"Döyüşçü fəryadı" gəncləri qəhrəmanlığa səsləyir

 

    Birinci Qarabağ müharibəsi xalqımızın azadlıq və müstəqillik tarixində böyük bir sınaq dövrü oldu. Bütün cəbhə boyu gedən qanlı döyüşlərdə itkilərimiz də oldu, düşmənə ağır zərbələr vurduğumuz zamanlar da. Ən böyük itkimiz isə, şübhəsiz ki, torpaqlamızın işğal altına düşmüş 20 faizi oldu.

 

    Ermənistanın Azərbaycana təcavüzü üzündən başlamış müharibə yenicə formalaşmaqda olan ordumuzun minlərlə gənc və vətənpərvər döyüşçüsünün həlak olması ilə nəticələndi. Amma yağı düşmənlə qanlı savaşdan sağ-salamat qayıdanlar da oldu, müxtəlif yaralar alaraq sağlamlığını itirənlər də. 1994-cü il mayın 12-də atəşkəs haqqında razılığa gəlindikdən sonra baş verən hadisələrin mahiyyəti daha dərindən araşdırılmağa, uğur və səhvlərimizin səbəbləri öyrənilməyə başlandı. Eləcə də buya digər cəbhədə böyük şücaətlər göstərmiş qəhrəman oğlullarımızın döyüş yolu haqqında yazılar yazıldı, onların ölməz əməlləri xalqa çatdırıldı.

    Yazıçı-publisist Fatma Həsənqızının bu yaxınlarda çapdan çıxmış "Döyüşçü fəryadı" kitabı da Qarabağın azadlığı uğrunda döyüşlərdə fədakarlıqlar göstərmiş qəhrəmanlardan birinə - sabiq Binəqədi batalyonunun cəsur döyüşçüsü Baba Şükürova həsr olunub. Kitabda Babanın döyüş yolu bədii şəkildə və ətraflı təsvir olunmuşdur. Ancaq ən maraqlısı bu Vətən fədaisi haqqında onun cəbhə yoldaşlarının söylədikləridir. Babanın döyüş dostları onun qəhrəmanlıqları haqqında danışmaqdan yorulmurlar. Bu söhbətlərin hər birində döyüşçü, komandir Babanın xarakterinin yeni çalarları açılır, onun erməni faşistləri ilə müharibəyə könüllü getdiyi, döyüşlərin birində ağır yaralandığı, ancaq 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ümummilli lider Heydər Əliyevin xalqa müraciətinə səs verərək yenidən cəbhəyə getdiyi məlum olur.

    Dostlarının xatırladıqlarına görə, Baba Şükürov hərbi xidmətə getməzdən əvvəl Binəqədi neft mədənlərində qazmaçı işləyib. Vətənin dar günündə onun müdafiəsinə qalxıb. Cəbhədə həddən artıq ürəkli, cəsarətli bir döyüşçü kimi tanınıb. Şuşanın Əmrahlar, eləcə də Daşaltı və Nəbilər döyüşlərində iştirak edib. Daşaltı əməliyyatında kontuziya alıb. Bundan sonra onun müharibədə iştirakı məqbul sayılmasa da, Baba inad göstərərək Heydər Əliyevin xalqa müraciətindən sonra Binəqədi taborunun tərkibində yenidən cəbhəyə gedib. Haramı düzündə tanklarla hücuma keçmiş erməni işğalçılarına qarşı mübarizədə komandir olub. Döyüşlərin ilk günündə 24 tankla irəliləyən erməni ordusuna çox uğurlu müqavimət göstərilib. Bu döyüşlərdə Baba və tabeliyindəki əsgərlər qeyri-bərabər qüvvə ilə çarpışsalar da, düşmənə ağır zərbələr vurub, onların bir neçə tankını sıradan çıxara biliblər. Baba özü isə bir gündə düşmənin 3 tankını məhv edib.

    Döyüş dostlarının xatirələrində Baba Şükürovun bu cür qəhrəmanlıqlarına çox rast gəlmək mümkündür. Biz bütün bu döyüşlər və Babanın şücaətləri haqqında kitabda verilmiş xatirələrin hamısını təzədən danışmaq qəsdində deyilik. Bunlarla ətraflı tanış olmaq üçün "Döyüşçü fəryadı" kitabını oxumağı məsləhət görərdik. Kitab bu gün ordu sıralarında olan və əsgəri xidmətə hazırlaşan gənclərimiz üçün daha faydalı olar. Çünki Qarabağın azadlığı uğrunda döyüşlərin birinci mərhələsində qazanılmış təcrübə qarşıda hələ çox gərəyimiz olacaq. Cəsur oğullarımızın döyüş və qəhrəmanlıq yolunu öyrənmək üçün bu kitabı oxumağa dəyər...

 

 

    Paşa ƏMİRCANOV

 

    Xalq qəzeti.- 2010.- 11 avqust.- S. 6.