Silahlı qüvvələrimiz
torpaqlarımızı işğaldan azad etməyə qadirdir
İlham Əliyev: "Azərbaycan Dövlət Sərhəd
Xidməti bu gün dünya miqyasında özünə layiq
yerini tuta bilibdir"
Dünən Azərbaycan
sərhədçilərinin peşə bayramı ərəfəsində
Bakıda Dövlət Sərhəd Xidməti
Akademiyasının açılışı olmuşdur.
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
mərasimdə iştirak etmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirmişdir. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndərin adı ilə bağlıdır.
2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.
Son illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilmiş, yeni sərhəd dəstələri və zastavaları yaradılmışdır. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunmuşdur.
Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətlənmiş, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılmış, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülmüşdür. Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılmışdır.
Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə dövlətimizin başçısının 2007-ci il 12 iyun tarixli Sərəncamı da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynamışdır. Bu akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə yaradılmışdır. Akademiyada yaradılan şərait də təsdiqləyir ki, hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillər sırasında dövlət sərhədi və onun toxunulmazlığı mühüm əhəmiyyət kəsb edir.
Sərhədlərimizin toxunulmazlığının təmin edilməsinin və etibarlı qorunmasının çox aktual olduğu bir dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq Vətənin keşiyində layiqincə dururlar. Çünki xarici təhdidlərin aradan qaldırılması kimi mühüm missiyanın yüksək səviyyədə həyata keçirilməsi Ali Baş Komandanın da diqqətində olan məsələdir. Sərhədçilərimiz Vətənimizin keşiyində hər zaman ayıq-sayıqdır və onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətin etibarlı əsgərləridir.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, akademiyanın binası 1 il 8 ay ərzində inşa olunmuşdur. Orijinal memarlıq quruluşu olan binada təlim-tədris üçün bütün şərait yaradılmışdır.
Prezident İlham Əliyev əsas korpusda xalqımızın ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsinə baxdı. Burada ulu öndər Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən, dövlətimizin başçısının müxtəlif sərhəd qurumlarının açılışlarında iştirakından çəkilən fotoşəkillər nümayiş etdirilir. Qeyd olundu ki, Prezident İlham Əliyevin 2005-ci ildə "Azərbaycan Respublikası dövlət sərhəd mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması Dövlət Sərhəd Xidmətində quruculuq işlərinə böyük təkan vermişdir. Dövlətimizin başçısının bu qayğısı sərhədlərimizin daha etibarlı qorunmasında, maddi-texniki bazanın möhkəmləndirilməsində, müasir texnika, avadanlıq və ləvazimatlarla təminatında, kadr hazırlığında, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində, yeni sərhəd infrastrukturlarının yaradılmasında əksini tapmışdır.
Bina ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, akademiyada mühazirə otaqları ilə yanaşı, müxtəlif kafedra və siniflərdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur qurulmuşdur. Dövlətimizin başçısı ümumqoşun fənləri kafedrasında, sərhəd qoşunları taktikası və kütləvi qırğın silahlarından mühafizə siniflərində kursantlar üçün yaradılan şəraitə baxdı. Akademiyada mühəndis-texniki fənlər kafedrası, rabitə və atəş hazırlığı sinifləri yaradılmışdır. Bu siniflərdə rabitə avadanlığından və müxtəlif silahlardan istifadə qaydaları tədris olunur. Miqrasiya və sərhəd nəzarəti sinfi də zəruri avadanlıq və əyani vəsaitlərlə təmin edilmişdir. Akademiyada xarici dillər də tədris olunur. İnformatika sinfində isə ən müasir informasiya avadanlığı quraşdırılmışdır. Akademiyanın ən vacib bölmələrindən biri də onun kitabxanasıdır. Burada ölkəmizin və Sərhəd Qoşunlarının tarixinə, bu qurumun keçdiyi inkişaf yoluna, Azərbaycanda dövlət quruculuğu proseslərinə həsr olunan kitablar toplanmışdır.
Dövlətimizin başçısı 400 nəfərlik imtahan və xüsusi mərasim zallarında yaradılmış şəraitlə də tanış oldu.
Akademiyanın digər korpusu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu binada tədrisdən sonrakı vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır.
Dövlətimizin başçısı müasir avadanlıqla təchiz olunan yeməkxanaya baxdı. Burada kursantların qidalanması üçün yüksək şərait yaradılmışdır. Bildirildi ki, kursantların yataq otaqları da nümunəvi səviyyədə qurulmuşdur. Akademiyada yumşaq mebelli yataq dəstələri ilə təchiz edilən, 400 və 600 yataq yeri olan kazarma tipli yataqxana, 3 və 4 nəfərlik 83 yataq otağı vardır. Burada kursantların idmanla məşğul olmaları, asudə vaxtlarının səmərəli keçirmələri də diqqətdə saxlanılmışdır. Zal zəruri idman avadanlığı ilə təchiz olunmuşdur. Prezident buradakı 25 kiloqramlıq hantellərdən birini qaldırdı.
İstirahət zalında Ali Baş Komandana məlumat verildi ki, tədrisdən sonra kursantların istirahəti üçün burada hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev akademiyanın binasının tikintisini əks etdirən fotolara baxdı. Sonra akademiyada tikinti prosesini əks etdirən videoçarx nümayiş olundu.
Akademiyanın inşası zamanı istifadə olunan tikinti materiallarına baxan dövlətimizin başçısı sonra 55 metrlik tuneldə yaradılan şəraitlə də tanış oldu.
Daha sonra Prezident İlham Əliyev sərhədçiləri salamladı.
Ali Baş Komandan döyüş bayrağını akademiyaya təqdim etdi.
Akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında meydana gətirildi. Azərbaycan Respublikasının dövlət himni səsləndi.
X X X
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin QULİYEV sərhədçilərə göstərdiyi diqqətə və akademiyanın yaradılması ilə bağlı Sərəncamına görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:
-Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Azərbaycan sərhəd
mühafizəsinin bu gününə və sabahına
ünvanlanmış Sərəncamınızın icrası
üzrə inşa edilən Dövlət Sərhəd Xidməti
Akademiyasının açılış mərasimində
Sizi salamlayır, bu qürurlu anları bizə
yaşatdığınıza görə dərin minnətdarlığımızı
bildirirəm.
Dövlət sərhədlərinin
toxunulmazlığının təminatı məsələlərinə
ali diqqətiniz sayəsində Dövlət
Sərhəd Xidməti bu gün dinamik inkişafdadır. Bu inkişafın təməlində dahi öndərimiz
Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd
siyasətinin Ali Baş Komandanlığınız altında
ardıcıl həyata keçirilməsi durur. Hər bir Azərbaycan sərhədçisi bu siyasətin
gerçəkləşməsinin iştirakçısı
olması ilə fəxr edir və qarşısına
qoyulmuş tapşırıqları şərəflə
yerinə yetirməyə daim hazırdır.
Cənab Ali Baş Komandan!
Sizin 2005-ci il
dekabrın 27-də təsdiq etdiyiniz "Azərbaycan
Respublikası dövlət sərhəd mühafizəsi
sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair
Dövlət Proqramı"nın müasir sərhəd
mühafizə infrastrukturunun yaradılmasında müstəsna
əhəmiyyəti vardır. İcrası yaxın müddətdə
yekunlaşan Dövlət Proqramı çərçivəsində
Türkan qəsəbəsində Dövlət Sərhəd
Xidmətinin sahil mühafizəsinin yeni bazası, aviasiya
bazaları, "Sərhədçi" İdman Olimpiya Mərkəzi,
Şüvəlan qəsəbəsində hərbi hissə,
"Sərhədçi" istirahət mərkəzi, Xudat
şəhərində yaşayış massivi, Horadiz, Şəki,
Zaqatala, Şəmkir və Göytəpə sərhəd dəstələrinin
qarnizonları, Astara rayonunda katerlər divizionu, Xızı
rayonunda səhra təlim poliqonu, Novxanıda müasir
atçılıq mərkəzi, Səngəçal qəsəbəsində
mərkəzi anbarlar kompleksi, hərbi hissələrdə sərhəd
komendantlığı və zastavası kompleksləri,
ümumən dövlət sərhədində 589 bina inşa
edilərək xidməti istifadəyə verilmişdir. Bakı şəhərində sərhədçi
zabitlər üçün 264 mənzilli üç
yaşayış binasının inşası yaxın
müddətdə yekunlaşacaqdır. Tikinti-quruculuq
işləri ilə yanaşı, sərhəd mühafizəsində
müasir silahlar, avadanlıq, uçuş və üzmə vasitələri
tətbiq edilməkdədir. Dövlət Sərhəd
Xidmətinə həvalə etdiyiniz digər xüsusi
tapşırıqların icrası üzrə ardıcıl
tədbirlər həyata keçirilir. Bütün
bu tədbirlər etibarlı sərhəd mühafizəsinin
daha yüksək təminatına xidmət edir.
Möhtərəm Prezident!
Hazırda Ali
Baş Komandanın qarşısında duran hər bir sərhədçinin
ən böyük arzusu və niyyəti təqdim etdiyiniz
döyüş bayrağını şərəflə
qorumaq, Prezidentinə, Vətəninə, xalqına ləyaqətlə
xidmət etməkdir. Bu döyüş bayrağı
altında sədaqət andı içən kursantların sərhədçi
zabit kimi formalaşmaları üçün akademiyada tam
şərait yaradılmış, güclü elmi-tədris
bazası və yüksəkixtisaslı hərbi pedaqoji heyət
formalaşmışdır. Diqqət və
qayğınız sayəsində yaradılmış bu
imkanlardan sərhədçi kursant və dinləyicilər
layiqincə yararlanacaq, Dövlət Sərhəd Xidməti
Akademiyasının məzunu olmaq şərəfini hər
zaman uca tutacaqlar.
Möhtərəm Prezident! Cənab
Ali Baş Komandan! Qüdrətli və firavan, əzəmətli
və zəngin Azərbaycan naminə həyata keçirdiyiniz
dövlət siyasətinə güvənərək, gələcəyə
inamla baxan Azərbaycan xalqı üçün Siz qələbə
simvolusunuz. Əminik ki, işğal
olunmuş torpaqlarımız ən yaxın gələcəkdə
Ali Baş Komandanlığınız altında azad ediləcək
və qərb sərhədləri tərəfimizdən
mühafizə altına götürüləcəkdir.
Dövlət Sərhəd Xidməti, Sərhəd
Qoşunları Azərbaycan Silahlı Qüvvələrinin
digər növləri ilə bərabər üzərinə
düşən vəzifələrin icrasına
hazırdır.
Möhtərəm Prezident!
Azərbaycan sərhədçisi
məramında qəti, xidmətində mətindir. Çünki,
xidməti inkişafımız Ali Baş Komandanın
qayğısı ilə əhatə olunmuşdur.
2004-cü ildən başlayaraq hər il
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində
olmağınız, şəxsi heyətlə
görüşləriniz, Azərbaycan sərhədçilərinə
inam və etibarınız bizim üçün böyük dəstək
və yüksək ruh mənbəyidir. Diqqətinizlə
şərəfləndirdiyiniz Azərbaycan sərhədçiləri
adından Sizə minnətdarlığımızı bildirir
və göstərdiyiniz yüksək etimadı xidmətimizlə
hər zaman doğruldacağımıza əmin edirəm.
X X X
Prezident, Ali
Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin açılış mərasimində
nitqi
- Əziz sərhədçilər,
mən sizi Dövlət Sərhəd Xidməti
Akademiyasının
açılışı münasibətilə ürəkdən
təbrik edirəm. Sizə Vətən uğrunda xidmətinizdə
uğurlar diləyirəm!
Akademiyanın
yaradılması böyük nailiyyətdir, böyük hadisədir. Üç il
bundan əvvəl akademiyanın yaradılması haqqında
imzaladığım Sərəncam bu gün artıq
reallığa çevrilib. Bu gözəl, əzəmətli,
möhtəşəm binada bizim gələcək sərhədçilər
oxuyacaqlar, tərbiyə alacaqlar və öz peşəkarlıqlarını
artıracaqlar. Burada oxumaq üçün
bütün şərait yaradılıb. Ən
müasir avadanlıq, ən gözəl, keyfiyyətlə
tikilmiş korpuslar, istirahət etmək, oxumaq, yaşamaq
üçün bütün şərait vardır. Bu akademiya qısa müddət ərzində və
böyük keyfiyyətlə artıq tikilibdir və bu gün
fəaliyyətə başlayır. Mən
şübhə etmirəm ki, akademiyada oxuyan kursantlar öz gələcək
fəaliyyətləri üçün lazım olan bilikləri
burada alacaqlar. Bizə bütün sahələrdə
bilikli, savadlı kadrlar lazımdır.
Bütövlükdə
Azərbaycanda təhsil məsələlərinə böyük
diqqət göstərilir. Azərbaycanda bu sahə
prioritet sahələrdən biridir. Minlərlə məktəblər
tikilir, ali məktəblər təmir
olunur, yeni ali məktəblər, akademiyalar yaradılır. Təhsil bizim gələcəyimizdir. Biz istəyirik ki, gənclərimiz bilikli, savadlı
və vətənpərvər olsunlar. Dövlət
Sərhəd Xidməti Akademiyasının yaradılması bu
məqsədləri güdür.
Sərhəd hər
bir dövlətin rəmzidir. Bayraq, gerb və himn
kimi. Azərbaycanın sərhədləri
lazımi səviyyədə qorunur. Sərhəd
Xidmətinin formalaşması işində ulu öndər
Heydər Əliyevin müstəsna xidmətləri vardır.
Azərbaycan dövlət müstəqilliyini bərpa
edəndən sonra, demək olar ki, sərhədlərimiz
açıq idi. Sərhəd infrastrukturu
mövcud deyildi. Əvvəlki illərdə
yaradılmış sərhəd infrastrukturu isə
dağıdılmışdı. Bizim demək
olar ki, bütün sərhədlərdə heç bir
infrastruktur yox idi. Ulu öndərin rəhbərliyi
altında qısa müddət ərzində bütün sərhədlərimizdə
tikinti-quruculuq işləri başlanmışdır, sərhəd
mühafizə infrastrukturu yaradılmışdır və bu
proses bu gün uğurla davam etdirilir. Qəbul edilmiş
proqram əsasında bütün tikinti işləri demək
olar ki, başa çatmaq üzrədir. Bütün
sərhədlərdə lazımi səviyyədə texniki
qurğular yaradılıbdır, dəstələr, qarnizonlar
fəaliyyət göstərir. Bu gün Azərbaycan
sərhədləri bütün istiqamətlərdə -
quruda və dənizdə lazımi səviyyədə qorunur.
Bu məsələyə biz böyük diqqət
göstəririk. Mən bütün sərhədlərdə
dəfələrlə olmuşam, şəxsi heyətlə
görüşmüşəm, vəziyyətlə
Mən
çox şadam ki, Azərbaycan Dövlət Sərhəd
Xidməti bu gün dünya miqyasında özünə layiq
yerini tuta bilibdir və Azərbaycanın sərhədlərinin
qorunması işində böyük nailiyyətlərə
çatıbdır.
Biz elə etməliyik
ki, gələcəkdə də bu məsələ daim diqqət
mərkəzində olsun. Azərbaycanın sərhədləri
lazımi səviyyədə qorunsun. Gələcəkdə,
əlbəttə ki, bu məqsədlərin həlli
üçün əlavə vəsait ayrılacaqdır, yeni
texniki imkanlar da əldə olunacaqdır.
Bütövlükdə
Sərhəd Xidmətinin müasir quruma çevrilməsi
istiqamətində çox böyük işlər
görülübdür. Bu gün Sərhəd Qoşunları
çox güclü və çevik hərbi birləşmədir.
Sərhəd Xidmətinin qarşısında
qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir
ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti
artırılsın. Bu məqsədlər
üçün silah-sursat, texnikanın alınması prosesi
davam edir və deyə bilərəm ki, Sərhəd
Qoşunları istənilən anda Azərbaycanın ərazi
bütövlüyünün bərpası üçün
ordumuzla bərabər hərəkət etməyə
hazırdır. Artıq iki ildir ki,
ardıcıl şəkildə keçirilmiş hərbi təlimlər
və Sərhəd Qoşunlarının bu təlimlərdə
fəal iştirakı bunun bariz nümunəsidir.
Biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək
üçün bütün hərbi qurumlar vahid komanda
altında birləşib və Ali Baş Komandanın əmrləri
ilə hərəkət edirlər. Lazım
gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət
edəcəklər və Azərbaycanın ərazi
bütövlüyünü bərpa edəcəklər.
Bunu etmək üçün güclü
iqtisadiyyat və güclü hərbi potensial lazımdır.
Azərbaycan həm güclü iqtisadi potensiala,
həm də hərbi potensiala malik olan ölkədir.
Biz ölkədə
gedən işləri yüksək səviyyədə qururuq. Azərbaycan
gündən-günə güclənir, möhkəmlənir.
Maliyyə imkanlarımız, hərbi xərclərimiz
artır və hərbi xərclərimiz dövlət büdcəsində
ən birinci yerdədir. Bu, belə də
olmalıdır, çünki biz müharibə şəraitində
yaşayırıq. Müharibə hələ
bitməyib. Müharibənin birinci mərhələsi
başa çatıbdır, atəşkəs rejimi
bağlanıbdır. Ancaq müharibə
davam edir. Biz hər an hazır
olmalıyıq və hazırıq ki, öz
torpaqlarımızı işğalçılardan azad edək.
Bir daha demək
istəyirəm ki, bunu etmək üçün ilk növbədə
hərbi güc lazımdır. Biz bu hərbi gücü
yaradırıq, böyük dərəcədə
yaratmışıq və bu proses uğurla davam etdirilir. Azərbaycanın hərbi potensialının gücləndirilməsi
üçün biz bütün səyləri səfərbər
etmişik, bütün maliyyə resurslarını cəmləşdirmişik
ki, torpaqlarımızı işğalçılardan azad edək.
Bu gün Azərbaycan Ordusu, Azərbaycanın hərbi
potensialı buna imkan verir. Sadəcə
olaraq, biz istəyirik ki, məsələ dinc yolla,
danışıqlar yolu ilə həll olunsun. Danışıqlarda Azərbaycanın mövqeləri
güclənir. Azərbaycanın
danışıqlarda konstruktiv mövqeyi artıq
reallıqdır. Qarşı tərəf
isə vaxt uzatmaqla məşğul olmağa və sadəcə
olaraq, danışıqları pozmağa
çalışır. Ancaq
danışıqlar pozularsa, o zaman yeni vəziyyət yaranacaq
və məsələnin hərbi yolla həlli məsələsi
gündəliyə salınacaqdır.
Biz elə etməliyik
ki, Azərbaycan hərtərəfli inkişaf etsin. Azərbaycanın
böyük və gözəl gələcəyi vardır,
artıq gözəl gerçəkliyi vardır. Bu gün ölkəmiz sözün əsl mənasında
intibah dövrünü yaşayır. Bütün
sahələrdə quruculuq, abadlıq işləri, sürətli
inkişaf təmin olunur. Bütün
regionlarda işlər sürətlə gedir. Bakı - gözəl şəhərimiz gözəlləşir,
abadlaşır. Bizim maliyyə
imkanlarımız artır. Uğurlu neft
siyasətimiz, regionların inkişafı. Bir sözlə, Azərbaycanın uğurlu yüksəlişi
və bundan sonrakı illərdə dayanıqlı
inkişafı artıq reallıqdır. Biz
ölkəmizi, müstəqil siyasətimizi qorumalıyıq.
Azərbaycan
müstəqil ölkə kimi böyük nailiyyətlərə
çatıbdır. Biz müstəqil ölkə kimi müstəqil
siyasət aparırıq. Azərbaycan
xalqının maraqlarını müdafiə edirik. Azərbaycan xalqının maraqları hər
şeydən üstündür. Bu gün
Azərbaycan dünya miqyasında böyük hörmətə
malik olan bir ölkədir. Azərbaycan
etibarlı tərəfdaşdır və regionda gedən
proseslərdə fəal rol oynayan ölkədir. Biz bütün sahələrdə, bütün
istiqamətlərdə işimizi konkret proqramlar çərçivəsində
qurmuşuq. Bütün istiqamətlərdə
inkişaf, tərəqqi vardır.
Ölkəmizin
təhlükəsizliyinin qorunması üçün Sərhəd
Xidmətinin çox böyük rolu vardır. Sərhədlərimiz
dostlarımızın üzünə açıqdır.
Ancaq Azərbaycana pis niyyətlə gəlmək istəyənlər
buna nail ola bilməyəcəklər.
Biz
1990-cı illərin əvvəllərini yaxşı
xatırlayırıq. Bir daha demək istəyirəm
ki, o vaxt Azərbaycanda sərhəd infrastrukturu yox idi və
xaricdən erməni terror təşkilatlarının təşkil
etdiyi terror aktları Azərbaycan dövlətini
sarsıtmışdı. Nəyə görə?
Çünki biz öz sərhədlərimizi o vaxt qoruya
bilmirdik. Bu gün Azərbaycan sərhədləri
lazımi səviyyədə qorunur. Bu, bizə imkan verir ki,
ölkə daxilində bütün işləri lazımi səviyyədə
aparaq. Ölkə daxilində mövcud olan sabitlik, ictimai-siyasi
asayiş, əmin-amanlıq bizim böyük nailiyyətimizdir.
Biz bu vəziyyəti qorumalıyıq və qoruyacağıq.
Azərbaycan xalqının firavan gələcəyini təmin
edəcəyik. Azərbaycan dövlətinin möhkəmlənməsi
üçün bütün tədbirləri görəcəyik.
Bir daha demək istəyirəm ki, Sərhəd Xidmətinin bu
işlərdə böyük rolu və töhfəsi
vardır. Sərhədçilər sərhədlərimizi
müxtəlif yollarla pozmaq istəyənlərə
qarşı mübarizə aparırlar, döyüşürlər
və qələbə qazanırlar. Görülən
bütün bu işlərlə bağlı mən Dövlət
Sərhəd Xidmətinin bütün şəxsi heyətini
təbrik etmək istəyirəm. Akademiyanın
açılışı münasibətilə bir daha təbrik
etmək istəyirəm. Sizə Vətən uğrunda şərəfli
xidmətinizdə yeni uğurlar arzulayıram! Sağ olun!
Səs.- 2010.- 11 avqust.- S. 2-4.