Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir

 

Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovun yap.org. az-a müsahibəsi

 

- İsgəndər müəllim, bildiyimiz kimi, son illər digər sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf, yeniliklər müşahidə edilir. Bu baxımdan, təhsilə dövlət qayğısı haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər, birmənalı şəkildə, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir. Danılmaz faktdır ki, qısa müddət ərzində, Azərbaycanın bütün sahələrdə sürətli inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının səbəblərini də məhz İlham Əliyevin proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər. Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Möhtərəm Prezident vurğulayıb ki, "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik". Bu mənada, "təhsil əsri" elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır.

Son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual müddəalar dayanır. Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manata çatmış, 2009-cu ildə isə 1,3 milyard manat təşkil etmişdir. Dövlət başçısı tərəfindən son illərdə təhsil sahəsində 150-dən çox sərəncam imzalanmışdır. Təhsil tariximizdə, ilk dəfə olaraq, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli Sərəncamı imzalanmış, 2008 və 2009-cu illərdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilmiş, həmin illərdə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş 50 məktəbin hər birinə 10000 manat, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş 100 müəllimin hər birinə 5 000 manat məbləğində birdəfəlik pul mükafatı verilmişdir. Bu müsabiqə məktəb və müəllimlər arasında sağlam rəqabəti, innovativ fəaliyyəti gücləndirməklə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərmişdir.

Azərbaycanda təhsilə, təhsil işçilərinə diqqət və qayğının parlaq təzahürüdür ki, son illərdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə 1000-dən çox təhsil işçisi yüksək dövlət təltiflərinə, fəxri adlara və fərdi təqaüdlərə layiq görülmüşdür. Yalnız 2009-cu ildə təltif edilən təhsil işçiləri 312 nəfər olmuşdur.

- Hazırda təhsil sektorunun ayrı-ayrı sahələri üzrə çoxsaylı inkişaf proqramları həyata keçirilməkdədir. Həmin proqramlar hansı sahələri əhatə edir?

- Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsidir ki, təhsil tariximizdə, ilk dəfə olaraq, 16 inkişafyönümlü Dövlət Proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Son 20 ildə heç bir məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə, ilk dəfə olaraq, ölkə üzrə 28 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 31 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunmuş uşaqların sayı 6 min nəfər artmış, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötmüşdür. Müstəqillik tariximizdə, ilk dəfə olaraq, uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 137 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə çatdırılmışdır.

Məktəbəqədər təhsil sahəsində Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramında (2007-2010-cu illər) nəzərdə tutulmuş tədbirlərin icrasının davam etdirilməsi, monitorinq və qiymətləndirmə sisteminin yaradılması, beşyaşlıların məktəbə hazırlığının genişləndirilməsi, maddi-texniki və tədris bazanın möhkəmləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi həyata keçiriləcək əsas tədbirlər kimi müəyyənləşdirilmişdir.

Son illərdə Azərbaycanda 450 min şagird yerlik 2000-dək yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuş, fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. 450-dən çox məktəb əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. 708 məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqlarla təchiz edilmişdir. Azərbaycanda müstəqillik illərində, ilk dəfə olaraq, 119 məktəb müasir kimya və fizika laboratoriyaları ilə təmin edilmişdir. 600 məktəbin, o cümlədən, Bakı şəhərinin 301 ümumtəhsil məktəbinin istilik sistemi əsaslı təmir və bərpa olunmuşdur.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə, infrastrukturun yeniləşdirilməsi nəticəsində ölkə üzrə 1 050 000 şagirdin (bütün şagirdlərin 75 faizi) təlim şəraiti yaxşılaşdırılmışdır. Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində son 10 ildə ikinövbəli məktəblərin faizi 73,3-dən 44,5-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən 21-ə enmişdir.

- Məzmun və qiymətləndirmə sahəsində hansı yeniliklər tətbiq edilmişdir?

- Əlbəttə, aparılan genişmiqyaslı işlər yalnız təhsil infrastrukturunun yeniləşdirilməsi ilə bağlı olmamışdır. Bu sahədə əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə uyğun şəraitin yaradılması məzmun islahatları üçün əlverişli zəmin yaratmışdır. Son illərdə Dünya Bankının maliyyə yardımı ilə həyata keçirilən islahatyönümlü tədbirlərin böyük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlmişdir. Əsas məqsəd şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan ibarətdir.

2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanmış, bu proses 2009-2010-cu dərs ilində I və II sinifləri əhatə etmişdir. Yeni kurikulumların tətbiqi ilə əlaqədar I siniflərdə işləyən 18 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmiş və nümunəvi tədris materialları ilə təmin edilmişlər. Yeni kurikulumun tətbiqi sahəsində 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək müəllimlərin treninqlərdən keçirilməsi, III siniflərdə yeni kurikulumların tətbiqi üzrə hazırlıq işlərinin aparılması, rəhbər pedaqoji kadrların (RTŞ əməkdaşları, metodistlər, məktəb direktorları, onların müavinləri) kurikulumların tətbiqi üzrə təlim kurslarına cəlb olunması, V-XI siniflər üzrə fənn kurikulumlarının təsdiq olunması qarşıda duran vəzifələrdəndir.

Yeni məzmun yeni nəsil dərsliklərin hazırlanmasını zəruri etmişdir. 2003-2009-cu illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda, ümumilikdə, 35 milyon nüsxə dərslik çap edilmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I və II sinflər üçün dərslik komplektləri (şagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait) hazırlanmış, Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilib müsbət rəy alındıqdan sonra çap edilmişdir.

Dərslik siyasəti sahəsində 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda, o cümlədən, I siniflər üçün 14 adda, III siniflər üçün kurikulum əsasında 40 adda dərslik və müəllim üçün vəsaitin hazırlanması və Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra çap etdirilməsi, VI, VIII-XI siniflər üçün 57 adda dərsliklərin nəşri üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

İstedadlı uşaqlarla iş sahəsində respublikanın 8 bölgəsində (Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Şəki, Lənkəran, Quba, Ağdaş rayonları) liseylərin yaradılması, Bakı şəhərində Beynəlxalq Mendeleyev olimpiadasının keçirilməsi, fənlər üzrə istedadlı şagirdlərin müəyyənləşdirilməsi məqsədilə seçim tədbirlərinin təşkili məsələləri üzrə tədbirlər həyata keçiriləcəkdir. Dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla, ümumilikdə, 99 medal qazanmışlar. Əhalisinin sayının az olmasına baxmayaraq, medalların sayına görə, Azərbaycan dünya ölkələri arasında ilk onluqda yerini qoruyub saxlamışdır.

2009-cu ildə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri respublika birinciliyi, çempionat və digər yarışlarda 287 qızıl, 194 gümüş, 1181 bürünc olmaqla, ümumilikdə, 1662 medal, Avropa, dünya birinciliyi və çempionatlarında və digər beynəlxalq yarışlarda 57 qızıl, 51 gümüş, 60 bürünc olmaqla, ümumilikdə, 168 medal qazanmışlar.

- Müasir dövrdə təhsil prosesini İKT-siz təsəvvür etmək mümkün deyildir. Bu sahədə hansı addımlar atılmışdır?

- Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Dövlət proqramları çərçivəsində ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilmiş, hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) və İnternet şəbəkəsinə qoşulmuş, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla 40 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir. Təhsil tariximizdə, ilk dəfə olaraq, fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmiş, 20 məktəbdə "elektron məktəb" layihəsi həyata keçirilməyə başlanmışdır. I-X siniflər üçün "İnformatika" dərslikləri hazırlanmış, bütün siniflərdə informatikanın tədrisinə başlanmışdır.

Təhsillə bağlı məlumat və resursların toplanması, onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Məlumat və Resurs Mərkəzi, ictimaiyyəti təhsil sahəsindəki yeniliklərlə operativ məlumatlandırmaq və elektron tədris resurslarından istifadəni təmin etmək məqsədilə Milli Təhsil Portalı, təhsil sahəsində çevik idarəetmə sisteminin yaradılması məqsədilə Milli Təhsil Məlumat Bazası yaradılmışdır.

Bir şagirdə bir kompüter konsepsiyasının reallaşdırılması məqsədilə İntel şirkəti ilə birlikdə 400 şagirdə noutbuklar verilmişdir. "Xalq kompüteri" layihəsi çərçivəsində isə 5000 müəllim kompüterlə təmin olunmuşdur.

Təhsilin informasiyalaşdırılması sahəsində Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) və İnternet şəbəkəsinə əlavə 500 təhsil müəssisəsinin qoşulması və onların yüksək sürətli internetə çıxışının təmin edilməsi, 25 min nəfər pedaqoji, 4 min nəfər inzibati-idarəetmə və 500 nəfər texniki heyətin İKT üzrə treninqlərdən keçirilməsi, "bir müəllim-bir kompüter", "bir şagird - bir kompüter" layihəsinin əhatə dairəsinin genişləndirilməsi, "Elektron məktəb" layihəsinə əlavə məktəblərin cəlb edilməsi əsas perspektivlər kimi müəyyənləşdirilmişdir.

 

 

Səs.- 2010.- 30 aprel.- S. 10.