Sosial-iqtisadi inkişafın təminatçısı

 

Cənab İlham Əliyevin Baş nazir təyin olunması ilə yeni inkişafın əsası qoyuldu

 

Azərbaycanda məlum olduğu kimi, artıq bu gün, yəni avqust ayının 4-də Prezident İlham Əliyevin Baş nazir vəzifəsinə təyin olunmasından artıq yeddi il keçir. Məhz yeddi il bundan öncə - 2003-cü ildə ümumilli lider Heydər Əliyevin təqdimatı ilə cənab İlham Əliyevin Baş nazir vəzifəsinə namizədliyi irəli sürülmüş və parlamentin də tam dəstəyini qazanmaqla o Baş nazir kimi səlahiyyətlərini icra etməyə başlamışdır. İlham Əliyevin Baş nazir vəzifəsinə seçilməsi bir tərəfdən onun əvvəlki xidmətlərinin nəzərə alınması əsasında baş tutmuşdursa, digər tərəfdən bu vəzifədə qısa müddət ərzində göstərdiyi fəaliyyət Azərbaycanın uğurlu inkişafının davamına, işıqlı gələcəyinə təminat vermişdir.

Cənab İlham Əliyevin Baş nazir vəzifəsinə seçilməsi Azərbaycan tarixinin mühüm və qeyd olunması vacib olan hadisələrindən hesab olunur. Belə ki, məhz İlham Əliyevin Baş nazir vəzifəsinə təyin olunmasından sonra Onun ölkənin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər sonrakı dövrdə Ona xalqın rəğbətini qazandırmış, dövlət başçısı vəzifəsinə seçilməsinə şərait yaratmışdır. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar ölkənin gələcək inkişafına öz müsbət təsirini göstərmiş və ölkəmizin iqtisadi inkişafa görə lider dövlətə çevrilməsinə səbəb olmuşdur. Bütün bunları yaxşı bilən və uzaqgörən siyasətçi olan ümumilli liderimiz Heydər Əliyev daim xalqının gələcəyini düşünərək İlham Əliyevin Onun siyasətinin layiqli davamçısı olduğuna inanaraq İlham Əliyevin ilk olaraq, Baş nazir, daha sonra isə prezident vəzifəsinə seçilməsinə müsbət rəyini vermişdir. 2003-cü il Prezident seçkilərində İlham Əliyevin xeyriniə öz namizədliyini geri götürən ulu öndər Heydər Əliyev Onun Azərbaycanın gələcəyi üçün layiqli lider olacağını və ölkənin davamlı inkişaf etməsi üçün əlindən gələni edəcəyini düşünərək bu addımı atdı.

Ölkənin ən çətin, ziddiyyətli anlarının qarışıq mənzərəsini ifadə edən 1993-cü ildə dövlətçiliyin itirilməsi təhlükəsinin az qala reallığa çevrildiyi bir vaxtda xalqın ulu öndər Heydər Əliyev qüdrətinə tapınması yeganə düzgün ünvan idi. Bu gün artıq özünü təsdiqləmiş, xalqın böyük etibarını əldə etmiş ideologiya Prezident İlham Əliyevin milli birlik, vətənpərvərlik düşüncələri ilə daha çevik şəkildə, yeni məcrada inkişaf etdirilir.

Onun öz xalqının ruhuna uyğun, eləcə də, Avropa və Qərb təmayüllü siyasətinin əsasında Azərbaycan xalqının əzəli milli maraqları dayanır. Azərbaycan xalqının maraqlarını qorumağı qarşısına əsas məqsəd qoyan Prezident İlham Əliyev bunu istər regional, istərsə də beynəlxalq səviyyədə təmin etməyə səy göstərmişdir. Bu siyasətin davamlı olaraq həyata keçirilməsi sayəsində artıq bütün dünyada Azərbaycana olan maraq və diqqətin artmasına nail olan cənab Prezident ölkəmizin problemlərinin və uğurlarının dünyaya çatdırılmasında yüksək əhəmiyyətli işlər görmüşdür.   

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi uğurlu islahatlar, səmərəli fəaliyyət, ən əsası öz siyasətində sosial sifariş amilini incəliklə nəzərə alması onun xalqın sosial rifah halının yaxşılaşdırması istiqamətində fəaliyyətini daha da gücləndirmişdir. Heç təsadüfi deyil ki, Prezident İlham Əliyevin  dövlət başçısı kimi uğurları tək ölkə daxilində deyil, eyni zamanda, beynəlxalq aləmdə də böyük əks-səda doğurmuşbir lider kimi Onun fəaliyyəti yüksək qiymətləndirilmiş, bir sıra nüfuzlu təşkilatların keçirdiyi sorğularda Prezident İlham Əliyev birinci yeri tutmuşdur. Prezident İlham Əliyevin reytinqinin günü-gündən daha da yüksəlməsinin əsas səbəblərindən biri də dövlətimizin başçısının hələ 2003-cü il prezident seçkiləri öncəsi xalqa verdiyi vədləri yerinə yetirməsidir. Bu vədlərin yerinə yetirilməsi özünü çox yüksək səviyyədə göstərdi desək, yanılmarıq. Məhz bu səbəbdəndir ki, 2008-ci il seçkilərində də xalq birmənalı olaraq, cənab İlham Əliyevi dəstəklədi. Prezident seçilməsindən sonra ölkədə sosialiqtisadi islahatların sürətləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün müxtəlif dövlət proqramlarını təsdiq edən Prezident İlham Əliyev öz əməlləri ilə sonrakı illərdə vədinə sadiq dövlət başçısı olduğunu təsdiqlədi. Amma cənab İlham Əliyev təkcə seçkilər ərəfəsində verdiyi vədlərlə kifayətlənmir və onun dövlət başçısı kimi fəaliyyəti daha qlobal problemlərin həll edilməsi ilə əlamətdar olub.

2003-cü ildən ölkədə iqtisadi yüksəlişin təmin olunması üçün müxtəlif dövlət proqramlarının icra edilməsi, bu sahədə dövlət siyasətinin yeni müstəviyə qədəm qoyması Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirdi. İlbəil inkişaf edən Azərbaycan iqtisadiyyatı artım tempinə görə artıq neçə illərdir ki, dünyada liderliyini qoruyub saxlayır. İldən-ilə güclənən, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatı bütün parametrləri ilə yanaşı, həm də xalqın sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli, infrastrukturun təkmilləşdirilməsi istiqamətində atılan addımların real nəticələri ilə müşayiət olunmaqdadır. Dövlət siyasətinin prioritet istiqamətlərindən olan bu məsələlərin yoluna qoyulması üçün geniş imkanlar yaradılması bütün ölkədə rəğbətlə qarşılanır. Yeni müəssisələrin istifadəyə verilməsi yerlərinin açılmasına təkan verməklə zəncirvari şəkildə sosial sahənin də inkişafına yol açır. Bütün bunlar, ilk növbədə, Prezident İlham Əliyevin xalqa verdiyi vədlərlə əməlinin vəhdətidir.

Dövlətin qüdrətlənməsi onun regional və beynəlxalq miqyasda nüfuz sahibi olan ölkəyə çevrilməsini şərtləndirən əsas meyarlardan sayılır. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq, Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirən Azərbaycan bir çox imkanlardan istifadə edərək həm də dünya miqyasında nüfuz sahibi olan dövlətə çevrilməkdədir. Dünyanın siyasi çəkisində söz sahibi olan ölkələrin Azərbaycana artan marağı fonunda Prezident İlham Əliyevin dünya miqyasında qəbul edilən bir siyasətçi imicinin formalaşması da artıq sübuta ehtiyacı olmayan bir aksiomdur.

Prezident İlham  Əliyevin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən bu nailiyyətlər həm də dövlətimizin başçısının reytinqinə təsir edən əsas amillərdir.

 

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2010.- 4 avqust.- S. 3.