"HEYDƏR ƏLİYEVİN
İRSİNİ ÖYRƏNİRİK"
YAP Gəncə şəhər
təşkilatında ulu
öndər Heydər
Əliyevin 87-ci ildönümünə
həsr edilmiş ənənəvi "Bilik
yarış"ı keçirilib
Ulu öndərimiz
Heydər Əliyev yenilməzliyi, iradəsi, zəngin təfəkkürü,
uzaqgörənliyi, tükənməz enerjisi, misilsiz xidmətləri
ilə bütün dünya azərbaycanlılarının, tərəqqipərvər
bəşəriyyətin sevimlisi, doğması olub. YAP Gəncə şəhər
təşkilatı hər il ənənəvi
olaraq, dahi öndər Heydər Əliyevin doğum
gününə həsr edilmiş silsilə tədbirlər
keçirir.
Bu il də həmin məqsədlə hazırlanmış geniş tədbirlər planına uyğun olaraq, aprel ayı ərzində ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar şəhərin ali və orta ixtisas məktəbləri YAP Gənclər Birliyi ərazi ilk təşkilatlarının nümayəndələri arasında "Heydər Əliyev irsini öyrənirik" adlı "Bilik yarışı" keçirilmişdir. YAP Gəncə şəhər təşkilatının idarə heyətinin müvafiq qərarı ilə yarışın təşkilat komitəsi yaradılmışdır. Yarış üç mərhələdə keçirilmişdir. Yarışlarda ADAU, GDU, AzTU, AzMİ Gəncə filialı, Musiqi Texnikumu, Texniki Kollec, Humanitar Kollec və Tibb Məktəbinin komandaları iştirak etmişlər. AzTU, GDU, AzMİ Gəncə filialı, Musiqi Texnikumunun komandaları yarımfinala vəsiqə almışlar. Bu il bilik yarışının birinci və ikinci mərhələləri, müvafiq olaraq, neytral məkanda olmaqla, ərazi təşkilatlarında keçirildi. Yarımfinal və final görüşləri isə YAP Gəncə şəhər təşkilatının qərargahında keçirildi. Ərazi ilk təşkilatlarında görüşlərin keçirilməsi gənclərin ulu öndər Heydər Əliyev irsinə olan marağının daha yüksək olduğunu göstərdi və görüşlərin daha kütləvi xarakter almasına səbəb oldu.
"Bilik yarışı"nda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə, xüsusilə, müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövrünə, prezidentlik fəaliyyətinə, ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin əsas istiqamətlərinə, YAP-ın cəmiyyətdə mövqeyinə, Heydər Əliyev Fondunun fəaliyyətinə, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına, Seçki Məcəlləsinə, keçirilən seçkilərə, ərazi bütövlüyümüzün qorunmasına, milli-mənəvi dəyərlərimizə, Gəncə şəhərinin qədim tarixinə və müasir dövrünə dair maraqlı, konkret suallar cavablandırıldı. Hər görüşdə komandalara 5 sual verilirdi. 5 mümkün baldan ən çox xal toplayan komanda yarışın qalibi olurdu. Yarışın qaydalarına görə komandalar rəqiblərini püşkatma yolu ilə müəyyənləşdirirdilər.
Yarışın final görüşü 29 aprel 2010-cu il tarixdə YAP Gəncə şəhər təşkilatının qərargahında yarımfinal görüşlərinin qalibi olaraq finala vəsiqə almış AzMİ Gəncə filialının və AzTU-nun komandaları arasında keçirildi.
Yarışda komandaların cavablarını qiymətləndirmək üçün YAP Gəncə şəhər təşkilatı idarə heyətinin üzvlərindən, şəhər icra hakimiyyətinin nümayəndələrindən, şəhərin nüfuzlu şəxslərindən, elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti seçilmişdir. Münsiflər heyəti final görüşündə qalib komandanı müəyyənləşdirdi. Yarışın qalibi -AzMİ Gəncə filialının komandasına və ikinci yerə çıxmış Azərbaycan Texnolgiya Universitetinin komandasına xüsusi sertifikat verildi. Yarışda iştirak edən komandaların hər bir üzvünə YAP Gəncə şəhər təşkilatının qiymətli hədiyyələri və sertifikatlar təqdim edildi. Ötən il ulu öndər Heydər Əliyevin anadan olmasının 86 illik yubileyi münasibəti ilə keçirilən "Heydər Əliyev irsini öyrənirik" adlı bilik yarışında qalib olan AzMİ Gəncə filialının komandasına verilmiş YAP-ın "Keçici bayrağı" builki yarışın da qalibi olduğuna görə yenidən həmin komandada saxlanıldı.
Final görüşündə ikinci yerə çıxmış komandanın üzvlərinə xatirə hədiyyələri verildi. Yarışa yekun vuran YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov Gəncə şəhər icra hakimiyyəti rəhbərliyinin və şəhər təşkilatı idarə heyətinin adından yarışın qaliblərini, o cümlədən, iştirakçılarını belə maraqlı, dəyərli və məzmunlu tədbirdə iştirak etdiklərinə görə təbrik etdi, bu tədbirin hamı üçün çox vacib olduğunu bildirdi. O, qeyd etdi ki, gənclər ümummilli liderimiz Heydər Əliyevin ideyalarına səylə yiyələndiklərini və onun ideyalarına sadiq olduqlarını bir daha nümayiş etdirdilər. Yarışan komandaları zalda müşayiət edən tələbələrin, təəssübkeşlərin fəallığı da təqdirəlayiq oldu. Bugünkü bilik yarışı bir daha onu göstərdi ki, gənclərimiz yüksək fəallığa, siyasi biliyə, potensiala və yüksək mədəniyyətə malikdirlər. Onların bu cür möhtəşəm tədbirlərdə iştirak etmək və uğur qazanmaq qabiliyyətləri vardır. Ulu öndərimiz haqlı olaraq tövsiyə edirdi ki, gənclərə diqqətlə, qayğı ilə yanaşdıqca, onların cəmiyyətdə fəallığı daim yüksələcəkdir. Dahi şəxsiyyət gənclərə müraciət edərək deyirdi: "XX əsr Azərbaycanda gənclərin əsridir, qurub- yaratmaq və inkişaf etdirmək dövrüdür, gənclər bizim gələcəyimizdir". Hesab edirəm ki, bugünkü bilik yarışı müdrik Heydər Əliyevin müqəddəs ideyalarına və tövsiyələrinə sadiqliyimizi nümayiş etdirdi.
TAPDIQ QURBANLI
Səs.- 2010.-30 aprel.-
S. 8.