Azərbaycan muğamı beynəlxalq
səviyyəli janr olaraq
qəbul olunub
Mehriban xanım Əliyevanın
muğamın yaşadılması ilə bağlı həyata
keçirdiyi layihələr bəhrəsini
verməkdədir
Azərbaycan
xalqının mədəni ənənələri dərin
tarixi köklərə malikdir. Bu mədəni ənələrin
daşıyıcılarının sayının kifayət qədər
olması milli mədəniyyətdə mühüm rola
malikdir. Həm milli mədəniyyət üçün, həm
də bütün bəşər mədəniyyəti
üçün Azərbaycan muğamının bədii dəyəri,
onun yüksək mənalılığı YUNESKO kimi
nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf
olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin
şifahi və qeyri-maddi irsinin şah əsərlərindən
biri" elan etmişdir.
Heydər Əliyev Fondu
tərəfindən hazırlanmış "Azərbaycan
muğamı" multimedia toplusu və "Muğam aləmi"
Azərbaycan milli muğam sənətinin köklərinin
müasir dövrümüzdə yüksək səviyyədə
təqdiminə yönəlmişdir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi "Azərbaycan muğamları" layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış "Qarabağ xanəndələri" musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdur. Fond tərəfindən hazırlanan "Muğam ensiklopediyası" qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirərək gənc istedadlı xanəndələri üzə çıxarmaq və muğam sənətini dünyada təbliğ etmək məqsədi daşıyır.
Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri "Azərbaycan muğamı" interaktiv audiovizual multimedia toplusu və "Muğam aləmi" nəşridir.
Fondun "Azərbaycan muğamları" layihəsi çərçivəsində tədris vəsaiti kimi təqdim olunan "Azərbaycan muğamı" multimedia toplusu musiqi irsimizin ən qiymətli incisi olan muğamın növlərini, janrlarını, mənşəyini, quruluşunu, musiqi məzmununu və kompozisiya xüsusiyyətlərini ətraflı şərh edir. "Azərbaycan muğamı" interaktiv audiovizual multimedia toplusu 8 diskdən ibarətdir. Toplu Azərbaycan və ingilis dillərində hazırlanmışdır.
"Muğam aləmi" toplusu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalına həsr olunmuşdur. Toplu Azərbaycan, rus, ingilis dillərində kitab və Azərbaycan muğam operalarının, simfonik muğamların, klassik Azərbaycan muğamlarının, tanınmış xarici musiqiçilərin çıxışlarının və etnocaz nümunələrinin toplandığı 33 DVD-dən ibarətdir.
Beynəlxalq festivalın materiallarını özündə əks etdirən "Muğam aləmi" nəşri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sözləri ilə başlayır. Maraqlı fotoşəkillərlə zəngin olan nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranın festivalın açılış mərasimindəki çıxışlarına, habelə, Mehriban xanım Əliyevanın festival çərçivəsində beynəlxalq elmi simpoziumdakı çıxışına da yer verilmişdir.
Yaxın keçmişdə arzulanan layihələr artıq real bir şəkildə təqdim olunur. İki layihə muğam dünyasının təbliğində vacib addımlarda öz dəyərli qiymətini almışdır. Bunun ardınca birinci Beynəlxalq Muğam Festivalının təşkili Azərbaycan muğamının əlçatmaz zirvə olduğunu nümayiş etdirdi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğamın yaşadılması ilə bağlı həyata keçirdiyi layihələr öz nəticəsini verməkdədir. Fondun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan Muğam Mərkəzinin inşasıdır. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliğində əhəmiyyətli rol oynamışdır. Qeyd edim ki, Prezident İlham Əliyev cənablarının məlum Sərancamı əsasında inşa olunan Beynəlxalq Muğam Mərkəzi xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidənin ucaldılması istiqamətində ciddi addım oldu. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli Beynəlxalq Muğam Mərkəzinin inişası milli musiqimizin dünya səviyyəsində təqdiminə söykənən göstəricilərdəndir. Binanın Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırlatması, ən müasir texnologiyadan istifadə edilməsi Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği ilə bağlıdır. Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atılmışdır.
Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Azərbaycan muğamı artıq beynəlxalq səviyyəli bir sənət növü, janr olaraq dünya tərəfindən qəbul olunub. Bu, Azərbaycan milli mədəniyyətinin, dəyərlər səviyyəsinin ölçüsü, onun bəşəriliyinin bir göstəricisidir. Məhz belə bir sənət növünün beynəlmiləlləşməsi əlamətdar bir hadisədir. 26 Avqustun Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunması bir daha Azərbaycan mədəni irsinə beynəlxalq səviyyədə verilən qiymətdir. Bu barədə qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq, hər il keçirilən beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Hər il 26 Avqustda Niaqarada Azərbaycan muğamları səslənəcək. Avqustun 24-dən 28-dək isə Torontoda və Niaqarada keçiriləcək 12-ci beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycanın simfonik musiqisi və muğam günləri təşkil olunacaq. Konsertlər çərçivəsində "Qarabağ şikəstəsi", "Çahargah", "Heyratı" muğamları ilə yanaşı, Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin, Qara Qarayevin, Müslüm Maqomayevin və digər klassiklərimizin əsərləri Kanadanın "İpək Yolu" kamera orkestrinin ifasında səsləndiriləcək.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2010.- 25 avqust.- S. 3.