Xoşməramlı səfir

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti ölkənin çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verir

 

“Həyatda nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız."

 

Mehriban xanım Əliyeva

 

Azərbaycanın çoxəsrlik tarixi dövlət üçün çox önəmli olan şəxsiyyətlər yetişdirmiş, onların şan-şöhrəti beynəlxalq arenada əks-səda doğuraraq ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə  çatdırılmasına səbəb olmuşdur. Hər dövrün yetişdirdiyi ziyalı bir missiya olaraq Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafına  imza ata biləcək məsələləri öz üzərinə götürməklə xalq qarşısında, vətəndaşlıq borcunun ödənilməsinə cəhd edir. Müasir dövrümüzdə bu ziyalılığın ali zirvəsində olan ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın qısa bir zamanda Azərbaycan üçün gördüyü işlər bir əsrin tarixi qədər möhtəşəm və alidir. Onun qəlbinin dərinliklərində olan vətənpərvərlik, milli heysiyyət kimi mənəvi dəyərləri məhz dünya arenasında Mehriban xanım Əliyeva isminə böyük bir məhəbbət yaratmışdır. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusiliyinin dünyəviləşməsi istiqamətində Mehriban xanım Əliyevanın gördüyü işlər tarixin bugünü üçün deyil, zamanın axarında əsrlərin yaddaşında iz buraxacaq hadisələrlə bağlıdır.

Müasir həyata baxışda fərqlilik, dünyəvi proseslərdəki müxtəliflik prizmasında Mehriban Əliyevanın gördüyü işlərin dəyəri açıq-aydın görünməkdədir. Böyük və məsuliyyətli missiyanın daşıyıcısı olmaq yükünü üzərinə götürən Mehriban Əliyeva ulu öndərimizin vətən, xalq üçün göstərdiyi xidmətləri, onun ümumbəşəri ideyalarını, zəngin irsini təbliğ etmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaq missiyasının daşıyıcısına çevrildi. Heydər Əliyev Fondunun prezidenti olaraq çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri kimi cəmiyyətimizdə mövcud olan problemlərin çözülməsinə diqqət ayırdı. Yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğı göstərməyi vacib hesab etdi.

Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun bütün nəsillərə örnək olan irsini təbliğ etmək məqsədi ilə 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu Azərbaycanın sosial inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələrin icraçısına çevrildi.  Mehriban Əliyevanın təşəbbüsü və məqsədyönlü fəalliyyəti nəticəsində fond fəaliyyəti dövründə müxtəlif sahələri əhatə edən çoxsaylı layihələr reallaşdırmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuş, Bakıda bir sıra dövlətlərin iştirakı ilə möhtəşəm konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublika üzrə 31 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş, kommunal şərait yaxşılaşdırılmışdır. Eyni zamanda, uşaq evləri və internat məktəblərində kitabxanalar yaradılmış, müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, bu müəssisələrin əksəriyyətində kompyuter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Azərbaycanın birinci xanımının  təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində 75.000-dən artıq şagird yerlik müasir standartlara cavab verən 283 məktəb binası inşa olunaraq və yenidən qurulmuşdur. "Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Fond bu layihə çərçivəsində hər il Azərbaycanın bütün birinci sinif şagirdlərinə və Gürcüstandakı soydaşlarımızın təhsil aldığı məktəblərin birinci sinif şagirdlərinə yeni dərslik və tədris ləvazimatları hədiyyə edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni elmi-tədris mərkəzinin binası tikilmiş, əyani vəsaitlərlə təmin edilərək soydaşlarımızın istifadəsinə verilmişdir.

Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edir. Fondun başlıca vəzifələrindən biri uşaq evləri və internatlardakı uşaq və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Bu sahədə Mehriban Əliyeva nailiyyətlər əldə etmək məqsədi ilə ilk addımını Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə 2004-cü ildən atmağa başladı və "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi artıq uğurla həyata keçirilir. Bu layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilir. BMT-nin təşəbbüsü ilə 2007-ci ildə Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşuldu. Diabet xəstəliyinin əhatə dairəsinin artması haqqında əhalini xəbərdar etmək məqsədi ilə aksiyanın keçirildiyi 155 ölkənin şəhərlərinin möhtəşəm binaları noyabrın 14-ü - Dünya Diabet Günündə BMT-nin rəmzi olan mavi rəngə boyanır.

Azərbaycanda yayılan talassemiya xəstəliyinin qarşısının alınması məqsədi ilə 2005-ci ildən Mehriban Əliyeva  talassemiya problemlərinə həsr olunmuş "Talassemiyasız həyat naminə" layihəsini həyata keçirməyə başladı. Layihə çərçivəsində talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası üçün ilk dəfə olaraq Bakıda Talassemiya Mərkəzi inşa edilmişdir. Belə bir mərkəzin inşası bu xəstəlikdən əziyyət çəkən uşaqların bir ümid yerinə çevrildi. Heydər Əliyev Fondu tərəfindən Bakı şəhərində Psixo-nevroloji Uşaq Evinin inşası onun səhiyyə sahəsindəki ən böyük uğurlarından biridir. Eyni zamanda, fondun təşəbbüsü ilə paytaxtda və regionlarda tibb müəssisələrinin yenidənqurma layihələri həyata keçirilir. Xəzər rayonunun Türkan qəsəbəsində poliklinika, təcili yardım stansiyası, Şüvəlan qəsəbəsində xəstəxana, Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzi, "Təbəssüm" Uşaq Sanatoriyası yenidən qurularaq və müasir avadanlıqla təchiz olunub. 

Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi prioritet sahələrdən biri də ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasıdır. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi əsasında 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa işləri aparılıb. Dini abidələrdən biri Binə qəsəbəsindəki Möhsün Səlim məscidi bərpa edilərək istifadəyə verilib. Eyni zamanda, Mehriban Əliyevanın layihəsinə əsasən, Gəncə şəhərindəki Həzrəti Zeynəb məscidi yenidən qurulub.

Qeyd olunan layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb. Layihənin digər tərkib hissəsi "Or-Avner" Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik Təhsil Mərkəzinin inşasıdır. Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində də Azərbaycanda görülən işlər məhz müasir dövrümüzdə dövlətin bütün millətdən olan insanlara diqqət və qayğı ilə yanaşmasının nəticəsidir. Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsi təmir və bərpa  olunmuşdur.

Heydər Əliyev Fondunun infrastruktur layihələri Xəzər rayonunun Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrinə yolların çəkilməsi, Binə qəsəbəsində yardımçı stansiyanın yenidən qurulması, qəsəbələrin su təchizatının yaxşılaşdırılması, parkların salınması ilə həyata keçirildi. Fond dini və tarixi-mədəniyyət obyektlərinin ətraf ərazisini abadlaşdırmış, yaşıllıqlar salmış, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün parklarda lazımi şərait yaratmışdır.

Azərbaycanın birinci xanımının humanist prinsipləri, insanların taleyinə olan isti münasibəti çoxşaxəli fəaliyyətində özünü göstərir. Belə ki, Mehriban Əliyeva fiziki cəhətdən qüsurlu olan insanların  cəmiyyətə inteqrasiyasına, onların istedadlarının üzə çıxarılmasına və inkişaf etdirilməsinə, əməklərinin qiymətləndirilməsinə xüsusi əhəmiyyət verir. Onun təşəbbüsü ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycandan 15 nəfər əlil ixtiraçını mükafatlandırıb.

Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında "Qarabağ həqiqətləri" bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən və ingilis, fransız, alman, rus, macar dillərində nəşr olunmuş bukletlər indiyədək bir çox xarici ölkələrdə yayılmışdır. "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.

"Qarabağ həqiqətləri" silsiləsinin davamı olaraq 2007-ci ildə Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində nəşr etdirdi. Kitaba işğal olunmuş rayonlarımızdakı mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə, Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarixi və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunub. Rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Bəyazidin müdafiəsi: həqiqət və yalan", "Əlahəzrətin general - adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan", "Sovet İttifaqı adından" kitabları rus dilində nəşr olunub.

Mehriban xanım Əliyeva azərbaycançılıq ideyalarının carçısı olaraq Azərbaycandan kənarda da amalını gerçəkləşdirmək yönümündə irimiqyaslı layihələri ilə çıxış edir. Onun böyük təşəbbüsü ilə müasir dövrümüzdə fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Sözsüz ki, belə bir dövlətlərdə nümayəndəliklərin yaranması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətlidir. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırmasında birmənalı olaraq fəaliyyətini davam etdirir. Bildiyimiz kimi, hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirilir ki, bunların hər birində təşəbbüskar Heydər Əliyev Fondudur.

Mehriban xanım Əliyevanın İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı ilə  əməkdaşlığı isə 2005-ci ildən başladığını qeyd etməliyik. Bu əməkdaşlıq qısa bir müddət ərzində böyük hadisəyə səbəb oldu. Belə ki, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İSESKO-nun xoşməramlı səfiri adına layiq görüldü.

Yuxarıda sadalananlardan əlavə Heydər Əliyev Fondu dünyanın 150-dən çox ölkəsinin 5 milyondan artıq qadınını öz ətrafında birləşdirən ABŞ-ın "Vital Voice" qeyri-hökumət humanitar təşkilatı və "Uşaqların xilası" təşkilatı ilə də sıx əməkdaşlıq edir.

Gördüyümüz kimi, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirmək Heydər Əliyev Fondunun yarandığı gündən əsas fəaliyyət istiqamətinə çevrilmişdir.  İnanırıq ki, fondun prezidenti Mehriban Əliyeva gələcək fəaliyyətində də bu strateji istiqamətlərdə möhtəşəm layihələrin həyata keçirilməsini davam etdirəcək.

Qeyd edək ki, Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti, yüksəkliyidir. Təkcə bu yaxın zamanda YUNESKO-nun baş direktoru xanım İrina Bokova Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirərək ona YUNESKO-nun "Qızıl Motsart" medalını təqdim etdi. Daha sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fransa Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit rütbəsi ilə təltif edildi. Fransa Respublikasının Prezidenti Nikolya Sarkozi Mehriban Əliyevaya ünvanladığı məktubunda qeyd edir:"...Çox böyük məmnuniyyətlə Sizə bildirirəm ki, mən, Sizin, zabit rütbəsində "Şərəf Legionu" ordeni ilə təltif edilməniz haqqında sərəncam imzalamışam. Öz şəxsi orden fondumdan Sizi təltif etməyi qərara aldığım bu məşhur mükafat ölkəmizə göstərdiyiniz xidmətlərin keyfiyyətinə və ona münasibətdə nümayiş etdirdiyiniz sədaqətə görə olan mükafatdır."

Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə daim addımlayır. Özünü, özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq öz həyat missiyasını gerçəkləşdirir, öz rolunu, obrazını yaradaraq, Azərbaycan tarixinə silinməz portret həkk edir. "Özünün dediyi kimi: "Həyatda nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir." Mehriban Əliyeva həqiqətən  kimliyini, böyüklüyünü bu dünyada gördüyü işlərlə reallaşdırır. Həyat və vəzifə missiyası bir etalon olaraq cəmiyyətə təqdim olunur. Bu təqdimatda Azərbaycan və onun inkişafı dayanır.

Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Mehriban Əliyevanın gələcək fəaliyyətinin əsasında da qeyd etdiyimiz məsələlərin daha da geniş bir planda, layihələr əsasında həyata keçirilməsi dayanacaq.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2010.- 27 avqust.- S. 3-4.