Bu gün Beynəlxalq Azərbaycan
Muğamı Günüdür
Niaqarada Azərbaycanın simfonik
musiqisi və muğam günləri təşkil olunub
Artıq dünya ölkələrində
Azərbaycan muğamı birmənalı olaraq qəbul
edilmiş, dünyanın mədəni irs siyasında nadir əsər
tək qorunur və təqdim olunur. 26 Avqust tarixi bütün
muğamsevərlərin, xüsusilə də, bu sənət
növünü yaşadan və onun təbliğinə daim
yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin
bayramıdır. Muğam sənəti Azərbaycanın
professional musiqi mədəniyyətinin şifahi irsinin
mühüm qismini təşkil etməklə, Azərbaycan
xalqının mədəni ənələrində və
tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin
Azərbaycanda köklərinin olması ölkədə onun
daşıyıcılarının sayı, eləcə də
onun Azərbaycan bəstəkarlarının, rəssamlarının,
heykəltəraşlarının və şairlərinin
tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə
mühüm rolu ilə təsdiqlənir.
Muğam sənəti azərbaycanlılar
tərəfindən milli özünüdərk və
özünü eyniləşdirmənin əsasını təşkil
edən başlıca mədəni dəyərlərdən
biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində
yaşayan talışlar, dağlı yəhudilər, ermənilər,
ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar
arasında da populyardır.
Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir.
Muğam - Azərbaycanın
ənənəvi musiqisinin ən iri janrının ümumi
adıdır, muğam formalarının bütün növlərinə
şamil olunur, hərçənd onlardan hər birinin öz
ayrıca adı mövcuddur. Bu janrı təmsil edən
başlıca musiqi formaları - dəstgah, muğam və zərbi-muğamdır.
Azərbaycan musiqisində
mövcud olan bütün muğam formaları arasında
öz miqyasına və bədii ideyasına görə ən
böyüyü dəstgahdır. Professional muğam sənətinin
tarixinə mənbələr əsasında diqqət yetirsək,
görərik ki, 1922-ci ildə muğamın tədrisi
Bakıda açılmış ilk Avropa tipli musiqi tədris
müəssisəsinin dərs proqramına daxil edilmişdir. Tədris
proqramının tərtibi sonda Azərbaycan dəstgahlarının
strukturunda xeyli islahatlara və ənənəvi məhəlli
məktəblərin nisbi unifikasiyasına gətirib
çıxardı. Muğamın tarixinə diqqət etdikdə,
görürük ki, Üzeyir Hacıbəyovun göstərişinə
əsasən, o vaxtın ən nüfuzlu musiqiçilər
qrupu dəstgahların ixtisar edilmiş tədris
versiyalarını işləyib hazırlamışdır.
20-ci və 30-cu illərdə tədris versiyaları ilə
yanaşı olaraq, böyük sənətkarların - o
vaxtın ustadlarının genişləndirilmiş
versiyaları da mövcudluğunu davam etdirirdi. Muğam
ifaçılığının yayılmasında və
onun professional şəkil almasında XIX yüzilin 20-ci illərindən
XX yüzilin əvvəllərinə qədər Azərbaycan
şəhərlərində yaranmış ədəbi və
musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən
məşhuru Şuşada "Məclisi-Fəramuşan",
"Məclisi-üns", Musiqiçilər Cəmiyyəti,
Şamaxıda "Beytüs-səfa" və Mahmud
ağanın musiqi məclisi, Bakıda "Məcmə-üş-şüəra",
Gəncədə "Divani-hikmət", Ordubadda "Əncümən-üş-şüəra",
Lənkəranda "Fövcül-füsəha" idi. Bu məclislərdə
şairlər, ədiblər, musiqiçilər, sadəcə
ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları
və biliciləri toplaşır, muğamları diqqətlə
dinləyir, musiqinin və şeirin incə ifası ətrafında
müzakirələr aparırdılar. Məclislər
özlüyündən XIX yüzil - XX yüzilin əvvəlində
Azərbaycan musiqiçilərinin professional baxımdan kamilləşmələrində
güclü stimul rolunu oynamışdı.
XX yüzilin
20-ci illərindən başlayaraq - sovet dövründə Azərbaycanda
musiqi təhsili, o cümlədən, muğamın tədrisi
3 mərhələli sistem üzərinə
köçürüldü: məktəb - texnikum -
konservatoriya. Beləliklə,
muğam sənətinin tədrisi prosesi indi formal olaraq 14-15 il vaxt aparır. İfaçılar özləri
hesab edirlər ki, professional yetkinlik musiqiçiyə 5-10 il praktik çıxışlardan tez olmayaraq
çatmaq olar. Beləliklə, muğam ifaçısının
ustad, yəni öz peşəsində əsil professional
olmasından ötrü 20-25 il vaxt tələb
olunur. Tələbin bu səviyyəsi
özlüyündə muğamı şifahi ənənəli
professional sənət səviyyəsinə qaldırır.
Azərbaycanda
sovet rejimi qurulduqdan sonra, xüsusən də, 30-cu illərdən
başlayaraq, musiqi mədəniyyəti tamamilə dövlətin
nəzarəti altına keçir. Sovet dövlətinin
yürütdüyü "dəmir pərdə" siyasəti
uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq
musiqi məkanına çıxışı
bağlamışdı. XX yüzilin əvvəllərində,
Şərq incəsənəti Qərb auditoriyasında maraq
doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum
siyasi vəziyyətə görə ona sərbəst
çıxışa malik olmadıqları kimi sovet Şərqinin
ənənəvi musiqiçiləri də belə bir
çıxışa malik deyildilər. Müvafiq
olaraq Qərbin bədii məkanında müsəlman Orta
Şərqinin musiqi mədəniyyətlərindən daha
çox yeri ərəb, İran və türk ənənəvi
musiqisi tutmuşdur. Xarici mədəni məkanda
Azərbaycan muğamının mövqeyinin itirilməsi ilə
yanaşı, Azərbaycanın özünün daxilində də
keçən yüzilin 20-30-cu illərin məlum
şüarlarında ifadə olunmuş nihilist tendensiya
("doloy tar!", "doloy muğam") tədricən
muğam sənətinin ictimai statusunu laxlatdı.
XX yüzilin
30-cu illərindən başlayaraq, 70-ci illərədək olan
dövrdə Azərbaycan cəmiyyətində muğamata
primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə
başladısa da, hər halda cəmiyyətdə, onun müəyyən
bir hissəsində muğamatın populyarlığını
azaltmadı. Muğam sənətinə münasibət yalnız
XX yüzilin 70-ci illərində, YUNESKO-nun himayəsi
altında ənənəvi musiqinin ilk beynəlxalq
simpoziumları və festivallarının keçirilməsindən
və bu hadisələrin sovet cəmiyyətində geniş əks-səda
doğurmasından sonra dəyişməyə başlayır.
Bu tədbirlər ənənəvi musiqi sənətinə
marağın oyanmasına və ona yüksək dərəcəli
professional sənət olaraq baxışların
formalaşmasına rəvac verdi.
XX yüzilin
90-cı illərindən başlayaraq Azərbaycan muğam sənəti
dünyanın hər yerində dinləyicilərin, mütəxəssislərin
və menecerlərin diqqətini get-gedə daha geniş şəkildə
özünə cəlb etməyə başlayır. Azərbaycanın
ənənəvi musiqiçiləri beynəlxalq festivallarda
iştirak edir, dünyanın hər yerinə qastrollara
çıxır, onların diskləri Qərbin ən iri səsyazma
studiyalarında buraxılır.
Muğam sənəti
XX yüzil Azərbaycan bəstəkarlarının
yaradıcılığına ilham verən qaynaq olmuş və
olaraq qalır.
1908-ci ildən - Bakıda Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyovun Azərbaycanda professional musiqi
teatrının başlanğıcı olan ilk
operasının səhnəyə qoyulduğu tarixdən
muğamlar Azərbaycan musiqisindən bir çox musiqi əsərlərinə
və yeni janrlara həyat vermişdir. Sonuncular
sırasında - muğam operası, simfonik və xor
muğamları, sonata-muğam, caz-muğam göstərilə
bilər. Azərbaycan bəstəkarlarının
ayrı-ayrı əsərlərinin bu gün də
böyüməkdə olan çox uzun bir siyahısı
muğam ənənələrinə əsaslanır.
Müasir
dövrümüzdə özünün yeni bir inkişaf
dövrünü yaşayan Azərbaycan muğamı dövlət
tərəfindən qorunur və təbliğ edilir. Azərbaycan
xalqının mədəni ənənələri və
tarixində dərin köklərə malik olan muğam sənətinin
inkişafına və təbliğinə xüsusi önəm
verilir. Muğamı qorumaq, inkişaf etdirmək,
onun gözəlliyini və dərin fəlsəfəsini gələcək
nəsillərə çatdırmaq məqsədi ilə Heydər
Əliyev Fondu tərəfindən irimiqyaslı layihələrin
həyata keçirildiyini qeyd etməliyik. "Azərbaycan
muğamları" layihəsi çərçivəsində
"Qarabağ xanəndələri" musiqi albomunu nəfis
şəkildə nəşr etmişdir. Albomda
24 virtuoz muğam ifaçısının səsləndirdiyi
muğam parçaları qədim və zəngin mədəniyyətimiz
barədə dinləyicilərdə geniş təsəvvür
yaradır.
Milli-mənəvi
dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin
təbliği sahəsində həyata keçirilmiş layihələr
arasında Azərbaycan muğamının dünyada geniş
təbliği məqsədi ilə Bakı şəhərində
Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli
yer tutur.
Regionlarda da Muğam Mərkəzlərinin yaradılmasına
dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü
ilə keçən il Ağcabədi
şəhərində Qarabağ Muğam Mərkəzi
inşa olunmuşdur. Daha sonra Fondun təşəbbüsü
ilə Bakıda Müasir İncəsənət Muzeyi
açılmışdır. Hazırda Heydər Əliyev
Fondunun təşəbbüsü, Mədəniyyət və
Turizm Nazirliyi və YUNESKO-nun dəstəyi ilə Bakıda Lətif
Kərimov adına Azərbaycan
xalçası və xalq tətbiqi sənəti Dövlət
Muzeyi inşa olunur.
Heydər Əliyev Fondu tərəfindən
Azərbaycan muğamının inkişafı və
dünyada tanıdılması məqsədilə müxtəlif
müsabiqələr və beynəlxalq festivallar təşkil
edilərək həyata keçirilir. İlk olaraq Fondun
birbaşa dəstəyi ilə keçirilən və Azərbaycan
muğam sənətinin inkişafına və təbliğinə
böyük töhfələr verən muğam müsabiqələrini
və beynəlxalq festivalları qeyd etmək lazımdır.
2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik
yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən
keçirilən muğam müsabiqəsi Azərbaycan
tamaşaçıları ilə yanaşı, xaricdə
yaşayan soydaşlarımız tərəfindən də
razılıqla qarşılandı. Qədim muğam sənətinin
qorunub saxlanılması, zəngin tarixə malik
ifaçılıq sənətinin gələcək nəsillərə
çatdırılması, yeni ifaçılar nəslinin
yetişdirilməsi məqsədi ilə Fond 2007-ci ildə də
muğam müsabiqəsi keçirmişdir.
Bakıda Heydər Əliyev
Fondunun təşəbbüsü və təşkilati dəstəyi
ilə, dünyada ilk dəfə olaraq, "Muğam aləmi"
Beynəlxalq Muğam Festivalının keçirilməsinin
qeyd etməliyik. Festival çərçivəsində
keçirilən Respublika Muğam Müsabiqəsi, Beynəlxalq
Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda
muğamsevərlər, elmi tədqiqatçılar və
dünyanın bir çox ölkələrindən dəvət
olunmuş xarici qonaqlar iştirak etmişlər.
300-dən çox
ifaçının iştirak etdiyi Respublika Muğam
Müsabiqəsinin qalibləri Fond tərəfindən hədiyyə
və diplomlarla mükafatlandırılmışdır.
Festival çərçivəsində keçirilən beynəlxalq
elmi simpoziumda isə 20-dək ölkəni təmsil edən
alimlərin 80-ə yaxın məruzəsi dinlənilmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
Azərbaycan muğam sənətinə bu diqqət və
qayğısı muğamın təbliği, tədrisi,
peşəkar musiqi ifaçılığının,
müasir dinləyici mədəniyyətinin
formalaşdırılmasında əvəzsiz rol oynayır.
2008-ci ildə, həmçinin,
Fondun Azərbaycan muğamına həsr olunmuş yeni nəşri
- "Azərbaycanın muğam ensiklopediyası" (iki cilddə)
Azərbaycan, rus və ingilis dillərində nəşr
edilmişdir.
Bu gün Azərbaycan
muğam sənətinin nüfuzlu simaları dünya
miqyasında Azərbaycan muğam sənətini təbliğ
edərək bu sənəti nadir əsər tək
tamaşaçılar çatdırırlar. Demək olar ki,
bu gün Azərbaycan muğamı dünyanı fəth edib.
Bu sənətin qocaman, yaşlı, gənc sənətkarları
hər zaman öyrənir, öz üzərilərində
çalışır və Azərbaycan muğamını
çoxsaylı tamaşaçıya təqdim edirlər. Belə
bir sənət növü ilə hər bir azərbaycanlı
qürurlanmaqda haqlıdır.
Beynəlxalq Azərbaycan
Muğamı Günü və İpək Yolu üzərində
yerləşən ölkələrin musiqisi günü elan
olunması bir daha Azərbaycan mədəni irsinə beynəlxalq
səviyyədə verilən qiymətdir. Artıq bu günlə
əlaqədar Torontoda və Niaqarada 12-ci Beynəlxalq Musiqi
Festivalı çərçivəsində Azərbaycanın
simfonik musiqisi və muğamı günləri təşkil
olunub. Konsertlər çərçivəsində "Qarabağ
şikəstəsi", "Çahargah",
"Heyratı" muğamları ilə yanaşı,
Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin, Qara
Qarayevin, Müslüm Maqomayevin və digər klassiklərimizin
əsərləri Kanadanın "İpək Yolu" kamera
orkestrinin ifasında səsləndirilir.
Zümrüd
Səs.- 2010.- 26 avqust.- S. 12.