Azərbaycan dünyanın
aparıcı idman ölkələrinin ön
sırasındadır
İlham Əliyev: "Bu, Azərbaycanda idman sahəsində
aparılmış köklü islahatların nəticəsidir"
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib. Dövlətimizin başçısı İlham ƏLİYEV Sinqapurda qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançıları, məşqçiləri və mütəxəssisləri təbrik edərək dedi:
- Əziz dostlar, mən sizi ürəkdən salamlayıram. Sinqapurda keçirilmiş yeniyetmələrin birinci Olimpiya Oyunlarında qazanılmış böyük və inamlı qələbə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, həqiqətən böyük qələbədir, Azərbaycan idmanının təntənəsidir. Bildiyiniz kimi, bu oyunlarda 204 ölkə öz idmançıları ilə təmsil olunmuşdur və Azərbaycan idmançıları bu gərgin yarışda komanda hesabında 11-ci yeri tuta bilmişlər. Bu, həqiqətən böyük və tarixi nailiyyətdir. Azərbaycan artıq dünyanın aparıcı idman ölkələrinin sırasındadır. Bu qələbə onu göstərir ki, Azərbaycanda idmanın inkişafı üçün çox böyük işlər görülmüşdür. İdman hərtərəfli inkişaf edir. Həm kütləvilik artır, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılmışdır. Gənclərimiz, yeniyetmələrimiz idmana böyük həvəslə yanaşırlar. İdman bölmələrinə axın çox güclüdür. Bu, Azərbaycanda idman sahəsində aparılmış köklü islahatların nəticəsidir. Mən çox şadam və çox sevinirəm ki, idmançılarımız bu böyük qələbəni qazandılar.
Bu oyunlar tarixdə qalacaqdır. Hər bir Olimpiya oyunları idman sahəsində tarixi bir mərhələdir. Bu oyunlar isə yeniyetmələrin birinci oyunlarıdır. Siz artıq öz adlarınızı bu şanlı tarixə yazdırmısınız. Siz birinci oyunlarda qələbələr qazanmısınız. Komandamız oyunlarda cəmi 12 idmançı ilə iştirak edirdi. On iki idmançıdan səkkizi medal qazanmışdır. Beş qızıl, üç gümüş medal böyük və tarixi qələbədir. Mən sizi bu böyük nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, siz gələcəkdə də, artıq böyüklər arasında keçiriləcək Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz.
Azərbaycanın dövlət himni Sinqapurda beş dəfə səslənmişdir, səkkiz dəfə bayrağımız orada ucalmışdır. Bu, böyük iftixar hissi oyadan bir hadisədir. Azərbaycan sürətlə, çox dinamik inkişaf edən ölkədir. Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılır, islahatlar keçirilir, ölkəmiz dünyadakı mövqelərini möhkəmləndirir, dünyada böyük və müsbət imicə malikdir. İdman elə bir sahədir ki, ölkələri dünya miqyasında təqdim edir. İndi o yekun nəticələr dərc olunandan sonra hər kəs görəcək ki, aparıcı ölkələrin sırasına öz gəncləri, öz idmançıları ilə Azərbaycan da daxildir.
Azərbaycanın çox şanlı və gözəl idman tarixi vardır. İdmançılarımız Olimpiya oyunlarında böyük qələbələr qazanmışlar. Hər dəfə medalların sayı artır. Birinci dəfə biz Atlanta Olimpiya Oyunlarında müstəqil ölkə kimi iştirak etmişdik. Orada bir medal qazanıldı. Ondan sonra Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanıldı. Əminəm ki, iki ildən sonra keçiriləcək London Olimpiya Oyunlarında da idmançılarımız Vətənimizi ləyaqətlə təmsil edəcəklər.
Sizin qələbəniz
onu göstərir ki, Azərbaycanda idmanın inkişafı
çox düşünülmüş və məqsədyönlü
şəkildə təmin edilir. Çünki gənc nəslin
yetişməsi idman qələbələrinin əsas şərtidir.
Əgər gənc nəsil idmançılar yetişmirsə,
onda gələcək idman uğurlarından söhbət
aparıla bilməz. Siz idmanımızın ümidlərisiniz.
Bir daha demək istəyirəm ki, siz artıq
adlarınızı idman tarixinə
yazdırmısınız. Ancaq bununla bərabər, sizin
böyük gələcəyiniz vardır və elə etməlisiniz
ki, bu qələbələr sizin üçün bir mərhələ
olsun. Sizin üçün elə bir stimul olsun ki, əldə
edilmiş bu gözəl nailiyyətlə kifayətlənməyəsiniz.
Yəni bu, sizi arxayın etməməlidir. Siz daim peşəkarlığınızı
artırmalısınız, daim məşq etməlisiniz,
nizam-intizama tabe olmalısınız, məşqçilərin
sözlərinə qulaq asmalısınız ki, gələcəkdə,
bundan sonra uzun illər Azərbaycanı ləyaqətlə təmsil
edəsiniz.
Mən, eyni zamanda, bu qələbənin
əldə olunmasında iştirak etmiş bütün
insanları da - idmançıların məşqçilərini,
idman mütəxəssislərini təbrik etmək, onlara minnətdarlığımı
bildirmək istəyirəm. Azərbaycanda idmanla məşğul
olan bütün qurumlar vahid mexanizm, vahid komanda kimi fəaliyyət
göstərir. Milli Olimpiya Komitəsi, Gənclər və
İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar
- idmana cavabdehlik daşıyan bütün bu qurumlar məqsədyönlü
və əlaqəli şəkildə təşkil olunmuş
fəaliyyətlə uğurlarımızı təmin edirlər.
Azərbaycan nadir ölkələrdəndir ki, burada
bütün idman qurumları bir-biri ilə sıx əlaqədədir.
Heç bir qarşıdurma, heç bir qısqanclıq
yoxdur, ola da bilməz. Çünki hamımız bir məqsədə
qulluq edirik ki, o da Azərbaycanın idman şöhrətini
ucaltmaq və daim beynəlxalq yarışlarda qələbə
qazanmaqdır.
Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir və bu qələbə layiqincə qiymətləndiriləcəkdir. Bu gün bu qələbənin təşkilində və əldə olunmasında iştirak etmiş bütün insanlar - həm idmançılar, həm onların məşqçiləri mükafatlandırılacaqlar. Bu da Azərbaycan dövlətinin sizə olan münasibətidir. Əlbəttə, bu münasibət ancaq mükafatlarla, maddi amillərlə ölçülmür. Baxmayaraq ki, bu da çox vacibdir. Bilməlisiniz ki, Azərbaycan dövləti sizi daim dəstəkləyəcəkdir. Azərbaycan dövləti ölkədə idmanın inkişafı üçün bütün lazımi tədbirləri görür və gələcəkdə də görəcəkdir.
Bir daha sizi ürəkdən
təbrik edirəm. Sizə yeni-yeni qələbələr və
uğurlar arzulayıram.
Yeniyetmələrin I Yay
Olimpiya Oyunlarının ağırlıqqaldırma üzrə
qızıl mükafatçısı Nicat RƏHİMOV
göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısına
idmançıların minnətdarlığını
çatdıraraq dedi:
- Möhtərəm cənab
Prezident!
Bu gün biz çox əlamətdar
və tarixi anlar yaşayırıq. Sizinlə
görüş biz idmançılar üçün əsl
bayrama çevrilir. Sizin qarşınızda
çıxış etdiyimə görə böyük
qürur hissi keçirirəm. Bizimlə
görüşünüz idmançılara Sizin ən dəyərli
hədiyyənizdir.
Ölkəmizdə
idmanın inkişafı, idmanda qazandığımız
nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin
adı ilə bağlıdır. Məhz ulu öndərimizin əvəzsiz
qayğıkeş münasibəti sayəsində Azərbaycanda
idmanın bütün sahələrində güclü
inkişaf başlamışdır. Həmin inkişaf Sizin
diqqətiniz və qayğınız sayəsində bu gün
davam etməkdədir.
Hörmətli cənab
Prezident! Olimpiya idman komplekslərinin, stadion və məşq
zallarının qısa bir müddət ərzində tikilib
istifadəyə verilməsi biz idmançılara Sizin tərəfinizdən
ən böyük hədiyyədir. Bunların nəticəsidir
ki, biz idmançılar Yeniyetmələrin I Yay Olimpiya
Oyunlarında yüksək nailiyyətlər qazanaraq, Vətənimizi
beynəlxalq arenada idman ölkəsi kimi bir daha
tanıtdıq. Bu yarışda çox böyük dövlətləri
geridə qoyaraq, 5 qızıl və 3 gümüş medal
qazandıq. Bu yarışda yüksək
çıxışlarımız Azərbaycanda idmanın
çox böyük sürətlə inkişaf etdiyini bir
daha sübut etdi.
Hörmətli cənab
Prezident! Bu gün qazandığımız uğurlara görə
Sizə minnətdarlığımızı bildiririk. Mən
bir daha hər birimiz adından Sizə böyük təşəkkürümü
bildirirəm və Azərbaycan idmanının adını
ucaltmaq üçün əlimdən gələni edəcəyimə
söz verirəm.
Diqqətinizə görə
sağ olun.
Sinqapurda qazanılan
böyük qələbə ilə bağlı sevincini
bölüşən yunan-Roma güləşi üzrə məşqçi
İlqar ABDULOV dedi:
- Möhtərəm cənab
Prezident!
Bu gün bu görüşdə
iştirak etdiyim üçün qürur hissi keçirirəm.
İdmançılarımız Yeniyetmələrin I Yay
Olimpiya Oyunlarında uğurla çıxış etmiş,
Azərbaycan bayrağını yüksəklərə
qaldırmış, Vətənə qələbə ilə
qayıtmışlar.
Sizi əmin edirəm ki,
yetişdirdiyim idmançıların zəfər soraqları
dünyanın bütün ölkələrindən gələcəkdir.
Bu gün Azərbaycanda digər sahələrdə olduğu
kimi, gənclərin möhkəm və sağlam
inkişafı Sizin bizə göstərdiyiniz qayğı və
diqqət sayəsində mümkün olmuşdur. Bu gün Azərbaycan
gənclərinin, gələcəyin Olimpiya
çempionlarının yetişdirilməsi üçün
bütün lazımi şərait yaradılmışdır.
Beynəlxalq tələblərə cavab verən olimpiya idman
komplekslərinin, stadion və idman zallarının sayı
artmaqdadır. Bunun üçün hər birimiz - bütün
gənclər, bütün idmançılar Sizə dərin
minnətdarlığımızı, səmimi təşəkkürümüzü
çatdırırıq.
Cənab Prezident, bizi
qarşıda daha böyük sınaq - Londonda keçiriləcək
XXX Olimpiya Oyunları gözləyir. Biz idmançılar və
məşqçilər adından Sizi əmin etmək istəyirik
ki, inşallah, idmançılarımız bu yarışdan
da həmişə olduğu kimi, Vətənə
üzüağ dönəcəklər.
Diqqətinizə görə
çox sağ olun.
İdmançılara yeni qələbələr arzulayan Prezident İlham ƏLİYEV görüş iştirakçılarını bir daha təbrik etdi və tövsiyələrini verərək dedi:
- Sağ olun. Doğrudan da Azərbaycanda son illər tikilmiş, istifadəyə verilmiş olimpiya kompleksləri həm idmanın inkişafı, həm də kütləviliyin artırılması üçün böyük rol oynamışdır. Artıq bütün bölgələrdə gözəl, müasir olimpiya kompleksləri tikilibdir, bəzi rayonlarda tikinti davam etdirilir, bəzi rayonlarda isə növbəti illərdə olimpiya kompleksləri tikiləcəkdir. Çünki Azərbaycanın bölgələrində çox böyük idman istedadları vardır. Sadəcə olaraq onları idman bölmələrinə cəlb etmək və yaxşı şərait yaratmaq lazımdır.
Bildiyimə görə, qaliblərin sırasında bölgələrdən olan idmançılar da vardır. Bu da çox gözəl göstəricidir və onu göstərir ki, təkcə paytaxtda deyil, bölgələrdə də artıq gözəl idmançılar, gənc idmançılar yetişir. Əminəm ki, gələcəkdə bu meyillər daha da güclənəcəkdir.
İdman komplekslərinin tikintisi Azərbaycanda 2000-ci ildən başlanmışdır. On il ərzində artıq 30-a yaxın olimpiya kompleksi vardır və 10 kompleks tikilir. Şübhəsiz ki, bu təşəbbüs artıq öz gözəl nəticələrini göstərmişdir.
Bir məsələni də vurğulamaq istəyirəm. Sevindirici haldır ki, idmançılarımız bu medalları müxtəlif idman növlərində qazanmışlar. Bu medallar həm sərbəst güləş, yunan-Roma güləşi, həm də ağırlıqqaldırma və boks üzrə yarışlarda qazanıldı. Yəni bu da gözəl göstəricidir. Onu göstərir ki, Azərbaycanda bütün idman növləri inkişafdadır. Bizim üçün ənənəvi olan güləş idman növü ilə bərabər, digər idman növləri də inkişafdadır. Bunu həm yeniyetmələrin bu Olimpiya Oyunları göstərmişdir, eyni zamanda son illər ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında Azərbaycan idmançılarının uğurlu çıxışları da təsdiq edir. Bu, onu bir daha göstərir ki, Azərbaycanda hər bir sahədə olduğu kimi, idman sahəsində də inkişaf çoxşaxəlidir. Həm bölgələrdə inkişaf görünür, eyni zamanda, müxtəlif olimpiya və qeyri-olimpiya növlərində gözəl idmançılar yetişir. Mən sizi bir daha ürəkdən təbrik edirəm. Bu qələbəni Azərbaycan xalqına bəxş etdiyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz sizdən yeni qələbələr gözləyirik. Sizin adlarınız artıq tarixdədir. Azərbaycan xalqı da artıq sizi yaxşı tanıyır. Siz elə etməlisiniz ki, daim ölkəmizi bütün yarışlarda ləyaqətlə təmsil edəsiniz. Bir daha sizi təbrik edirəm.
Görüşdən
sonra xatirə şəkli çəkdirilmişdir.
Səs.- 2010.- 31 avqust.- S. 2-3.