Birinci xanım
Avqustun 26-sı Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO
və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın ad
günüdür
Mehriban
Əliyeva Bakıda ziyalı ailəsində anadan olub. Atası Milli Elmlər Akademiyasının akademiki,
fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya
Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev,
anası şərqşünas alim, filologiya elmləri doktoru,
professor, Milli Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunun direktoru olmuş,
ərəb ədəbiyyatı sahəsində
mütəxəssis Aida Nəsir qızı
İmanquliyevadır.
Qısa bioqrafiya
Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı
orta məktəbi qızıl medalla bitirib, Nəriman
Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutunun müalicə işi fakültəsinə daxil
olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına
Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci
ildə bu institutu əlaçı diplomu ilə bitirib.
1988-92-ci illərdə Moskva Göz Xəstəlikləri
Elmi-Tədqiqat İnstitutunda işləyib.
Mehriban
Əliyeva Heydər Əliyev Fonduna onun
açılmasından- 10 may 2004-cü ildən bu
günədək rəhbərlik edir. Fondun işinin əsas
istiqaməti ən müxtəlif sahələrdə humanitar
fəaliyyətdir. Bura valideyn himayəsindən məhrum
uşaqlara kömək, uşaq evlərinin,
internat-məktəblərin abadlaşdırılması
və maddi bazalarının
yaxşılaşdırılması da daxildir. Fond təhsil,
səhiyyə, mədəniyyət sahələrində
irimiqyaslı proqramlar nəzərdə tutub və onları
həyata keçirir.
Rusiya və
Rumıniyada nümayəndəliyi olan fond Azərbaycanın
hüdudlarından kənarda da uğurlu layihələr
həyata keçirir. Fond ümumbəşəri
mədəniyyət abidələrinin bərpasında da
iştirak edir.
Mehriban
Əliyeva Azərbaycan xalqının rifahı naminə
humanitar proqramların effektivliyinin gücləndirilməsi
üçün bütün imkanlardan istifadəni öz
vəzifəsinin əsas məqsədi hesab edir.
Heydər
Əliyev Fondunun fəaliyyətinin prioritet
istiqamətlərindən biri və ən başlıcası
dünya ictimaiyyətinə Dağlıq Qarabağ
münaqişəsinin reallıqlarının
çatdırılmasıdır. Fond xarici dillərdə
kitablar nəşr etdirib dünyada yayır, müxtəlif
ölkələrdə Xocalı soyqırımına həsr
olunmuş aksiyalar, foto və videosərgilər təşkil
edir.
2004-cü ilin avqustunda Mehriban Əliyeva
Azərbaycanın şifahi xalq ədəbiyyatının
və musiqi irsinin mühafizəsi və inkişafı
üzrə yorulmaz səylərinə görə YUNESCO-nun
xoşmıəramlı səfiri elan olunub. İki il sonra
birinci xanım müxtəlif sahələrdəkı
genişmiqyaslı və fədakar fəaliyyətinə, o
cümlədən, geniş sivilizasiyalararası dialoq,
qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların
həyat şəraitinin və təhsilinin
yaxşılaşdırılmasında böyük
dəstəyinə görə İSESCO-nun
xoşməramlı səfiri seçilib.
Belə
nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq
çox şərəfli və məsulliyətli
missiyadır. Həm YUNESCO, həm də İSESCO
nizamnamələrində qeyd olunduğu kimi qeyri-siyasi
institutlardır. Eyni zamanda, bu, Mehriban Əliyevanın öz
ölkəsini təmsil etdiyi beynəlxalq arenadır.
Xoşməramlı
səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm,
mədəniyyət, təhsil ilə Qərbin və
Şərqin, eləcə də, müxtəlif
sivilizasiyaların nə qədər maraqlı və
bir-birinə faydalı ola bilməsini göstərməkdir.
2005-ci
ildə Mehriban Əliyeva fəlsəfə elmləri
namizədi elmi dərəcəsi alıb. Həmin il
Azərbaycan Milli Məclisinə keçirilən
seçkilərdə Mehriban xanım Əliyeva parlamentə
deputat seçilib. Mehriban xanımın Leyla və Arzu
adında iki qızı, Heydər adında oğlu, Mikayıl
və Əli adında iki nəvəsi var.
Birinci xanımın beynəlxalq
mükafatları
2005-ci ildə mesenantlıq və
xeyriyyəçilik fəaliyyətinə, təhsil və
mədəniyyətin təşkilinə dəstəyinə,
Rusiya və Azərbaycan xalqları arasında dostluğun
möhkəmlənməsində böyük
töhfələrinə görə Mehriban Əliyeva
Rusiyanın "Yüzilliyin mesenantları" Beynəlxalq
Fondunun "Yaqut xaç" ordeni ilə təltif
olunub.
Dünya
Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi
isə birinci xanımı "Ana, uşaq və ailə
sağlamlığının qorunması və
möhkəmlənməsi işində müstəsna
xidmətlərinə görə" xüsusi mükafatı
ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə,
bəşəriyyətin ali ideallarına xidmət
sahəsində nailiyyətlərinə görə
M.Əliyeva 2007-ci ildə "Qızıl ürək"
beynəlxalq mükafatına layiq görülüb.
2008-ci ildə Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva Polşanın "Xidmətlərə
görə" "Böyük Komandor Xaçı ordeni"
ilə təltif edilib. 2010-cu ildə isə, Fransa Prezidentinin
Sərəncamı ilə Fransanın ən yüksək
dövlət mükafatı olan "Şərəf
Legionu" ordeninin zabit dərəcəsi ilə təltif
edilib.
Mehriban
xanım son illərdə bir neçə dəfə ilin
adamı elan olunub. Xatırladaq ki, 2007-ci ildə postsovet
ölkələrində "xalqın istəklilərinə
çevrilmiş insanların" Rusiyanın nüfuzlu
"Novoye Russkoye Slovo" ("NRS") qəzetində dərc
edilmiş siyahısında Mehriban Əliyevanın da adı
var idi.
Qəzetin
yazdığına görə, Mehriban xanım Əliyeva
öz xeyriyyəçilik fəaliyyətinə, humanizm
prinsiplərinə qətiyyətlə riayət etdiyinə
görə təkcə Azərbaycan hüdudlarında deyil,
bütün dünyada tanınıb. Nüfuzlu
nəşrdə qeyd olunurdu ki, Mehriban xanımın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu qısa
müddətdə beynəlxalq aləmdə
tanınmış təşkilata çevrilib.
Mehriban
Əliyevanın geniş fəaliyyəti bununla
məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika
Federasiyasının prezidentidir. Onun nüfuzu
Azərbaycanda bədii gimnastika üzrə beynəlxalq
yarışların keçirilməsi barədə
qərarın qəbulunda həlledici rol oynayıb.
Humanizmin canlı mücəssəməsi
Humanizm, mərhəmət,
vətənpərvərlik, xeyirxahlıq hisslərinə
söykənən fəaliyyətilə cəmiyyətdə
böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun
ölkəmizdə təhsil sisteminin inkişafı ilə
bağlı qarşısına qoyduğu başlıca
məqsəd Azərbaycanda bu sahənin müasir dövrün
əsas tələblərinə uyğun səviyyəyə
yüksəldilməsi, potensial kadrların yetişdirilməsindən
ibarətdir.
Fondun prezidenti Mehriban
xanım Əliyeva 2005-ci ilin əvvəlində paytaxtda
internat məktəbləri və uşaq evlərində
olduqdan sonra "Uşaq evləri və internat
məktəblərinin inkişafı proqramı"nın hazırlanıb həyata
keçirilməsini məqsədəuyğun hesab edib.
Respublikamızdakı
uşaq evləri və internat məktəblərindəki
mövcud problemlərin həll olunmasına
yönəldilən proqram fondun təhsil sahəsindəki
fəaliyyətinin əsas istiqamətlərindən birinə
çevrilib.
İlkin mərhələdə aparılmış
monitorinqdən sonra uşaq müəssisələrində
təhsil və sosial sahədə problemlərin həllinə
yönələn 4 mühüm istiqamət: texniki
dəstək, təhsil, səhiyyə və ictimai
fəallıq prioritet kimi müəyyənləşdirilib.
Bu
müəssisələrin böyük qisminin yenidənqurmaya,
təmirə və texniki təchizata daha çox ehtiyacı
olduğu nəzərə alınaraq texniki dəstək
istiqaməti üzrə işlərə başlanılıb. 50-dək
uşaq müəssisəsində aparılan yenidənqurma
və tikinti-təmir işləri zamanı onların
zəruri avadanlıqla təmin edilməsi, yeni
ədəbiyyatla zəngin kitabxanaların yaradılması,
informasiya texnologiyalarının tətbiqi, sinif
otaqlarının interaktiv təhsil üçün
uyğunlaşdırılması təmin edilib.
Heydər
Əliyev Fondunun səhiyyə sahəsində ən çox
əks-səda doğuran layihələrindən biri məhz
"Diabetli uşaqlara ən yüksək qayğı"
layihəsi olub. Layihə fondun dəstəyi
əsasında Azərbaycan Diabet Cəmiyyəti və
Danimarkanın "Novo Nordisk" şirkəti ilə
birgə əməkdaşlıq nəticəsində
həyata keçirilib. Layihə
çərçivəsində Azərbaycanda diabet
xəstəliyinə düçar olmuş 14
yaşınadək uşaqlar 2004-2006-cı illər
ərzində müntəzəm olaraq lazımi miqdarda insulin
preparatları və şpris-qələmlərlə təmin
ediliblər.
"Talassemiyasız
həyat naminə" layihəsi isə bu xəstəliyin
geniş yayıldığı ölkələrdən hesab
olunan Azərbaycanda böyük rəğbətlə
qarşılanıb. Proqramın daha səmərəli
şəkildə həyata keçirilməsi
üçün Məsləhət Şurası
yaradılıb, bu xəstəlikdən əziyyət
çəkən uşaqların təhlükəsiz və
keyfiyyətli qanla təmin olunması üçün donor
xidmətinin inkişafı, bu istiqamətdə əhalinin
maarifləndirilməsi, periantal diaqnostika üsulu ilə
xəstəliyin proqnozlaşdırılması
məsələlərinə xüsusi diqqət yetirilib.
Layihə çərçivəsində 2009-cu il mayın 10-da Talassemiya Diaqnostika
Mərkəzi istifadəyə verilib.
Cəmiyyətdə
bir sıra mütərəqqi yeniliklərin
təşəbbüskarı kimi çıxış
etməklə yanaşı, Azərbaycan
dövlətçiliyi tarixində ilk dəfə olaraq
"birinci xanım" statusunu da öz fəaliyyəti
ilə məhz Mehriban xanım Əliyeva formalaşdırıb. Azərbaycanın
birinci xanımının timsalında bu status humanist
fəaliyyətə, qayğıkeşliyə, eləcə
də, hansısa problemlərlə qarşılaşan,
hansısa məqamda hüquqları pozulan sıravi
vətəndaşların ümid, pənah yerinə
çevrilib.
Heydər
Əliyev Fondu təhsilin, səhiyyənin,
mədəniyyətin, incəsənətin, idmanın
inkişafına xidmət edən konkret layihələrlə
yanaşı, regional inkişaf tədbirlərinə də
yaxından dəstək verir.
"Tanrı bağışlayanları sevir"
Azərbaycanın
birinci xanımı üzərinə götürdüyü
xoşməramlı missiya ilə həm də insan
hüquqlarının qorunmasına, vətəndaş
cəmiyyəti ideyalarının cəmiyyətdə daha da
möhkəmlənməsinə, habelə, cəza
siyasətinin humanistləşdirilməsi prosesinə öz
töhfələrini verir.
Cəmiyyətdə
insanpərvərlik və humanizm ideyalarının
möhkəmlənməsinə çalışan Mehriban
xanımın ulu öndər Heydər Əliyevin anadan
olmasının 84-cü ildönümü
münasibətilə hələ 2007-ci ilin may ayında
parlamentə təqdim etdiyi amnistiya aktı layihəsi də
ümummilli liderin humanist siyasətinə sədaqətin
əyani nümayişi oldu. Mehriban xanım
Əliyeva tərəfindən irəli sürülmüş
və geniş ictimai dəstək almış bu amnistiya
aktı böyük mənəvi-əxlaqi və siyasi
məzmun kəsb edir.
Amnistiya aktı
nəticəsində azadlıqdan məhrumetmə qismində
cəza çəkən məhkumlardan təqribən 1500
nəfər cəzaçəkmə
müəssisələrindən azad edilib, habelə,
azadlıqdan məhrumetmə cəzası ilə bağlı
olmayan cəzalara məhkum olunmuş təqribən 7500
nəfər şəxs cəzasından azad edilib.
Müasir
qloballaşma dövründə hər bir sivil
cəmiyyətdə insan haqlarının təminatına
və ümumbəşəri humanist dəyərlərin bərqərar
olmasına xidmət edən amnistiya aktları olduqca
yüksək dəyərləndirilir. Amnistiya yunan
dilindən tərcümədə "unutma",
"bağışlama" mənasını verir.
Qeyd edək ki, ümummilli
lider Heydər Əliyevin qanunvericilik
təşəbbüsü əsasında Milli Məclis
1996-2003-cü illərdə 7 amnistiya haqqında qanun qəbul
edib, 22 minə yaxın məhkum azadlığa
buraxılıb, ümumilikdə, 80 minə yaxın məhkuma
amnistiya aktları şamil edilib.
Bu siyasəti inamla davam
etdirən Azərbaycan Prezidenti son 6 ildə əfvlə
bağlı 13 fərman imzalayıb, 2000-ə yaxın
məhkum cəzasının çəkilməmiş
hissəsindən tam və yaxud qismən azad edilib. Bu, Azərbaycanda insan hüquqlarının
etibarlı təminatına və
demokratikləşməyə xidmət edən siyasi kursun
layiqincə davam etdirildiyini göstərir.
Amnistiya
qərarlarının qəbulu ilə bağlı
ölkədə formalaşmış müsbət
ənənənin Heydər Əliyev Fondu tərəfindən
geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin
ictimai şüurda möhkəmlənməsinə xidmət
edir. Ümummilli
liderin humanist siyasətinə daim yüksək sədaqət
nümayiş etdirən fondun prezidenti Mehriban xanım
Əliyeva humanizm və sevgi hisslərini oyadan milli
bayramımız olan Novruz münasibətilə ötən il növbəti amnistiya
təşəbbüsü irəli sürərək bununla
bağlı qərar layihəsini Milli Məclisə təqdim
etdi.
Ölkə parlamenti və
Prezident İlham Əliyev tərəfindən təsdiq
edilən Amnistiya aktı nəticəsində təqribən 9
min nəfər amnistiya aktının təsiri altına
düşdü, 1.700 məhkum azadlıqdan məhrumetmə
yerlərindən azad edildi.
Milli Məclisin deputatı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın son 5 ildə 2 dəfə amnistiya
təşəbbüsü ilə çıxış
etməsi yüksək insani dəyərlərin,
mərhəmət hissinin cəmiyyətə
aşılanmasına, ictimai şüura hakim
kəsilməsinə yönəlib.
Fond
cəmiyyəti mərhəmət və humanizm ruhunda
kökləməyə yönəlmiş nəcib
addımlarını bu gün də inamla davam etdirir. Cəmiyyətdə
tam bir inam var ki, Heydər Əliyev Fondu bundan sonra da insan
hüquq və azadlıqlarının keşiyində
etibarlı dayanmaqla vətəndaş cəmiyyəti və
hüquqi dövlət quruculuğu siyasətinə
töhfələrini verəcək.
"Yalnız elmlə, başqa cür heç
kəs..."
... Heç
kəsə üstünlük eyləyə bilməz".
Dahi Azərbaycan şairi bu müdrik
kəlamı ilə elmin və təhsilin insan həyatında
ən qiymətli sərvət olduğunu göstərib.
Azərbayacnın birinci xanımının
ən böyük amalı xalqın elmlənməsi,
maariflənməsi və dünyada layiq olduğu yüksək
yerə çıxmasıdır.
Məhz bu
məqsədlə fond bütün imkanlarından istifadə
etməklə məktəb tikintisinə daha çox diqqət
ayırır.
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə həyata keçirilən "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramı tədris
prosesinin günün tələbləri səviyyəsində
qurulmasına imkan verən müasir məktəb
binalarının inşasına istiqamətlənib. Bu sahədə real vəziyyəti
qiymətləndirmək üçün fondun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
respublikada məktəb binalarının vəziyyəti
yoxlanılıb.
"Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi
çərçivəsində 2005-2007-ci illərdə 184
məktəb binası inşa olunaraq lazımi avadanlıqla
təchiz edilib. Proqram çərçivəsində
tikilən və infrastrukturu yerli tələbata və imkana
uyğunlaşdırılan məktəblər müasir
avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani
vəsait və kompüter avadanlığı ilə
təchiz olunub. "Təhsilə
dəstək" layihəsi çərçivəsində
hər yeni dərs ilinin əvvəlində
məktəblilərə çanta və digər
məktəb ləvazimatlarının verilməsi Heydər
Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən
başlayaraq fond hər il qaçqın
və məcburi köçkün ailələrindən olan
birinci sinif şagirdlərini, eləcə də,
Gürcüstanda yaşayan soydaşlarımızı yeni
dərs ili ərəfəsində hədiyyə etdiyi
çanta və dərs ləvazimatı ilə sevindirir. 2008-2009-cu dərs ili
ərəfəsində həyata keçirilən aksiyanın
miqyası isə daha geniş olub. "Təhsilə
dəstək" layihəsi çərçivəsində
fondun dəstəyi ilə hazırlanan 140 adda plakat
ölkənin bütün ümumtəhsil
məktəblərini əyani vəsaitlə təmin
etməyə imkan verəcək.
Fond
xeyriyyəçilik missiyasını bir neçə xarici
ölkədə də davam etdirir. Gürcüstanda yaşayan
azərbaycanlıların təhsillə bağlı
problemlərinin aradan qaldırılması üçün
hər il dövlət xətti ilə
yanaşı, fond tərəfindən də böyük
yardım edilməsini soydaşlarımız dərin
minnətdarlıq hissi ilə qarşılayırlar. Rusiya paytaxtında və ayrı-ayrı
şəhərlərdə fəaliyyət göstərən
Azərbaycan məktəblərinə göstərilən
müntəzəm qayğı da bu qəbildəndir. Fondun son
illərdəki başlıca fəaliyyət
istiqamətlərindən biri də ölkənin təhsil
problemlərinin həllində nüfuzlu beynəlxalq
təşkilatlardan sayılan YUNESCO-nun geniş imkanlarından
səmərəli şəkildə faydalanmaqdan ibarət olub.
Azərbaycanla YUNESCO arasında bir neçə
istiqamətdə əməkdaşlıq
münasibətləri qurulub- bu əlaqələr,
əsasən, "Təhsil hamı üçün"
proqramını, "Assosiativ məktəblər",
texniki-peşə sahəsində əməkdaşlıq,
inklüziv təhsil layihəsi, ali məktəblərdə
YUNESCO kafedralarının yaradılması və digər
sahələri əhatə edir.
Təhsilin məzmunca
yeniləşdirilməsi, məktəblərdə informasiya
texnologiyalarının geniş tətbiqi və digər bu kimi
planlar da bu qurumla əməkdaşlığa daxil olan əsas
məsələlərdəndir.
Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
2008-ci ilin yayında Bakıda YUNESCO-nun "Dünyada
savadlılığın dəstəklənməsi"
üzrə regional konfransının keçirilməsi də,
ümumilikdə, Azərbaycanın təhsil sahəsində
mühüm beynəlxalq tədbirlərin mərkəzinə
çevrildiyini əminliklə söyləməyə əsas
verir.
Ölkəmizdə
təhsilin sürətli inkişafı, gələcək
nəslin təlim-tərbiyəsinin yüksək
səviyyədə qurulması, onların Azərbaycanın
layiqli vətəndaşları kimi yetişməsi
istiqamətində Heydər Əliyev Fondunun gördüyü
məqsədyönlü işlər, ilk növbədə,
milli ruha söykənən vətənpərvərlik hissinin
təcəssümüdür.
Dövlətlər iqtisadiyyatı, millətlər
mədəniyyəti ilə tanınır
Azərbaycan
mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın şəxsində özünə
etibarlı hami tapıb. Ötən 5 ildə Azərbaycanın görkəmli
alimlərinin, yazıçı və
bəstəkarlarının yubileylərinin
keçirilməsi, "Kitabi-Dədə Qorqud"
dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd
olunması, YUNESCO-nun "Dünya irs siyahısı"na
İçərişəhərin Şirvanşahlar Saray
Kompleksinin, Qobustan Qoruq Muzeyinin və
"Atəşgah"ın da daxil edilməsi Azərbaycanın
birinci xanımının milli mədəniyyətin dünya
miqyasında təbliği sahəsindəki fəaliyyətinin
bir istiqamətidir.
Bu
sahəyə qayğını fəaliyyətində daim
əsas tutan Heydər Əliyev Fondunun prezidenti xalqın
varlığını özündə yaşadan
mənəvi-intellektual irsə yüksək həssaslıqla
yanaşır, onun dünya arenasında təbliğində
fəal iştirak edir.
Mehriban
xanım Əliyevanın birbaşa himayəsi ilə son
illər Azərbaycanda muğam sənətinin qorunması,
inkişafı və təbliği sahəsində
böyük işlər görülür. Azərbaycan
muğamının YUNESCO-nun bəşəriyyətin
qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil
olunması bilavasitə bu fəaliyyətin nəticəsidir.
Fondun milli
mədəniyyətin təbliği sahəsində həyata
keçirdiyi ən uğurlu layihələrdən biri də
"Qarabağ xanəndələri" albomunun
hazırlanması olub. YUNESCO xətti ilə
hazırlanmış alboma "Qarabağ
xanəndələri" adının seçilməsi
ilə bütün dünyaya Qarabağın əzəli
və əbədi Azərbaycan torpağı, muğamın
isə ən nadir nümunələrinin bu torpağa məxsus
olduğu nümayiş etdirilib.
2009-cu ilin mart ayında Azərbaycanın
birinci xanımının təşəbbüsü ilə
keçirilən Beynəlxalq Muğam Festivalı Azərbaycan
mədəniyyətinin, musiqisinin bütün dünyada
tanıdılması və təbliği istiqamətində
mühüm tədbirlərdən biri kimi yadda qalıb. Tədbirdə YUNESCO-nun baş direktoru Koişiro
Matsuura, habelə, dünyanın 17 ölkəsindən
çoxsaylı qonaqlar iştirak ediblər. Heydər Əliyev Fondunun
dəstəyi ilə 2010-cu il avqustunda
Qəbələdə Beynəlxalq Musiqi Festivalı və
pianoçuların müsabiqəsi keçirilib. Festival çərçivəsində gənc
pianoçuların beynəlxalq müsabiqəsi, klassik musiqi
axşamları, muğam konserti təşkil edilib. Musiqi festivalında xeyli əcnəbi
nümayəndələrin iştirak etməsi tədbirin
çox mühüm əhəmiyyət kəsb etdiyini
sübuta yetirib.
Ümumiyyətlə,
fondun diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca
həssas qütbləridir və bunun mərkəzində milli
genefondun inkişafı, xalqın minilliklərdən
keçirib bugünə çatdırdığı
mədəni, milli, əxlaqi dəyərlər sistemi
dayanır.
Qurumun
müxtəlif layihələrini birləşdirən ortaq
nöqtə isə məhz milli genefondun qorunmasıdır. Bu ali
mərama xidmət edən hər bir addım Heydər
Əliyev Fondu üçün eyni səviyyədə prioritet
mahiyyət daşıyır. Bütün bu
işlərin arxasında isə, müqəddəs ideallar,
gərgin zəhmət, güclü zəka və böyük
şəxsiyyət dayanır- Mehriban xanım Əliyeva.
Sonda:
Öz
dövrünün böyük ictimai xadimi, görkəmli
şəxsiyyəti adını hər əsrdə yalnız
bir neçə qadın qazana bilir. Yalnız dünya
miqyasında tanınmış, böyük ictimai
fəaliyyətdə bulunmuş, humanist ideyaları həyata
keçirmək üçün çalışmış
qadınlar bu ada layiq görülürlər. "Səs"in
kollektivi Mehriban xanımı ad günü
münasibətilə təbrik edir, birinci xanıma uzun
ömür, can sağlığı və öz
müqəddəs missiyasında uğurlar arzulayır.
Elçin Bayramlı
Səs.- 2010.- 26 avqust.- S. 3-4.