Azərbaycan olimpiya hərəkatında fəal iştirak edir

 

Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

 

Azərbaycan tarixən özünəməxsus idman ənənələri ilə məşhurlaşan qədim ölkələrdən biri sayılır. Ölkəmizdə idmanın müxtəlif növləri həmişə populyar olub, idmana, fiziki sağlamlığa xüsusi diqqət yetirilib. Bir çox olimpiya idman növləri də Azərbaycanda qədimdən geniş yayılıb. Olimpiya idman növlərinin əksəriyyəti Azərbaycanda tarixən populyar olsa da, ölkəmiz yalnız müstəqilliik qazanandan sonra idmançılarımızın olimpiya oyunlarında geniş tərkibdə təmsil olunmasına yol açılıb.

 

İdman ictimaiyyəti Azərbaycana böyük maraq göstərir

 

Prezident İlham Əliyev 1997-ci il iyulun 31-də Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti seçildikdən sonra respublikamızın idmanın inkişafı sahəsində səylərini, təşəbbüslərini beynəlxalq səviyyədə həmişə yüksək qiymətləndirib. Bu mənada, Prezident İlham Əliyevin MOK-a rəhbərlik etdiyi ötən 13 il böyük tarixi dövrdür. Bu dövrdə Azərbaycan idmançılarının əldə etdiyi böyük uğurlar, nailiyyətlər göz qarşısındadır. Bu 13 ildə Azərbaycan idmanının şöhrəti yüksəklərə qalxıb, idman dünyasının ölkəmizə marağı artıb, Azərbaycanda bir çox mötəbər beynəlxalq yarışlar baş tutub. Bütün bunlar Prezident İlham Əliyevin bilavasitə iştirakı və təşəbbüsü ilə baş verib. Ölkəmiz artıq ən böyük beynəlxalq idman yarışlarının təşkilində kifayət qədər böyük təcrübəyə malikdir.

Müasir dövrdə hər bir dövlətin olimpiya hərəkatında iştirakı, idmançıların olimpiya oyunlarında qazandıqları nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir. Olimpiya oyunlarının əhəmiyyətini qədərincə qiymətləndirən dövlətimiz də əzəldən bu hərəkata fəal qoşulub. Xatırladaq ki, ölkəmiz 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini də irəli sürmüşdü.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanda uğurlu gənclər siyasəti və idmanın bütün sahələrinin inkişafı prioritet təşkil edir. Prinsipcə, məqsədyönlü və rasional xarakter daşıyan bu idman siyasətinin fəlsəfəsi aydındır: "Bildiyiniz kimi, Azərbaycanın idman ictimaiyyəti beynəlxalq idman qurumları ilə çox sıx əlaqədədir. Azərbaycanın Milli Olimpiya Komitəsi uzun illərdir ki, Avropa və beynəlxalq olimpiya komitələri ilə çox sıx əməkdaşlıq edir, birgə tədbirlər keçirilir və Azərbaycan olimpiya hərəkatında çox fəal iştirak edir. Təsadüfi deyil ki, beynəlxalq və Avropa olimpiya komitələrinin prezidentləri Azərbaycana səfərlər edir, buradakı vəziyyətlə tanış olurlar. Bizim birgə səylərimiz nəticəsində Azərbaycan qısa müddət ərzində idman ölkəsinə çevrilibdir. İdmanın hərtərəfli inkişafı bizim üçün vacibdirbu məqsədlə, ilk növbədə, idmanın maddi-texniki bazasının yaradılması və möhkəmlənməsi çox böyük əhəmiyyət daşıyır".

 

İdman infrastrukturu möhkəmləndirilir

 

Dövlət başçısının ölkəmizin hərtərəfli, kompleks inkişafına xidmət edən siyasi xətti idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi və idmanın inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Bu baxımdan, ölkədə idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun yaradılması mühüm, prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. Ötən illər ərzində Gəncədə, Naxçıvanda, Qazaxda, Bərdədə, Şəkidə, Qubada, Şamaxıda, Lənkəranda, Bakının Maştağa qəsəbəsində və digər bölgələrdə geniş olimpiya idman kompleksləri inşa edilib, cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğuları idmançılarımızın istifadəsinə verilib. Hazırda Azərbaycanda olimpiya komplekslərinin sayı 24-ə çatır. 2009-cu ildə Şəmkir, Şərur və İsmayıllı rayonlarında, Bakının HövsanŞağan qəsəbələrində yeni olimpiya kompleksləri istifadəyə verilib. Bu komplekslərdə təşkil olunmuş 108 bölmədə 3353 idmançı idmanın müxtəlif növləri ilə məşğul olur. Hazırda ölkəmizdə intensiv idmanla məşğul olanların sayı 450325 nəfərə çatıb və bu say artmaqda davam edir. Beş il əvvəl isə bu rəqəm 375501 idi.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bölgələrə səfərləri idman komplekslərinin açılışı və yeni qurğuların təməlinin qoyulması ilə də əlamətdar olur. Bu il ən azı 5 yeni olimpiya kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur. Həyata keçirilən uğurlu tədbirlər artıq öz bəhrəsini verməkdədir. Məhz bunun nəticəsidir ki, idmançılarımızın beynəlxalq yarışlarda uğurları ildən-ilə artır.

Rəqəmlərə diqqət yetirdikdə Azərbaycan idmançılarının ildən-ilə daha böyük uğurlar əldə etməsi aydın görünür. Belə ki, 2009-cu ildə 358 beynəlxalq turnirdə Azərbaycanın 4296 idmançısı qüvvəsini sınamışdı. Onlar 619 medal qazanmışlar ki, bu da 2008-ci illə müqayisədə 69 medal çoxdur. Olimpiya idman növlərində isə 37 medallıq artım müşahidə edilib. Qazanılmış medalların böyük qismi - yarısı qızıldır. Dörd idmançımız isə olimpiya idman növləri üzrə dünya çempionatlarında birinci yeri tutub. Ötən il Azərbaycanda idmanın 84 növü üzrə 449 ölkəmiqyaslı yarış keçirilib, bu turnirlərdə yüz minə yaxın idmançı iştirak edib.

 

İdmançılarımızın nailiyyətləri olduqca təqdirəlayiqdir

 

İdmançılarımız ötən il 180 dünya çempionatı və 228 qitə birinciliyində ölkəmizi layiqincə təmsil edərək gözəl nəticələr göstəriblər. Azərbaycan idmançılarının Ermənistanda cüdo üzrə Avropa, Serbiyada şahmat üzrə Avropa, Finlandiyada güləş üzrə dünya, Litvada güləş üzrə Avropa, Bakıda bədii gimnastika üzrə AvropaKanadada avarçəkmə üzrə dünya çempionatlarında qazanılmış uğurları buna misal göstərilə bilər. Şahmat üzrə yığma komandamız isə Serbiyada qitə çempionu adını qazanıb. Ermənistanda keçirilmiş gənc cüdoçuların Avropa çempionatında iştirak edən 5 idmançımızın hamısı fəxri kürsüyə yüksəlmiş, Elmar Qasımov isə bütün rəqiblərinə qalib gələrək himnimizi Yerevanda səsləndirmişdi.

Danimarkanın Herninq şəhərində keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatında olimpiya çempionu Fərid Mansurov birinci yerə çıxaraq ikiqat dünya çempionu adını qazandı. Güləş komandamız dünya miqyasında komanda hesabı ilə birinci olması idmançılarımızın mühüm nailiyyətidir. Dünyada güləş çox populyar idman növüdürmüvafiq yarışlarda adətən 100-dən çox ölkəni təmsil edən idmançılar iştirak edir.

Kanadada avarçəkmə üzrə dünya çempionatında Azərbaycan komandası uğurla çıxış etməsi, Demyanenkonun qızıl, Sergey Bezuqlıy - Maksim Prokopenko cütlüyünün gümüşbürünc medallar qazanması Azərbaycan vətəndaşlarının idmanın bütün sahələrində müvəffəqiyyət qazanmağa qadir olduğunu təsdiqləyir. Bununla yanaşı, Azərbaycan beynəlxalq miqyaslı yarışları təşkil etməyi bacaran ölkə kimi getdikcə daha çox nüfuz və hörmət qazanır. Ötən il ölkəmizdə 33 beynəlxalq yarışın keçirilməsi, bədii gimnastika üzrə Avropa çempionatı, taekvondo üzrə dünya çempionatının məhz Azərbaycanda reallaşması buna əyani misal sayıla bilər.

Hazırda ölkədə olimpiya hərəkatının inkişafı xüsusilə diqqəti cəlb edir. Müstəqil dövlət kimi Azərbaycan Olimpiya Oyunlarında ilk dəfə 1996-cı ildə iştirak edib. Həmin il Atlanta Olimpiadasında cəmi bir medal (gümüş) qazanılmışdı. Bu, o dövrdə Azərbaycan üçün uğurlu nəticə sayılsa da, Azərbaycanı idman ölkəsi kimi tanıtmaq üçün yetərli deyildi. Ölkəmizin idman reytinqini əhəmiyyətli dərəcədə yüksəltmək, dünya idmanında layiqli yer tutmaqdan ötrü Olimpiya oyunlarında daha yüksək nəticələr əldə etmək gərək idi. Bundan ötrü ölkədə olimpiya hərəkatının, idmanın sürətli inkişafı təmin olunmalı idi. Qısa müddət ərzində bu istiqamətdə ciddi irəliləyişlər özünü göstərdi. 2000-ci il Sidney Olimpiya oyunlarında idmançılarımız iki qızıl və bir bürünc medal qazanaraq ölkəmizin 199 ölkə arasında 34-cü yeri özlərinə təmin etdilər. Növbəti Olimpiya oyunlarında uğurlar daha da artdı. 2004-ci ildə Afinada keçirilmiş Olimpiadada medallarımızın sayı 5-ə, 2008-ci il Pekin Olimpiya oyunlarında isə 7-yə çatdı. Bu isə olimpiya hərəkatının davamlı inkişafına dəlalət edir.

Olimpiya hərəkatı təkcə Olimpiya oyunların da qatılmaqla məhdudlaşmır. Bu, geniş, çoxşaxəli fəaliyyət sahəsidir və beynəlxalq olimpiya hərəkatında fəal iştirakı nəzərdə tutur. Bu baxımdan Milli Olimpiya Komitəsinin fəaliyyəti hər cəhətdən təqdirəlayiqdir.

Hazırda Azərbaycan öz tarixinin sürətli, davamlı inkişaf dövrünü yaşayır. Ölkəmizdə gənc nəslin sağlam böyüməsinə, idmanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

Beləliklə, qazanılan medallar, eyni zamanda, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınması bu sahədə uğurların təməlini təşkil edir. İdman ictimaiyyəti əldə edilən bu uğurları, nailiyyətləri böyük rəğbətlə, ruh yüksəkliyi ilə qarşılayır. Müasir dövrdə idman həm vasitə, həm də məqsəd sayılır. İdmanın inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Bu, ilk növbədə, dövlətçiliyə, milli maraqlara, əhalinin, gələcək nəslin sağlamlığına xidmət edən addımdır.

 

 

Səs.- 2010.- 31 avqust.- S. 4.