Humanistliyin ən uca zirvəsi
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva ümumxalq məhəbbəti qazanıb
“Heydər Əliyev Fondu
Azərbaycanı gələcəyə aparan gözəl bir
vasitədir. Modernləşmə, müasirləşmə,
dünya birliyinə inteqrasiya, Azərbaycanın milli
maraqlarının müdafiə edilməsi, Azərbaycanın
olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu
şərəfli funksiyalar bu fondun üzərinə
düşübdür"- Prezident İlham Əliyevin bu
sözləri Heydər Əliyev Fondunun və onun rəhbəri
Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən
ən yüksək qiymətdir.
Dünyada az-az insan
tapılar ki, başqalarının xoşbəxtliyinə
öz səadəti kimi sevinsin, problemləri ilə
yaxından maraqlansın, xeyriyyəçilik fəaliyyətinə
bu qədər dəyər versin, bəşəri
duyğulardan güc alan ali ideyaların həyata keçirilməsi
üçün çalışsın. Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun, 51 müsəlman dövlətinin təmsil
olunduğu nufuzlu beynəlxalq mədəni-humanitar təşkilat
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyeva belə nadir şəxsiyyətlərdəndir.
Bu gün hər bir azərbaycanlı üçün başucalığı gətirən, qürur hissi doğuran "xoşməramlı səfir" adını layiqli işi ilə doğruldan, Azərbaycanın bir çox beynəlxalq təşkilatda tanınması üçün vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirən Mehriban xanım Əliyeva "Əsrlərin messanatları" Beynəlxalq Xeyriyyəçilik Fondunun Yaqut Xaç ordenini almış ilk qadındır. Ölkənin birinci xanımı kimi respublika əhəmiyyətli işlərdə təşəbbüskarlığı ilə seçilən Mehriban xanımın ana, uşaq, ailə problemilərinin öyrənilib aradan qaldırılmasında göstərdiyi xidmətlər saysız-hesabsızdır. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə əməkdaşlıq edərək ikitərəfli münasibətlərdən bəhrələnən beynəlxalq təşkilatların nümayəndələri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunan konfrans və simpoziumlarda iştirakdan məmnun qalmaqla belə görüşləri Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı istiqamətində atılan mühüm addım kimi qiymətləndirirlər.
"Uşaq evləri və internat mətəblərinin inkişafı proqramı" çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində respublika ərazisində təşkil olunan məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyəti canlandırıldı. 29 uşaq müəssisəsində müasir tələblərə uyğun təmir işləri aparıldı, yaşayış üçün rahat kommunal şəraiti yaradıldı. 820 yerlik 5 internat məktəbi, 3 uşaq bağçası yenidən quruldu, maddi-texniki bazası yeniləndi.
Uzun müddət üçün nəzərdə tutulan və bu gün də davam etdirilən "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramının həyata keçirilməsi ilə regionlarda, xüsusilə, sərhəd bölgələrində məktəb tikintisinə diqqəti artıran xeyriyyəçi Mehriban xanımı haqlı olaraq təhsilin himayəçisi adlandırırlar. Yorulmaz fəaliyyəti, humanistliyi, nəcibliyi, xeyirxahlığı ilə diqqəti cəlb edən Mehriban xanım çətinliklərlə üzləşənin himayəçisi, yaxın məsləhətçisi və qayğıkeşidir. "Təhsilə dəstək" layihəsi çərçivəsində həyata keçirilən tədbirlər sayəsində daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş köçkünlərlə görüşləri zamanı qəlbi kövrək insanlara göstərdiyi xoş münasibət, ana və qadına xas mehribanlıqla nisgilli qəlbləri ümidverici baxışları ilə ovudan, insanlara təsəlli verən Mehriban xanımı sözünü əməli ilə doğruldan bir cəfakeş adlandırmaq daha düzgün olardı.
Ölkəmizin dünya birliyində tanınması üçün Bakıda keçirilən biri-birindən əhəmiyyətli beynəlxalq tədbirlərin təşəbbüskarı olan Mehriban Əliyevanın Azərbaycanın Avropa təhsil sisteminə inteqrasiyası sahəsində gördüyü misilsiz işlər həmişə müsbət nəticəsini göstərir. "YUNESKO- Azərbaycan: gələcəyə körpü" adlı beynəlxalq konfransın bir növ davamı olan dünyada savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regional konfransları çərçivəsində keçirilən "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" adlı beynəlxalq tədbirdə çıxış edən Mehriban xanım Əliyeva ölkələr arasındakı tərəfdaşlığın bərqərar olması və inkişafı üçün təhsilin strateji əhəmiyyətindən bəhs edərək dünya ictimaiyyətini həmrəyliyə səslədi.
Dünya miqyasında tanınmış simalardan olan Nəsirəddin Tusidən söz düşəndə, onu tək alim kimi təqdim etmirlər. Kimi üçün o, kainat elmlərini öyrənən astronom, başqası üçün məşhur riyaziyyatçı, filosof, coğrafiyaşünas, təbib, bilikli əczaçı... və s. sahələrdə məşhur olmuş elm xadimidir. Mehriban xanım Əliyevanın da ictimai fəaliyyəti çoxşaxəlidir. Təhsilin, səhiyyənin inkişafı üçün böyük əmək sərf edən xoşməramlı səfir kimi Azərbaycan tarixinin, adət-ənələrinin, mədəniyyət və incəsənətinin dünya xalqları tərəfindən tanınması üçün apardığı müxtəlif istiqamətli işlər saysız-hesabsızdır. Məhz onun təşəbbüsü ilə nəfis şəkildə hazırlanan "Qarabağ xanəndələri" musiqi albomu xalq muğamlarının dünyada tanınması üçün ən böyük töhfədir. Azərbaycan muğam sənətinin inkişafı və ənənələrinin yaşanması üçün nəzərdə tutulan " Muğam irsi", "Muğam dəstgah", "Muğam ensiklopediyası" və digər layihələr çərçivəsində hazırlanan bu albomda 24 muğam ustasının ifasında səslənmiş incilər toplanmışdır. Muğam ustalarının da etiraf etdiyi kimi bu günədək Azərbaycan muğamına bu səviyyədə qayğı göstərilməmiş, təbliği aparılmamışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illiyi münasibətilə keçirilən muğam müsabiqəsinin təşkili gənc istedadları aşkara çıxarmaqla indiki nəsildə muğama olan rəğbəti artırdı.
Milli musiqi sənətimizin himayəçisi olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri siyahısına daxil edilmişdir. Mehriban xanımın təşəbbüsü ilə Şirvanşahlar sarayı kimi bir çox abidələrimiz də YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmış, əbədiliyi təmin olunmuşdur. Bakıda inşa olunan Beynəlxalq Muğam Mərkəzinin yaradılması isə bu istiqamətdə aparılan işlərin daha qlobal səviyyədə həyata keçiriləcəyinə şübhə doğurmur.
Tolerantlığı ilə fərqlənən ölkəmizdə Latın Mədəniyyəti Akademiyasının Heydər Əliyev Fondu ilə birgə təşkil olunan "Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan -sivilizasiyalararası dialoqun keçmişi və bugünü" adlı XIII beynəlxalq konfransda iştirak edən xarici qonaqlar bir daha xalqımızın zəngin tarixi, mədəni əlaqələri ilə tanış oldular. Bu sahədə də Mehriban xanım əsil vətəndaşlıq borcunu layiqincə yerinə yetirdi.
Müstəqillik qazandıqdan sonra qısa müddətdə dinamik inkişaf yolu keçən Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılması üçün təbliğatçılıq sahəsində də fərqlənən fond tərəfindən hazırlanan nəşrlər olduqca müxtəlif və rəngarəngdir. Beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulan və bir neçə dildə hazırlanan "Qarabağ tarixi haqqında məlumat", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" adlı kitabçalardan ibarət "Qarabağ həqiqətləri" toplusu Avropanın 15 ölkəsində soyqırımına məruz qalmış soydaşlarımızın, günahsız qurbanların xatirəsinə həsr olunmuş mərasimlərdə iştirak edən xarici ölkələrin diplomatik korpuslarına paylanılmışdır. Real faktları, Azərbaycan həqiqətlərini əks etdirən bu nəşrlərin dünya ictimaiyyətinə çatdırılması nəticəsində avropalılar Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində evlərindən didərgin düşən insanların düçar olduğu bəlaların əsil səbəblərini də öyrənirlər.
Sadaldıqlarımızı Mehriban xanımın xidmətləri barədə qısa xronoloji fəaliyyət proqramı kimi təqdim etdik. Onun təşəbbüsü ilə ekologiyamızın qorunması üçün keçirilən "Təmiz hava aylığı" ictimaiyyət tərəfindən dərin rəğbətlə qarşılandı. Bütün kollektivlərin, təşəbbüsdə fərdi qaydada iştirak edən insanların birgə səyi ilə Bakıda və paytaxtdan kənar ərazilərdə on minlərlə ağac və gül kolları əkildi. Ölkəmizdə gimnastikanın yaradılması və inkişafı da məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Gənc qızlar arasında idmanın bu növünə marağın artmasında Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın əməyi misilsizdir.
Mehriban xanım haqqında geniş danışmağa, yazmağa ehtiyac yoxdur. Mehriban xanımın regionlara səfərləri zamanı insanlara göstərdiyi qayğını, diqqəti xatırlamaq kifayətdir. Rayonlara səfərləri zamanı insanların, xüsusilə, aztəminatlı və məcburi köçkün ailələrinin həyat tərzi, yaşayışı ilə yaxından maraqlanan Mehriban xanım onlara lazımi köməklik göstərilməsini vətəndaşlıq və insanlıq borcu hesab edir. Müalicəsi xarici ölkələrdə mümkün olan xəstələrə göstərdiyi qayğıya görə Fondun prezidenti Mehriban xanıma ünvanlanan minnətdarlıq məktubları saysız-hesabsızdır. Başqa sözlə deyilsə, bütün körpələri öz övladı kimi sevib onların fiziki və mənəvi sağlamlığı üçün qayğısını əsirgəməyən Mehriban xanım ölkənin birinci xanımı olmaqla, həm də bütün azərbaycanlı qadınların himayəçisi, xeyirxahı, məsləhətçisidir. Ona daha böyük uğurlar arzulayırıq.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 24 avqust.- S. 3.