Tarixin bugününü səsi ilə tarixdə əbədiləşdirən sənətkar

 

"Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür etmirəm"(Müslüm Maqomayev)

 

Azərbaycan musiqi sənətinə müxtəlif janrlarlarda əsərlər təqdim edən  zəngin irsimizə özünün nəfəs və ahənginə uyğun bir şəkildə çalarlar əlavə edən böyük sənətkarların yaradıcılıq irsinin əsasında müdrik hisslər, ali duyğular dayanır. Bu dəyərlərdə gözəllik anlayışını bəşər tarixinə həkk etmək dayanır.

Müasir həyatımızda belə nəfis duyğulu sənətkarlar zamanın ahəngini tarixə körpü ataraq yaradır və inkişaf etdirir. Belə simaların ömür payını Tanrı zamanın ixtiyarında əbədiləşdirir. Bu gün Azərbaycan musiqi sənəti tarixinə korifey sima olaraq daxil olmuş Azərbaycanın böyük sənətkarı Müslüm Maqomayevin doğum günüdür. 17 avqust tarixində dünyaya göz açan sənətkar əsrlərin yaddaşında iz salan şəxsiyyətlər sırasına daxil olub.

1942-ci ilin bu günü dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayev Bakıda dünyaya göz açdı. Onun doğulduğu ailənin dərin musiqi kökləri sənətkarı musiqiçi kimi yetişməyə sövq etdi. Balaca Müslümün dünyanın məşhur sənətkarı tək yetişəcəyi üçün artıq zəmin var idi. Bu, babası Müslüm Maqomayev idi. Bəli, zamanını və tarixin məşhur bəstəkar, Müslüm Maqomayev.

Balaca Müslümdə oyadılan həvəs və arzu onu Bakıdakı Azərbaycan Dövlət Konservatoriyasının(indiki Bakı Musiqi Akademiyası) nəzdindəki musiqi məktəbinə gətirib çıxarır. Sonra təhsilini müğənni ixtisası üzrə elə bu ali təhsil ocağında - konservatoriyada davam etdirir. Rossininin "Sevilya bərbəri" operasından "Fiqaronun ariya"sını o, ilk dəfə müvəffəqiyyətlə konservatoriyanın Böyük zalında ifa etdi. Bu hadisə xatirələrdə silinməz izlər buraxdı və çıxışdan sonra Müslüm Maqomayevin vokal sahədəki professional karyerası yüksəlməyə başladı. Sonrakı illərin hadisələri onun vokal ifaçılıq fəaliyyətini İtaliya və Moskva şəhərləri ilə bağlayır.

O öz təhsilini İtaliyanın La-Skala operasının məşhur vokal məktəbində daha da təkmilləşdirdi. Azərbaycana dönərkən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirdi. Konservatoriyanın böyük zalında buraxılış imtahanı keçirilirdi. Bu dəfə müğənni populyar operalardan ariyaları, Şumanın, Şubertin mahnılarını və nəhayət, italyan mahnılarını repertuarına salmışdı. Bu, imtahan deyildi. Sanki yüksək professional vokal sənətinə yiyələnmiş solistin konserti idi. Burada ya zirvələrə ucalacaqsan, ya da unudulacaqsan. Müslümün fitri istedadı burada çiçəklənməyə başladı və bir sıra mahnıların ifasında öz bəhrəsini verdi. Moskvanın görkəmli nəğməkar bəstəkarları Müslümün səsinə uyğun olan xüsusi mahnılar bəstələməyə başladılar. Bunların sırasında "Buhenvald harayı", "Ruslar müharibə istəyirmi?" mahnıları, rus xalq mahnılarından "Piter boyunca", "Mənim atlarım", italyan mahnılarından "Luçiya", "Sorento" və s. xüsusi yer tutur.

1962-ci ildə Müslüm Maqomayev Kremlin Qurultaylar Sarayında, Azərbaycan mədəniyyəti festivalında "Buhenvald zəngi" mahnısını oxumaqla, ilk dəfə geniş sovet auditoriyası qarşısında çıxış edir. 20 yaşlı sənətkarın bu çıxışı sənət yolunun ilk uğuru kimi qəbul olunur. Həmin ifa müğənniyə böyük şan-şöhrət qazandırdı.

Onun bu qeyri-adi istedadı diqqətdən kənarda qalmır və gənc müğənninin gələcək karyerasının təməli artıq qoyulurdu. İki il Milanda, məşhur La Skala teatrında stajirovka keçəndən sonra, Maqomayev "Toska" və "Seviliya bərbəri" operaları ilə Sovet İttifaqı şəhərlərində konsertlər verir. Bu çıxışların hər biri Müslüm Maqomayevin sənət tərcümeyi-halına daxil edilir. 

60-cı illərdə Maqomayev iki dəfə Parisin məşhur Olimpiya teatrında böyük uğura səbəb olan konsertlər verdi. Artıq uğurlar, sanki, onun müşayiətçisinə çevrilmişdir. 1969-cu ildə Sopot mahnı müsabiqəsinin qalibi olan Müslüm Maqomayev, Kannda "Qızıl val" mükafatına layiq görüldü. Bu qədər uğurlara qısa bir zaman məsafəsində imza atan gənc istedada 31 yaşında ikən fəxri ad verildi. 1973-cü ildə Müslüm Maqomayev SSRİ xalq artisti adının daşıyıcısı oldu. 1975-1989-cu illərdə Müslüm Maqomayev özünün yaratmış olduğu Azərbaycan dövlət estrada-simfonik orkestrinin bədii rəhbər kimi, Sovet İttifaqının hər yerində qastrol səfərlərinə çıxdı.

Deyim ki, Müslüm Maqomayevin gənclik çağları Bakıda keçsə də sonrakı illəri, həyat və yaradıcılıq fəaliyyəti Rusiya ilə bağlıdır. Amma vətəndən uzaq bir ömür yaşasa da Azərbaycanı sevdi və onun vəsf etdi. Təsadüfi deyil ki, öz xatirələrində belə yazır:"Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür etmirəm". Bu sözlər onun həmvətənlərinə isti, səmimi münasibətində özünü aydın büruzə verir - imkansızlara əl uzatmaq, istedadlılara yol açmaq və bununla yanaşı, çalışıb kölgədə qalmamaq və s. bu kimi keyfiyyətlər onun əsil-nəcabətindən xəbər verir. O, babası Müslüm Maqomayevin adının layiqli daşıyıcısı kimi dünyanı səsi ilə fəth etdi desək, yanılmarıq.

Dövlət tərəfindən Müslüm Maqomayevin yaradıcılıq fəaliyyəti diqqətdə oldu. Uğurlu çıxışları ilə layiq görüldüyü orden və medalları da tərcümeyi-halının səhifələrinə həkk oldu. Bu gün o sətirlərdən oxuyuruq. O, SSRİ və Azərbaycanın ən yüksək ad və ordenlərinə layiq görülmüşdür: “Qırmızı Əmək Bayrağı” ordeni (1971), Azərbaycan Respublikasının xalq artisti (1971), SSRİ xalq artisti (1973), “Xalqlar Dostluğu” ordeni (1980), "Şöhrət" ordeni (1997) və s.

Bu uğurların son nöqtəsində isə sonuncu "İstiqlal" ordeni dayanır. Orden ona təntənəli şəkildə  sentyabrın 6-da ümummilli lider Heydər Əliyev tərəfindən təqdim olundu. Təqdimat mərasimindəki çox gözəl və məzmunlu çıxışında Heydər Əliyev Müslüm Maqomayevi öz xatirələrində canlandırıb və onun yaradıcılığına dərin mənalı təhlil vermişdi.

Müğənni Müslüm Maqomayevin hələ SSRİ dövründə yüksək və ağlasığmaz uğurlara nail olaraq SSRİ xalq artisti adına layiq görülməsini qeyd etmişdik. Musiqi sənətində bəstəkar Müslüm Maqomayevin fitri yaradıcılıq istedadı özünü bir nəsildən sonra nəvəsi Müslüm Maqomayev simasında, bu dəfə təkrarsız müğənni kimi əks etdirdi. Babası, görkəmli bəstəkar Müslüm Maqomayev dünyaşöhrətli bəstəkar Üzeyir Hacıbəyli ilə birlikdə, öz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Onun musiqi sənəti yolunda qazandığı uğurların əks-sədası nəsillərin yaddaşından silinməyəcəkdir. Müğənni Müslüm Maqomayev də böyük məsuliyyət hissi ilə musiqiyə yiyələnməyə başladı. Onun ən böyük arzularından biri o idi ki, babasının adını və soyadını, nəinki ləyaqətlə daşımaq, həm də bu adı yüksəkliklərə qaldırmaq idi. O, buna nail oldu. Lakin müğənni kimi. Müslüm Maqomayev səsinin qüdrəti, gözəlliyi ilə hamını valeh edirdi. Səsinin geniş diapazonu ona vokal sənətinin müxtəlif sahələrində müvəffəqiyyətlə sınaqdan keçməyə imkan verirdi. Belə ki, opera, kino, estrada və s. sahələrdə o özünü bacarıqla göstərə bildi. Estrada janrı isə Müslüm Maqomayevin yaradıcılığında daimi yerlərdən birini tutur. Bu janr vasitəsilə o, musiqisevənlərin və geniş kütlənin ürəyinə yol tapmış və öz oxuma tərzinin təkrarsızlığını dəfələrlə təsdiqləmişdir.

Böyük müğənninin repertuarından Azərbaycan mövzusu əksilmir. Bu, həm Üzeyir Hacıbəylinin iki romansı  "Sənsiz", "Sevgili canan", həm də babası Müslüm Maqomayevin "Şah İsmayıl" operasından Şah İsmayılın ariyasıdır. Ənənəyə sadiq qalaraq, Müslüm Maqomayev öz bacarığını bəstəkarlıq sahəsində də müvəffəqiyyətlə sınayır. Bəstələdiyi mahnıların sırasında "Ey əziz anam, Azərbaycan!" öz layiqli yerini tutur. Konsertlərinin əvvəlində və sonunda, o, daima bu mahnını qüvvətli səslə və qüdrət hissilə ifa edirdi, bu da dinləyicilərdə böyük qürur hissi doğururdu. Sovet İttifaqının Mərkəzi televiziyası bir müddət öz verilişlərini Müslüm Maqomayevin melodiyası ilə tamamlayırdı, bu da adi bir şey deyildi. Bu, ondan irəli gəlir ki, Müslüm Maqomayev istedadı öz parlaq çağlarını yaşayırdı. Sovetlər Birliyinin hər bir yerində ona alqış söyləyirdilər, sanki əlləri üstündə gəzdirirdilər.

Özünəməxsus oxuma üslubu onu çox müğənnilərdən fərqləndirirdi. O, eyni səviyyədə həm opera ariyalarını, həm də estrada mahnılarını ifa edirdi. Xüsusilə, müasir ritmik caz üslubunda yazılan mahnılar hamını heyran edirdi. Xüsusən 60-70-ci illərdə beynəlxalq siyasi aləmdə SSRİ-nin Qərb ölkələrilə dostluq və mehribançılıq münasibətlərinin ilk çağlarında Müslüm Maqomayev öz səhnə ustalığı ilə bu dostluğa inam gətirdi. Dünyanın elə bir ölkəsi yox idi ki, o, orada çıxış etməsin.

Dünya şöhrətli Müslüm doğma vətənini bir an unutmurdu. O, dönə-dönə Azərbaycana gəlirdi. Hətta gələcək həyat yoldaşı Tamara Sinyavskaya ilə də o, Bakıda qastrol səfərində ikən rastlaşdı.

Məşhur opera müğənnisi Tamara Sinyavskaya Müslümün həyatını daha mənalı və maraqlı etdi. Onlar bir-birinə olan məhəbbətlərini axıradək qoruyub saxlaya bildirmilşər. Müslüm Maqomayevin Azərbaycanla yaradıcılıq münasibətləri özünü təkcə estrada-konsert fəaliyyətində göstərmirdi, o, həm də 80-ci illərdə kinoda ölməz Nizami rolunda çəkilməyə təklif alır və onu qəbul edir. Dərin məzmunlu Nizami obrazını Müslüm Maqomayev böyük məharətlə oynayır. Onun ifasında Nizami canlı və inandırıcıdır. Babası Müslüm Maqomayevin yaratdığı tarixi Şah İsmayıl obrazını operada canlandırdığı kimi, nəvəsi bu dəfə öz ifasında Nizami obrazını kinofilmdə əbədiləşdirdi.

Belə obrazların həyatını səhnədə yaşatmaq bir növ öz həyatına kənardan baxmaq deməkdir. Bu dəfə Müslüm Maqomayev qələmi əlinə alıb xatirələrini, düşüncələrini publisist kimi yazıya köçürür. Onun yazıları səmimiliyi ilə fərqlənirdi.

Onun bir kitabı "Dahi Lansa" adlanır. Kitabı məşhur İtalyan mənşəli Amerika müğənnisi Mario Lansaya həsr etmiş Müslüm, ömrünün bütün çağlarında məşhur tenora qibtə edib. Sanki onun simasında özünü görüb. Mario Lansa da Müslüm kimi gah opera teatrında, gah estrada səhnəsində, gah da kinofilmlərdə çıxışlar etmişdir. Hələ İtaliyada oxuyarkən o, Mario Lansa haqqında olan fotoarxiv materiallarını, tarixi faktları, musiqi fonotekasını toplamağa başlamışdı və bu işi Amerikaya qastrol səfərlərinə gələrkən davam etdirirdi.

"Mənim məhəbbətim melodiya" adlı kitab da həmin illərə təsadüf edir. Bu kitabda o özü barədə düşüncələrini, uşaqlıq dövründən başlayaraq da yetkin, hərtərəfli zəngin həyat yolu keçmiş bir insanın yaşadığı mühiti, onu əhatə edən adamları, dövlət başçılarından tutmuş adi insanlara qədər bir sıra şəxsiyyətlərin simasında təsvir edir. Baş vermiş hadisələr, görüşlər, dünya şöhrətini çiynində daşımaq məsuliyyəti və s. kimi maraqlı faktlarla yanaşı, oxucunun gözləri qarşısında Müslümün bütün həyat və yaradıcılıq yolu gəlib keçir. Onun simasında biz gözəl insan, istedadlı şəxsiyyət və dünya şöhrətini qazanmış müğənni görürük və ondakı vətənpərvər insan, əsl azərbaycanlı obrazı daim bizləri ona sevgi ilə yanaşmağa sövq edir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 17 avqust.- S. 12.