Heydər Əliyev Fondunun
dəstəyi ilə şəkərli diabetli
uşaqlar üçün
psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunub
Bu "Diabetli uşaqlara ən yüksək
qayğı" layihəsi çərçivəsində humanitar tədbirlərin davamıdır
Ümummilli liderimiz Heydər
Əliyevin adını daşıyan Heydər Əliyev Fondu
bütün millətin gələcəyi olan uşaqların
sağlamlığına daim diqqət yetirilməsinə
yönəldilən ənənələrə əsaslanaraq,
özünün başlıca vəzifələrindən biri
olan uşaq evlərindəki, internatlardakı uşaqlara və
yeniyetmələrə, kiçik yaşlı qaçqınlara
və məcburi köçkünlərə mənəvi və
maddi yardım göstərməkdir.
Uşaqların cəmiyyətimizin
sağlam üzvü kimi böyümələri və təhsil
almalarına, onların intellektual səviyyəsinin yüksəlməsində
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın xidmətləri
müstəsnalıq təşkil edir.
Mehriban xanım Əliyevanın
xeyirxah təşəbbüsü ilə həyata keçirilən
"Diabetli uşaqlara ən yüksək qayğı"
layihəsi cəmiyyətdə geniş əks-səda
doğurmuş və valideynlər, diabetə mübtəla
olmuş uşaqlar, eləcə də, beynəlxalq təşkilatlar
tərəfindən razılıqla
qarşılanmışdır. Layihə çərçivəsində
respublikaya inyektor və çoxlu ucluq gətirilmişdir.
Aksiya zamanı yeniyetmələrə, hamilə qadınlara,
qlükemik indeksi 9 faizdən yuxarı olanlara
üstünlük verməklə,
imkansız, xəstəliyin ciddi fəsadları olan vətəndaş
inyektor və ucluqla təmin edilmişlər. Səmərəli
tibbi xidmətin təşkilini vacib hesab edən Heydər Əliyev
Fondu 2004-cü ildən başlayaraq "Diabetli uşaqlara ən
yüksək qayğı" layihəsi çərçivəsində
hər il qeydiyyatda olan 14 yaşınadək pasiyentləri dərman
preparatı və qələm-iynə ilə təmin
etmişdir. Davamlı layihə ilə yanaşı, Fond beynəlxalq
əməkdaşlıq çərçivəsində
humanitar aksiyalar keçirərək şəkərli diabet xəstələr
üçün əldə etdiyi dərman
preparatlarını qaçqın, məcburi
köçkün və aztəminatlı ailələrdən
olan vətəndaşlara təqdim etmişdir. 2009-cu ilin
"Uşaq ili" elan edilməsi ilə əlaqədar
Bakı şəhərində yaşayan 276 uşaq şəhər
6 saylı klinik xəstəxanada müayinə edilərək
keyfiyyətli insulin analoqu və qələm-iynə ilə təmin
edilmişdir.
Heydər Əliyev
Fondunun digər qeyri-hökumət qurumları ilə həyata
keçirdiyi uğurlu layihələr bu sahədə Dövlət
Proqramına xüsusi dəstək olaraq respublikada şəkərli
diabet xəstələrin zəruri preparat və müayinələrlə
təminatında dönüş yaranmasına kömək
etmişdir, habelə, müxtəlif xəstəliklərə
tutulan uşaqlara yardım göstərmişdir.
Bu nəcib layihələrin
reallaşmasında əsas məqsəd ictimaiyyətin, milli və
xarici şirkətlərin diqqətini uşaqların
sağlamlığının qorunması, Azərbaycanın
diabetli uşaqlarının problemlərinin həllində Beynəlxalq
Diabet Federasiyasının iştirakını fəallaşdırmaq
məsələlərinə yönəltməkdir.
Heydər Əliyev
Fondunun həyata keçirdiyi "Diabetli uşaqlara ən
yüksək qayğı" layihəsi çərçivəsində
Lənkəran şəhərində şəkərli
diabetli uşaqların psixo-sosial reablitasiyası məqsədilə
təşkil edilmiş düşərgədə xüsusi
qayğıya ehtiyacı olan və çətin şəraitdə
yaşayan 25 şəkərli diabetli uşağa 4 həkim-diabetoloq,
5 tərbiyəçi-müəllim və 3 psixoloq xidmət
göstərmişdir. Uşaqlar iki həftə ərzində
Xəzər dənizi sahilində dincəlməklə
yanaşı, Lənkəran, Astara və Lerik
rayonlarının tarixi-mədəniyyət abidələri və
görməli yerləri ilə tanış olmuş, idman
yarışlarında, əyləncəli oyunlarda iştirak
etmiş, həkimlər tərəfindən onlara tibbi və
psixoloji yardımlar göstərilmişdir.
Heydər Əliyev Fondu tərəfindən
artıq ənənə halını almış "Diabetli
uşaqlara ən yüksək qayğı" layihəsi
çərçivəsində humanitar tədbirlər davam
etdirilməkdədir. "Diabetli uşaqlara ən yüksək
qayğı" layihəsinin icrasına başlanandan sonra
ictimaiyyətin, müvafiq dövlət qurumlarının, milli
və xarici şirkətlərin, Beynəlxalq Diabet
Federasiyasının Azərbaycanın diabetli
uşaqlarının problemlərinin həllinə diqqəti
xeyli artmışdır.
Heydər Əliyev
Fondunun dəstəyi ilə artıq ikinci ildir ki, Azərbaycanda
şəkərli diabetli uşaqlar üçün analoqu
olmayan psixo-sosial reabilitasiya yay məktəbi təşkil
olunur. Bu məqsədlə Gəncə şəhərində
15 gün fəaliyyət göstərəcək yay
düşərgəsi valideyn himayəsindən məhrum
olmuş uşaqlar, eləcə də, məcburi köçkün
və qaçqın, tərkibində 2-3 nəfər şəkərli
diabet olan ailələrdən seçilmiş 30 şəkərli
diabetli uşaq üçün nəzərdə tutulur. Yay məktəbinin
əsas məqsədi gələcəkdə özləri kimi
digər uşaqlara ilkin tibbi və psixoloji dəstək verə
biləcək gənc liderlərin hazırlanmasıdır.
Avqustun 23-dən
başlayan proqrama maraqlı istirahətin təşkili ilə
yanaşı, uşaqların psixo-sosial reabilitasiyasını
təmin etməyə, yeniyetmələrdə özünəinam,
özünümüdafiə, özünütəsdiq
xüsusiyyətlərini inkişaf etdirməyə, öz həyatında
və ətrafda baş verən hadisələrə tolerant
münasibət bəsləmə üsullarını
formalaşdırmağa xidmət edən məşğələlərin
keçirilməsi daxildir. Bu məqsədlə endokrinoloq,
psixoloq və digər mütəxəssislərdən ibarət
işçi qrupu fərdi məsləhət və
psixoterapiyadan istifadə edərək, uşaqlara müvafiq vərdişlərin
aşılanmasını təmin edən davamlı treninqlər
keçirəcəkdir.
İstirahət günlərində
uşaqlar Gəncə şəhərinin tarixi-görməli
yerləri ilə tanış olacaq, ingilis dili kurslarında
iştirak edəcək, müxtəlif mövzularda inşa
yazılar hazırlayacaq, müsabiqə, intellektual oyun və
idman yarışlarında bilik və bacarıqlarını
sınayacaqlar.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2010.- 25 avqust.- S. 6.