Şair
Qabilin çap olunmayan əlyazmaları
Bu yaxınlarda Ədəbiyyat arxivinin
direktoru Maarif Teymurla küçədə rastlaşdım.
Atamın ev arxiviylə
maraqlandı. Onları arxivə təhvil verməyi məsləhət
gördü. Mən də
razılaşdım. Əslində atamın çap
olunmamış bir şeyi
qalmamışdı. Özü də deyirdi ki, mən öləndən
sonra sənə ağırlıq
düşməyəcək. Nə var
hamısını kitablara salmışam.
Arxivi də az idi. Vaxtında özü bir çox əlyazmasını
təhvil vermişdi. Lakin
bəzi çap olunmayan
əlyazmalar fikrimi cəlb etdi.
Onları ictimaiyyətin nəzərinə təqdim etməyi
qərara aldım, təkcə 30 sentyabr
1988-ci ildə Xalq şairi
Nəriman Həsənzadəylə yazışması və
30 iyul 1992-ci ildə şair
Vaqif Bəhmənliyə
yazdığı şerdən başqa.
Müasir dövrdə telefonla
mesaj yazmaq artıq dəbə
dönüb. Hansı cavanı
görürsən küçədə, avtobusda,
parkda, hətta maşın sürə-sürə
mesaj yazır. Hətta yazdığına
musiqi parçaları, şəkil də
qoşur. Məktubun romantikliyini
bir az da
artırır. Texnikanın inkişaf
etdiyi bir dövrdə,
mürəkkəb və kağıza artıq ehtiyac
qalmayan XXI əsrdə atamın 24 sentyabr 1948-ci ildə Yardımlıda müəllim
işləyərkən sevgilisinə, yəni anama
yazdığı şeir- məktub
çoxlarında təəccüb doğursa
da, yaşlı nəsildə nostalji hissləri bir
daha oyadacaq. Hər sətrin
əvvəlindəki hərflərin düzülüşü
isə onun kimə
ünvanlandığını bildirir.
Həyat şirindirsə ömür gödəkdir
Arzular tez solan zərif çiçəkdir.
Canım qəriblikdə çürüyür, ay qız!
İşıq verən mənə bil sənsən yalnız.
Bəlkə məzarımı burda qazdılar...
Əlinlə nə olar, onda hər bahar
Yığ əlvan çiçəklər, tər bənövşələr,
İncə əllərinlə qəbrim üstə sər.
Mən yazdım bu şeri sizə yadigar.
Əzizim, var olsun eşqi
duyanlar.
Dastanlarımızda tez-tez bu deyimə rast gəlirik. "Dillə desəm dilim yanar, qoy
sazla deyim". Şairlərdə isə bədahətən
deyilən bir anlayış var. Şair Qabildə də bu, çox güclü idi. Məsələn, mənə, ya
qohumlardan kiməsə
əsgərliyə yazdığı
məktublarda, yaxud da ki kitablara
avtoqraflarında buna tez-tez rast gəlirik.
Əlyazmalar içində əsgər
məktublarından ikisinə
rast gəldim.
1983-cü ildə qardaşı
oğlu əsgər İrşada yazdığından:
İç borş,
ye langet,
Xətadan yan
get!
İdmançı-soldat
Mətin addım
at!
Sağ, düz,
sol!
İntizamlı ol!
Əsgəri xidmət
Hünər, cəsarət,
Borcdur Vətənə,
Şərəfdir sənə!
Papirosu at,
Yeginən salat.
Çəkmə anaşa,
Yeginən kaşa.
Komandirə çest
Nə desə,
de: - Yest!
Yaxşı nişan al!
Yaxşı ad-san al!
Qol-qanadlı ol,
Ehtiyatlı ol!
Dörd olsun gözün
Ağ olsun üzün.
İçki içmə
ha!..
Nə deyim daha
Ey Hekliberri,
Qaldığın yeri
Görərik yazda.
Dözüm var bizdə
Ay İrşad balam,
Salam - ehtiram
Qabil əmidən
Salamat ol sən!
Əsgərlikdə olarkən xalam
Raisəyə (general-mayor Abbasəli
Novruzovun həyat yoldaşı) məktub yazmışam, özü
də şeirlə (yadımda deyil). O da cavab yazmayıb.
Mən də bundan dilxor olmuşam. Evə şikayət etmişəm.
Əvəzində Pitsundadan qayıdan
atamın bu şeir-məktubu meydana gəlib.
Qayıdıb gəlmişəm
Şükür allaha,
Sənə evimizdən
Salam, Mahirim!
Şeirlə
məktublar
Yazırsan daha
Şair oğlusan
da
Balam, Mahirim!
Bəli, Raisədən
Gileyin haqdır
Qoyub gözlərini
Yolda haçaqdır.
Bu tənbəllikdirmi,
Yoxsa ki, inad?!
Vallah, xalalıqdan
Edərdim azad
Olsaydı bu sayaq
Xalam, Mahirim!
Yoxdur bu dünyada
Abbasəlidən -
Bizim bu polkovnik
Bir
qoşuna tən.
O da gileylənib
Deyir ki, hərdən.
Danlaya-danlaya
Deyir ki, ay qız,
Nə çətin
şeydi ki,
Əl boyda kağız -
Üçcə söz:
1 Necəsən
2 Salam,
3 Mahirim!
Xalanın ürəyi
Kövrək bənövşə
İstəmiş, istəyir
Səni həmişə.
İstəyi çevrilsin
Göydə quşlara
Baxdıqca sabahkı
Əsgər Anara...
Desin ki, gileyin -
Güzarın haqdır...
Az qala bulud tək
Dolam, Mahirim!
Dönüb o tərəfə
Əsən yellərə
Sərhəd tellərində
Sənə şirincə,
Kövrəkcə bir
layla
Çalam, Mahirim!
Yaxud da ki, avtoqraflar:
70-ci illər idi. Yaxın bir qohumumuzu
həbs eləmişdilər.
Qohum-əqrəba da yığışmışdı
bizə ki, bəs Qabil, kömək elə. Atam da o vaxt Baş
prokurorun 1-ci müavini
işləyən mərhum
millət vəkilimiz Zakir Zeynalova müraciət etdi. Onun "kömək elə" xahişini yerinə yetirə bilməyən (onun əlində deyildi, iş çox böyümüşdü) Zakir
müəllimin, doğrudan
da, narahatlıq keçirdiyini görən
atam bu avtoqrafı
yazdı:
Adamın başına
nə desən gələr,
Təki can sağ olsun, hər şey düzələr...
1991-ci ildə Milli Məclisdə ümummilli liderimiz Heydər Əliyevə qarşı hücumlar olanda, atam "Ömür həbləri"
kitabına Heydər Əliyevə xitabən ehtiramla bir avtoqraf
yazdı. Və mən
Cəlal Əliyevgilə
gedərək kitabı
təqdim etdim.
Mən evə qayıdanacan
Heydər Əliyev atama zəng edir ki, "Bəs Qabil, mən səni gözləyirdim, uşağı
göndərmisən?" Atam da "Siz
böyük adamsınız,
Sizin yanınıza
gəlmək belə asandır məgər?"
- deyə cavab vermişdi.
Günlərin bir günü
təzə kitabı çıxmışdı. Mən də AzTV-də işləyirdim. Səhər tezdən
çağırdı ki,
bu kitabların birini Nizami Xudiyevə,
birini də baş redaktorun Həsən Həsənova
verərsən. Demə,
avtoqrafla həm də məni müdirimə tapşırırmış:
Canım-gözüm Həsən,
Mahirə bir şey olsa,
Bəs sən orda nəsən?
Qabildən danışıb, onun baməzə əhvalatlarından danışmamaq
günah olardı.
Volqamızın dövlət nömrə
nişanını dəyişmişdik.
"AZ 10 EO 545". Dayılarım baxıb qımışırdılar.
Fikrət dayımın
maşınının nömrəsi
isə "AZ 10 KO 831" idi
- Bu nömrə, nə
nömrədir e, ay Qabil?
- Nömrədir də...
Mahir seçib.
- Bildiy e, nömrədir.
Bəs bu "EO" nədir?
Atam bildi ki, dayılarım nəyəsə
işarə edirlər.
Sadəcə onun dilindən bunu eşitmək istəyirlər:
-"EO" . Yəni
Eşşək Oğlu.
Sonra.
Dayılarım gülüşdülər.
Amma prikol bitməmişdi.
Fikrət dayım
"Onda belə çıxır ki, nömrəm "KO"-dur,
mən də "köpək oğlu"?.."
-Yox. Sən "Kişi oğlusan".
İstər "Ədəbiyyat və incəsənət"
qəzetində, istərsə
də "Azərbaycan"
jurnalında işləyəndə
redaksiyaya təqdim olunan şeirlərə qarşı xüsusilə
tələbkar idi, xüsusilə yox, qəddarcasına tələbkar
idi. Fikrini də o saat
deyirdi, "get sabah gəl", "yaxşı
olar" demirdi, heç bir ümid yeri qoymurdu. Günlərin bir günü
də gənc şairlərdən biri daxil olur atamın
otağına və şeirlərini bir-bir təqdim edir. Atam birinci şeirə
ötəri baxan kimi deyir: "bu heç", ikincini 2 misra oxuyub deyir: "bezdarnı". Bu minvalla bütün şeirləri "brak"
eləyir. Pərt olan
gənc şair deyir ki, Qabil
müəllim, bildim
e, pisdir. Amma siz şeirləri axıracan oxumadınız axı, bir-iki misra oxudunuz,
vəssalam, axıracan
oxusaydınız bu sözünüz məni yandırmazdı.
-A bala, yeməyin
dadına baxanda, onun dadlı-dadsız olmasını bilmək üçün xörəyi
axıracan yeyirsən?. Bir qaşıq
bəs edir də...
Mən və yoldaşım
Sevinc 40 yaşına çatmışdıq. Atam da yubileylərə hazırlaşırdı.
Qonaqları da çağırmışdı.
Sevinc hey
etiraz edirdi. Qırx yaşı qeyd eləmirlər. Atam da belə deyimlərə-zada
inanmadığı üçün
"əla ziyafət
təşkil elə, vəssalam" deyərək
durmuşdu. Nəhayət, yoldaşımın 40 yaşını
qeyd elədik. Qonaqlar gəldi getdi.
-Hə, gəlin,
gördün nə yaxşı keçdi? Sən isə deyirdin ki, 40-ı keçirmək
olmaz. Heç nə olmadı ki... Özü də ki, nə qədər qabağa düşdük.
-Necə yəni
qabağa düşdük?
- 40-la cüməaxşamını birləşdirdik. Ona görə.
Ağlımıza da gəlməzdi
ki, atam bu məqamı tuta bilərdi. 14 sentyabr 2006-cı il,
yoldaşımın 40 yaşı
tamam olan gün həm də həftənin dörcüncü gününə
- cüməaxşamına düşübmüş.
Avqustun 12-si atamın ad günüdür.
Hər il
zarafatla deyirdi ki, Azərbaycanda Qabil günləri başlayır. Bu ənənəni davam etdirə bilməsək də (onsuz ləzzəti yoxdur), qəzet səhifələrində
və televiziya ekranlarında məqalə,
veriliş və xatırlatmalarla təsəlli
tapırıq. Qohumları və
dostları ilə qəbrini ziyarət edirik. Dayım Fikrət demişkən:
On ikisi avqustdan
Qabil günləri başlar.
Unutmazlar bunu heç
Qohum, dostlar, yoldaşlar.
On ikisi avqustdan
Qabil günləri başlar.
İnan, yada da düşmür
Ömür, günlər
və yaşlar,
Ayılmayır heç başlar.
Mahir
QABİLOĞLU
Xalq qəzeti.- 2010.- 11
avqust.- S. 5.