“Seçkilərin mediada əks etdirilməsi"

 

Bu mövzuda ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə KİV-in seçki prosesində iştirakına həsr olunmuş dəyirmi masa keçirilib

 

Dünən ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "Seçkilərin mediada əks etdirilməsi" mövzusunda keçirilən dəyirmi masada çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel giriş nitqində bildirib ki, plüralist media demokratik seçkilər üçün mühüm əhəmiyyət kəsb edir və ofis Azərbaycan mətbuatına bu sahədə hər cür kömək göstərməyə hazırdır: "KİV seçki prosesi dövründə siyasi partiyalar, koalisiyalar, vətəndaşların təşəbbüs qrupları və müstəqil namizədlərin ədalətli və qərəzsiz şəkildə xəbər buraxılışlarında yer almasına, eləcə də, müsahibələr, məqalələr, debatlar və kampaniya fəaliyyətlərini yayımlamaq vasitəsilə onların ədalətli təşviqinə səy göstərməlidir".

Dəyirmi masada MSK sədri Məzahir Pənahov seçki kampaniyalarının aparılmasında medianın mühüm roluna diqqəti yönəltdi. M.Pənahov parlament seçkiləri ərəfəsində MSK-nın öz işini gücləndirdiyini və bu işin KİV-in iştirakı ilə davam etdiyini vurğuladı.

M.Pənahov, həmçinin, Avropa Birliyinin Azərbaycandakı seçkilərə müşahidəçi göndərməməsi xəbərinə də toxunaraq bildirdi ki, görünür bu maliyyə məsələsi ilə bağlıdır: "Bir də, Avropa Birliyinin Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməməsinin səbəbini onların özündən soruşmaq lazımdır. Ümumiyyətlə, bu qurum müşahidəçiliklə məşğul olmur. Ancaq istənilən halda biz arzu edirik ki, beynəlxalq təşkilatlar müşahidə prosesində iştirak etsinlər. Onlar da bizim bu arzumuzu nəzərə alıb gəlirlər. Bir də, istənilən qurumun əvvəlcədən proqramı tutulur, ola bilər ki, Azərbaycandakı seçkini izləmək o proqrama daxil edilməyib. Bunun başqa səbəbi yoxdur".

M.Pənahov onu da vurğuladı ki, MSK parlament seçkilərinə hazırlıq çərçivəsində bu il yanvarın 1-dən başladığı işi uğurla davam etdirir.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov seçki atmosferinin formalaşmasında medianın rolunun vacibliyinə toxunaraq ATƏT-in Bakı ofisinin bu istiqamətdə fəaliyyətini alqışladı: "Bu fəaliyyət öz müsbət nəticələrini verəcək. Hesab edirəm ki, ATƏT-in təşkil etdiyi bu üçüncü seminar Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsi, o cümlədən, Azərbaycan cəmiyyətində  fəal seçki mühitinin formalaşması anlamında mühüm əhəmiyyət kəsb edir". 

Ə.Həsənov demokratik ölkələrdə seçki proseslərinin əsas tərkib əlamətlərinə toxundu: "Bildirim ki, demokratik ölkələrdə seçki prosesinin üç əsas tərkib hissəsi var. Birincisi, seçkiyə aid təşkilati məsələdir. Bu məsələlər Azərbaycanın Mərkəzi Seçki Komissiyası və onun strukturuna daxil olan, bütövlükdə, dairə və məntəqə seçki komissiyaları tərəfindən təşkil olunur. MSK-nın formalaşması Azərbaycanın Seçki Məcəlləsinə əsaslanır. Bu qurumun fəaliyyətinin əsasları, ümumiyyətlə, Azərbaycanda seçkilərin bütün qanuni əsasları vahid Seçki Məcəlləsində öz əksini tapıbdır.

Seçkinin keçirilməsinin ikinci tərkib hissəsi cəmiyyətin seçkilərə hazırlanması prosesidir. Bu prosesi, heç bir qanunda əks etdirmək mümkün deyil. Bunun üçün cəmiyyətin bütün təbəqələri, maraqlı qurumlar, hakimiyyət strukturları, seçkiyə qatılan siyasi institutlar, ayrı-ayrı namizədlər, seçici blokları və MSK seçkilərin elan olunduğu il boyu bu və ya digər fəaliyyət həyata keçirməlidirlər. Bu mərhələdə istər təşkilati, istər ideoloji, istər təbliğati, istərsə də, bilavasitə, təmaslar vasitəsi ilə Azərbaycan cəmiyyətini seçki prosesinə hazırlamalıdırlar.      

Üçüncü əsas mərhələ, bilavasitə, seçkilərin keçirilməsi prosesinin təşkili və təbliğidir. Bu proses, əsasən, namizədlərin qeydə alınması, məntəqə və dairələrin işinin və namizədlər arasında azad seçki yarışının təşkilindən ibarətdir".

 

"Parlament seçkilərində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir administrativ resursdan istifadə olunmayacaq"

 

"Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir administrativ resursdan istifadə olunmayacaq" fikrin söyləyən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Ə.Həsənov bildirdi ki, seçkilərin işıqlandırılmasında Seçki Məcəlləsində göstərilən bütün imkanlardan istifadə olunacaq: "Azərbaycan hökuməti adından bəyan edirəm ki, builki seçkilərdə KİV-in iştirakını məhdudlaşdıran heç bir administrativ resursdan, qərardan istifadə edilməyəcək. Seçki Məcəlləsinə müvafiq olaraq KİV-in seçkilərdə iştirakı tam təmin olunacaq. Namizədlərin kütləvi informasiya vasitələrinə çıxışı ilə bağlı qanunda, Mərkəzi Seçki Komissiyasının təlimatlarında göstərilmiş bütün müddəalara lazımi səviyyədə əməl olunacaq. Burada dövlət olaraq özəl televiziya və ya özəl mətbuatın adına öhdəlik götürə bilmərik ki, onların səhifələrinə necə gedəcək. Lakin özəl televiziya və ya mətbuatın da seçkilərdə iştirakı üçün heç bir məhdudlaşdırıcı tədbir həyata keçirməyəcəyik. İctimai Televiziyada bütün namizədlərin azad seçki təbliğatı aparması üçün bərabər şərait yaradılacaq. Digər televiziyalar da seçki təşviqatının aparılmasına, o cümlədən, Dövlət Televiziyasında, bütövlükdə, Azərbaycan cəmiyyətində seçki mühitinin formalaşması məqsədilə seçki təşviqatının aparılmasına lazımi dəstək veriləcək. Biz maraqlıyıq ki, seçki mühiti tam aşkar, demokratik, ədalətli keçirilsin və Azərbaycan seçicisi, cəmiyyəti kimin qanunverici hakimiyyətdə onu təmsil etməsini istəyirsə, kimə səs verirsə,  prosesdə şəffaflığı təmin edir", - deyə o, əlavə edib".

Ə.Həsənov onu da vurğuladı ki, KİV təkcə seçki təbliğatının həyata keçirən qurum deyil, o, eyni zamanda, seçki mühitinin aşkarlığını təmin edən qurumdur: "Qeyd edim ki, KİV-in fəaliyyətinin Azərbaycan cəmiyyətinin azad bir strukturuna çevrilməsi 1998-ci il 6 avqustda ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə təmin olunub. Ona görə də, KİV yeganə institutdur ki, onun seçkiləri müşahidə etməsi, seçkilərlə bağlı bu və ya digər materiallar dərc etməsi, seçki prosesini işıqlandırması üçün heç bir yerdə qeydiyyatdan keçməyə ehtiyacı yoxdur. KİV həm sərbəst şəkildə müşahidə missiyasını həyata keçirə bilər, seçkilərdə namizədlərarası yarışı təşkil edə bilər, həm də Azərbaycanda keçirilən seçkilərin imicini formalaşdıra bilər".

KİV-in Azərbaycanda keçirilən seçkilərin imicinin formalaşması məsələsinə toxunan Ə.Həsənov 1995-ci ildə yeni Konstitusiyanın qəbulundan sonra seçki institutlarının formalaşdırılması prosesi, eyni zamanda, seçki praktikasının təkmilləşdirilməsi ilə bərabər həyata keçirildiyini söylədi: "1995-ci ildə parlament, sonra referendum, 1998-ci il prezident seçkiləri, 2000-ci il parlament seçkiləri, sonrakı proseslərdə bələdiyyə seçkiləri də əlavə olunmaqla hər beşillikdə Azərbaycanda üç seçki keçirilir".

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri seçki prosesi ilə seçkidən sonrakı vəziyyətin fərqli olduğunu bildirdi: "Seçki prosesində hamı prosesin normal olduğunu deyir. Nəticələr açıqlanandan sonra isə qalib gələ bilməyənlər deyir ki, saxtakarlıq, problem var".

 Ə.Həsənov KİV nümayəndələrini seçki prosesində fəal iştirak etməyə və şəffaf şəkildə müşahidə etməyə çağıraraq, siyasi partiyaların real fakta söykənməyən açıqlamalırını üzə çıxarmağa və Azərbaycan dövlətinin seçki imicinini qorunub saxlanmasına dəvət etdi.

 

Yeni Azərbaycan Partiyası müxalifətin uğur qazanmamasında KİV-i günahlandırmağı əsassız sayır

 

Konfransda çıxış edən YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov müxalifətin mətbuatın ünvanına söylənilən qeyri-obyektiv fikirlərin əssasız odlduğunu bildirdi: "Bugünkü Azərbaycan müxalifəti 20 ildir ölkədə müxalifətçiliklə məşğuldur. Əgər bu müddət ərzində müxalifət əhali tərəfindən dəstəklənməyibsə, burada medianı günahlandırmaq, ən azından, insafsızlıqdır".

YAP Sədrinin müavini Ə.Əhmədov seçki zamanı hər hansı bir partiyanın nümayəndəsinin lazım olan qədər səs toplamaması, bütövlükdə, seçki prosesinin üzərinə kölgə salmamaq üçün əsas vermir: "Hesab edirəm, hökumət Azərbaycanda seçki prosesinin şəffaflığının kifayət qədər təmin edilməsini, seçki prosesinə ictimai nəzarətin təmin edilməsi məqsədilə mətbuata normal şərait yaradıb. Seçki kampaniyası gedişində bütün siyasi partiyalara da eyni dərəcədə heç bir fərq qoyulmadan və heç bir qərəz olmadan öz platformalarını Azərbaycan seçicilərinə təqdim edə bilirlər. Bundan sonrakı məsələ seçicilərin hüquqlarına aiddir".

Ə.Əhmədov bəzi mətbuat orqanlarının seçki prosesi ilə əlaqədar hakim rolu oynadığı da vurğuladı: "Seçki prosesinin bütün nəticəsi, eyni zamanda, xalqın kimə səs verdiyini seçki komissiyaları, seçki dairələri və MSK həll edir. Lakin bu səlahiyyətləri bəzi partiyaların nəzarətində olan qəzetlərin öz üzərinə götürürlər. Kimin seçildiyini, kimin seçilmədiyi ilə bağlı heç bir əsasa söykənməyən yazıları öz səhifələrinə çıxarırlar. Bu isə, ən azından, bütövlükdə, seçicilərin iradəsinə hörmətsizlikdən savayı, həmçinin, Azərbaycanda seçki prosesinə etimadsızlığın formalaşmasına yönəldilmiş düzgün olmayan bir xəttdir. Hesab edirəm ki, hamımız seçkilərə etimadın formalaşmasına diqqətlə etimad göstərməliyik".      

Dəyirmi masada Mətbuat Şurasının, siyasi partiyaların, vətəndaş cəmiyyətinin, Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəliklərin təmsilçiləri də iştirak edirdi.

 

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 25 avqust.- S. 4.