Azərbaycan kinosunun ən nadir filmlərinin rejissoru

 

Bu gün xalq artisti Tofiq Tağızadənin xatirə günüdür

 

Bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndələrindən olan Tofiq Tağızadənin xatirə günüdür. Onun yaradıcılıq yolunun sənət ştrixləri kinorejissorun tərcümeyi-halının əsasını təşkil edir.

Azərbaycan kinematoqrafiyasına kino rejissoru olaraq ismini həkk edən Tofiq Tağızadə 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayır. Bir çox filmlərin quruluşçu rejissorudur. Yaratdığı filmlərlə kino aləmində istedadını nümayiş etdirdi çəkdiyi hər bir film Azərbaycan kinosunun qızıl fonduna daxil edildi. Demək olar ki, onun çəkdiyi filmlər Azərbaycan kinosunun ən nadir filmləri olaraq qəbul olunur. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə etsə , bu gün lentə alınmış kinofilm olaraq tamaşaçılar tərəfindən qəbul olunur. Belə ki, Tofiq Tağızadənin çəkdiyi "Görüş", "Uzaq sahillərdə", "Əsil dost", "Mateo Falkone", "Mən rəqs edəcəyəm", "Arşın mal alan", "Mən ki, gözəl deyildim", "Yeddi oğul istərəm", "Flaminqo - qızıl qazdır", "Dədə-Qorqud", "Narlıq", "Babamın babasının babası", "Bağ mövsümü" s. kinofilmləri onun sənət biblioqrafiyasında əsas yeri tutur.

Zahirən sakit insan təsiri bağışlasa da daxilindəki emosionallıq, daimi narahatlıq onun belə filmləri ərsəyə gətirməsinə səbəb olmuşdur. Tofiq Tağızadə üçün sənət meydanında hər şey arxa plana keçir, böyük sənət yaratmaq amalı hisslərini qabardırdı. Həddindən artıq işgüzar olan Tofiq Tağızadə qaynar günündə elə yaradıcı kollektivi öz axarına salmaq iqtidarına malik idi. O, diqqəti, qətiyyəti, tələbkarlığı, sənət meyarı baxımından obrazı düzgün seçməsi onların hər birinin yaratdığı rolun təsirinə düşərək yaşamatmaq bacarığına malik olduğundan belə bir sənət əsərlərinin ərsəy gəlməsinə nail olmuşdur. Tofiq Tağızadə sənəti hər şeydən üstün tutduğundan tez bir zamanda yaradıcılıq uğurları əks-sədaya səbəb oldu.

Vaxtının az olmasına baxmayaraq daim axtarır, yeni bir nəfəslə kino aləmini işıqlandırmağa çalışırdı. Olduqca həssas, işgüzar olan Tofiq Tağızadənin daxili dünyası onun filmlərində əksini tapır. Hər bir filmində böyük bir insan kimi dəyərləri görünür. Onların sayı o qədər çox deyil. Cəmi 13 filmdir. 14-cü filmi isə yarımçıq qalmışdı. Kinomütəxəssislərini fikrincə, o, ötən əsrin  50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. "Görüş", "Uzaq sahillərdə", "Əsil dost" filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi.

Tofiq Tağızadə "Görüş" filmi ilə sənət aləminə gəlmişdir. "Görüş"lə əbədi olaraq bu sənətə bağlandı. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirdi. Kino tariximizdə Tofiq Tağızadənin məxsusi yeri var. O, çəkdiyi filmlərdə professional kimi özünü təsdiq etdi. Bu filmlərdə Azərbaycanın tarixi , mədəniyyəti , məişəti çox sənətkarcasına öz həllini tapıb. bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür.

Tofiq Tağızadə yaradıcılığına diqqət etsək görərik ki, rejissor zamanın problemlərini ekrana gətirir insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili "mən"ini özü ilə üzbəüz qoyur. Rejissor vətənini, xalqını sevən sənətkar idi. Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri öz əksini tapıb. Hətta sovet imperiyasının ən kəskin bir dövründə belə milli- mənəvi dəyərlərimizi ön plana gətirməkdə cəsarətli idi. Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, "Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan onilliklər ötməsinə baxmayaraq, yenə ona tamaşaçı marağı səngiməmişdir. "Dədə Qorqud" vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tofiq Tağızadə bir rejissor olaraq bu hissləri, bu bəşəri duyğuları ekranda canlandırmağa müvəffəq olub.

"Mən ki gözəl deyildim" filmi isə müharibə haqqında düşüncələrdir. Bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin canlı surətləri var burada. Əslində, film insan taleləri haqqındadır. Hansı məqamda olur-olsun, insan yaşamağa can atır. Bu filmdə zamanın obrazını yaradıb. Bu motivlər filmdə elə vəhdətdə birləşib ki, çox canlı bir harmoniya yaradıb.

Tofiq Tağızadə Moskvada, ÜİDKİ-də təhsil alıb. Rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, rejissor onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində bizim xalqın ruhu duyulur. Onlar bizim tariximizdir, bizim mənəvi varlığımızdır. "Yeddi oğul istərəm" filmində ziddiyyətli məqamlar olsa da, rejissor filmi siyasiləşməkdən uzaqlaşdırıb, hadisələrə başqa yön verib. Gəray bəyin, Bəxtiyarın obrazlarını çuğlaşdıran münaqişələr fonunda rejissor ictimai münasibətləri açıqlayır. İnsanları üz-üzə qoyan ictimai bəlaların köklərini axtarır. "Bağ mövsümü" isə kino-dramdır. Bu film adi, gündəlik həyatımızın problemləri haqqındadır və film bizi ətrafımızda baş verən və biganə qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir.

Daim sənət uğrunda mübarizə aparan Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya yaratmışdı. Təəssüflər olsun ki, ömrün vəfasızlığı onu bu düşüncələrinə qovuşdura bilmədi. Qürurla deyək ki, o, istedadının parlaq nümunələrini yaratdığı filmlərlə kino aləminə gətirdi və adının qarşısına çox fəxri ad və mükafatları yazdıra bildi.

 

 

Zümrüd

 

Səs.- 2010.- 27 avqust.- S. 12.