Füzuli və Cəbrayılın işğalından 17 il keçir

 

Bu rayonların işğalı nəticəsində Azərbaycana 9 milyard dollardan çox maddi ziyan dəymişdir

 

Avqustun 18-də Füzuli, 23-də isə Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğalından 17 il ötür. Xatırladaq ki, 1993-cü il avqustun 15-dən genişmiqyaslı hərbi əməliyyatlara başlamış erməni-rus işğalçı qüvvələri avqustun 18-də Cəbrayılın,  onun ardınca isə Füzulinin kəndlərini işğal etdilər. Avqustun 23-də isə rayon mərkəzləri bütünlüklə ermənilərin nəzarətinə keçdi.

Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Azərbaycana 10 milyardlarla dollar ziyan vurub. 1993-cü ildə Cəbrayıl və Füzuli rayonlarının işğalı ilə Azərbaycan iqtisadiyyatı 9 milyard dollar məbləğində vəsait itirib. Təkcə Cəbrayıl rayonunun işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən ziyan 3 milyard dollardan çoxdur. İqtisadçılar bildirirlər ki, əgər Cəbrayıl rayonu işğal olunmasaydı, indi hər il Azərbaycan iqtisadiyyatına milyonlarla manat xeyir verərdi. Çünki rayonda bir çox sahələr, o cümlədən, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş kənd təsərrüfatı sahələrindən sayılıb. Bu günköçkünlük həyatı yaşayan bu insanların böyük bir qismi yenə də aqrar sektorda çalışır. Onu da vurğulamaq lazımdır ki, iqtisadiyyata dəyən zərər aqraristehsal sahəsindəki ziyanla bitmir. Aparılan hesablamalara görə, işğal altında 14 mindən çox daşınmaz əmlak qalıb. Təkcə şəxsi evlər yox, dəyərinin hesablanması mümkün olmayan tarixi-mədəni abidələr də işğal altındadır.

Qeyd edək ki, Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb. Xatırladaq ki, 1993-cü il avqustun 23-də ərazisi 1050 kvadratkilometr olan Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

1993-cü il avqustun 23-də erməni-rus işğalçı qüvvələri tərəfindən işğal olunan Füzuli rayonu isə Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Əsası 1827-ci ildə qoyulubilkin adı Qarabulaq olan rayon 8 avqust 1930-cu ildə təşkil olunubQaryagin adlandırılıbdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıbdır. Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olub. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Rayonun işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd vardır. 12 qəsəbə işğaldan azad olunaraq ərazidə yeni qəsəbə salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq orada yerləşdirilmişdir. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıbdır.

Füzuli rayonun da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf etmişdir. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi. İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxozsovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri var idi. Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII, XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışmışlar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin daha bir  sübutudur.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə yüzlərlə Füzuli sakini şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzuli rayonunun əhalisi Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və şəhid vermişdir. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Qacar, Divannalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişdirr. Avqustun 23-ü 1993-cü ildə ecazkar Füzuli torpaqları da girov düşdü, əsir alındı. Hazırda 51 kənd və rayon mərkəzi erməni tapdağı altında zillət çəkir, 55 min nəfərə yaxın Füzuli sakini  köçkün həyatı yaşayır.

Bütün bu çətinliklərə baxmayaraq, böyük ümidlə yaşayan soydaşlarımız, bütün Azərbaycan xalqı ümid edir ki, işğal olunmuş torpaqlarımız yaxın zamanlarda erməni zülmündən azad ediləcək. Minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaq. O gün gələcək ki, işğal olunmuş rayonlarımız yenidən öz əvvəlki qüdrətini, əzəmətini bərqərar edəcək. Buna bütün Azərbaycan xalqı, o cümlədən, bir milyondan çox öz doğma yurdundan qaçqın və köçkün düşmüş soydaşlarımız inanır. Çünki bu gün onlar ölkə Prezidenti İlham Əliyevin daxilixarici siyasətini qətiyyətlə dəstəkləyir, ona möhkəm inanırlar. Ölkə başçısının müdrik siyasəti sayəsində baş verən proseslər tezliklə torpaqlarımızın işğaldan azad olacağına ümid yaradır. Əgər düşmən sülhə gəlməsə, hər bir Azərbaycan vətəndaşı döyüşə tam hazırdır və o, Ali Baş Komandanın əmrini gözləyir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 20 avqust.- S. 5.