Gələn il ölkəni tam
təmin edən səviyyədə taxıl istehsal olunacaq
Kənd Təsərrüfatı Nazirliyinin
Bitkiçilik məhsullarının istehsalı, emalı
və ərzaq ehtiyatlarının dövlət
tənzimlənməsi şöbəsinin müdiri Sabir
Vəliyevin yap.org.az-a müsahibəsi
- Sabir müəllim, iyul ayında
2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına
dair ölkə Prezidentinin Sədrliyi ilə Nazirlər
Kabinetinin müşavirəsi keçirildi. Bu ilin ilk
yarısında kənd təsərrüfatında da olan
nəticələr ictimaiyyət üçün
maraqlıdır. İstərdik ki, bu haqda məlumat
verəsiniz...
- Regionların sosial-iqtisadi inkişafına və
əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair dövlət proqramlarında
nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsi, ölkə Prezidentinin "Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət
dəstəyi haqqında" Sərəncamına uyğun olaraq kənd təsərrüfatı
məhsulları istehsalçılarına edilən
güzəştlər nəticəsində kənd
təsərrüfatının ümumi məhsulunun sabit
qiymətlərlə dəyəri 2010-cu ilin 6 ayı
ərzində 1306,6 milyon manat təşkil edib.
Cari ilin
məhsulu üçün keçən ilin payızında
və bu ilin yazında 950 min hektar sahədə dənli və
dənli-paxlalı bitkilər əkilib ki, ondan da 674,6 min
hektarını buğda təşkil edib. Avqustun 2-nə olan
məlumata görə, ölkədə taxıl biçini 98
faiz həyata keçirilib. Buğda biçini isə 99 faiz
başa çatıb. Proqnozlar göstərir ki, ümumi
istehsal 2 milyon 10 min tona çatacaq. Buğdanın istehsalı
isə 1 milyon 310 min ton olacaq. Taxıl yığımı
kampaniyasının mütəşəkkil keçirilməsi
üçün nazirlik tərəfindən "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinin
mütəxəssislərindən ibarət qərargah və
"qaynar telefon" xətti yaradılıb. Taxılbiçən
kombaynların boş dayanmalarının
qarşısını almaq üçün səyyar texniki
xidmət və səyyar yanacaq doldurma avtomaşınları
səfərbər edilib. Taxıl biçini
mövsümündə "Aqrolizinq" ASC
tərəfindən gətirilən 990 və digər
mənbələrdən daxil olan 240 müasir tipli kombayn
olmaqla, ümumilikdə, 3 min 110 taxılyığan kombayndan
istifadə edilir. Bu isə keçən ilin taxıl
biçinində istifadə edilən yeni kombaynların
sayından 236 ədəd çoxdur. Bu da cari ildə
taxılın vaxtında və itkisiz yığılmasına
şərait yaradacaq.
- Bu ilin yaz aylarında hava şəraiti normal
keçmədi. Bu amil kənd
təsərrüfatı məhsullarının istehsalına
nə dərəcədə mənfi təsir göstərdi?
- Hava şəraitinin
kəskin dəyişməsi, aramsız
yağışların yağması ayrı-ayrı
sahələrin hava axını ilə daxil olan sarı və
qonur pas xəstəlikləri ilə
sirayətlənməsinə səbəb olub. Bu
xəstəliklərin məhsul itkisinə vurduğu ziyanı
minimuma endirmək məqsədilə müvafiq aqrotexniki
tədbirlər kompleksləri həyata keçirilir.
Qeyri-sabit iqlim
şəraitinə baxmayaraq, bu il 99 min
hektar bar verən meyvə-giləmeyvə bağlarından 680
min ton məhsul alınması gözlənilir. Aparılan
araşdırmalara görə, bir sıra bölgələrin
meyvə bağlarına, xüsusən,
çəyirdəklilərə xeyli ziyan dəymişdir.
Bununla yanaşı, çəyirdəkli
meyvələrdən fərqli olaraq tumlu, sitrus və subtropik
meyvə və üzüm bağlarında vəziyyət
qənaətbəxşdir.
2010-cu ilin
mart-aprel aylarında və mayın birinci
ongünlüyündə aramsız yağışların
yağması, xüsusilə, aprelin 28-dən etibarən
yağışların daha da intensivləşməsi,
dağlarda qar örtüyünün əriməsi
güclü su daşqınlarına səbəb olmuşdur. Nəticədə Kür
və Araz çaylarının mənsəbinə yaxın
rayonlarda təxminən 60 min 107 hektar əkin və
örüş sahələrini su basıb ki, bunun da 26 min 255
hektarını payızlıq taxıl, 2 min 667
hektarını kartof, 2 min 400 hektarını
tərəvəz, 710 hektarını bostan, 80 hektarını
şəkər çuğunduru, 22 min 838 hektarını
yonca və 3 min 735 hektarını örüş
sahələri təşkil edir.
Regionda su
basmış ərazilərin ətrafında əkilmiş
kənd təsərrüfatı bitkilərinin xəstəlik
və zərərvericilərinə qarşı
mübarizə tədbirləri mütəmadi olaraq həyata
keçirilir.
- Siz taxıl istehsalına dəyən ziyandan
danışdınız. Məlum olduğu kimi,
ölkəmizə hər il Qazaxıstan
və Rusiyadan taxıl, xüsusilə, ərzaq buğdası
idxal olunur. Rusiyada da taxil istehsalının az
olması səbəbindən bu ölkənin hökuməti
taxıl ixracına qadağa qoyub. Bu qərar
ölkəmizdə taxıl ehtiyatının
yaradılmasına hər hansı təsir
göstərməyəcək ki?
- Təbii fəlakət
nəticəsində bitkiçilik sahəsində ən
böyük ziyan taxıl sahələrinə dəyib. Buna görə də, biz hökumətə
müraciət etmişik ki, idxal olunan taxıl əlavə
dəyər vergisindən azad olunsun. Taxıl
balansından danışarkən, deyə bilərik ki,
ümumiyyətlə, ötən il
Azərbaycana idxal olunan taxıl bir milyon tona yaxın idi. Bu ilin ötən 5 ayı ərzində də 520 min
ton idxal olunub. Deməli,
ölkəmizdə lazımi taxıl ehtiyatı var. Rusiyada
taxıl istehsalı azalır. Bu
dövlətdə 90 milyon ton taxıl istehsalı
gözlənilsə də, 70 milyon ton olacaq. Ona görə Rusiya hökuməti ixracın
qarşısını almaq üçün xüsusi
qərar qəbul edib. Bizə ən
çox Qazaxıstandan taxıl ixrac olunur. Bu ilin 5 ayı ərzində ixrac olunan taxılın
cəmi 15 faizi Rusiyadan gəlib.
Qazaxıstandan
isə idxal davam olunacaq. Ona görə də, hökumətə
təklif etmişik ki, xüsusilə, buğda, buğda unu,
heyvandarlıq üçün idxal olunan yemlərin
müəyyən müddətdə ƏDV-dən azad
edilməsi üçün xüsusi qərar qəbul edilsin.
Ərzaq təhlükəsizliyinə dair
Dövlət Proqramına əsasən nəzərdə
tutulur ki, bu ilin payızında ölkədə 900 min hektar
taxıl əkilsin. Onun da 654 min
hektarını buğda təşkil edəcək.
Yəni gələn il ölkəni tam
təmin edən səviyyədə taxıl istehsal olunacaq.
- Cari ildə yazlıq əkin haqqında nə deyə
bilərsiniz? Yazlıq əkində daha çox
hansı sahələrə üstünlük verilib?
- 2010-cu ildə 375,7 min hektar sahədə yazlıq bitkilər
əkilib ki, bu da keçən ildəkindən 18,6 min hektar
çoxdur. O cümlədən, təxminən keçənilki
səviyyədə - 66 min hektar sahədə kartof, 32,5 min hektar və ya keçən
ildəkindən 1,3 min hektar çox bostan və 81,1 min hektar
sahədə və ya keçən ildəkindən 1,2 min
hektar çox tərəvəz bitkiləri əkilib. Yaşıl çay plantasiyalarında əvvəlki
illərə nisbətən qulluq işləri
yaxşılaşdırılıb və 450 ton yaşıl
çay yarpağı istehsalı gözlənilir.
Heyvandarlığın yem
bazasını möhkəmləndirmək məqsədilə
78,2 min hektar sahədə çoxillik otlar
əkilib ki, bu da keçən ildəkindən 6,5 min hektar
çoxdur. Məlumdur ki, toxumçuluq və
tingçilik məhsuldarlığın
artırılmasında, keyfiyyətli məhsulların
alınmasında və ərzaq təminatının
yaxşılaşdırılmasında xüsusi
əhəmiyyətə malikdir. Ölkədə
dənli və dənli-paxlalıların toxumçuluğunda
və tingçilikdə xeyli irəliləyiş olsa da, bu
işlər gələcəkdə də davam
etdiriləcəkdir. "2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair
Dövlət Proqramı"nda nəzərdə tutulmuş
vəzifələrin yerinə yetirilməsi üçün
əkinəyararlı torpaq sahələrinin məhdudluğu
nəzərə alınmaqla, hər hektar sahədən
yüksək məhsuldarlıq əldə edilməsi
məqsədi ilə toxumçuluq və tingçilik
sahəsinin daha da inkişaf etdirilməsi nazirliyin qarşısında
duran ən prioritet vəzifələrdən biridir. Bu məqsədlə dövlət və özəl
toxumçuluq təsərrüfatlarının inkişafı
ön plana çəkilib və indiyədək 660
özəl toxumçuluq və tingçilik
təsərrüfatı yaradılmışdır.
Reproduksiyalı toxum
satışına görə hər kiloqram üçün
satış dəyərinin müvafiq olaraq 30-40 faizi və
ting satışına görə 30 faiz əlavə maliyyə
vəsaiti ödənilib. Bu, kəndli
sahibkarlarda yüksək keyfiyyətli toxum və ting
istehsalını artırmağa marağı yüksəldib.
- Sabir müəllim, kənd
təsərrüfatının vacib sahələrindən biri
olan heyvandarlığın daha da inkişaf etdirilməsi
üçün hansı tədbirlər həyata keçirilir?
- Kənd
təsərrüfatının mühüm sahəsi olan
heyvandarlıq da dinamik inkişafını intensiv yolla davam
etdirir. Heyvandarlığın intensiv inkişaf
etdirilməsində mühüm rol oynayan süni mayalama
tədbirləri ildən-ilə genişlənir. Cənubi Qafqaz regionunda ilk dəfə olaraq
ölkəmizdə süni mayalanma mərkəzi
fəaliyyət göstərir. Keçən il süni
mayalanma yolu ilə 23 min baş, cari ilin 6 ayında isə 17
min sağlam bala alınıb. Bu üsulla
alınmış inəklərin hər birindən orta hesabla
3000-3500 kiloqram süd sağılır.
"Aqrolizinq" ASC
tərəfindən Almaniyadan keçən il
770 baş cins damazlıq mal gətirilərək lizinq
qaydasında satılıb. Bu işin davam etdirilməsi
üçün cari ilə ayrılmış 3 milyon manat
vəsait hesabına 902 baş cins damazlıq düyə
gətirilməsi üçün müqavilə bağlanıb,
indiyədək 287 baş heyvan gətirilib və lizinq
qaydasında satılıb. Qalan heyvanların
gətirilməsi payız aylarına
planlaşdırılır.
- Kənd təsərrüfatı məhsullarının
istehsalçılarına dövlət tərəfindən
qayğı göstərilir, onlara müəyyən
məsələlərdə konpensasiya verilir. Gələcəkdə
də bu cür dəstək davam etdiriləcəkmi?
- Bəli. Kənd
təsərrüfatında istehsalın davamlı və dinamik
inkişafı, torpağın münbitliyinin qorunub
saxlanılması məqsədi ilə mineral
gübrələrdən istifadədə son vaxtlar canlanma
yaranıb. Respublika Prezidentinin 2007-ci il tarixli 1907
nömrəli Sərəncamına müvafiq Nazirlər
Kabinetinin sərəncamı ilə mineral gübrənin
dəyərinin 70 faizinin dövlət tərəfindən
kənd təsərrüfatı məhsulları
istehsalçılarına güzəşt edilməsi azot
gübrəsinin satılmasına öz müsbət
təsirini göstərib. Qısa müddət ərzində
19,9 milyon manat dəyərində 58 min ton
mineral gübrənin satılması təmin olunub.
"Kənd
təsərrüfatı məhsulları
istehsalçılarının toxum, gübrə və
damazlıq heyvanları ilə təmin edilməsinə
əlavə dəstək verilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli
Sərəncamına müvafiq mineral gübrələrin,
"Aqrolizinq" ASC tərəfindən dövlət
büdcəsinin vəsaiti hesabına alınan kənd təsərrüfatı
texnikasının və texnoloji avadanlığın
saxlanılması üçün xüsusi anbarların
tikilməsi və alınan mineral gübrələrin
paylanması üçün ayrı-ayrı
bölgələri əhatə edən regional loqistik
bazaların yaradılması istiqamətində
görülən işlər davam etdirilir.
Şəki
və Sabirabad rayonlarında regional loqistik bazalar
istifadəyə verilib, Xaçmaz və Şəmkir rayon bazaları
istismara verilməyə hazırdır, Cəlilabad və
Bərdə rayonlarında isə bazaların tikintisinə
başlanılıb. Qeyd olunanlarla yanaşı, rayon
aqroservislərinin maddi-texniki bazasının
möhkəmləndirilməsinə ehtiyac var.
- Sizcə, aqrar sahədə inkişafı daha da stimullaşdırmaq
üçün başqa hansı addımlar
atılmalıdır?
- Məlumat üçün
deyim ki, hazırda Sahibkarlığa Kömək Milli Fondunun
maliyyə dəstəyi hesabına 15 rayonda ümumi həcmi
200 min ton olan taxıl anbarı tikilir. 10 rayonda
isə meyvə-tərəvəz məhsullarını saxlamaq
üçün soyuducu anbarlar inşa olunur. Bütün bunlar çox müsbət haldır.
Amma kənd təsərrüfatında
inkişafı stimullaşdırmaq üçün bir
sıra addımların atılması zəruridir.
Hesab
edirəm ki, istehsalçı tədarüklə,
satışla məşğul olmamalıdır. Bunun
üçün xüsusi qurum yaradılmalıdır və
bu qurumlar koperativ formasında birləşməlidirlər.
Ümumiyyətlə, kənd təsərrüfatında
istehsalın inteqrasiyasını təşkil etmək
üçün yerlərdə mütləq koperativ sistemi
tətbiq olunmalıdır. Ona görə də,
"Kooperasiya haqqında" Qanun tezliklə qəbul
edilməlidir. Azərbaycanda imkan var ki, yaz aylarında 250-300
min ton faraş tərəvəz ixrac olunsun. Qeyri-neft sektorunun
ən gəlirli sahəsi budur. Xaricdə olduğu kimi
bütün bölgələrdə emal
müəssisələri tikilməlidir. Orda istehsal olunan
məhsullar istənilən bazara çıxarıla bilər.
Bu işlərin görülməsi üçün
kreditlər ayrılmalıdır.
Eyni zamanda,
bir sıra bölgələrdə şoran torpaqlar
yuyulmalı, drenaj sistemləri təzələnməlidir.
Həmçinin, məhsuldarlığın
artırılması üçün gübrə zavodu
tikilməlidir.
Vəliyev Sabir
Səs.- 2010.- 11 avqust.- S. 7.