Strateji inkişaf
konsepsiyası
İlham Əliyev: "Strateji xəttimiz ondan ibarətdir
ki, bütün şirkətlərimiz beynəlxalq səviyyəli
şirkətlər kimi fəaliyyət göstərsinlər"
"Azərbaycanda
bütövlükdə bu il də keçən ildəki kimi
uğurlu iqtisadi inkişaf davam etmişdir. Baxmayaraq ki,
keçən il maliyyə və iqtisadi böhran dünyada gedən
proseslərə çox güclü təsir göstərmişdir.
Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından
çox yüksək göstəricilər əldə
olunmuşdur. 2010-cu ildə də bu müsbət meyillər
davam etmişdir və iqtisadiyyatımızın bütün
sahələrində inkişaf var. Bu rəqəmlər bir
daha onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar
düzgün istiqamətdə aparılır"- Azərbaycan
Prezidenti İlham Əliyevin dediyi bu sözlər Azərbaycanda
real durumu daha yaxşı ifadə edir.
Qeyri-neft sektorunun
yüksəliş dövrü
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin 1-ci yarısında iqtisadi inkişaf 3,7 faiz təşkil edib. Nəzərə alsaq ki, keçən ilin iqtisadi inkişafının bazası çox yüksək idi, bu, çox yüksək göstəricidir. Ümumiyyətlə, bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və qeyri-neft sektorunun inkişafına üstünlük verilir. Yəni, neft-qaz sektorundan əldə edilmiş gəlirlər ölkənin ümumi inkişafına böyük təkan verir.
Ötən
müddətdə sənaye potensialının inkişafında
müsbət meyillər davam etmişdir. Neft sektorunda artım 2,4 faiz,
qeyri-neft sektorunda isə 15,3 faiz olub. Qeyri-neft sektorunun 15 faizdən
çox artması Azərbaycan iqtisadiyyatının
çoxşaxəli iqtisadiyyat
olduğunu göstərir.
Altı ayda 25 milyon ton neft, 13 milyard kubmetr qaz hasil
edilib.
Hökumət qarşısına qeyri-neft
sektorunun inkişafına
dəstəyi artırmağı
prioritet vəzifə kimi qoyub. Azərbaycan
Prezidenti bunu belə ifadə edir: "Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün
sahələrini inkişaf
etdirməkdən ibarət
olmuşdur və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə
bu meyilləri gücləndirməliyik. Elə etməliyik
ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan
iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə
azaltsın".
Göründüyü kimi, Prezident İlham Əliyev hər zaman ölkə iqtisadiyyatında
əsas prioritet olaraq qeyri-neft sektorunu göstərir və qeyd edir
ki, güclü inkişaf etmiş və böyük gəlir gətirən neft-qaz sektorunun hesabına digər sektorların da inkişaf etdirilməsi siyasəti həyata keçirilməlidir".
Digər iqtisadi göstəricilər
də ümumiyyətlə,
müsbət mənzərədən
xəbər verir. Son 6 ayda
inflyasiya 4,9 faiz təşkil edib. Əhalinin pul gəlirləri
isə 9 faiz artıb. Bu, onu göstərir ki, 2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının
gəlirləri artır
və inflyasiyanın templərini də qabaqlayır.
2009-cu ildə böhran ilinə baxmayaraq, beynəlxalq reytinq agentlikləri Azərbaycanın
kredit reytinqini artırıblar. Bu, onu
göstərir ki, ölkədə aparılan
islahatlar çox uğurludur.
Böyük maliyyə ehtiyatları
yaradılıb
Azərbaycanda artıq güclü maliyyə ehtiyatları yaradılıb. Uğurlu neft siyasəti
nəticəsində bu
gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir.
İlin əvvəlindən Azərbaycanın
valyuta ehtiyatları kəskin artaraq 20 milyard dollardan 25 milyard dollara çatıb. Bu ehtiyatlar imkan verir ki, Azərbaycan
iqtisadi sahədə istənilən məsələni,
istənilən infrastruktur
layihəsini təkbaşına
həyata keçirə
bilsin.
Prezident İlham Əliyevin dediyi kimi, bu,
bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması,
şəffaflığın təmin olunması və şəffaflıqla
bağlı bütün
mütərəqqi təşəbbüslərə
qoşulmağımız, belə
böyük maliyyə
ehtiyatının yaranmasına
gətirib çıxarıb.
Dövlət başçısı hər
zaman neft gəlirlərinin saxlanması
və idarə olunmasında şəffaflığın
vacibliyini önə çəkir. "Bu, Azərbaycan xalqının
sərvətidir. Bildiyiniz kimi,
neft fondunun gəlirləri və xərcləri haqqında mütəmadi qaydada ictimaiyyətə məlumat
verilir. Bu, çox şəffaf qurumdur, neft gəlirlərinin uğurla
idarə edilməsində
və ədalətli bölünməsində Azərbaycan
dünya miqyasında nümunə kimi göstərilir.
Əlbəttə ki, əldə edilmiş təcrübə
və bu sahədə görülən
işlər artıq bizə deməyə imkan verir ki,
Azərbaycanın strateji
valyuta ehtiyatları gələcəkdə də
artacaqdır. Əlbəttə, bu valyuta ehtiyatları Azərbaycanın
uğurlu inkişafını
və müstəqil siyasətini təmin edəcəkdir. Çünki
iqtisadi müstəqillik
siyasi müstəqilliyin
əsas amilidir"- cənab İlham Əliyev dövlətin güclü maliyyə ehtiyatlarına malik olmasının nə dərəcədə önəmli
olduğunu vurğulayır .
Göründüyü kimi, ölkə başçısı strateji
ehtiyatların səmərəli
istifadəsi və gələcək nəsillərə
çatdırılması işinin yüksək səviyyədə qurulmasını
yüksək qiymətləndirir. Şübhə yoxdur ki, xalqın
sərvətlərindən əldə olunmuş gəlirlərin şəffaf
şəkildə xalqa
çatdırılması insanlarımızın bugünkü
və gələcək
rihafına xidmət edəcək.
İqtisadiyyata sərmayə qoyuluşu
artır
Ötən illərdə olduğu kimi, Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirib. Baxmayaraq ki,
bütün maliyyə
qurumları, beynəlxalq
səviyyəli şirkətlər
və ölkələr
öz xərclərini
kəskin şəkildə
azaldırlar, Azərbaycana
xaricdən gələn
investisiyaların həcmi,
prosesi davam edir. Bütövlükdə,
ölkə iqtisadiyyatına
6 ayda 3,8 milyard dollar sərmayə qoyulub, bunun bir hissəsi xarici sərmayələrdir.
Azərbaycanda yaradılmış gözəl
investisiya iqlimi ölkəmizə investisiyaların
gətirilməsinə kömək
göstərib. Azərbaycan adambaşına düşən
birbaşa xarici sərmayənin həcminə
görə bütün
dövrlərdə bu
bölgədə ən
qabaqcıl yerlərdə
olub.
Cənab Prezident müşavirədə
dediyi kimi, bu gün maliyyə
imkanlarımız, məhz
xarici sərmayənin
nəticəsində yaradılmış
milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş
iqtisadiyyat imkan verir ki, biz daxili
investisiyaların həcmini
ildən-ilə artıraq. Qeyd edək ki, 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir,
həm dövlət proqramları çərçivəsində,
eyni zamanda, Azərbaycan şirkətlərinin
fəaliyyəti nəticəsində
qoyulmuş vəsaitdir.
Son 6 ayın göstəriciləri
arasında ən əhəmiyyətlisi məhz
qeyri-neft sektorunun artmasıdır. Qeyri-neft sektorunun 15,3 faiz artması uğurlu iqtisadi siyasətimizin nəticəsidir.
Özəl sektorun kompleks inkişafı
Azərbaycanda bu gün özəl
sektorda fəaliyyət
göstərən şirkətlər
güclənir. Azərbaycan dövləti onlara
öz dəstəyini
göstərir. Dövlət şirkətləri müasir
sistemə keçirlər.
Azərbaycan dövlət şirkətlərində
müasir mühasibat,
audit və idarəetmə
sistemi tətbiq olunur.
Dövlət başçısı
bununla bağlı deyir: "Biz bu prosesləri dəstəkləyirik
və strateji xəttimiz ondan ibarətdir ki, dövlət nəzarətində
olan bütün şirkətlər beynəlxalq
səviyyəli şirkətlər
kimi fəaliyyət göstərsinlər.
Onların dövlətə məxsus
olduğu o demək deyil ki, onlar
dövlət tərəfindən
idarə olunmalıdır,
yaxud da hansısa başqa yolla idarə olunmalıdır. Azərbaycanda bazar iqtisadiyyatı
prinsipləri geniş
tətbiq olunub və dövlət mülkiyyətində strateji
əhəmiyyət daşıyan
şirkətlər kommersiya
şirkətləri kimi
fəaliyyət göstərməlidirlər,
beynəlxalq bazarlara çıxmalıdırlar və
beynəlxalq bazarlarda investisiya layihələrini
davam etdirməlidirlər".
Hər ölkədə fəaliyyət
göstərən sahibkarlara
100 milyon manat vəsait güzəştli
kredit şəklində
verilir. Bunun nəticələri də özünü kiçik və orta sahibkarlığın
inkişafında büruzə
verir. Aqrar sektorda müşahidə
olunan inkişaf və məhsul bolluğunun yaradılmasında
dövlətin maddi dəstəyi önəmli
rol oynayır.
Göründüyü kimi, ölkə başçısı özəl
sektorun inkişafının
və iqtisadiyyata qoyulan yerli sərmayənin
önəmini ortaya qoyur. Məqsəd ölkə iqtisadiyyatını
tarazlı və davamlı inkişafını
təmin etməkdir.
Beləliklə, 2010-cu ilin birinci yarısı
ölkənin bütün
sahələrdə uğurlar
əldə etməsi ilə müşayiət olunub, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə inkişaf
tempi davam edib. Xarici siyasət
və ordu quruculuğu sahəsində
də böyük üstünlük əldə
edilib. Qeyd edilənlər göstərir
ki, ölkə Prezidenti cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan hökuməti uğurlu siyasi və iqtisadi islahatlar aparmaqla Azərbaycanın sürətli inkişafını
davam etdirir. Dünya ölkələrinin böhrandan
əziyyət çəkdiyi
bir zamanda Azərbaycanın böyük
uğurlar əldə
etməsi məhz düşünülmüş siyasətin və strateji fəaliyyətin nəticəsidir.
Elçin Bayramlı
Səs.- 2010.- 5 avqust.- S. 2.