SƏRHƏD QOŞUNLARININ
DÖYÜŞ HAZIRLIĞI YÜKSƏK SƏVİYYƏDƏDİR
Azərbaycan Respublikası sərhəd
mühafizəsinin 91-ci ildönümü
Avqust ayının 18-nin
sərhədçilərin peşə bayramı kimi qeyd
olunması 91 il əvvəl-
1919-cu il avqustun 18-də Azərbaycan Parlamentinin "Azərbaycan
Respublikasının gömrük baxımından sərhəd
mühafizəsinin təsis edilməsi haqqında" Qanun qəbul
etməsi ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin
imzaladığı 16 avqust 2000-ci il tarixli Sərəncamla 18
Avqust Sərhəd Qoşunlarının şəxsi heyətinin
peşə bayramı günü təsis edilmişdir. Ölkəmizin
sərhədçiləri peşə bayramlarını
xoş əhval-ruhiyyə ilə, xidmətdə
qazandıqları yüksək nəticələrlə
qarşılayırlar.
Ulu öndər Heydər
Əliyevin 2002-ci ilin iyul ayının 31-də Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidmətinin yaradılması barədə
imzaladığı Fərmanla ölkəmizin sərhəd
mühafizəsi sistemində keyfiyyətcə yeni mərhələ
başlandı. Dövlət Sərhəd Xidməti
qarşısında müasir dövrün tələblərinə
uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd
təhlükəsizliyinin təminatı məsələlərinin
ən yüksək səviyyədə həll edilməsinə
başlanıldı. Bu proses Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin yüksək diqqət və
qayğısı sayəsində uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidməti yeni sərhəd məntəqələrinin
tikintisi, dövlət sərhədində mühəndis-texniki
qurğuların bərpa edilməsi, qoşunların
döyüş və səfərbərlik
hazırlığının artırılması, müasir
idarəetmə infrastrukturunun yaradılması, kadrların
hazırlığının təkmilləşdirilməsi,
buraxılış məntəqələrində sərhəd
nəzarətinin müasir tələblər səviyyəsində
təşkil edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının
inkişafı, şəxsi heyətin mənəvi-psixoloji
hazırlığının yüksək səviyyədə
saxlanılması, hərbi qulluqçuların maddi, sosial,
hüquqi təminatının
yaxşılaşdırılması üzrə mühüm
tədbirlər həyata keçirir. Bütün bu tədbirlər
dövlət sərhədlərinin
toxunulmazlığının təmin edilməsi, beynəlxalq
terrorizmə, qeyri-leqal miqrasiyaya,
qaçaqmalçılığa, narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı qətiyyətlə
mübarizə aparılmaqla, Xəzər dənizinin Azərbaycana
aid hissəsində bioloji resursların, enerji
ehtiyatlarının, neft-qaz ixrac boru kəmərlərinin
qorunması kimi mühüm və məsuliyyətli vəzifələrin
yerinə yetirilməsi ilə paralel şəkildə
görülür.
Üzərlərinə
düşən vəzifələrin məsuliyyətini dərindən
dərk edən sərhədçilər yaxşı bilirlər
ki, şəxsi heyətin döyüş
hazırlığı daim yüksək səviyyədə
olmasa, uğurlu fəaliyyət göstərmək
mümkün deyil. Müxtəlif döyüş silahları,
texnika və vasitələrlə ölkəmizin sərhədləri
boyunca fasiləsiz olaraq sərhəd xidmətini təşkil
edən sərhədçilər həm mənəvi-psixoloji,
həm fiziki, həm taktiki cəhətdən yüksək
hazırlığa malik olmalı, həm də hərbi
texnikanı və silahları, digər spesifik cihaz, qurğu və
vasitələri tam mənimsəməli, gündəlik fəaliyyətdə
uğurla tətbiq etməyi bacarmalıdırlar. Məhz buna
görə də daim xüsusi diqqət mərkəzində
duran məsələlərdən ən əsası sərhədçilərin
döyüş hazırlığının yüksək səviyyədə
olmasıdır. Dövlət sərhədinin mühafizəsində
ən mühüm amil olan döyüş
hazırlığının daha da yüksəldilməsi məqsədi
ilə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd
Qoşunlarının Komandanı, general-leytenant Elçin
Quliyev tərəfindən ötən il "Döyüş
hazırlığının daha da yüksəldilməsi
ili" elan olunmuşdu.
Azərbaycan
Respublikasının sərhəd mühafizəsinin 90 illik
yubileyini təntənə ilə qeyd edən sərhədçilər
ötən ili həm də döyüş
hazırlığının daha da yüksəldilməsi kimi
tarixə yazdılar. Döyüş
hazırlığının daha da yüksəldilməsi məqsədilə
Dövlət Sərhəd Xidmətinin bütün
qurumlarında xüsusi tədbirlər planı tərtib
edildi, qarşıda duran vəzifələr dəqiqləşdirilərək,
ardıcıl şəkildə yerinə yetirildi. Yeni tədris
vəsaitlərinin hazırlanması, döyüş
atışı ilə taktiki və xüsusi taktiki təlimlərin
keçirilməsi kimi tədbirlərin icrası
üçün bir sıra konkret addımlar atıldı.
Atıcı silahlardan və ZTR-dən xüsusi atış
kurslarının daha müasir tələblərə uyğun
tərtib edilməsi, yeni təlim və nəzarət
tapşırıqları, çevik hərəkət bölmələri
üçün nəzərdə tutulan "Helikopterlərdən
atışın aparılması"
tapşırıqlarının tərtib edilməsi xüsusilə
qeyd olunmalıdır. Sərhəd Qoşunlarının
döyüş və əməliyyat
hazırlığının təşkili, təkmilləşdirilməsi
və inkişafı üzrə "Döyüş və əməliyyat
hazırlığı" adlı tədris vəsaitinin
hazırlanması, sərhəd zastavalarının əsgər
və çavuş heyətinin praktiki bacarıqlarını
daha da yüksəltmək məqsədi ilə yeni
döyüş hazırlığı proqramının tətbiq
olunması öz müsbət nəticələrini verdi.
Çünki praktiki məşğələlərə və
təlimlərə daha çox vaxt sərf olundu və şəxsi
heyətin taktiki, Sərhəd Qoşunlarının
taktikası, atəş, fiziki hazırlığı üzrə
bilik və praktiki hərəkət bacarıqları
artırıldı.
Sərhəd Qoşunlarının
maddi-təlim bazasının təkmilləşdirilməsi,
mühəndis təminatı üzrə təchizatın
yaxşılaşdırılması sahəsində bir
sıra işlər görüldü. 450 kilometr məsafədə
əsas, 38,5 kilometr məsafədə isə köməkçi
nəzarət-iz zolaqları işlək vəziyyətə gətirildi,
254 kilometr mühəndis çəpəri, 31 isinmə məntəqəsi, 82,4
kilometr sərhəd yolları, 111 müşahidə qülləsi
təmir olundu, 1200 metr yeni sərhəd yolu çəkildi, 3
körpü inşa edildi, Dövlət Sərhəd Xidməti
Akademiyasının "Sitalçay" təlim mərkəzi
poliqon avadanlıqları ilə təchiz edildi, Göytəpə
və Lənkəran sərhəd dəstələrində hədəfləri
qaldırıcı qurğularla təchiz olunmuş
atış meydanları istifadəyə verildi və s. Sərhəd
dəstələrinin çevik hərəkət bölmələrinin
daim yüksək döyüş hazırlığı vəziyyətində
saxlanılması üçün müvafiq tədbirlər
görülərək çevik hərəkət bölmələri
ilə ardıcıl olaraq səhra
çıxışları və taktiki təlimlər,
çoxsaylı praktiki atışlar keçirildi. Sərhəd
zastavalarının şəxsi heyəti ilə yalnız
gündüz atışları deyil, həm də gecə
atışları keçirildi.
Həyəcan siqnalları üzrə məşqlərin keçirilməsi döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasına xeyli dərəcədə müsbət təsir göstərdi. Bu cür məşqlərin əhəmiyyəti nəzərə alınaraq son bir il müddətində hərbi hissə və bölmələrdə şəxsi heyət 40974 dəfə "həyəcan" siqnalları ilə qaldırılmışdır. Kiçik mütəxəssislərin hazırlanması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə 207 dəfə təlim toplanışlarının, müxtəlif kateqoriyalı hərbi qulluqçularla 224 dəfə gecə və gündüz praktiki atışların keçirilməsi döyüş hazırlığının daha da yüksəldilməsində mühüm rol oynadı.
Ümumiyyətlə, döyüş hazırlığının səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sərhədçilərin xidmətinə çox müsbət təsir göstərmiş, dövlət sərhədlərimiz 2009-cu ildə böyük sayıqlıq və fədakarlıqla qorunmuşdur. İl ərzində 15 halda sərhəd pozucuları silahlı müqavimət göstərmişlər. Silahlı sərhəd pozucuları ilə döyüşlərdə bir sərhədçi həlak olmuş, üç sərhəd pozucusu zərərsizləşdirilmişdir. Heç təsadüfi deyil ki, məhz döyüş hazırlığının daha da yüksəldilməsi ilində Göytəpə Sərhəd Dəstəsində əsgər Eltun İsgəndərov dövlət sərhədinin mühafizəsi üzrə döyüş tapşırığını yerinə yetirərkən komandirlərinin və digər əsgər yoldaşlarının həyatını öz həyatı bahasına qəhrəmancasına xilas etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində mütəmadi olaraq müxtəlif təlimlər keçirilir. Peşə vərdişlərinin mənimsənilməsinə, döyüş hazırlığının yüksəldilməsinə xüsusi yardım göstərən təlimlərdə sərhədçilər müxtəlif tapşırıqları bacarıqla yerinə yeririrlər. 2009-cu ildə təlimlərin sayı xeyli artırılmış, təlim tapşırıqları daha mürəkkəb və çətin şəraitdə yerinə yetirilmişdir. Bu mənada, ötən il sərhədçilərin yaddaşında həm də təlimlər ili kimi qalıb.
Dövlət Sərhəd Xidmətində
təsdiq olunmuş döyüş
hazırlığı planına uyğun
olaraq ötən il sentyabr ayının 23-25-də Xəzər dənizində
növbəti taktiki təlimlər keçirilmişdir. Təlimlərə
Dövlət Sərhəd Xidmətinin Sahil
Mühafizəsi, aviasiyası, çevik hərəkət
qüvvələri, Lənkəran, Xudat və
Şəmkir sərhəd dəstələri və digər
bölmələri cəlb olunmuşlar. "Xəzər dənizində Dövlət Sərhəd
Xidmətinin bölmələri tərəfindən dövlət
sərhədinin mühafizəsi zamanı sahilə, adalara, neft-qaz boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə
yarandıqda sərhəd axtarışının təşkili
və xilasetmə işlərinin
aparılması" mövzusunda
keçirilən əməliyyat-taktiki təlimlərdə
ümumilikdə 2000 nəfərədək hərbi qulluqçu iştirak etmiş, helikopterlərdən, gəmi, kater və sualtı üzmə vasitələrindən,
artilleriya qurğularından,
iriçaplı silahlardan, zirehli
və digər döyüş
texnikasından istifadə edilmişdir.
Sahilboyu ərazidə və
ixrac boru kəmərinin keçdiyi zonada dövlət sərhədinin
mühafizəsi tapşırıqlarının yerinə
yetirilməsinə və xilasetmə əməliyyatlarının
aparılmasına Dövlət Sərhəd Xidmətinin
qüvvə və vasitələrinin
hazırlığını yoxlamaq məqsədilə
keçirilən əməliyyat-taktiki təlimlər 4 mərhələ
və 12 elementdən ibarət olmuşdur.
Birinci mərhələdə
qüvvə və vasitələrin döyüş
hazırlığı dərəcəsinə gətirilməsi,
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin
sualtı avadanlıqlarının və katerlərinin limanda təhlükəsizlik
tədbirlərinin təmin edilməsi üzrə hərəkətləri
işlənilmişdir.
İkinci mərhələdə
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin
gəmiləri və katerləri, aviasiya dəstəsinin
helikopterləri vasitəsilə çevik hərəkət
qüvvələri tərəfindən sorğuya cavab verməyən
və hərəkətini davam etdirən gəminin
saxlanılması, zərərsizləşdirilməsi və gəmiyə
baxışın keçirilməsi üzrə elementlər
işlənilmişdir.
Üçüncü mərhələ
neft-qaz platformasında və yaxın ərazidə davam
etdirilmişdir. Bu zaman neft-qaz platformasının sualtı hissəsinin
yoxlanılması, çevik qrupların helikopterlər, katerlər
və ZTR-lər vasitəsi ilə desant
çıxarılması, platformanın və sahilboyu ərazinin
nəzarətə götürülməsi, antiterror əməliyyatı
zamanı platformada baş verən yanğının
söndürülməsi, gəmi və helikopterlərlə
xilasetmə əməliyyatları keçirilmişdir. Bu mərhələ
sahilə çıxmağa cəhd göstərən təxribatçı
qüvvələrin qalıqlarının dənizdən
desantla çıxarılan çevik qruplar tərəfindən
ZTR-lərin atəş dəstəyilə zərərsizləşdirilməsi
ilə başa çatmışdır.
Dördüncü mərhələdə
DSX-nin Sahil Mühafizəsinin gəmi və katerləri,
aviasiya dəstəsinin helikopterləri tərəfindən
birgə sərhəd axtarışı aparılmış,
tabe olmayan gəmi müxtəlif növ atıcı və
artilleriya silahlarından atəşlə məhv edilmişdir.
Üç gün davam
edən taktiki təlimlərdə ilk dəfə olaraq gəmilərin
4 kolonla hərəkəti, ZTR-lərin üzərək sahilə
çıxması və dəniz piyadalarının atəşlə
dəstəklənməsi elementləri nümayiş
etdirilmişdir.
Noyabr ayının 11-də Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində əməliyyat şəraiti dəyişdikdə dövlət sərhədinin mühafizəsi, silahlı qrupların axtarışı, yaxalanması və silahlı təxribatların qarşısının alınması üçün döyüş atışı ilə keçirilən əməliyyat-taktiki təlimlər zamanı sərhədçilər sübut etmişlər ki, əməliyyat şəraitinin dəyişməsindən asılı olmayaraq qarşıya qoyulmuş vəzifələri daim yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər.
Noyabr ayının 24-də Şəmkir Sərhəd Dəstəsində çevik hərəkət taborunun şəxsi heyətinin iştirakı ilə "Dövlət sərhədində qoşun qruplarının və quldur dəstələrinin silahlı basqınlarının dəf edilməsi" mövzusunda keçirilən təlim zamanı tabor müvafiq komanda ilə qaldırılaraq marş-yürüşlə ehtiyat rayonuna çıxarılmışdır. Ehtiyat rayonunda yerləşdirildikdən sonra təlimin planına uyğun olaraq Seyfəli poliqonuna çıxarılan tabor gecə və gündüz vaxtı texnikadan, qrup və atıcı silahlardan istifadə etməklə döyüş atışı keçirmiş, tapşırığın icrasına tam nail olmuşdur.
Dövlət Sərhəd Xidmətinin bir qrup sərhədçisi ötən il və bu ilin iyun ayında Müdafiə Nazirliyi ilə birgə keçirilən taktiki təlimlərdə yüksək bacarıq nümayiş etdirmişdir. Hər iki təlimin sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılanlar arasında sərhədçilər də olmuşdur.
Cari ilin iyun ayının 14-də Xəzər dənizində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Rusiya Federasiyası FTX Sərhəd Xidmətinin "Xəzər dənizi hövzəsində terror və qaçaqmalçılıq fəaliyyətinin, narkotik vasitələrin qanunsuz dövriyyəsinin, qeyri-leqal miqrasiya, digər qanunazidd hərəkətlərin aşkarlanması və qarşısının alınması, bioloji sərvətlərin qorunması, qəzaya uğramış gəmiyə yardım və insanların xilas edilməsi" mövzusunda birgə əməliyyat-taktiki təlimlər keçirilmişdir.
Təlimlərin əsas məqsədi dəniz sərhədlərinin mühafizəsində qarşılıqlı əməkdaşlığın inkişafı və genişləndirilməsi, dənizdə mümkün təhdidlərin zərərsizləşdirilməsi zamanı qarşılıqlı əlaqənin təşkili, birgə sərhəd əməliyyatlarının keçirilməsi vərdişlərinin işlənilməsi, xilasetmə əməliyyatlarında qarşılıqlı fəalliyyətin təkmilləşdirilməsi olmuşdur. Təlimlərə sərhəd gözətçi gəmiləri, iti sürətli katerlər, çevik qruplar, texniki müşahidə məntəqələri və sərhəd aviasiyası cəlb edilmişdir.
Üç mərhələdə keçirilmiş təlimlərdə şərti sərhəd pozucusu olan gəminin axtarışı, dayandırılması və gəmi heyətinin zərərsizləşdirilməsi, qəzaya uğramış gəmiyə köməklik göstərilməsi və dənizə düşmüş insanların xilas edilməsi, gəmi artilleriyasının tətbiqi elementləri icra olunmuşdur. Keçirilən təlimlərdə Dövlət Sərhəd Xidmətinin bölmələri möhkəm ciddi intizam və yüksək döyüş hazırlığı nümayiş etdirmiş, qarşıya qoyulan vəzifələri tam həcmdə yerinə yetirmişlər. Təlimlər əyani şəkildə sübut etmişdir ki, sərhədçilər dəyişkən döyüş və xidməti-əməliyyat şəraitində bütün tapşırıqları yerinə yetirməyə qadirdirlər, yüksək peşəkarlığa, mənəvi-psixoloji, fiziki və taktiki-texniki hazırlığa malikdirlər.
Ötən ilin avqust ayından bəri dövlət sərhədini pozduqları üçün 258 halda 408 nəfər saxlanılmışdır. Saxlanılan sərhəd pozucularının 57,6 faizi Azərbaycan, 11,3 faizi İran, 7,8 faizi Gürcüstan, 6,9 faizi Banqladeş, 3,9 faizi Pakistan, 3,2 faizi Rusiya, qalanları isə Türkiyə, Əfqanıstan, Özbəkistan, Böyük Britaniya, Hollandiya, İspaniya, Suriya, Hindistan, İraq, Ukrayna, Nigeriya, Qazaxıstan vətəndaşları olmuşlar. Sərhəd rejim qaydalarını pozduqları üçün 8678 nəfər saxlanılaraq barələrində lazımi tədbirlər görülmüşdür. Son bir il müddətində ümumi dəyəri təxminən 4 milyon 215 min manat məbləğində qaçaqmal saxlanılmışdır. Narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə tədbirləri nəticəsində 296 kiloqram 939,3 qram narkotik maddə aşkar olunaraq götürülmüşdür. Axtarışda olan 906 nəfər dövlət sərhədindən keçərkən saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Peşəkarlığı, nizam-intizamı, döyüş və səfərbərlik qabiliyyəti, vətənpərvərlik hissi yüksək olan sərhədçilərimiz Vətənimizin hüdudlarının mühafizəsi işini məsuliyyətlə həyata keçirir, müqəddəs sərhədlərimizin toxunulmazlığını mərdliklə təmin edirlər.
Elşən Məmmədov
Səs.- 2010.- 18 avqust.- S. 8-10.