Qeyri-neft sektoru dinamik və sürətlə inkişaf
edir
İlham Əliyev: "Uğurlarımızın
təməlində, əlbəttə
ki, ciddi islahatlar dayanır"
Ölkə iqtisadiyyatı hərtərəfli və dinamik inkişaf yolundadır. Qərb standartlarına cavab verən sənaye və emal müəssisələri, təhsil və səhiyyə ocaqları yaradılır. Regional inkişafa dair Dövlət Proqramının ikinci mərhələsi də uğurla həyata keçirilməkdədir. Bütün bunlar ölkə iqtisadiyyatını qüdrətləndirir, insanların rifah halını daha da yaxşılaşdırır. Beynəlxalq qlobal böhrana baxmayaraq, Azərbaycan 2009-cu ildə ümumi daxili məhsul istehsalında 9,3 faiz, sənaye istehsalında 8,6 faiz, aqrar sektorda isə 3,5 faiz artıma nail olmuşdur. Adambaşına ÜDM-in həcmi 7,9 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz yüksəlmişdir. Qazanılan nailiyyətlərdə özəl sektorun rolu olduqca böyükdür.
Sürətli inkişafın təminatı
İqtisadi və maliyyə böhranının tüğyan etdiyi və Beynəlxalq Valyuta Fondunun məlumatında göstərildiyi kimi, dünya iqtisadiyyatının azaldığı 2009-cu ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusən də, ümumi daxili məhsul istehsalının 9,3 faiz artımı, 73613 yeni iş yerinin açılması və infrastruktur layihələrinin həyata keçirilməsi beynəlxalq maliyyə qurumlarının da qəbul etdiyi reallıqlardır. Bu gün Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğunu dünyanın aparıcı iqtisadçıları və nüfuzlu nəşrləri də təsdiqləyirlər. "İnternational Livinq" jurnalı ölkələrin 2009-cu il reytinq göstəricisində Azərbaycan iqtisadiyyatının göstəricilərini region ölkələri arasında ən yüksək nəticə kimi qeydə almışdır.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə belə bir qeyd etmişdir: "Uğurlarımızın təməlində, əlbəttə ki, ciddi islahatlar dayanır. Baxmayaraq ki, Azərbaycanın zəngin neft-qaz potensialı vardır və biz bu potensialdan böyük səmərə ilə istifadə edirik. Bununla bərabər, aparılan islahatlar, iqtisadiyyatımızın liberallaşması və ciddi iqtisadi islahatlar bugünkü sürətli inkişafı təmin edir".
2009-cu ildə ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması və bütün strateji əhəmiyyətli sahələr üzrə yüksək inkişaf göstəricilərinin əldə olunması, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin dünyadakı neqativ proseslərə çevik reaksiya əsasında müəyyənləşdirdiyi antiböhran siyasətinin nəticəsidir. Hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin qlobal böhran kimi destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın bu böhrana müqavimət əzmini gücləndirmişdir. Azərbaycan iqtisadiyyatının digər inkişaf edən ölkələrlə müqayisədə yüksək makroiqtisadi dayanıqlılıq nümayiş etdirməsi həm də ötən il qarşıya qoyulmuş bir sıra strateji layihələrin uğurla gerçəkləşdirilməsinin bəhrəsidir. Əsası ulu öndər tərəfindən qoyulan və Azərbaycanın firavan gələcəyinə hesablanmış iqtisadi siyasətin hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Son altı ilin statistik rəqəmləri Azərbaycanın keçdiyi yüksək inkişaf yolunu, ölkənin sosial-iqtisadi tərəqqisinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını sübut edir. 2004-2009-cu illərdə Azərbaycanda ümumi daxili məhsul 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 4,8 dəfə, orta aylıq əmək haqqı 3 dəfə, minimum əmək haqqı 6,3 dəfə artmış, ölkədə 33 mindən artıq yeni müəssisə və 840 mindən çox iş yeri açılmışdır. Heç şübhəsiz, bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın davamlı və tarazlı tərəqqisinə yönəldilmiş birinci regional inkişaf proqramı mühüm rol oynamışdır. Xatırladaq ki, 2004-2008-ci illəri əhatə edən bu mühüm ümummilli proqramın uğurla yerinə yetirilməsi Azərbaycanın sürətli inkişafını təmin etmiş, ölkə regionlarının sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə yaxşılaşdırmışdır.
Azərbaycanın mövcud zəngin neft-qaz potensialına baxmayaraq, uğurlarımızın təməlində ciddi islahatların dayandığını vurğulayan dövlət başçısı bir daha bəyan etdi ki, həyata keçirilən tədbirlər, iqtisadiyyatın liberallaşması istiqamətində görülən işlər nəticəsində Azərbaycan hətta böhranlı 2009-cu ili də uğurla başa vurdu, ölkədə 9,3 faizlik iqtisadi artıma nail olundu. Hətta ötən il dünya bazarında neftin qiymətinin kəskin surətdə ucuzlaşmasına baxmayaraq, ölkəmizin sürətli inkişafı davam etdi və bu, bütün uğurlarımızı neft amili ilə bağlayanlara bir daha sübut etdi ki, qazandığımız nailiyyətlərin təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi və müstəqilliyi dayanır.
Sahibkarlara siyasi və maddi dəstək
Qlobal böhranla müşayiət olunan 2009-cu ildə Azərbaycanda gedən dinamik yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi də respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğı nəticəsində mümkün olmuşdur. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilatı, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlir. Ölkə iqtisadiyyatının dinamik inkişafında aparıcı rol oynayan sahibkarlar son illərdə regionlarda həyata keçirilən layihələrin miqyasını daha da artırıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramında sahibkarlıq subyektləri ilə bağlı çox geniş və əhatəli tədbirlər öz əksini tapıb. Həmin proqramlarda nəzərdə tutulmuş tədbirlərin icrası isə sahibkarlıq sektorunda istensivliyin daha da yüksəlməsinə səbəb olub. Bunun nəticəsidir ki, 2004-2009-cu illərdə sahibkarlığa başlayanların sayı 3 dəfə yüksəlib. 2008-ci ilin yanvar ayının 1-dən sahibkarlıq subyektlərinin qeydiyyata alınmasında "bir pəncərə" sisteminin tətbiq olunması isə sahibkarların sayının daha da artmasına əlverişli zəmin yaradıb. Ümumiyyətlə, son 2 ildə 88 mindən çox sahibkarlıq subyekti qeydiyyata alınıb.
Ölkədə sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki tədbirlərin ardıcıl və davamlı olduğunu təsdiq edən Prezident İlham Əliyev 13 aprel 2010-cu il tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Fərman imzalamışdır. Heç şübhəsiz ki, bu Fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin edəcəkdir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 7 avqust.- S. 3.