Humanist və nəcib əməllər sahibi

 

Mehriban xanım Əliyevanın xeyirxah əməlləri xarici ölkələrdə də hörmətlə qeyd olunur

 

Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilən, milli mənafelər baxımından mühüm strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. 2004-cü il mayın 10-da yaranan fondun ən müxtəlif sahələrdəki fəaliyyəti milli intibah prosesinə öz dəyərli töhfələrini verməkdədir.

Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaqdır. Fond ümummilli liderin milli ideyalarından çıxış edərək ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xeyirxahlıq fəaliyyəti məhz yıxılanı ayağa qaldırmaq, köməksizə əl tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır. Genişmiqyaslı xeyriyyəçilik fəaliyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı ilə təltif olunan Heydər Əliyev Fondunun prezidenti üzərinə götürdüyü şərəfli missiyanı uğurla davam etdirməkdədir.

ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə Vaşinqtonda keçirilən toplantıda isə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Birləşmiş Ştatlar ilə Azərbaycan arasında əlaqələrin tərəqqisinə, ölkəmizdə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına şəxsi dəstəyinə görə Mehriban xanım Əliyevaya "2006-cı ilin xoşməramlı səfiri" adı verilmişdir. Fondun nümayəndəliklərindən biri Rusiyada fəaliyyət göstərir. Ölkəmizin tanıdılması ilə bağlı layihələrə həmişə böyük diqqətlə yanaşan Mehriban xanım Əliyeva Azərbaycan və onun paytaxtını, ölkəmizin zəngin və qədim mədəniyyətini, ənənələrini və müasir nailiyyətlərini tərənnüm edən "Baku" jurnalının Moskvada keçirilən təqdimat mərasimində şəxsən iştirak etmişdir. Azərbaycanın birinci xanımının fəaliyyəti son dövrlər çoxlu nüfuzlu beynəlxalq mükafatlarla və fəxri adlarla qeyd edilmişdir. Mehriban xanım Əliyeva İSESKO-nun xoşməramlı səfiri adını və ölkəmizdə, eləcə də, onun hüdudlarından kənarda apardığı xeyriyyəçilik işlərinə görə "Əsrlərin xeyriyyəçiləri" beynəlxalq fondunun Yaqut Xaç Ordenini almış ilk qadındır. 2007-ci ilin mayında Mehriban xanım Əliyevanın bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə Moskvada "Qızıl ürək" mükafatı ilə təltif olunması onun təmənnasız əməyinə verilən layiqli qiymətlərdən biridir. Daha bir mükafatla Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə təltif olunmuşdur. Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya "Heydər Əliyev Mükafatı"nı təqdim etmişdir.

Bir-birindən vacib və əhəmiyyətli layihələri həyata keçirərək siyasətçi, diplomat, ictimai xadim yolunu seçən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi altında reallaşan humanitar aksiyaların sayı-hesabı yoxdur. Qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliyindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, Azərbaycanın əsasən kənd yerlərində yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi, Mehriban xanım Əliyeva özünün şəxsən iştirak etdiyi müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsini ənənə halına çevrilib. Ölkəmizdə və onun hüdudlarından kənarda insanlar onu məhz xeyirxah, humanist və nəcib işlərinə görə sevirlər.

Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında daim dövlətimizin başçısını müşayiət edərək Ona dəstək olmuşdur. Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinə ictimai dəstəyin artırılmasında ciddi töhfələr verir. Mehriban xanım Əliyeva yaxın və uzaq xaricdə birinci ledilərlə şəxsi münasibətlər və dostluq əlaqələri yaratmaqla nümunə göstərir. Azərbaycanın birinci ledisi öz yüksək statusundan və təşkilatçılıq imkanlarından istifadə edərək ehtiyacı olanların problemlərinin həllinə çalışır.

Qeyd edək ki, 1995-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır. Bu illər ərzində fondun himayəsi altında müxtəlif müsabiqələrdən, bədii sərgilərdən tutmuş xeyriyyə konsertlərinə və musiqi festivallarına qədər çoxsaylı layihələr həyata keçirilmişdir. Müxtəlif dövrlərdə icra olunmuş bütün bu layihələri birləşdirən əsas məram isə Azərbaycan xalqının mənəvi irsinin yüksək səviyyəsini qoruyub saxlamaqdır. Fondun gördüyü işlər dünya ictimaiyyəti tərəfindən də layiqincə dəyərləndirilir. Çünki Heydər Əliyev Fondu digər ölkələrin problemlərinə də biganə qalmır. Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılan məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən tikilib. Bu məktəb zəlzələdən sonra ölkədə inşa olunan 5 min məktəb arasında ən yaxşısı və ən nümunəvisidir.

Azərbaycan ictimaiyyətinin dərin rəğbətini qazanan, köməyə, yardıma ehtiyacı olanların hər zaman yanında olan Heydər Əliyev Fondu ulu öndərin amallarını rəhbər tutaraq ölkəmizin həyatı ilə bağlı mühüm layihələrə imza atmışdır. Ulu öndərin adını daşıyan Fond ümummilli liderin arzu və istəklərinin, Onun ideyalarının həmişəyaşrlığını əks etdirən əsas mərkəzdir. Bununla belə, Heydər Əliyev Fondunu xalqımıza daha çox sevdirən onun fəlsəfəsidir. Bu fəlsəfənin əsasında çox sadə bir ideya və amal durur: insanlara yaxşılıq etmək.

Uşaq evlərində tərbiyə alan gənclərin mənzillə təmin olunması kimi daim cəmiyyətimizi narahat edən mühüm problemin həllinə də məhz Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası sayəsində nail olunmuşdur. Paytaxtdan başlayan və ilk növbədə, qayğıya daha çox ehtiyacı olan, valideyn himayəsindən məhrum qız uşaqlarının mənzillə təmin olunmasını nəzərdə tutan layihənin icrası ölkəmizdə Mehriban xanım Əliyevanın bu nəcib missiyanın nə qədər ali və müqəddəs olduğunu təsdiq etmişdir. Uşaqlara qayğı və diqqət, gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Uşaqlarımızın xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində müxtəlif orta məktəblərin təhsildə fərqlənən şagirdləri, uşaq evləri və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailəsindən olan, valideyn himayəsindən məhrum uşaqlar üçün şənlik təşkil edilir. Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasıdır. Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi - "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə istiqamətlənmişdir. Son 3 il ərzində 300-dək məktəb əsaslı təmir olunmuş, onlarca məktəb inşa etdirilmişdir.

Bu proqram paytaxtla yanaşı, regionlarda da icra olunur. Fond hər yeni tədris ilində silsilə aksiyalar keçirməklə bu sahədə bir sıra problemlərin aradan qaldırılmasına əhəmiyyətli töhfə verir.

Azərbaycan xalqının mədəni irsinin keşiyində duran Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində incəsənətimizin bir çox sahələri, xüsusilə də, muğamlarımız Azərbaycan sərhədlərini aşaraq dünya miqyasında sevilir. Mehriban Əliyevanın səyi ilə muğam YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilibdir. Mehriban Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustalarının "dəyirmi masa"ları keçirilib. Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. Heydər Əliyev Fondunun muğam sənətinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən biri "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun tərtib edilməsi oldu. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının keçirdiyi "Muğam televiziya müsabiqəsi-2007" də bu sahədə atılan addımlardan biri oldu. İndi əminliklə demək olar ki, mədəniyyətimizin hamisi olan Mehriban xanım Əliyeva bu sənətin yaşamasını təmin edən ənənənin təməlini qoymuşdur.

Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Musiqi festivalı keçirildi. Festivala dünyanın ən tanınmış musiqiçiləri gəlmişdilər. Əsl musiqi bayramına çevrilən bu tədbir çərçivəsində pianoçuların müsabiqəsi, musiqinin müxtəlif janrlarına aid konsertlər, ustad dərsləri keçirildi. Azərbaycan mədəniyyətinin təbliğinə yönələn bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət etmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan üçün çox işlər görmüşdür. Amma onun siyasətçi və ictimai xadim kimi potensialı bununla tükənmir. Əsas dəstək isə onu sevən adi vətəndaşlardan və təbii ki, ailəsindən gəlir. Çoxşaxəli, həmçinin, gərgin ictimai fəaliyyətinə baxmayaraq, Mehriban xanım Əliyeva dövlətimizin başçısının ən yaxın silahdaşı kimi xalqımızın rifahı naminə çətin və gərəkli yoldadır. Bu yol Azərbaycanımıza yeni uğurlar gətirəcək zəfər yoludur.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 12 avqust.- S. 4.