Sahibkarlığa dövlət
qayğısı
Cari ilin birinci yarısında yerli iş adamları
ölkə iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyublar
Son illər Azərbaycan
iqtisadiyyatı hərtərəfli və dinamik inkişaf
yolundadır. Beynəlxalq standartlara cavab verən sənaye və
emal müəssisələri, təhsil və səhiyyə
ocaqları yaradılır. Regional inkişafa dair Dövlət
Proqramının ikinci mərhələsi də uğurla həyata
keçirilməkdədir. Bütün bunlar ölkə
iqtisadiyyatını gücləndirir, insanların rifah
halını daha da yaxşılaşdırır. Nazirlər
Kabinetinin 2010-cu ilin birinci yarısının yekunlarına həsr
olunmuş iclası onu deməyə əsas verir ki, ulu öndər
Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının davam etdirilməsi, Azərbaycanın enerji
təhlükəsizliyinin möhkəmləndirilməsi,
qeyri-neft sektorunun inkişafı, ölkədə əlverişli
biznes və investisiya mühitinin
formalaşdırılması, işsizlik, yoxsulluq problemlərinin
həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi,
infrastrukturun yeniləşdirilməsi kimi prioritet hədəflər
hesabat dövründə ölkə Prezidenti İlham Əliyevin
apardığı iqtisadi siyasətin əsasını təşkil
etmişdir. Onu da vurğulamaq lazımdır ki, son 2 ildə
bütün dünya ölkələrində iqtisadi
inkişafa ciddi zərbə vuran qlobal maliyyə
böhranına baxmayaraq, Azərbaycanın bütün sahələrdə
qazandığı yüksək nailiyyətlər, ilk növbədə,
sistemli və düzgün koordinasiya olunan fəaliyyətin məntiqi
nəticəsidir. Respublikamızın qısa zamanda dinamik
inkişafa nail olduğunu statistik göstəricilər də
təsdiqləyir. İlin əvvəlindən ölkədə
ümumi daxil məhsul istehsalı 3,7 faiz, qeyri-neft sektorunda
artım 15,3 faiz təşkil edibdir. Şübhəsiz,
qeyri-neft sektorunda müşahidə edilən bu artım, ilk
növbədə, dövlət başçısının
bölgələrə səfərləri zamanı vəziyyətin
təhlili əsasında iqtisadiyyatın inkişafı
üçün prioritet sahələri müəyyənləşdirməsinin,
tarazlı və davamlı regional tərəqqini təmin edən
fundamental dövlət proqramlarının hazırlanmasına
dair fərman və sərəncamlarının, eləcə də,
onların həyata keçirilməsi istiqamətindəki əzmkar
zəhmətinin bəhrəsidir. Ötən 7 ildə Azərbaycanda
dünya ölkələrinin heç birinə bənzəməyən,
özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin
formalaşması da məhz cənab İlham Əliyevin idarəçilik
keyfiyyətlərinin, milli və bəşəri təcrübəni
uzlaşdırmaq bacarığının nəticəsidir.
Sahibkarlara siyasi və maddi dəstək
Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlir. Ölkə iqtisadiyyatının dinamik inkişafında aparıcı rol oynayan sahibkarlar son illərdə regionlarda həyata keçirilən layihələrin miqyasını daha da artırıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramında sahibkarlıq subyektləri ilə bağlı çox geniş və əhatəli tədbirlər öz əksini tapıb. Həmin proqramlarda nəzərdə tutulmuş tədbirlərin icrası isə sahibkarlıq sektorunda intensivliyin daha da yüksəlməsinə səbəb olub. Bunun nəticəsidir ki, 2004-2009-cu illərdə sahibkarlıq fəaliyyətinə başlayanların sayı 3 dəfə yüksəlib. 2008-ci ilin yanvar ayının 1-dən sahibkarlıq subyektlərinin qeydiyyata alınmasında "bir pəncərə" sisteminin tətbiq olunması isə sahibkarların sayının daha da artmasına əlverişli zəmin yaradıb. Ümumiyyətlə, son 2 ildə 88 mindən çox sahibkarlıq subyekti qeydiyyata alınıb.
Ölkədə sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki tədbirlərin ardıcıl və davamlı olduğunu təsdiq edən Prezident İlham Əliyev 13 aprel 2010-cu il tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Fərman imzalamışdır. Heç şübhəsiz ki, bu Fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin edəcəkdir. Prezident İlham Əliyevin yeni dövrün tələbləri ilə tam səsləşən bu Fərmanı sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi ilə dəstəklənməkdədir.
Son illərdə sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyini gücləndirməsi 2009 və 2010-cu ilin ötən dövrü ərzində təqdim olunan investisiya layihələrinin sayının əhəmiyyətli dərəcədə artmasında da özünü göstərir. Prezident İlham Əliyev dövlətin həmişə sahibkarlara böyük dəstək göstərdiyini və bu siyasətin davamlı olacağını bəyan edib: "Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir. Artıq əvvəlki illərdə verilən vəsait qayıdır və o, yenə də kreditləşməyə yönəldilir. Fermerlərə subsidiyalar onlara lazım olan avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi - bütün bunlar kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran amillərdir... Biz həm maliyyə yardımı, kreditlərin verilməsi, həm də ki, sahibkarlığın inkişafı üçün daha da yaxşı şəraitin yaradılması haqqında düşünməliyik".
Sahibkarlara verilən kreditlər, təbii ki, yüzlərlə yeni müəssisənin yaradılmasına səbəb olur. Təkcə ötən il verilmiş kreditlər hesabına 8500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulurdu. Bu il isə həmin vəsaitlərin istifadə olunması nəticəsində 10 minə yaxın iş yerinin yaradılması proqnozlaşdırılır. Həmin layihələrin böyük əksəriyyəti, 90 faizdən çoxu bölgələrdə reallaşacaq. Bu faktor regionların inkişafına öz töhfəsini verməklə yanaşı, iqtisadi fəal əhalinin daha çox rayonlarda cəmləşməsinə səbəb olacaq. Sahibkarların ən yaxın dostu olduğunu bildirən Prezident İlham Əliyev qarşıdakı illərdə də sahibkarlara ən yüksək səviyyədə siyasi dəstək göstəriləcəyini bildirmişdir: "Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir. Yerli icra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar".
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 13 avqust.- S. 8.