Müstəqil mətbuatın formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Prezident İlham Əliyevin Sərəncamı ilə mətbuat nümayəndələrinə fəxri adların verilməsi, qəzet və agentliklərə birdəfəlik yardımların edilməsi ilə bağlı "Səs" qəzeti növbəti dəyirmi masa keçirib

 

(Əvvəli ötən saylarımızda)

 

Azərbaycanın ictimai-siyasi və sosial həyatında böyük əhəmiyyət kəsb edən və ictimai maraq doğuran məsələlər ətrafında "Səs" qəzeti tərəfindən təşkil olunan dəyirmi masalarda hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə müzakirələrin qurulması   cəmiyyətdə böyük maraqla izlənməkdədir. Azərbaycan Milli Mətbuatının 135 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin vermiş olduğu Sərəncam, ölkəmizin bir sıra bölgələrində keçirilən silsilə tədbirlər, jurnalistlərə fəxri adların verilməsi və qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi media nümayəndələri və ölkə ictimaiyyəti tərəfindən dövlətimizin mətbuata yüksək diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Məhz bu baxımdan da, "Səs" qəzetində keçirilən növbəti dəyirmi masanın da mövzusu bu məsələlər ətrafında oldu.

Dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, əməkdar jurnalist Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı Bəhruz Quliyev, "AzərTAc"ın baş direktor müavini, əməkdar jurnalist Dağbəyi İsmayılov, "Bakı Xəbər" qəzetinin baş redaktoru,  "Tərəqqi" medalı mükafatçısı Aydın Quliyev, "İki Sahil" qəzetinin baş redaktorunun birinci müavini, əməkdar jurnalist İsmayıl Hacıyev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı Elçin Mirzəbəyli, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri, "Tərəqqi" medalı mükafatçısı Zemfira Məhərrəmli, "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimova, "Azərbaycan" qəzetinin şöbə redaktoru, əməkdar jurnalist Xalid Niyazov iştirak edirdi.

Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzetinin yaranması ilə Azərbaycan milli mətbuatının əsasının qoyulduğunu bildirdi. Qeyd etdi ki, milli mətbuatımızın yaranması və onun keçmiş olduğu şərəfli və tarixi yol Azərbaycan mətbuatının bugünü və gələcəyi üçün böyük örnəkdir: "İntibah dövrünün əsas atributu sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının milli kimliyinin və tarixi dəyərlərinin, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynamışdır. Bu baxımdan da, müstəqilliyə qədər olan dövr Azərbaycanda milli mətbuatın adı ilə bağlıdır. Çünki Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirməyə çalışıb. Məhz ölkəmiz ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu dövrlərin ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşamaqda idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşırdı. Elə bu məqsədlə də ulu öndərimiz Heydər Əliyev tərəfindən dəfələrlə mətbuat işçilərinə müxtəlif yardımların edilməsi, redaksiyaların maddi-texniki bazalarının formalaşdırılması, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurularaq, sonradan ləğv edilməsi, ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının bugünkü inkişafını və gələcək perspektivini təmin etmişdir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına böyük diqqət və qayğı davam etməkdədir. Mətbuatın inkişafı, söz azadlığının və qəzet redaksiyalarının texniki təchizatının təmin edilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin birbaşa səyi nəticəsində KİV-lərə birdəfəlik  yardımların edilməsi və ən nəhayətdə, KİV-in İnkişafına  Dövlət Dəstəyi Fondunun yaradılması və milli mətbuatın 135 illik yubileyinin qeyd olunması barədə Sərəncamı, mətbuat nümayəndələrinə fəxri adların verilməsi, qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verilmiş sərəncamlar media nümayəndələri və ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Məhz bu amillər də ölkəmizdə mətbuatın imkanlarını daha da genişləndirəcəkdir.  Ona görə də, bu gün Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsinə qədəm qoymaqdadır."

Bəhruz Quliyev dəyirmi masa iştirakçılarına məhz cənab Prezident İlham Əliyevin milli mətbuat günü ilə bağlı vermiş olduğu sərəncamlardan irəli gələn məsələlərin media təmsilçiləri üzərində qoymuş olduğu vəzifələr ətrafında müzakirələrin aparılmasının vacibliyini bildirdi.

 

"Səs" qəzetinin əməkdaşı:

- Milli mətbuatın 135 illiyi ilə əlaqədar verilmiş Sərəncam jurnalistlərin peşəkarlığının daha da artırılmasında və onların sosial-iqtisadi durumunun yaxşılaşdırılmasında hansı yeni imkanlar yaradacaq?

 

PREZİDENT SƏRƏNCAMLARI CƏMİYYƏTİN MƏTBUATA MÜNASİBƏTİNİN DƏYİŞMƏSİNDƏ TƏSİRLİ ROLA MALİKDİR

 

Aydın Quliyev:

- Öz növbəmdə, aktual məsələ ilə bağlı bu cür dəyirmi masanın keçirilməsinə görə, "Səs" qəzetinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Qeyd edim ki, mətbuata dövlətin dəstəyi təkcə mətbuatın tələbi və sifarişi deyil, bu, eyni zamanda, cəmiyyətin sifarişi idi. Məhz cənab Prezidentin milli mətbuatın 135 illiyi ilə bağlı vermiş olduğu sərəncamları da bu ictimai tələbə və sosial sifarişə uyğundur. Digər bir məqam isə ondan ibarətdir ki, mətbuatımızda jurnalistlərin sosial durumu, redaksiyaların vəziyyəti, media nümayəndələrinin peşəkarlıq səviyyəsi bizləri narahat edən məsələlər sırasında idi. Ona görə də, cənab Prezident İlham  Əliyevin imzaladığı sərəncamlarla sadaladığımız bu problemlərin həlli üçün birmənalı şəkildə əlverişli şərait yaranmış olur. Jurnalistlərə və redaksiyalara maddi yardımların edilməsi, sözsüz ki, mətbuat nümayəndələrinin vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Eyni zamanda, jurnalistlərin mənzil probleminin həllində də verilmiş Sərəncamın əhəmiyyəti böyük olacaqdır. Jurnalistlər arasında peşəkarlıq səviyyəsinin artırılması, qəzetlərin maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində atılan addımlar yaxın gələcəkdə özünün müsbət nəticələrini göstərəcəkdir. Media nümayəndələrinə fəxri adların və medalların verilməsi də jurnalistlər arasında sağlam rəqabət mühitinin yaranmasında mühüm rol oynamış olacaq. Cənab Prezident tərəfindən imzalanmış sərəncamların digər bir prinsipial cəhəti ondan ibarətdir ki, bütün cəmiyyətin mətbuata, jurnalistlərə münasibətinin dəyişməsində təsirli rol oynayacaq. Çünki atılmış olan addımlar cəmiyyət, dövlət və mətbuat münasibətlərinin tənzimlənməsində ən prinsipial cəhətləri özündə ehtiva etməklə yanaşı, eyni zamanda, böyük bir yanaşma nümunəsini də ortalığa qoymuş olur. Eyni zamanda, dövlətin mətbuata göstərdiyi diqqət və qayğı bir məsələni də təsdiqlədi ki, mətbuatımızın problemlərinin həlli yolları ölkə daxilindədir. Artıq bundan sonra hər hansı bir mətbu orqan nümayəndəsinin, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin müəyyən məsələlərə görə qapısını döyməsinə ehtiyac qalmayacaq. Bəlkə də hansısa maraqlı şəxslər bu cür halları özləri üçün "böyük qəhrəmanlıq" hesab etsələr də, bu yolla mətbuatın problemlərini həll etmək düzgün variant deyil. Bir faktı qeyd edim ki, mətbuatın inkişafı naminə irəli sürülən ən ağıllı təkliflər lazımi səviyyədə qiymətləndirilir və bundan sonra da qiymətləndiriləcək. Ona görə də, tam əminliklə deyə bilərik ki, bu gün ölkəmizdə mətbuatın hazırkı durumu dövlətimizin diqqət mərkəzindədir. Bu baxımdan da, inanırıq ki, gələcəkdə də mətbuatın inkişafı naminə dövlətimiz tərəfindən ən zəruri və prinsipial addımlar atılacaq.

 

"Səs" qəzetinin əməkdaşı:

- Azərbaycan mətbuatında milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik ruhunun yüksəldilməsi və bu sahədəki vəziyyəti necə xarakterizə edərdiniz?

 

AZƏRBAYCAN MİLLİ MƏTBUATININ 135 İLDƏ QAZANMIŞ OLDUĞU MİLLİ-MƏNƏVİ MİRAS BUGÜNKÜ MƏTBUATIMIZIN ETİK VƏ ƏXLAQİ DƏYƏRLƏNDİRMƏ SİSTEMİNİ TƏŞKİL EDİR

 

Xalid Niyazov:

- Cənab Prezident İlham  Əliyev Mətbuat Şurasının yeni binasının açılışında proqram xarakterli nitq söylədi. Dövlət başçısı nitqində jurnalistlərin peşəkarlıq, vətənpərvərlik, milli-mənəvi dəyərlər, söz azadlığı, mətbuatın siyasiləşməsi və s. məsələlərə toxundu. Onu da qeyd edim ki, milli-mənəvi dəyərlər bizim cəmiyyətdə abstrakt bir anlayış deyil. Çünki xalqımızın milli-mənəvi dəyərləri universal bir dəyərdir. Milli-mənəvi dəyərləri olmayan və milli-mənəvi köklərə istinad etməyən cəmiyyət heç vaxt irəli gedib, inkişaf edə bilməz. Bu zərurətdən də, sadalanan məsələlərdə məhz ən böyük məsuliyyət medianın üzərində düşür. Çünki mətbuat bilavasitə cəmiyyətlə, xalqla təmasda olaraq, həmin dəyərlərin çatdırılmasında mühüm rol oynayır. Bu baxımdan da Azərbaycan milli mətbuatının 135 ildə qazanmış olduğu milli-mənəvi miras bugünkü mətbuatımızın etik və əxlaqi dəyərləndirmə sistemini təşkil edir. Ona görə də, bu gün mətbuatın üzərinə böyük vəzifə düşür. Bir məsələni də qeyd edək ki, bu gün milli-mənəvi dəyərlərin işıqlandırılması işi mətbuatda konseptual mahiyyət kəsb etməlidir. Çünki vətənpərvərlik hissi olmayan xalqın gələcəyi də şübhə altındadır. Mətbuatın qarşılaşdığı digər anlaşılmaz vəziyyətlər isə onun peşəkarlıq səviyyəsi ilə bağlıdır. Ona görə də, dövlətimizin mətbuatın daha da peşəkarlaşmasında böyük marağı var. Jurnalist nə qədər kamil, peşəkar olsa, o, ətrafdakı prosesləri də düzgün qiymətləndirməyi bacarar. Mətbuatda bir məsələ isə siyasiləşmə ilə bağlıdır. Bu məsələ 1990-cı illərin əvvəllərindən qaynaqlanan bir prosesdir. Məhz bu gün qəzetlərdə bu cür halların qalması isə həmin dövrdən qalma prinsiplərlə əlaqəlidir. Çünki bu gün Azərbaycan cəmiyyəti siyasi deyil, vətəndaş cəmiyyəti prinsipinə söykənir. Bu baxımdan da, qəzetlər azad və müstəqil fəaliyyət prinsipinə üstünlük verməlidir. Ona görə də, inanırıq ki, mətbuatımız bu prinsipləri əsas tutaraq, öz inkişafının ən yüksək nöqtəsinə çatmış olacaq.

 

MƏTBUATA GÖSTƏRİLƏN HƏR BİR DİQQƏT AYRI-AYRILIQDA JURNALİSTLƏRƏ GÖSTƏRİLƏN QAYĞI DEMƏKDİR

 

Vəli Vəliyev:

- Azərbaycan mətbuatının 135 illik yubileyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində jurnalistlərin mükafatlandırılması yüksək səviyyədə qiymətləndirilməlidir. Prezident İlham  Əliyevin ölkədə demokratiyanın və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində gördüyü ardıcıl işlər mətbuat sahəsində də özünü göstərməkdədir. Söz azadlığının, mətbuat azadlığının təmin olunması istiqamətində dövlət tərəfindən görülən işlər göz qabağındadır. Mətbuatımızın ildən-ilə daha da inkişafı bunu göstərən ən bariz nümunədir. Mətbuata böyük diqqət və qayğının əsası hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə cənab Prezident İlham  Əliyev tərəfindən davam etdirilməkdədir. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə senzura tamamilə aradan qaldırıldı. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri haqqında qanun beynəlxalq aləmdə Avropa sisteminə söykənərək, tam demokratik prinsiplərə əsaslanır. Bu mənada, Azərbaycan jurnalistikasının qanunvericilik bazası da yarandı və bu bazanın əsasında Azərbaycan jurnalistikası böyük sürətlə inkişaf etməkdədir. Ona görə də, bu gün Azərbaycan  jurnalistikası çox ciddi inkişaf yolundadır.

      Onu da qeyd edim ki, belə bir tədbirin keçirilməsi Azərbaycan mətbuatına böyük qayğının nümunəsidir. Bu qayğı Prezident İlham  Əliyevin mətbuatın 135 illik yubileyi ilə bağlı vermiş olduğu Sərəncamdan başlayır. Elə bu cür tədbirlər də məhz mətbuatımızın yubileyinə töhfə olacaq tədbirlər sırasındadır. Çünki mətbuata göstərilən hər bir diqqət ayrı-ayrılıqda jurnalistlərə göstərilən qayğı deməkdir. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti azad söz, azad mətbuat problemlərini tam mənada həll etməyi qarşıya məqsəd qoyub. Dövlətimizin iradəsi bu problemin həll olunması üçün də zəruri addımlar atmaqdadır. Mətbuatımızın 135 illik tarixi, sözün əsl mənasında, böyük bir tarix hesab olunur. Azərbaycan mətbuat tarixinin formalaşmasının xalqımızın həyatında çox böyük bir önəmi var. Ümumilikdə isə, mətbuat demokratik prinsiplərin əhatə olunmasında ən başlıca vasitədir. Ona görə də, hansı cəmiyyət özünü demokratik görmək istəyirsə, demokratik dəyərlərə yiyələnmək istəyirsə, mətbuatın inkişafına diqqət yetirməlidir. Məhz bu baxımdan da, bu gün ölkəmizdə mətbuata, söz azadlığına böyük diqqət və qayğı göstərilir.

 

İsmayıl Hacıyev:

- İlk növbədə, mənə verilən fəxri ada görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mətbuat işçilərinin öz üzərində Prezident tərəfindən qayğı və diqqəti hiss etməsi üçün verilən mükafatlar və fəxri adlar çox böyük önəm kəsb edir. Eyni zamanda, mətbuatın 135 illik yubileyi münasibətilə Prezident tərəfindən qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının ayrılması, bir daha onu sübut etdi ki, ölkəmizdə daim mətbuata və mətbuat işçilərinə yüksək diqqət göstərilir. Bundan əlavə, Prezident tərəfindən jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 5 mln manat ayrılması da atılan addımların məntiqi davamı kimi qiymətləndirilir. Bütün bunlar isə, media nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir. Çünki dövlət başçısı tərəfindən ayrılan maliyyə yardımları müasir mətbuatımızın gələcək inkişafına öz müsbət təsirini göstərəcək və mətubatda yer alan neqativ halların, problemlərin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə öz töhfəsini vermiş olacaq. Biz mətbuat nümayəndələri də, öz növbəmizdə, bizə göstərilən yüksək diqqət və qayğını dəyərləndirməli, fəaliyyətimizlə bizə qarşı göstərilən etimadı doğrultmalıyıq. 

 

Elçin Mirzəbəyli:

- İnanıram ki, Azərbaycan mətbuatı öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək, cəmiyyətimizin və dövlətimizin inkişafı naminə mühüm töhfələr vermiş olacaq. Çünki hər bir insan, hər bir media nümayəndəsi öz arxasında dövlətin dəstəyini hiss edirsə, inkişaf etmək və irəliyə getmək üçün heç bir problem qalmır.

Son olaraq belə bir dəyirmi masanın təşkilinə görə, "Səs" qəzetinin baş redaktoruna, onun kollektivinə minnətdarlığımızı bildiririk.

 

 

RƏFİQƏ KAMALQIZI,

 

TAPDIQ QURBANLI

 

Səs.- 2010.- 3 avqust.- S. 8-9.