Köçkünlərin
yanında
Kəlbəcər
Rayon İcra Hakimiyyəti
başçısının yerlərdə keçirdiyi
səyyar qəbullar müsbət səmərə verir
Rayon icra hakimiyyətinə
gəlmək də çətindir, aparat
rəhbərinin Azərbaycanın 55 rayonuna
və 700-dən artıq yaşayış məntəqəsinə
getməsi də. Amma evindən, eşiyindən
17 ildən çox didərgin düşmüş məcburi köçkünün
gözü yoldadır. İsti
bir nəfəsə, təsəlli sözə ehtiyacı var onun. Vidadi
Məhərrəmov bunu bilirdi.
Elə buna görə də rayona rəhbər təyin edilən günün ertəsi ən ucqar
kəndə yollanmışdı, soydaşları ilə görüşmüşdü, onların dərd-sərini
öyrənmişdi...
- Doğma torpağından didərgin
salınmış insana hətta köməyin dəyməsə
belə, onun yaşadığı evə baş çəkməyin,
hal-əhval tutmağın kifayətdir , - deyə V.Məhərrəmov
yerlərdə keçirdiyi görüşlərdən
söhbət açır, - əslində elə etmək olar
ki, yuxarı orqanlara bir dənə də olsun şikayət
getməz. Məsələn, bu ilin birinci yarısında Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasına
ünvanlanmış 56 müraciətin hamısı yerlərdə
həll olunası məsələlərdir. İşə
düzəltmək, mənzil şəraitinin
yaxşılaşdırılması, təbii fəlakətin
vurduğu ziyan, məktəblərin işi... Bütün
bunları biz həll etməliyik, edirik də. Sadəcə, bəzən
izahat-təbliğat işləri zəif olur, insanlar onları
narahat edən məsələlərin həlli barədə
hara müraciət olunmasını bilmirlər. Bu işdə
bizim ərazi nümayəndəliklərinin də
günahı var. Yaxşı nümayəndəliklərimiz də
az deyil. Məsələn, bu ilin ötən 6 ayı ərzində
Hacıkənd, Qamışlı, Taxtabaşı,
İstibulaq, Mərcimək, Kərəmli, Mollabayramlı kənd
icra nümayəndəliklərinin hamısından bir dənə
də olsun ərizə daxil olmamışdır. Amma əvəzində
Zar, Yanşaq, Qılınclı, Zəylik və sair kənd
icra nümayəndəliklərindən daxil olan ərizələrin
sayı artmışdır. Biz ərizələrə elə-belə
baxmırıq, onları dönə-dönə təhlil
edirik. Başqa cür ola da bilməz. Axı hər bir ərizənin
arxasında canlı insan dayanır, onun qayğıları,
problemləri var, köməyə ehtiyac duyur. Təhlillər
göstərir ki, adamlar daha çox mənzil şəraitinin
yaxşılaşdırılmasından, payız-qış
aylarında aramsız yağan yağışların törətdiyi
təbii fəlakət nəticəsində binalara ziyan dəyməsindən
yazırlar. Bu ilin birinci yarısında rayon icra hakimiyyətinə
daxil olan ərizələrin 37,3 faiz mənzil məsələləri
ilə bağlıdır...
Əslində rayon icra hakimiyyəti başçısını çox nadir hallarda iş kabinetində tapmaq olar. Daim kənd və qəsəbələrdə, məcburi köçkünlərin yanında olur, onların problemlərini öyrənir, konkret köməklik göstərir. Keçən il, inişil də belə olub, bu il də belədir. Səyyar qəbullara üstünlük verilməsi adamların yerli icra orqanlarına inamını artırıb. Digər tərəfdən hər hansı bir iş və ya digər problemin həlli üçün Beyləqandan, Bərdədən hətta Bakıdan Gəncə şəhərində yerləşən rayon icra hakimiyyətinə gəlmək hara, başçının, yaxud digər əlaqədar təşkilat rəhbərinin insanların məskunlaşdığı əraziyə getməsi hara. Həm də təcrübə göstərir ki, problem yerində daha tez, operativ həll olunur.
2010-cu ilin birinci yarısında rayon icra hakimiyyətinin başçısı əvvəlcədən təsdiq olunmuş qrafik əsasında respublikanın ən müxtəlif bölgələrində 20 səyyar qəbul keçirmiş, 3016 nəfər vətəndaşı qəbul edə bilmişdir. Bu qəbullar zamanı 33 tələb - təklif irəli sürülmüş, onlardan 11-i müsbət həll olunmuş, 6 məsələ ilə bağlı izahat verilmiş, 16 tələb-təklifin həlli barədə müvafiq orqanlar qarşısında məsələ qaldırılmışdır.
Hər qəbul, hər görüş, hər söhbət müsbət səmərə verir, adamlar ölkə rəhbərliyinin qaçqın və köçkünlərə göstərdiyi qayğıdan hədsiz razılıqlarını bildirirlər. Məhz bu görüşlərdən sonra indiyədək Qəbələ rayonundakı turist bazasında müvəqqəti məskunlaşmış 133 kəlbəcərli ailəsi hündür mərtəbəli, hər cür şəraiti olan mənzillərə köçürülmüşdür. Yeri gəlmişkən, qeyd edək ki, son 6 ay ərzində respublika hökumətinin köməyi ilə 758 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunmuşdur. Hazırda Naftalan şəhərindəki "Qarabağ" sanatoriyasında məskunlaşan məcburi köçkünlər üçün 3 ədəd, Yevlaxdakı "Aran" fin tipli qəsəbədə məskunlaşan 612 kəlbəcərli üçün isə 12 ədəd hündürmərtəbəli evlər tikilir.
Ümumiyyətlə, mənzil probleminin həlli ilə bağlı Dövlət Proqramına uyğun olaraq 500 evdən ibarət yeni qəsəbənin salınması və rayonun inzibati mərkəzinin tikintisi üçün Göygöl rayonu ərazisində 60 hektar torpaq sahəsi ayrılmışdır. Bunun üçün həmin qəsəbədə məskunlaşacaq məcburi köçkün ailələrinin adlı siyahısının tərtibi yekunlaşmaq üzrədir. Yeni qəsəbənin salınmasının 2011-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
Mövsümə hazırlıqla əlaqədar rayonun məcburi köçkünlərinin yaşadıqları binaların təmiri, içməli su, elektrik enerjisi, yolların təmiri, təbii qaz xətlərinin çəkilməsi ilə əlaqədar olan sosial problemlərin həlli istiqamətində də işlər davam etdirilir. Bu məqsədlə Kəlbəcər RİH və "Azəryolservis" ASC tərəfindən birgə geniş tədbirlər planı hazırlanmış, görüləcək işlər müəyyənləşdirilmişdir. Cari ildə həmin təşkilatın köməyi ilə Şəmkir rayonu texniki peşə məktəbində 3 binanın dam örtüyü yenidən quraşdırılmış, əsas korpusun dam örtüyü isə təmir edilmişdir. Həmin ərazidə məcburi köçkünlərin istifadəsində olan xeyir-şər mərasimləri üçün nəzərdə tutulan binanın daxilində yenidənqurma işləri aparılmışdır. Ora hər cür avadanlıqla, qab-qacaqla təmin edilməlidir. Gəncə şəhəri Gülüstan qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin su probleminin həlli üçün 4 yerdə subartezian quyusunun qazılması planlaşdırılmış, onların ikisində lazımi işlər başa çatdırılmış, birində isə qazma işləri davam etdirilir. Bərdə rayonunun Zümürxan və Lənbəran kəndlərində, eyni zamanda Tərtər şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün hər birinin tutumu 150 yerlik olan yığma mağarlar quraşdırılmış və lazımi avadanlıqlarla təmin edilmişdir. Həmin təşkilatın xətti ilə 37 ailəyə tikinti materialları verilmişdir.
Kəpəz rayonunun Hacıkənd qəsəbəsində baş vermiş təbii fəlakətlə əlaqədar orada müvəqqəti məskunlaşmış ailələrin yaşadıqları binalara dəymiş zərər müəyyənləşdirilmiş və ayrı-ayrı təşkilatların nümayəndələrinin iştirakı ilə sənədləşmə işləri aparılaraq aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Bu məqsədlə "Azəryolservis" ASC-nin köməkliyi ilə qəsəbədəki yollar və küçələrdə, eyni zamanda, məcburi köçkünlərin həyətyanı sahələrində lildən təmizləmə işləri başa çatdırılmışdır. Qəzalı vəziyyətdə olan və uçmuş binaların bərpasına başlanılmış və köçkün ailələrinin əksəriyyəti öz mənzillərinə qayıtmışdır. Qəsəbədə 16 ev təmir olunmuş, 2 ədədi yenidən tikilmiş, 2 ədədində isə tikinti işləri davam etdirilir. Dəymiş zərərin aradan qaldırılması məqsədi ilə 5 km uzunluğunda yeni su xətti, 1 km uzunluğunda isə elektrik hava xətti çəkilmiş, körpü və keçidlər bərpa olunmuş, xeyir-şər mərasimləri üçün nəzərdə tutulan bina təmir olunaraq oraya 1 ədəd yığma mağar verilmişdir.
Samux rayonunun Məhsəti qəsəbəsində qəsəbədaxili yollar genişləndirilərək asfalt və çınqıl örtüyü ilə təmir olunmuş, Zazalı qəsəbəsində məcburi köçkünlərə 800 metr uzunluğunda yeni qaz xətti çəkilmişdir. Göygöl rayonunun Üçtəpə kəndində fəaliyyət göstərən 115 saylı məktəb üçün 5 sinif otağından ibarət binanın tikintisində tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Bakının Binəqədi rayonu ərazisində isə 6 otaqdan ibarət musiqi məktəbi inşa edilmişdir. Hazırda "Azəryolservis" ASC tərəfindən rayonun məcburi köçkünlərinin problemlərinin həlli ilə əlaqədar lazımi işlər davam etdirilir.
Göygöl rayonu "Murovdağ" qəsəbəsində 6,5 km uzunluğunda yolun əsaslı təmiri başa çatdırılmış, həmin qəsəbənin yaxınlığındakı qəbirstanlıqda qəbir daşlarının və qəbirüstü abidələrin hazırlanması üçün yeni müəssisə yaradılmış, oraya su xətti çəkilərək elektrik transformatoru ilə təmin edilmişdir.
... Bərdə, Beyləqan, Göy-göl, Qəbələ və digər bir çox rayonlarda keçirilən görüşlər, qəbullar göstərir ki, kəlbəcərli məcburi köçkünlər ölkə rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıdan hədsiz ruhlanırlar və onlar inanırlar ki, tezliklə öz doğma torpaqlarına qayıdacaqlar.
Kəlbəcər Rayon İcra Hakimiyyəti işçilərinin isə daim öz soydaşlarının yanında olması onlara böyük dəstəkdir. Bu dəstək artıq öz bəhrəsini verir.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2010.- 11
avqust.- S. 4.