Ədəbi mühitimizdə Əlibala Hacızadə imzası

 

28 avqust tarixində yazıçının 75 yaşı tamam olur

 

Çağdaş ədəbi mühitimizin seçilən və əsərləri məhəbbətlə oxunan yazıçı Əlibala Hacızadə çoxsaylı nümunələri ilə milli ədəbiyyatımıza orijinal mövzuda olan bir-birindən fərqli bir irs bəxş etmişdir. Onun bu ədəbi nümunələri böyük səs-küyə səbəb olmuş və demək olar ki, Əlibala Hacızadə imzasının çox böyük sürətdə tanınmasına gətirib çıxarmışdır.

Zamanının yazıçısı olmaqla bərabər, o, əsərləri ilə klassik bir yazıçıya çevrildi. Əlibala Hacızadənin əsərlərində qoyduğu mövzu fərqli insan talelərini əhatə etsə də, bu, zəncirvari olaraq ümumiləşdirilmiş simaların taleyi ilə çox səsləşən məzmun kəsb etdi. Onların həyat yollarındakı ştrixləri yazıçı qəlbindən keçərərək, hər bir əzab və iztirabı yaşayaraq təqdiminə qərar verdi. Əgər belə olmasaydı, Əlibala Hacızadə çoxsaylı oxucuları ilə arasında körpü sala bilməzdi. Özü ilə bərabər qəhrəmanları bu körpü vasitəsi ilə oxucuların mənəvi sirdaşı, qonağı oldu.  Məhz bu baxımdan Əlibala Hacızadə öz yolunda təkrarsız yazıçı tək qəbul olundu.

 

Qısa arayış:      

 

Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır. Azərbaycan Milli Elmlər Akademiyası Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. Əfqanıstanda mütərcimlik etmişdir.

Sonra yenidən AMEA Yaxın və Orta Şərq Xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə "Uşaqgəncnəşr"in buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. "İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir. "Təyyarə kölgəsi", "İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş", "Vəfalım mənim", "Dünyanı tanı" romanları, "Unutmaq olmur", "Məhəbbət olmayan evdə" povestləri, "Fərruxi Yəzdinin poeziyası", "Heykəl gülür", "Cehiz" hekayələri yazıçı yaradıcılığı ilə bir tanışlıqdır.  Oxucuların sevimlisi olan Əlibala Hacızadə 2009-cu ilin oktyabr ayında əbədi dünyasına qovuşdu.

Belə bir yol keçən və hər zaman yaradıcılığını diqqətdə saxlayan yazıçı bu zamanın məsafəsində bədii təfəkkürünə yer ayıraraq, işinin çoxluğuna baxmadan artıq beynində saf-çürük etdiyi və kağıza köçürmək vaxtı yetişən məqamların nəsrə alınmasına hökmünü verirdi. Bu anlarda yazıya köçürülən və ədəbiyyat aləmində maraqla qarşılanan əsərlərin sayı durmadan artırdı. Çap olunan əsərlər yazıçı düşüncəsinin məhsulu olaraq ortaya qoyulur və rəylər, münasibətlər əsərləri kimi ifadə olunurdu. Yaradıcılığına məsuliyyətlə yanaşan yazıçı müsahibələrinin birində belə deyir:"Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!.." Belə bir yol onun ədəbi mühitdə sənət yolçusuna çevrildi.

 Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı. 1980-ci illərin ikinci yarısında Əlibala Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.

Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa, o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə, həmçinin, bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmişdir.

Əlibala Hacızadənin yaradıcılıq yolundakı uğurlarının nəticəsidir ki, o, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülmüş, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 28 avqust.- S. 12.