inkişafı ilə bağlı qəbul
edilmiş II Dövlət
Proqramı da uğurla icra olunacaq.
- İqtisadçı-ekspert olaraq, aqrar sektorun
inkişafı sizi qane edirmi?
- Azərbaycanda aqrar
sektor dotasiya ilə işləyən sahədir. Etiraf etməliyik
ki, ölkə rəhbərliyinin qayğısı nəticəsində
respublikamızda kənd təsərrüfatı inkişaf etməkdədir.
Bu gün, demək olar ki, əksər ərzaq məhsulları
ilə ölkəmiz özünü təmin edə bilir. Nəinki
təmin edir, həm də bizim kənd təsərrüfatı
məhsullarımız xaricə ixrac olunur. Qeyd edim ki, bizim
torpaqlarımızda mineral gübrədən az istifadə
edilir. Bunun nəticəsidir ki, Azərbaycanın kənd təsərrüfatı
məhsulları ekoloji baxımdan yüksək qiymətləndirilir.
Aqrar sektor iqtisadiyyatda aparıcı sahələrdən hesab
olunur. Lakin bu sahəyə düşünülmədən sərmayə
qoymaq olmaz. Bu ayın 1-nə olan statistik məlumata görə,
ölkəmizdə 7 min tondan çox tərəvəz
toplanıb. Kənd təsərrüfatının ümumi məhsulu
1.5 faiz, o cümlədən, bitkiçilik məhsulları
istehsalı 10,1 faiz, heyvandarlıq məhsulları istehsalı
1,2 faiz artıb. Təbii ki, bütün bunlar Azərbaycanda
aqrar sektorun inkişafına göstərilən diqqət və
qayğıdan irəli gəlir.
- Beynəlxalq maliyyə böhranı ölkəmizə
təsirsiz ötüşdü. Yaxın gələcəkdə
adıçəkilən böhran ölkəmizə təsir
göstərə bilərmi?
- Əvvəla, onu qeyd
edim ki, dünyanın özündə sabitləşmə
prosesi gedir. Maliyyə böhranın qarşısı
adıçəkilən böhrandan zərər çəkmiş
ölkələr tərəfindən alınmaqdadır. Lakin
sevindirici haldır ki, bir çox ölkələr ziyan
çəksələr də, Azərbaycan iqtisadiyyatı
maliyyə böhranından zərər çəkmədir. Bu
da ölkə başçısı İlham Əliyevin
apardığı düzgün, elmə əsaslanmış
iqtisadi siyasətindən irəli gəlir. Bu gün ölkəmizdə
ümumi daxili məhsul 5,4 dəfə artıb. Qeyr-neft
sektorunda əlavə dəyər istehsalı 4,3 faiz artıb,
həmçinin, orta hesabla ölkənin hər bir sakini
üzrə ÜDM istehsalı 4,2 faiz artaraq 1074,5 manata bərabər
olub. Bu da, onu göstərir ki, dünyada hələ də
maliyyə böhranının mövcud olmasına baxmayaraq, Azərbaycan
iqtisadiyyatı hərtərəfli inkişaf edir.
ANAR MƏCİDZADƏ
Səs.- 2010.- 28 aprel.- S. 9.