Qarabağ münaqişəsinin
nizamlanmasında gözlənilən
perspektiv: hərb yoxsa sülh?
Ermənilər danışıqları pozmağa
çalışır, həmsədrlər susur, Azərbaycan
isə hərbi potensialını artırır
Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
prosesində yenidən
bir qədər passivlik müşahidə
edilir. Bunun əsas səbəbi isə Ermənistan rəhbərliyinin danışıqları
pozmaq cəhdlərini davam etdirməsidir.
Ermənistan tərəfindən işğal
olunmuş ərazilərin
hər zaman hərbi yolla azad etmək hüququnu özündə
saxlayan rəsmi Bakının münaqişənin
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində,
beynəlxalq hüququn
norma və prinsiplərinə uyğun
şəkildə, sülh
yolu ilə həllini tapması üçün
iradə nümayiş
etdirməsinə baxmayaraq
Ermənistan tərəfi
hələ də xarici havadarlarına güvənərək müxtəlif
bəhanələrlə münaqişənin
həllini uzatmağa çalışır. Nəzərə almaq lazımdır ki, Ermənistan - Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həllinə dair yenilənmiş Madrid təkliflərinin ATƏT-in
Minsk Qrupu həmsədrləri tərəfindən
bu ilin əvvəlindən
tərəflərə təqdim
edilməsinə baxmayaraq,
Ermənistan bu günə qədər də bu təkliflərlə bağlı qəti mövqe bildirməyib. Yenilənmiş Madrid təkliflərinə Ermənistanın
indiyə qədər
mövqe bildirməməsini
görməzliyə vuran
ATƏT-in Minsk Qrupu həmsədrləri isə, hələlik ki, baş verənlərlə
bağlı seyrçi
mövqeyini davam etdirirlər. Minsk Qrupu həmsədrlərinin
Ermənistanın özbaşınalıqlarına
göz yumması isə Ermənistan rəhbərliyinin Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı iddialarını
bir az da
möhkəmləndirməsinə kömək edir.
Məsələ burasındadır ki, yenilənmiş Madrid təkliflərinin ortaya çıxmasından
sonra Ermənistan rəhbərliyi çıxılmaz
vəziyyətə düşsə
də, Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü
ilə Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı
ilə keçirilən
üçtərəfli müzakirələrdən sonra ermənilər
danışıqlar prosesini
pozmaq üçün
yeni bəhanəyə
əl atmış oldular. Qeyd edək ki, Azərbaycan Prezidenti münaqişənin
sülh yolu ilə ədalətli həllini tapması üçün bütün
danışıqlara açıq
olduğunu bəyan etdiyindən, Rusiya prezidentinin təşəbbüsü
ilə keçirilən
müzakirələr də
münaqişənin həlli
istiqamətində işçi
xarakteri daşıyan
görüşlər
sırasından biri idi. Görüş öncəsi də bu müzakirələrdə
tərəflərin problemin
həlli ətrafındakı
vəziyyətə toxunulacağı
bəyan edilmişdi. Lakin prezidentlərin üçtərəfli
görüşündən sonra Ermənistan tərəfinin bu müzakirələr zamanı
Rusiya prezidenti tərəfindən problemin
həllinə dair yeni təkliflər verildiyi və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın öz ölkəsinin bu təkliflərlə razılaşdığını bəyan etməsi, əslində,
rəsmi Moskvanın belə "təklifləri"
ortaya atmaqla Ermənistanı düşdüyü
vəziyyətdən xilas
etmək cəhdi kimi dəyərləndirilə
bilər. Çünki
Rusiya rəsmilərinin
son açıqlamalarında
da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
ilə bağlı vəziyyətə toxunularkən Sankt - Peterburqda səsləndirilən
təkliflər xüsusi
olaraq qabardılır.
Təbii ki, bu da, öz
növbəsində, Rusiya
tərəfindən Ermənistanın
danışıqlar prosesində
öz əvvəlki mövqeyini saxlamasına dolayısı ilə verilən dəstəkdir.
Qeyd edək ki, Rusiya prezidenti
tərəfindən Sankt-Peterburqda
səsləndirilən təklifin
mahiyyəti yenilənmiş
Madrid təkliflərindən
nə kimi "üstünlükləri"nin
olması da ictimaiyyətə tam aydın deyil. Ermənistan və Rusiya rəsmilərinin səsləndirdiyi
bəyanatlardan aydın
olan isə budur ki, Rusiya
tərəfi yenilənmiş
Madrid təkliflərinin
birinci hissəsinə
"düzəliş" edərək birinci mərhələdə beş
deyil, iki rayonun boşaldılmasını
və digər ərazilərin də tədricən azad edilməsini təklif edir. Eyni zamanda, önə
çəkilən digər
bir məqam isə ermənilərin Dağlıq Qarabağa status verilməsi ilə bağlı iddiasının sonuncu mərhələdə deyil,
prosesini əvvəlindəcə
təmin olunmasıdı.
Başqa sözlə desək, Rusiya da Ermənistan kimi münaqişənin həllində status-kvonun olduğu kimi qalmasına maraqlıdı. Moskva bununla bir tərəfdən
regionda öz maraqlarının təmin
olunmasına, digər
tərəfdən isə
regionun inkişafına
mane olmağa çalışır. Baxmayaraq
ki, artıq Azərbaycan öz inkişaf yolunu tutub və münaqişənin
həllinin açıq
qalması iqtisadi baxımdan o qədər də problemlər yaratmır. Bütün bunlara baxmayaraq Azərbaycan üçün Dağlıq
Qarabağ münaqişəsinin
həllini tapması və işğal olunmuş ərazilərin
azad olunması başlıca problem olaraq qalır.
Bu baxımdan da münaqişənin həll prosesi ilə bağlı qarşıdakı perspektivdə
rəsmi Bakının
hərbi əməliyyatlara
əl atması ehtimalı getdikcə artır. Azərbaycan hərbi sənaye potensialını gündün-günə
gücləndirir. Bütün
bunlar isə Ermənistanı və onun arxasında duran xarici dövlətləri
narahat etməyə bilməz. Bununla belə artıq
Ermənistanın münaqişə
ətrafındakı vəziyyəti
uzatmaq şansları yoxdu. Ən azından ona görə ki, artıq Azərbaycan münaqişənin yaxın
perspektivdə istənilən
variantla həllini tapmasında israrlıdı
və bunun üçün bütün
hüquqi əsasları
var. Odur ki, tərəflər arasında növbəti danışıqlar raundundan
sonra rəsmi Bakının bu istiqamətdə qəti və sərt addımlar atması istisna deyil. Eyni zamanda, münaqişə ətrafındakı vəziyyətin
yenidən BMT-də müzakirələrə qaytarılması
ehtimalı da böyükdü. Məlumat
üçün deyək
ki, Azərbaycanın xahişi ilə ötən il BMT Baş Assambleyasında müzakirələri müvəqqəti
olaraq təxirə salınan "Azərbaycanın
işğal olunmuş
ərazilərindəki vəziyyətə
dair" qətnamə
layihəsi Baş Assambleyanın bu ilin sentyabrında işə başlayan növbəti sessiyasının
gündəliyinə salınıb.
Münaqişənin nizamlanması
prosesi ilə bağlı hazırkı
şərait və Ermənistanın danışıqlar
prosesini pozmaq cəhdləri Azərbaycanın
bu dəfəki müzakirələrdə qəti
addımlar atması ilə müşayiət oluna bilər.
Vüsalə Rafiqqızı
Səs.- 2010.- 11 avqust.- S. 9.