Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər...

 

Əli Əhmədov: “Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünlüyü ağlabatan deyil"

 

Son günlər Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Qeyd edək ki, sərhədlərin açılıb-açılmaması ilə bağlı fərqli versiyalar bu gün də irəli sürülməkdədir. Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünsüzlüyünü bildirdi: "Mən belə hesab edirəm ki, həm Azərbaycan, həm də Türkiyə cəmiyyəti hər iki ölkənin xalqları üçün çox mühüm əhəmiyyət kəsb edən məsələ ilə əlaqədar öz mövqelərini bildiriblər.

Bundan sonra Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünlüyü ağlabatan deyil".

Ə.Əhmədovun sözlərinə görə, iki ölkə arasında dostluğa xələl gətirmək məqsədilə istər Ermənistan, istərsə digər bir üçüncü dövlət tərəfindən müxtəlif təxribatlar hazırlanır ki, bunlardan biri də, mütəmadi olaraq, guya Türkiyə-Ermənistan sərhədlərinin açılması haqqında informasiyanın sızdırılmasıdır: "Mən belə hesab edirəm ki, Azərbaycan cəmiyyəti olaraq biz Türkiyənin hakim dairələrinin Ermənistanla sərhədlərinin açılmasının Azərbaycanın torpaqlarının işğalı ilə əlaqələndirilməsinə dair verdikləri bəyanatlara hörmət və etibarla yanaşmalıyıq. Güman edirəm ki, bu, baş tutmaq ehtimalı olmayan hadisələr sırasındadır".

NATO tərəfindən Ermənistanda həyata keçiriləcək təlimlərlə əlaqədar müvəqqəti olaraq sərhədlərin açılmasının mümkünlüyünə gəlincə, Yeni Azərbaycan Partiyası Sədrini müavini Ə.Əhmədov bununla əlaqədar müxtəlif təhlillərin aparıldığını vurğuladı: "Mən belə hesab edirəm ki, Azərbaycan və Türkiyənin müvafiq rəsmi dairələri və qurumları bu məsələni müzakirə edib ən düzgün qərarı qəbul edə biləcəklər".

Ə.Əhmədov Rusiyanın Gümrüdəki hərbi bazanın Ermənistan ərazisində qalma müddətinin uzadılmasına dair sənədin imzalanmasına da münasibət bildirdi: "Azərbaycan tərəfi olaraq biz yaranmış vəziyyətin aradan qaldırılması üçün imkanlarımız daxilində tədbirlər görməliyik. Əks halda, Cənubi Qafqazda proseslərin hansı istiqamətdə gedəcəyini proqnozlaşdırmaq çətin olacaq".

Ermənistan və Rusiya arasında Gümrüdəki hərbi bazanın müddətinin uzadılmasına dair sənədin imzalanmasının qəti əleyhinə olduğunu deyən YAP Sədrinin müavini Ə.Əhmədovun sözlərinə görə, belə bir müqavilənin hazırlanması Cənubi Qafqazda hərbi-siyasi balansın pozulmasına gətirib çıxarır: "İkinci tərəfdən, Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş Rusiyanın tərəflərdən biri ilə belə müqavilə imzalanması vasitəçilik missiyasının qərəzsiz şəkildə həyata keçirilməsinə ciddi şübhələr yaradır".

Millət vəkili onu da söylədi ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün gücünü artırmalı, bununla da qüvvələr nisbətindəki balansı saxlamalıdır: "Rusiyanın rəsmi dairələri müqavilənin Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınma prosesinə mənfi təsir göstərməyəcəyini deyirlər. Biz buna müəyyən zamana qədər inanacağıq. Rusiya prezidentinin payızda Bakıya səfərindən Azərbaycan tərəfi balans yaradılması və münasibətin ortaya qoyulmasını gözləyir".

Ə.Əhmədov onu da bildirdi ki, YAP baş verənlərdən narahatlığını ifadə edir və Rusiyanın hakim "Vahid Rusiya" Partiyası ilə bununla əlaqədar danışıqlar aparır. Onun fikrincə, hərbi siyasi balans pozulursa, bunun qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir və burada müxtəlif variantlar ola bilər. Rusiya və Ermənistanın son müqaviləsini neytrallaşdırmaq üçün Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdiriləcəyinə dair məlumatlara münasibət bildirən Ə. Əhmədov qeyd edib ki, Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi müvafiq müqavilələrlə Türkiyənin səlahiyyətlərinə daxildir: "Bu Türkiyənin vəzifələrindəndir və Türkiyə bu sahədə işlər görür. Bütövlükdə, Cənubi Qafqazda hərbi siyasi balansı qorumaq üçün digər formaların və formatların axtarılmasına ehtiyac var".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 25 avqust.- S. 5.