Qeyri-neft sektoru: Aqrar sektorda yeni inkişaf dövrü başlayır

 

İlham Əliyev: "Gələcəkdə Azərbaycan iqtisadiyyatı daha çox sahibkarlıq fəaliyyətinin inkişafından asılı olacaq"

 

Dünyada baş verən neqativ maliyyə dalğalanması dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uzaqgörənliklə həyata keçirilən iqtisadi siyasət respublika iqtisadiyyatını və maliyyə sektorunu böhranın zərərli təsirindən qoruyub. Cari ilin 7 ayının nəticələri də əldə olunan uğurlar təqdirəlayiqdir. Bu yazıda həmin dövrdə ölkə iqtisadiyyatının aqrar sektorundakı inkişafı konkret faktlar əsasında təqdim etməyə çalışacağıq.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, aqrar bölmədə avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 98,6 faizi, yaxud 1836,9 min hektarı biçilmiş və həmin sahələrdən 925,4 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 19,9 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 2,7 min hektar qarğıdalı sahəsindən 7,3 min ton məhsul götürülüb.

Yığım başlanandan tarlalardan 471,6 min tonya keçən ilin müvafiq dövründə olduğundan 79,6 min ton az kartof, 653,5 min ton (6,9 min ton az) tərəvəz, 140,7 min ton (21,3 min ton az) meyvə və giləmeyvə, 245,2 min ton (13,0 min ton çox) bostan məhsulları, 956 ton, yaxud 232 ton çox tütün toplanıb.

Bu dövrdə 174,7 min ton, yaxud 2009-cu ilin yanvar-iyul aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 868,5 min ton (4,9 faiz çox) süd, 709,5 milyon ədəd (1,7 faiz az) yumurta, 13,6 min ton (3,5 faiz çox) yun istehsal olunub.

Beləliklə, keçən illə müqayisədə mövsümilik amili nəzərə alınmaqla, kənd təsərrüfatının ümumi məhsulu 10 faiz, o cümlədən, bitkiçilik məhsulları istehsalı 18,5 faiz azalıb, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artıb.

Dünyada mövcud olan qlobal maliyyə böhranı şəraitində belə ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə müvafiq qanunvericilik aktlarında dəyişiklik edilib, 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilib. Bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğləri azaldılıb.

Ötən il ölkəmizin bazar iqtisadiyyatına keçidinin başa çatması, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə səciyyəvi olub. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsidir. İlham Əliyevin dediyi "Gələcəkdə Azərbaycan iqtisadiyyatı daha çox sahibkarlıq fəaliyyətinin inkişafından asılı olacaqdır" fikri günün reallığına çevrilir.

Cari ildə və ortamüddətli perspektivdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrin dövlət tərəfindən ardıcıl olaraq davam etdirilməsi, uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların çıxış imkanlarının artırılması sahibkarlığın inkişafına əlavə güclü impuls verəcək.

Dünyada maliyyə böhranının zəifləməsi, bir çox ölkələrdə iqtisadi artımın bərpa olunması, maliyyə-kredit bazarlarında baş verən canlanma, dünya bazarlarında enerjidaşıyıcılarına münasib qiymətlərin bərqərar olması 2010-cu ildə Azərbaycan iqtisadiyyatının inkişafı, xalqın rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradır.

Belə bir şəraitdə hazırkı sosial-iqtisadi siyasət, dövlət proqramları və regional layihələrin icrası qarşıda yeni vəzifələr qoymaqla islahatların davamlı olmasını tələb edir. Bu baxımdan cari ildə də bütün zəruri tədbirlərin həyata keçirilməsi davam etdiriləcək, 2010-cu ildə qarşıya qoyulan vəzifələrin və tapşırıqların tam şəkildə icra olunması üçün bütün tədbirləri həyata keçiriləcək.

Göründüyü kimi, 2010-cu ilin ötən dövrü də ölkənin bütün sahələrdə uğurlar əldə etməsi ilə müşayiət olunur, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə inkişaf tempi davam edir. Qeyd edilənlər göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan hökuməti uğurlu siyasiiqtisadi islahatlar aparmaqla Azərbaycanın sürətli inkişafını davam etdirir. Dünya ölkələrinin böhrandan əziyyət çəkdiyi bir zamanda Azərbaycanın böyük uğurlar əldə etməsi məhz düşünülmüş siyasətin və strateji fəaliyyətin nəticəsidir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 27 avqust.- S. 2.