QƏLBLƏRDƏ ƏBƏDİ
YAŞAYACAQ LİDER
Nurlanə Əliyeva:"Ulu öndər
Heydər Əliyev daim Azərbaycan qadınına böyük
hörmətlə yanaşıb,
onun cəmiyyətdə
layiqli yer tutmasına çalışıb"
- Nurlanə xanım,
respublikamızın bütün
bölgələrində ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü
ilə bağlı silsilə tədbirlər keçirilir. YAP Qadınlar
Şurası bu əlamətdar tarixi günlə əlaqədar
hansı tədbirləri
keçirməyi planlaşdırıbdır?
- Xalqımız
böyük bir tarixi günü - ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünü qeyd
etmək üçün
ölkəmizin ən
ucqar kənd və qəsəbələrində
belə geniş və yüksək səviyyədə bayram tədbirləri keçirir.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir şəxsiyyət, elə bir simadır
ki, hələ nə qədər Azərbaycan dövləti
və Azərbaycan xalqı var, belə tarixi gün yüksək səviyyədə qeyd olunacaq. Çünki ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir cəmiyyət, elə bir dövlət
qurdu ki, bu dövlət dünyada nüfuzu və iqtisadi qüdrəti ilə seçilən və tanınan dövlət oldu. Azərbaycanı sülhsevər,
tərəqqipərvər bir
dövlət kimi dünyaya tanıtdı.
Bu gün XXI əsrdə
də Azərbaycan ümummilli liderimiz Heydər Əliyev ideyaları ilə inkişaf edir, güclənir, möhkəmlənir.
Məlumdur ki, xalqların milli varlıq və özünüdərkinin parlaq
təcəssümünə çevrilmiş müstəqil
dövlətçilik konsepsiyasının
formalaşması, bir
qayda olaraq, xarizmatik liderlərin adı ilə bağlı olur. Tarixin əlverişli mərhələsində optimal inkişaf modelinin siyasi və iqtisadi əsaslarını
yaratmaq kimi ağır missiyanı üzərinə götürən
belə nadir şəxsiyyətlər,
həm də mənsub olduqları xalqların gələcək
yaşam fəlsəfəsini
müəyyən edirlər.
Fitri istedadı, şəxsi keyfiyyətləri
ilə ürəkləri
fəth edərək zamanın fövqündə
dayanmaq, milyonların qəlbində ölməzlik
məşəli yandıraraq,
onlara azadlıq, müstəqillik, milli dövlətçilik hisslərini
bütün varlığı
ilə yaşatmaq, xalqının iradəsini
ifadə etmək xoşbəxtliyi çox az liderlərə nəsib olur. Biz azərbaycanlılar üçün
belə lider ulu öndərimiz Heydər Əliyevdir! Müasir Azərbaycan dövlətinin ideoloji-siyasi
konsepsiyasını milli
irs və düşüncə əsasında
yaradaraq, praktik surətdə gerçəkləşdirmiş
strateq kimi, ulu öndərimiz Heydər Əliyev dühası Azərbaycan tarixində əbədiyaşarlığını
təmin etmişdir. Bütün sivil cəmiyyətlərdə
pozitiv inkişaf və tərəqqi siyasi sabitlik amilinə söykənir və bu həqiqət
sübuta ehtiyacı olmayan aksioma kimi, artıq Azərbaycan reallığında
da təsdiqini tapıb.
Ulu öndərimiz
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısında başlıca
xidmətlərindən biri
dövlət quruculuğunun
hüquqi bazasının
yaratmasıdır. 1995-ci ildə
qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət
quruculuğunun əsaslarını
qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət
kimi, ilk dəfə olaraq, insan hüquqlarının
prioritetliyini və hakimiyyət bölgüsünü
özünün gələcək
inkişaf yolu kimi seçdi. Ulu öndərimiz Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və
ümumxalq səsverməsi
nəticəsində qəbul
olunmuş bu ali sənəd müstəqil Azərbaycanın
Konstitusiyası kimi tarixə yazıldı. Konstitusiyanın qəbulu ilə paralel 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə
keçirilən seçkilər
dövlət müstəqilliyinin
möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına
daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet
istiqamətlərini müəyyənləşdirmək
və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da Azərbaycanın dünya dövlətləri
sırasında özünəlayiq
yer tutması, beynəlxalq münasibətlərin
subyektinə çevrilməsi
istiqamətində fəaliyyətin
əsası qoyuldu. Beləliklə, XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının
dövlətçilik şüurunun,
tarixin sınağından
şərəflə çıxmış
bütöv bir idarəçilik məktəbinin,
müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin
canlı mənzərəsidir.
Bütün bunların
nəticəsidir ki, ötən əsrin sonlarına doğru Azərbaycan cəmiyyəti,
Heydər Əliyev dövlətçilik irsini
ölkənin milli və beynəlxalq təhlükəsizliyinin, iqtisadi
maraqlarının və
siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn
fəlsəfi dünyagörüş
kimi qəbul etmiş, onun davamlığına nail olmaq
istəyini ortaya qoymuşdur.
Bu gün
respublikamızın bütün
bölgələrində ulu
öndərimiz Heydər
Əliyevin 87-ci ildönümü
münasibəti ilə
silsilə tədbirlər
keçirilir. YAP Qadınlar
Şurası da bu tarixi günlə
əlaqədar "Heydər
Əliyev ideyaları və XXI əsr" adlı geniş bir material hazırlayıb.
Həmçinin, "Heydər
Əliyev və milli-mənəvi dəyərlərimiz"
mövzusu ilə geniş tədbir keçirməyi nəzərdə
tutur. Bu tarixi gün ərəfəsi Yeni Azərbaycan Partiyası ulu öndərimizlə bağlı
kitab da hazırlayır.
- Nurlana xanım, cəmiyyətimizin inkişafında,
ictimai-siyasi proseslərdə Azərbaycan qadınının
özünəməxsus rolu var. Ulu öndər Heydər Əliyev
daim Azərbaycan qadınının adını uca tutub, onlara
diqqət və qayğı göstərib. Bu gün ölkə
Prezidenti İlham Əliyev də bu siyasəti layiqincə davam
etdirir. Sizcə, qadınlarımız dövlətin onlara
göstərdiyi etimadı layiqincə doğrulda bilirmi?
- Mərd və
mübariz Azərbaycan qadını bu gün,
üçüncü minilliyin ilk on illiyində dünya
qadınlarının qabaqcıl dəstəsi ilə bir
sırada addımlayır, qurub-yaradırlar. Çünki bu
gün onların yaşadığı ölkədə Azərbaycan
qadınları üçün tariximizin heç bir mərhələsində
görünməmiş imkan - qurub yaratmaq, idarə etmək,
özünü sübuta yetirmək imkanı yaranıb. Müstəqil
Azərbaycanın gündən-günə tərəqqi etməsi,
iqtsiadi inkişafın vüsət alması, ölkəmizin
dünyanın sivil ölkələri sırasında
mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya
çatdırılması, təhsilə yeni yanaşmanın
təşəkkülü, səhiyyəmizin inkişafı
bizim gözümüz önündə baş verir. Ümummilli
liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə
qayıdışından sonra qadınlarımızın
ictimai-siyasi həyata transformasiyası, onların dövlət
idarəçiliyində təmsilçiliyi,
xanımlarımızın bütün sahələrdə
kişilərlə bərabər hüquqlara malik olması
dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən
birinə çevrilib. Müstəqil Azərbaycan dövləti
BMT-nin "Qadınlara münasibətdə
ayrıseçkiliyin bütün formalarının ləğv
olunması" haqqında Konvensiyaya qoşulub. Ulu öndər
Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri
üzrə Dövlət Komitəsi yaradılıb. Bu gün
respublikamızın Prezidenti İlham Əliyev əbədiyaşar
ulu öndərimizin siyasi kursunu uğurla davam etdirir. Onu da qeyd
etmək istəyirəm ki, yeraltı sərvətin insan
resursuna çevrilməsi ideyası xalqın bütün arzu
və istəklərinin fövqündə dayanır. Bu,
xüsusilə, qadınların arzusu olaraq reallaşır və
təbii ki, hər birimizin sevincinə səbəb olur.
- Nurlana xanım, qadınların Yeni Azərbaycan
Partiyasının sıralarında tutduğu yeri və rolu barədə
nə deyə bilərsiniz?
- Bu gün Yeni Azərbaycan
Partiyası cəmiyyətin siyasi avanqardı, nəinki
respublikamızın, ümumiyyətlə, regionun ən
nüfuzlu siyasi qüvvəsidir. Bunun əsas səbəbi
qazanılmış uğurlar və YAP-ın
sıralarındakı on minlərlə məsləkli, əqidəli
insanlardır. Bizim, doğrudan da, geniş potensialımız
var. Bəlkə elə buna görə də,
yaşadığı zamanın və məkanın xarakterindən
asılı olmayaraq, Azərbaycan qadını gələcək
taleyini daim inandığı, etimad bəslədiyi siyasi
qüvvəyə etibar edib. Öz fəaliyyəti
dövründə partiyamızın qurucusu ulu öndər
Heydər Əliyev Azərbaycan qadınına böyük
hörmətlə yanaşıb, onun cəmiyyətdə
layiqli yer tutmasına çalışıb, bu zərif
zümrənin YAP-ın həyatında da fəal
iştirakını təmin edib. Qadınların hər zaman
aparıcı qüvvə olduğunu bildirən ümummilli
liderimiz onların milli xüsüsiyyətlərini olduqca
yüksək dəyərləndirib: "Azərbaycan
qadını tarix boyu öz ağlı, zəkası, namusu,
qeyrəti, isməti, fədakarlığı,
çalışqanlığı, mərdliyi, vətənpərvərliyi
ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti
və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə
sadiqliyi ilə tanınmışdır. Qadın ailə
saxlayan bir insandır. Ona görə də, bütün
qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli
rol oynayırlar. Mən bunları deyərək,
qadınların bizim üçün nə qədər əziz
olduğunu bir daha bəyan etmək istəyirəm".
Azərbaycanda milli mənafe
və dövlətçilik maraqlarının təmsilçisi
olmaq kimi müqəddəs amalı özünün siyasi
idealı, əsas fəaliyyəti hesab edən
qadınlarımız öz mövqelərində sadiqdirlər,
ictimai-siyasi prosesin fəal iştirakçısıdırlar.
Xatırladım ki, YAP-ın Qadınlar Şurası 1995-ci ildə
yaradıldı. Partiyamızın sıralarında ilk olaraq
ziyalı, fəal qadınlar qoşuldular. Daha sonra ildən-ilə
Qadınlar Şurasının sıraları xeyli genişlənməkdədir.
Bu baxımdan, 2009-cu ildə də böyük uğurlar əldə
edilib. Ötən il partiya sıralarına qoşulanlar
arasında qadınlar da üstünlük təşkil edib. Statistik
məlumata görə, 2009-ci ildə partiyaya 29777 nəfər
üzv qəbul olunub. Bütövlükdə, partiya üzvlərinin
39,3 faizini, yəni 196340 nəfərini gənclər, 43,5
faizini, yəni 217243 nəfərini isə qadınlar təşkil
edib. Bu, onu göstərir ki, qadınlar partiyamızın həyatında
fəal rol oynayır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 30 aprel.- S. 9.