“Yeniləşən Azərbaycana
yeni məktəb"
Heydər Əliyev Fondu bu sahədə uğurlu
layihələrini davam etdirir
Modernləşmə,
müasirləşmə, dünyaya inteqrasiya,
Azərbaycanın milli maraqlarının müdafiə
edilməsi və digər bu kimi məqsədyönlü
işlər Heydər Əliyev Fondunun üzərinə
düşən vəzifələrdəndir. Bu qurum
təhsilin, səhiyyənin, mədəniyyətin,
incəsənətin, idmanın inkişafına xidmət
edən konkret layihələrlə yanaşı, regional
inkişaf tədbirlərinə də yaxından dəstək
verir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən
"Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi bu baxımdan cəmiyyətdə böyük
əks-səda doğurmuşdur. Təhsilin
ölkənin gələcəyi üçün olduqca
əhəmiyyətli bir sahə olduğunu nəzərə
alan Fondun rəhbəri bu istiqamətdə
möhtəşəm tədbirlərə imza atmış,
gənc nəslin formalaşmasına böyük
töhfələr vermişdir. Fondun
yaradılmasının beş illik yubileyində Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, respublikada ilk məktəb
tikintisi məhz bu Fondun xətti ilə geniş vüsət
almışdır. Sonra həmin təşəbbüs
dövlət tərəfindən əsas götürülərək
bütün ölkə miqyasında həyata
keçirilmişdir.
Bu gün müstəqil Azərbaycanda təhsil
sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz
xarakter almış, Prezident İlham Əliyevin təhsil
sisteminə diqqət və qayğısı sayəsində
milli təhsil sisteminin aydın sabahını təmin
edəcək İnkişaf Proqramları təsdiq olunaraq
reallaşdırılmağa başlanmış,
Azərbaycan təhsilinin davamlı inkişafına
yönəlmiş əsaslı tədbirlər
görülmüşdür. Bu tədbirlər
içərisində təhsil müəssisələrinin
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi
də prioritetlər sırasındadır. Ümummilli liderin
dövlətçilik irsini öyrənən və
təbliğ edən, irimiqyaslı proqramların həyata
keçirilməsinə dəstək verən Heydər
Əliyev Fondu genişmiqyaslı fəaliyyətə
başladığı gündən xalqın mənəvi
sərvətinin və milli mədəniyyətinin sadiq
keşikçisinə çevrilərək, təhsilə
də yardımı prioritet istiqamət elan edib. Heydər
Əliyev Fondunun təhsillə bağlı qarşıya
qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni
müasir dünyanın tələbləri
səviyyəsində qurmaq, milli təhsil modelinin
gerçəkləşdirilməsinə zəmin
formalaşdırmaqdır.
Qeyd etmək lazımdır ki, 2004-cü il may
ayının 10-da fəaliyyətə başlayan Heydər
Əliyev Fondu ulu öndərin zəngin
dövlətçilik irsinin bütün dünyada tanıdılması
və təbliği istiqamətində ardıcıl iş
aparmaqla yanaşı, cəmiyyətin hərtərəfli
inkişafı üçün son dərəcə
əhəmiyyətli olan bir sıra xeyirxah və nəcib
layihələrin gerçəkləşməsində də
yaxından iştirak edir, milyonlarla insanın inam və
etimadını qazanır.
2005-ci ildən Fond tərəfindən həyata
keçirilən "Yeniləşən Azərbaycana yeni
məktəb" proqramı cəmiyyətdə böyük
rezonans yaratdı. Çünki bu layihənin həyata
keçirilməsi cəmiyyətin ən böyük uğuru
və qiymətli qazancı idi. Heydər
Əliyev Fondunun bu proqramı təhsilin səviyyəsinə
birbaşa təsir edən problemlərin həllinə - tədris
prosesinin günün tələbləri səviyyəsində
qurulmasına imkan verən müasir məktəb
binalarının inşasına istiqamətləndirildi.
Bu sahədə real vəziyyəti qiymətləndirmək
üçün Fondun prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə
ölkədəki məktəb binalarının
vəziyyəti öyrənilib. Monitorinqlər
göstərib ki, bir çox məktəblərdəki
şəraitin yarıtmaz vəziyyətdə olması
təhsilin keyfiyyətinə təsir edən mühüm
amildir. İctimai dəstəyi vacib hesab edən Heydər
Əliyev Fondu cəmiyyətin ən müxtəlif
təbəqələrinin diqqətini bu məsələyə
yönəltmək məqsədi ilə 2005-ci ilin iyununda
müvafiq qurumların, habelə, beynəlxalq
təşkilatların iştirakı ilə "dəyirmi
masa" keçirib. Proqramın həyata keçirilməsi
məqsədi ilə 100, 200 və 240 şagird yerlik
məktəb layihələri hazırlanıb. Layihənin
həyata keçirilməsi ilə bağlı fondun
prezidentinin cəmiyyətə ünvanladığı
əməkdaşlıq çağırışı
geniş əks-səda doğurub. Bu gün Azərbaycanın
müxtəlif bölgələrində hətta ucqar dağ
kəndlərində belə, məktəb tikintisi geniş
vüsət alıb. "Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsinin icrasının ən vacib
məqamlardan biri onun paytaxtla yanaşı, regionlarda da icra
olunması idi. Layihənin icrası nəticəsində ancaq
ilk 4 ayda ölkədə Heydər Əliyev Fondunun
təşəbbüsü ilə 132 yeni məktəb
tikilərək istismara verildi. "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramı
çərçivəsində tikilən və infrastrukturu
yerli tələbata və imkana uyğunlaşdırılan bu
məktəblər müasir avadanlıq, istilik sistemi,
zəngin kitabxana, əyani vəsait və kompüter
avadanlığı ilə təchiz olunub.
Xüsusi qeyd etmək lazımdır ki, 2005-ci
ildə ölkədə inşa edilmiş 49732 şagird yerlik
328 yeni məktəbdən 22060 şagird yerlik 132
məktəb, yəni məktəblərin 40 faizi bilavasitə
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
tikilmişdir. Heydər Əliyev Fondunun
"Yeniləşən Azərbaycana yeni məktəb"
Proqramı öz coğrafiyasına görə bütün
ölkəni əhatə etmişdir. Ən
əhəmiyyətlisi odur ki, on illərlə təmir
edilməmiş, tam yararsız və qəza
vəziyyətində olan, təlim-tərbiyə
üçün heç bir şəraiti olmayan məktəblərin
yerində müasir standartlara uyğun yeni binalar inşa
edilmiş, keyfiyyətli avadanlıqlarla təmin olunmuş
və şagirdlərin istifadəsinə verilmişdir.
Ümumiyyətlə,
Fondun "Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi çərçivəsində
bu illər ərzində 43770 şagird yerlik 226 yeni
məktəb binası tikilmişdir. Bütövlükdə
isə 2004-2008-ci illərdə 300-ə yaxın yeni
məktəb, internat məktəbi, uşaq
bağçası və körpələr evi inşa
edilmiş, təmir olunmuş və texniki avadanlıqlarla
təchiz edilərək uşaqların ixtiyarına
verilmişdir. 2009-cu ildə isə 1600 yerlik 6 məktəb
binası tikilmişdir. 40-dan çox təhsil ocağı, o
cümlədən, xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün 31 internat məktəbi
əsaslı təmir olunub müasir avadanlıqlarla təchiz
edilmişdir.
Fondun təhsillə bağlı həyata
keçirdiyi proqramlar sırasında "Təhsilə
dəstək" layihəsi - birbaşa tədrisin
keyfiyyətinə təsir göstərən problemlərin
həllinə - məktəblərin əyani vəsaitlə,
şagirdlərin dərs ləvazimatı ilə təmin
olunmasına yönəlib. Fond hər yeni
tədris ilində silsilə aksiyalar keçirməklə bu
sahədə bir sıra problemlərin aradan qaldırılmasına
əhəmiyyətli töhfə verir. 2004-cü ildən
başlayaraq Fond hər il qaçqın və məcburi
köçkün ailələrindən olan 1-ci sinif şagirdlərinə
məktəbli çantaları və dərs
ləvazimatı paylayır. Artıq son bir neçə ildir
bu proses ölkədəki bütün orta
məktəbləri əhatə edir. 2008-2009-cu tədris
ilində Fond tərəfindən ölkədə 130 min
birinci sinif şagirdinə 16 adda ləvazimatla təmin
edilən çanta paylanıb. Bununla yanaşı, Fondun
hazırladığı 140 adda əyani vəsait də
məktəblərə göndərilib.
Heydər
Əliyev Fondu respublikadakı milli azlıqların
təhsilinin inkişafına da diqqət göstərir. Fond
"Təhsilə dəstək" proqramı
çərçivəsində Qax rayonunun Qax-İngiloy kənd
orta məktəbinin 1-2-ci sinif şagirdlərinə
gürcü dilində nəşr edilən yeni
dərsliklər və məktəb ləvazimatı təqdim
edib. "Təhsilə dəstək" layihəsi
məktəbəqədər uşaq tərbiyə
müəssisələrinin yenidən qurulmasını da
əhatə edir. Layihə çərçivəsində
bölgələrdə və Bakı kəndlərində
uşaq bağçaları əsaslı təmir olunaraq,
müasir avadanlıqla təchiz edilib. Nərimanov rayonunda akademik
Zərifə Əliyeva adına uşaq bağçası
və Binə qəsəbəsindəki uşaq
bağçaları yenidən qurulub və ən müasir
standartlara uyğunlaşdırılıb. Heydər Əliyev
Fondunun təhsilə qayğısının coğrafiyası
getdikcə genişlənir. Artıq dünyada nüfuzlu qurum
kimi tanınan Fond xeyriyyəçilik missiyasını bir
necə ölkədə uğurla davam etdirir. Gürcüstanda
yaşayan azərbaycanlıların təhsillə
bağlı problemlərinin aradan qaldırılması
üçün hər il dövlət xətti ilə
yanaşı, Fond tərəfindən də böyük
yardım edilməsini bu ölkədə yaşayan
soydaşlarımız dərin minnətdarlıq hissi ilə
qarşılayır. Moskvada fəaliyyət
göstərən Azərbaycan məktəblərinə
göstərilən müntəzəm qayğı
xüsusilə qeyd olunmalıdır. Burada Fondun
Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla
xanım Əliyevanın fəaliyyəti diqqəti cəlb
edir. 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda
fəaliyyətə başlayan Azərbaycan məktəbi
də Fondun diqqətindən kənarda qalmayıb,
məktəbə kompyuter dəsti və dərs vəsaiti göndərilib.
Heydər Əliyev Fondunun 2005-ci ildən BMT-nin
İnkişaf Proqramı ilə birgə həyata
keçirdiyi görmə qabiliyyətini itirmiş və
görmə qabiliyyəti zəif olan insanlar üçün
informasiya-kommunikasiya texnologiyalarına
çıxışın təmin edilməsi layihəsi
də Azərbaycan ictimaiyyətində böyük maraqla
qarşılandı. Layihə bu kateqoriyadan olan insanların
həyata qoşulmasına, onların informasiya
kommunikasiya vasitələri ilə bilik və məlumat
əldə etmək imkanlarının
genişləndirilməsinə, onların məşğulluğunun
artırılmasına, ümumən bu insanların
yaşayış tərzini yaxşılaşdırmağa
xidmət etdi. Layihənin həyata keçirilməsi
nəticəsində səsyazma studiyası yaradıldı.
Studiya daxilində kitabxana quruldu. Bu da görmə
qabiliyyətini itirən uşaqlara kitabları audiovariantda
mənimsəmələri üçün unikal imkanlar
açdı, onların brayl texnologiyasından istifadə
imkanları asanlaşdırıldı.
Ulu öndərin adını daşıyan Fondun
təhsillə bağlı ölkədə həyata
keçirdiyi bu müdrik missiya əslində Prezident İlham
Əliyevin hakimiyyəti dövründə təhsillə
bağlı görülən işlərin məntiqi
nəticəsdir. Çünki dövlət
başçısı özü də Azərbaycanın
xoşbəxt gələcəyinin təmin olunmasında
təhsilin oynadığı rola inanır və bu
istiqamətdə mühüm addımlar atır.
Bu gün
bütün gücü ilə bu prosesə qoşulan
Azərbaycanda həyata keçirilən təhsil
islahatları ölkəmizin demokratik dayanışmaya, elmin
və təhsilin dəyərlərinə sadiqliyini
göstərir. Beləliklə, 170 min müəllimi,
ümumilikdə, 300 min təhsil işçisi olan
Azərbaycan indi qloballaşan dünyanın
dəyərlərinə məhz təhsil və elm
sayəsində qovuşur.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 13 avqust.- S. 6.