Fuad Feyzulla oğlu Qasımzadə
Azərbaycanın elmi və təhsil ictimaiyyətinə ağır
itki üz vermişdir. Respublikamızın tanınmış alimi, fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü,
əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Fuad Feyzulla oğlu Qasımzadə 2010-cu il avqustun 3-də ömrünün
81-ci ilində vəfat
etmişdir.
Fuad Qasımzadə 1929-cu il oktyabr ayının
22-də Bakı şəhərində
anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirdikdən sonra o, 1947-1952-ci illərdə
Azərbaycan Dövlət
Universitetində tarix fakültəsinin fəlsəfə
şöbəsində təhsil
almışdır. Fuad
Qasımzadə 1952-ci ildə
ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, həmin universitetin fəlsəfə
ixtisası üzrə
aspiranturasına daxil olmuşdur.
Əmək fəaliyyətinə
1953-cü ildə, hələ
Azərbaycan Dövlət
Universitetinin aspiranturasında
təhsil alarkən başlayan Fuad Qasımzadə həyatını
bu təhsil ocağı ilə bağlamışdır. O, 1955-1967-ci illərdə burada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmış,
1966-cı ildən ömrünün
sonunadək kafedra müdiri olmuşdur. Pedaqoji işlə yanaşı o, 1990-1992-ci illərdə Azərbaycan
Respublikası Prezidentinin
müşaviri vəzifəsini
tutmuşdur.
Fuad Qasımzadə 1958-ci ildə fəlsəfə elmləri namizədi,
1966-cı ildə fəlsəfə
elmləri doktoru elmi dərəcələrini
almışdır. O, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü,
2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Azərbaycan elminin tanınmış nümayəndəsi
kimi Fuad Qasımzadə uzun illər ərzində ictimai elmlərin aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə
məşğul olmuşdur.
Alimin bədii-ictimai fikir tariximizin görkəmli nümayəndələrinin
yaradıcılığının fəlsəfi-estetik aspektlərinə
həsr olunmuş əsərləri elmi ictimaiyyətin rəğbətini
qazanmışdır. Məhəmməd
Füzuli, İmadəddin
Nəsimi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə kimi şəxsiyyətlərin irsinə
dair araşdırmaları
ilə o, fəlsəfi fikir tariximizə layiqli töhfələr vermişdir.
Alimin mədəni irsimizin bir sıra
abidələrinin, o cümlədən "Kitabi-Dədə
Qorqud"un fəlsəfi xüsusiyyətləri
ilə bağlı fikir və mülahizələri
mütəxəssislər tərəfindən
maraqla qarşılanmışdır.
Fuad Qasımzadənin elmi-pedaqoji fəaliyyəti
monoqrafiyalar, dərsliklər
və məqalələrdən
ibarət 300-ə yaxın
nəşrdə öz
əksini tapmışdır.
Onun rəhbərliyi altında çox sayda namizədlik və doktorluq dissertasiyaları müdafiə
edilmişdir.
Fuad Qasımzadə publisistika sahəsində də uğurla çalışmışdır. O, kütləvi informasiya vasitələrində milli
adət-ənənələrimizin, mədəni-mənəvi dəyərlərimizin
qorunub saxlanması mövzusunda məqalə və çıxışları
ilə müasirlərinin
yaddaşında qalmışdır.
Elmi yaradıcılığını tədris prosesi ilə daim uğurlu
şəkildə birləşdirən
Fuad Qasımzadə altmış ilə yaxın bir müddətdə ictimai elmlərin öyrənilməsi,
bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması
işində öz bilik və bacarığını
əsirgəməmişdir.
Fuad Qasımzadə filosofların bir sıra beynəlxalq konqres və simpoziumlarındakı çıxışları
ilə zəngin ənənələrə malik
çoxəsrlik Azərbaycan
fəlsəfi və elmi fikir tarixinin
nailiyyətlərinin təbliğinə
xidmət göstərmişdir.
O, ölkəmizin elmi-mədəni
həyatında daim yaxından iştirak etmiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.
Fuad Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti yüksək
qiymətləndirilmişdir. O, Azərbaycan təhsili və elminin inkişafındakı xidmətlərinə
görə müstəqil
Azərbaycan Respublikasının
ali mükafatları olan "Şöhrət"
və "İstiqlal"
ordenləri ilə təltif edilmişdir.
Görkəmli alim, tanınmış pedaqoq və səmimi insan Fuad Feyzulla
oğlu Qasımzadənin
xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov,
Ramiz Mehdiyev,
Elçin Əfəndiyev,
Hacıbala Abutalıbov,
Fatma Abdullazadə,
Mahmud Kərimov,
Misir Mərdanov, Şəmsəddin Hacıyev,
Abel Məhərrəmov,
Nailə Vəlixanlı,
Cəmil Quliyev, Ağamusa Axundov,
Bəkir Nəbiyev, Vasim Məmmədəliyev
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün
2010-cu il avqustun
4-də saat 14.00-dan 16.00-dək Bakı Dövlət Universitetinin binasında (Zahid Xəlilov küçəsi, 23) qoyulacaqdır.
Səs.- 2010.- 4 avqust.- S. 2.