Bölgələrin sosial-iqtisadi inkişafı daha da sürətlənir

 

2009-2013-cü illərdə "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bölgələrə ardıcıl səfərlər edən dövlət başçısı yerlərdə yeni sənaye müəssisələrinin yaradılmasına, əhalinin sosial qayğılarının aradan qaldırılmasına böyük diqqət yetirir. Azərbaycanın bütün regionlarının bərabər səviyyədə, sürətli inkişaf etməsi üçün böyük səylər göstərilir. Bəlli olduğu kimi, regionların inkişafı ilə əlaqədar 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının icrası 2004-2008-ci illərdə başa çatdırılmış müvafiq proqramın məntiqi davamı sayılır. 2004-2008-ci illərdə həyata keçirilən proqramın başlıca hədəfi regionlarda sahibkarlığın inkişafını sürətləndirmək, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarət idi. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, regionlarda sosial-iqtisadi infrastrukurun təkmilləşdirilməsi ilə bağlı görülən işlər artıq öz real səmərəsini göstərməkdədir. Hazırda Azərbaycanın regionlarında ən yüksək iqtisadi standartlara cavab verən yeni müəssisələr fəaliyyət göstərir, onların istehsal etdiyi yüksək keyfiyyətli məhsullar dünyanın bir çox ölkələrinə ixrac olunur. Regionlara göstərilən böyük diqqət qayğı çərçivəsində ölkəmizin sürətlə inkişaf edən bölgələrindən biri Qəbələ rayonudur. Bu günlərdə növbəti dəfə Qəbələ rayonuna səfər edən Prezident İlham Əliyev burada fəaliyyət göstərən yeni müəssisələrin işi ilə yaxından tanış olub. Dövlət başçısının digər rayonlara olduğu kimi, dəfələrlə Qəbələyə səfər etməsi bu bölgədə sosial-iqtisadi tərəqqi baxımından mühüm keyfiyyət dəyişiklikləri ilə müşayiət olunur. Son illər rayonun iqtisadiyyatında sürətli, davamlı artım nəzərə çarpır. Bu, onu göstərir ki, Prezidentin regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirməsi yerlərdə məmurları sahibkarları daha məsuliyyətli olmağa vadar edir, əhalinin müxtəlif təbəqələrinin sosial-iqtisadi fəallığını təşəbbüskarlığını daha da artırır. Elə bu səbəbdəndir ki, hazırda Qəbələnin Azərbaycanda gedən sürətli iqtisadi inkişafda öz yeri, öz rolu var. Rayonda 2003-cü illə müqayisədə 2010-cu ildə ümumi məhsul buraxılışının həcmi xeyli artıb. Kənd təsərrüfatı məhsullarının artımı 2 dəfədən çox olub. 2003-2009-cu illərdə rayondakı 450-dən çox müəssisədə 8500-ə yaxın yeni yeri açılıb. Qəbələnin zəngin turizm potensialının reallaşdırılması üçün dövlətimizin başçısının tapşırığına müvafiq kompleks tədbirlər həyata keçirilir. Belə tədbirlər təkcə Qəbələni deyil, Azərbaycanın bütün bölgələrini əhatə edir. Məsələyə münasibət bildirən iqtisadçı millət vəkili Əli Məsimli qeyd edib ki, Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirməsi, olduqca təqdirəlayiqdir: "Bu, regionların davamlı, tarazlı inkişafı üçün çox böyük əlverişli zəmin yaradır. Azərbaycanın inkişafı təkcə Bakı onun ətrafı ilə deyil, həm regionların tərəqqisi ilə tamamlanmalıdır. Regionlarda gedən sosial-iqtisadi inkişaf proseslərinin sürətləndirilməsi, əhalinin rifah səviyyəsinin daha da yaxşılaşdırılması həyata keçirilən müvafiq tədbirlərin səmərəsindən əhəmiyyətli dərəcədə asılıdır. İqtisadçı Vüqar Bayramov isə qeyd edib ki, ümumilikdə müvafiq Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər bölgələrdə sosial-iqtisadi inkişafın sürətlənməsinə, yerli sahibkarlığın inkişafına, infrastrukturun əhəmiyyətli şəkildə yaxşılaşdırılmasına xidmət edir: "Bölgələrin belə sürətlə inkişaf etməsi paytaxtla regionların inkişaf səviyyəsindəki fərqləri əhəmiyyətli dərəcədə azaldır, aqrar sahənin qeyri-neft sektorunun inkişafına da əlverişli zəmin yaradır. Yeni yerlərinin açılması, yerli infrastrukturun formalaşması baxımından, həyata keçirilən tədbirlərin əhəmiyyəti böyükdür. Bu tədbirlər müəyyən mənada əks-mərkəzləşməyə - əhalinin mərkəzdən, paytaxtdan bölgələrə, rayonlara axın etməsinə təkan verir. Belə vəziyyət, irəlicədən gözlənildiyi kimi, ölkənin inkişafında tarazlıq, ahəngdarlıq yaradır". V.Bayramov onu da bildirib ki, infrastrukturun inkişafı, ilk növbədə, yol-nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsində özünü göstərir: "Müvafiq Dövlət proqramları çərçivəsində həm dövlət büdcəsi, həm beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına çoxsaylı sosial xarakterli layihələr həyata keçirilib. Bu, bütövlükdə regionlarda əhalinin məşğulluq səviyyəsinin artmasına, əhalinin güzəranının, yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olub."

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2010.- 5 avqust.- S. 5.