Dünya ölkələrində Fikrət Qoca böyük istedad sahibi kimi sevilir

 

Azərbaycanın xalq şairi Fikrət Qocanın bu gün doğum günüdür.  1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olan şair ədəbi yaradıcılığa kiçik yaşlarından meyil göstərmişdir. O, 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan RadioTeleviziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyində beynəlxalq əlaqələr üzrə məsul katib olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən AYB-nin katibidir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insanzaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən, Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik,-qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri öz əksini tapmışdır.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Şeirlərinə musiqi bəstələnmişdir ("Anacan, dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.). Onun mətni əsasında yazılan musiqi əsərləri tanınmış müğənnilərin repertuarına daxil edilmişdir.

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan Komsomolu mükafatına, 90-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur (1995).

   Bu günə qədər şairin "Qağayı", "Hamıya borcluyam", "Stixi", "Dənizdə ay çiməndə",  "Od gəlini", "Yatmadığım gecələrdə", "Günlərin bir günü", "Gül ömrü", "İnsan xasiyyəti", "Ömürdən səhifələr", "Mavi dünyanın adamları", "Taleyin ağır taleyi", "Seçilmiş əsərləri", "Eldən elə - dildən dilə", "Sükutun səsi" və  s. kitabları oxucuların ixtiyarına verilmişdir.

Yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu, o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq ayrıca çalarlar ilə üzə çıxır. Fikrət Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.

Fikrət Qocanın şeirlərini oxuculara sevdirən ədəbi irsində olan qüvvətli yenilik hissidir. Onun şeirlərində bir şairin ömrü görünür. Azərbaycan ədəbiyyatının görkəmli qələm sahibləri onunla bağlı düşüncələrində Fikrət Qocanın yaradıcılıq yolunun məxsusi dəyərlərindən, çalarlarından bəhs edir, bu irsi yüksək qiymətləndirilər.

Xalq yazıçısı Anar yazır: "Dünya ölkələrindəki minlərlə oxucu da Fikrət Qocanı böyük istedad sahibi, gözəl şair kimi sevir. Fikrəti yaxından tanıyanlar, o sıradan da mən, onu yalnız bənzərsiz sənətkar, dillər əzbəri olmuş şeirlərin müəllifi kimi deyil, həm də nadir bir insan kimi qiymətləndiririk, özü bütöv, sözü bütöv, alicənab və gözü tox şəxsiyyət kimi, etibarlı dost kimi sevirik".

 Sənət aləmində özün kimi yerimək, özünə sadiq qalmaq əsas şərtlərdən biridir. Axı, hər insan bir dünyadır. Fikrət bu böyük gerçəkliyi ilk addımlarından çox gözəl başa düşdü. "Hər ürək oxunmamış bir kitabdır", "hər üzün qırışında bir ömrün hekayəti" gizlənirsə, bu sirli dünyadan söhbət açmaq istəyən sənətkar da o aləmə öz qəlbinin pəncərəsindən baxmaya bilməz. Beləliklə, eyni insan qəlbinin çırpıntıları hər sənətkara başqa sözlər pıçıldayır və sənətkarların baxış əlvanlığı sənətin əlvanlığını yaratmış olur. Bu baxış əlvanlığı içərisində Fikrət yalnız deyim tərzi ilə deyil, düşüncə tərzi ilə də seçilir. Daha doğrusu, deyim tərzi düşüncə tərzindən doğur.

Xalq şairi Qabil yazmışdır: "Deyirlər ki, Fikrət Qoca poeziyası intellektual poeziyadır. Mən də bu fikirlə şərikəm. Bəs, onda, o hansı şairdir ki, şeirlərinə, əsərlərinə ağılın, kamalın ziyası süzülməsin? Fikrət Qocanın şeirləri ritorikadan, şüarçılıqdan, qoşmaçılıqdan (klassik qoşmanın dəxli yoxdur), uzaq, sözün, fikrin, hadisənin, təsvirin mahiyyətinə varan poeziyadır".

Şairin ən uğurlu şeirləri, əslində, keçdiyimiz yollar, dünənimiz, bugünümüz haqqında sənətkar təhkiyəsi, poetik nağıllardır. Onların sevinc doğuranları da var, kədərləndirən, düşündürüb-daşındıran, həyəcanlandıran nağıllar isə daha da çoxdur. Fikrət ağrılı problemlərdən danışmağı üstün tutan şairlərimizdəndir... Fikrət Qocanın çox iti, dəqiq müşahidə qabiliyyəti var. Şeirləri belə bir fikri söyləməyə əsas verir ki, adamın bu üzünə baxanda o biri üzünügörür.

Fikrət Qocanın musiqi yazılan şeirlərində ruhumuzun daşıyıcısı olan nə qədər əlvan və hərarətli sözə, ifadəyə rast gəlmək mümkündür. Məhz bu, onun şeirlərinin əlvanlığından irəli gəlir.

   O, yalnız milyonların sevdiyi şairdir. Fikrət Qoca şeirləri və nəğmələri çoxdan xalq tərəfindin sevilən əsl xalq şairidir.

Fikrət Qocanın şeirləri - lap ilk şeirlərindən tutmuş indiyə qədər sadəlikdən, zəngin bədii təsvir elementlərindən və müdriklikdən yoğrulmuşdur. Yeniliyə meyil onun canındadır. Şeir azad olmalıdır. Budur, məhəbbət. Azadlıq ən böyük nemətdir. Ömrümüz boyu can atdığımız azadlıq zərrə-zərrə səpilib Fikrətin şeirlərinə.

"Fikrət Qoca poeziyasında da mizə gərilib gülən F.Qocaya bənzəyir. Bəzən misra gülür, bəzən beyt, bəzən də bənd gülür. Amma bir az da diqqət kəsiləndə, görürsən ki, bütövlükdə şeir gülmür, onun hər bir əsərində dərd, kədər, qüssə var: həyatda olduğu kimi, insanın insan olduğunu unutdurmayacaq qədər... Elə bir buna görə şair olmağa, Fikrət Qoca ömrü yaşamağa dəyərmiş"-deyir Arif Əmrahoğlu.

Çağdaş Azərbaycan şeirinin istedadlı nümayəndələrindən biri olan Fikrət Qocanın poeziyasında da məhz onun şəxsiyyəti ifadə edilmişdir. O, öz şəxsi nümunəsi ilə özündən sonra gələn ədəbi nəsillərə şeir yazmaqdan əlavə səmimi, sədaqətli, diqqətli, səxavətli, bütöv olmağı, sözü üzə deməyi, dalca danışmamağı, yaxşı dostluğu, yoldaşlığı, bir sözlə, insanlığı öyrədib. Ona görə də Fikrət Qoca poeziyası sevilir və hər zaman oxuculara yol göstəricisi olur.

 

 

Zümrüd

 

Səs.- 2010.- 25 avqust.- S. 12.