Gənclərin yüksək fəallığı
yekdil qüvvə yaradır
Əli Əhmədov: "Gənclərə
böyük önəm verməklə
partiyanın gələcək gücünün,
qüdrətinin əsaslarını daha da möhkəmləndirmiş olarıq"
Avqustun 28-də YAP Xətai rayon təşkilatının qərargahında YAP-ın Gənclər Birliyinin rayon (şəhər) təşkilatları sədrlərinin toplantısı keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, ölkəmizdə keçiriləcək mühüm siyasi kampaniya ərəfəsində partiyanın Gənclər Birliyinin rayon təşkilatlarının sədrlərinin görüşünün keçirilməsi əhəmiyyətlidir: "Hər bir siyasi kampaniya cəmiyyətin bütün təbəqələrini, xüsusilə, gəncləri maraqlandırır və diqqətində olur. Düşünürəm ki, qarşıdan gələn parlament seçkilərində də gənclər bu fəallıqlarını ortaya qoyacaqlar. YAP qüdrətli, güclü siyasi təşkilat olaraq ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərin önündə gedir, həmin hadisələrin əsas hərkətverici qüvvəsi kimi çıxış edir, eyni zamanda, ölkədə keçirilən bütün seçki kampaniyalarında fəal iştirak edərək, qalib olur. Bir növ YAP ölkədə keçirilən seçki proseslərində qalib gəlmək vərdişinə sahib olub. Sözsüz ki, bu da yaxşı vərdişdir. YAP olaraq bizim də məqsədimiz bütün seçki proseslərində fəal olmaq, uğurlara imza atmaqlır."
Ə.Əhmədov onu da söylədi ki, noyabrın 7-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. YAP seçkilərdə iştirak etmək və qalib olmaq niyyətindədir: "Bu niyyətimizi həyata keçirmək üçün YAP bütün resursları, imkanları səfərbər edir. Partiya son illərdə ölkədə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan uğurlarda bilavasitə iştirak edib. Son illər ölkənin ictimai- siyasi və iqtisadi həyatı yüksəlişlə müşahidə olunur. Azərbaycanın iqtisadi artımın sürətinə görə dünyada ən yüksək göstəricələri nümayiş etdirməsi Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin böyük uğurlarından xəbər verir. Son illərdə dünyanı bürüyən maliyyə və iqtisadi böhranın ölkəmizdə hiss olunmaması da aparılan düzgün siyasətin nəticəsidir. İqtisadiyyatın inkişafı həyatımızın digər sahələrində də yüksəlişə geniş imkanlar yaradıb. İqtisadi inkişaf insanların həyat şəraitinin yaxşılaşmasına stimul verir. Təbii ki, 2010-cu ildəki Azərbaycanın iqtisadiyyatını 5-10 il bundan öncənin iqtisadiyyatı ilə müqayisə etmək mümkün deyil. Eyni zamanda, fərq insanların sosial həyatında özünü qabarıq şəkildə büruzə verir. Qüdrətli iqtisadiyyat güclü sosial siyasətin həyata keçirilməsinə geniş imkanlar açır ki, bu gün Azərbaycan vətəndaşları uğurlu iqtisadi göstəriciləri özlərinin gündəlik həyatında hiss edir. Ölkə vətəndaşlarında belə fikir yaranıb ki, qarşıdakı il yola salınan ildən daha uğurlu, yadda qalan olur. Beləliklə, ölkə əhalisində gələcəyə inam böyükdür."
YAP Sədrinin müavini Ə.Əhmədov bildirdi ki, ölkəmizdə həyata keçirilən islahatların və Prezident siyasətinin çox uğurlu cəhətlərindən biri Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsidir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün bölgələrin tərəqqisini qarşıya ən ümdə məqsəd kimi qoydu: "Bu baxımdan deyə bilərik ki, partiyamızın digər isinad etdiyi resurs ölkə Prezidentinin təşəbbüsü ilə bütün bölgələrdə həyata keçirilən quruculuq-abadlıq işləridir. Regionların inkişafı proqramının məqsədi məhz insanlarımızın həyat səviyyəsini yaxşılaşdırmaq, yeni iş yerləri açmaq, sosial məsələləri həll etmək, xalqımızın rahat yaşaması üçün şərait yaratmaqdır. Regionların inkişafını ölkənin hərtərəfli tərəqqisi üçün başlıca amil kimi önə çəkən cənab İlham Əliyev bununla respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan islahatların keyfiyyətcə yeni mərhələ üzrə inkişafını həlli vacib məsələ kimi diqqətə çatdırdı. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inamla inteqrasiya edən dövlət kimi sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq ictimaiyyətin marağını cəlb etdi. Dünya miqyasında iqtisadi inkişaf sahəsində birinci olmaq, əlbəttə, asan məsələ deyildir. Bunun səbəbi islahatlar, düşünülmüş siyasət, vaxtında atılmış addımlar və ölkəmizin hərtərəfli inkişafıdır. Bölgələrdə gedən quruculuq- abadlıq işləri, yeni iş yerlərinin yaradılması, yeni zavodların, fabriklərin açılması, bütün bunlar görülən işlərin praktik nəticələridir".
Ə.Əhmədov onu da bildirdi ki, bu gün respublikamızın hər bir bölgəsi inkişaf, tərəqqi baxımından paytaxtdan geri qalmır. Bütün bölgələrdə təhsil ocaqları, tibb müəssisələri, istirahət və əyləncə mərkəzləri, xidmət obyektləri və digər sosial obyektlər tikilib istifadəyə verilmiş, müasir standartlara uyğun yenidən qurulmuşdur. Bütövlükdə bölgələrin siması dəyişib. Bütün bunlar Azərbaycanın həm regionda, həm də dünyada mövqelərinin möhkəmlənməsinə, əhəmiyyətinin artmasına, rolunun yüksəlməsinə təməl yaradıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə, regional siyasətdə əhəmiyyətli mövqe tutan bir dövlət kimi birmənalı şəkildə etiraf olunur. Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin artan rolu beynəlxalq miqyasda təsdiqlənir. Qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın yüksək səviyyədə iştirakı onun əhəmiyyətli rolundan xəbər verir. Bütün bunlar ümumiləşdirilmiş şəkildə Azərbaycanın uğurları, nailiyyətləridir. Bunlar, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin göstəricisidir.
YAP Sədrinin müavini söylədi ki, hər bir siyasi kampaniyanın əsas arqumenti ölkə vətəndaşlarının hökumətin fəaliyyətindən razılığı ilə müəyyənləşdirilir: "Bu gün Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti, xüsusilə, gənclər ölkəmizdə həyata keçirilən siyasətdən razılıqlarını ifadə edirlər. Bu razılığın ifadə olunması üçün kifayət qədər əsaslar var."
"Biz seçkilərə gedərkən və uğur qazanmağı qarşıya mühüm vəzifə qoyarkən, sözsüz ki, mövcud reallıqlara və bu gerçəkliklərin yaratdığı ictimai əhval-ruhiyyəyə, seçki ab-havasına istinad edirik" sözlərini söyləyən Ə.Əhmədov bildirdi ki, iqtidar partiyası olaraq qarşıdan gələn parlament seçəkilərinə bu əhval-ruhiyyə ilə gedirik. Digər seçkilərdə olduğu kimi, parlament seçkilərində də YAP-ın qələbə qazanacağı heç kimdə şübhə yaratmır: "Bu, seçki strategiyamızın əsasında dayanan ən güclü arqument və reallıqdır. Digər tərəfdən YAP olaraq bütün seçkilərə ciddi hazırlaşırıq. Partiyanın malik olduğu böyük nüfuz, gücü, qüdrəti, siyasi təşkilatlanma parametrləri, birlik, monolitlik, vahid güc halında birləşmək imkanlarına malik olması, öz növbəsində, qarşıdan gələn parlament seçkilərində iştirakının və qələbəsinin əsasında dayanır."
Partiyanın sıralarında 520 minə qədər üzvün birləşdiyini deyən Ə.Əhmədov bildirdi ki, bu, böyük qüvvədir: "Bu günə qədər Azərbaycan tarixində heç bir siyasi təşkilat YAP-ın bu gün cəmiyyətə təqdim etdiyi insani resurs qədər gücə malik olmayıb. Bu günə qədər heç bir siyasi partiyanın sıralarında yarım milyon insan birləşməyib. YAP-ın sıraları davamlı olaraq artır. Hər il partiyanın sıralarına 25-30 min üzv daxil olur. Bu, ondan xəbər verir ki, Azərbaycan vətəndaşları Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inanır.
İkinci bir tərəfdən siyasi taleyini YAP ilə bağlayanlar atdıqları bu addımın doğru olduğu qənaətindədirlər və ətrafdakı insanlar da partiyanın ölkənin tərəqqisi, insanların rifah halının yaxşılaşması istiqamətində fəaliyyət göstərdiyini yüksək dəyərləndirərək, bu təşkilata üzv qəbul olunmaq haqqında qərara gəlirlər. YAP mövcud olduğu bütün dövrlərdə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib.
Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan ictimai-siyasi gərginliyin aradan qaldırılmasında, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi islahatların həyata keçirilməsində, sonrakı illərdə ölkənin tərəqqisinin təmin edilməsində, bugünkü ictimai-siyasi proseslərdə partiyanın üzvləri yaxından iştirak edirlər. Bir sözlə, ölkəmizdə əldə olunan bütün nailiyyətlərdə YAP-ın rolu böyükdür".
Bu gün partiyanın sıralarında birləşən yarım milyondan artıq üzvün 40 faizini gənclərin təşkil etdiyini söyləyən Ə.Əhmədov onu da vurğuladı ki, bunun özü Azərbaycan gəncləri arasında YAP-ın nüfuzunun sübutudur: "Beləliklə, gənclərin böyük əksəriyyətini özündə birləşdirən Gənclər Birliyi YAP-ın qüdrətinin və gücünün çox əhəmiyətli dayaqlarından biridir. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda ölkənin hərtərəfli inkişafı naminə həyata keçirilən siyasətin dəstəklənməsində Azərbaycan gəncləri birmənalı şəkildə öz mövqelərini ortaya qoyurlar. Çünki bu illər ərzində YAP birmənalı şəkildə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun olaraq partiya sıralarında və ölkəmizin ictimai həyatında da gənclərin geniş şəkildə iştirak etməsi üçün bütün imkanları yaratmağa çalışır. Hər il partiya sıralarına daxil olanlar arasında gənclərin xüsusi çəkisi artmaqdadır. Bu, onu göstərir ki, gənclər YAP-ın timsalında özünün gücünün, biliklərinin istifadə olunması üçün böyük meydan görür. Öz enerjilərindən dövlət, xalq, partiya üçün istifadə edirlər. Beləliklə, cəmiyyətimizin çox böyük insani resurslarından olan gənclər YAP-ın tərkibində çox səmərəli fəaliyyət göstərir və eyni zamanda, partiya gənclərin ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırması üçün ciddi səylər göstərir."
Ötən ilin dekabrında ölkədə bələdiyyə seçkilərinin keçirildiyini xatırladan Ə.Əhmədov qeyd etdi ki, YAP gənclərin seçkilərdə yaxından iştirak etməsi təşəbbüsünü irəli sürdü və bunun da çox müsbət nəticəsi oldu. 2004-cü il bələdiyyə seçkilərində gənclər bələdiyyələrin tərkibində 2-2,5 faiz təmsil olunurdusa, 2009-cu il seçkilərdə isə onların təmsilçilik səviyyəsi 28 faizə çatdırıldı. Gənclərin bələdiyyələrdə iştirak səviyyəsi bələdiyyə təcrübəsi əsasında 10 dəfə artıb. Bu, gənclərimizin ictimai fəallığının artmasında irəli gəlir.
Ə.Əhmədov bildirdi ki, bütün sahələrdə Azərbaycan gəncləri fəal iştirak edir. Qazanılan uğurlarda onların əhəmiyyətli rolu ölkə rəhbərliyi və YAP tərəfindən yüksək qiymətləndirilir. Partiya olaraq gənclərimizin ölkənin ictimai-siyasi həyatında artan rolundan razılğımızı ifadə edir, onları daha da fəal olmağa çağırırıq. Bu fəallığı artırmağı arzulamaqla yanaşı, onun gerçəkləşdirilməsi üçün lazım olan şəraiti yaradırıq. YAP Sədrinin müavini bildirdi ki, gənclər fəallıqlarını artırmaqla böyük uğurlara imza atan Azərbaycanın daha inamla irəliləməsinə, bütün sahələrdə daha yüksək nailiyyətlər əldə etməsinə öz töhfəsini verə bilər: "Düşünürük ki, gəncliyin böyük enerjisi ilə yüksək fəallığı birləşib çox əhəmiyyətli bir gücü yaradır. Bu güc YAP-ın qüdrətinin və əzəmətinin əsasında dayanır. Həm Azərbaycanın, həm də YAP-ın gələcəyi indiki gəncliklə bağlıdır. Biz gəncliyə böyük önəm verməklə, əslində, partiyanın gələcək gücünün, qüdrətinin əsaslarını, bünövrəsini daha da möhkəmləndirmiş olarıq."
Ə.Əhmədov söylədi ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı olan ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinin partiyanın sıralarında daha çoxluq təşkil etməsinin, ölkənin siyasi həyatında fəallıqlarının artırmalarının vacibliyini daim önə çəkirdi. Bu diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP olaraq, bütün seçki kampaniyasında olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də yaxından iştirak etməklə uğur qazanmağa, layiqli namizədlərimizin Azərbaycanın ali qanunverici orqanında təmsil olunmasına səy göstərəcəyik: "Qarşımıza çox vacib, çətin, mürəkkəb, eyni zamanda, şərəfli bir vəzifəni qoymuşuq. Partiyanın bütün resursları, üzvləri belə bir şərəfli vəzifənin yerinə yetirilməsinə səfərbər edilib. Malik olduğumuz resurslar, Azərbaycan iqtidarının həyata keçiridyi siyasət, ölkə Prezidentinin xalqımız tərəfindən qətiyyətlə dəstəklənməsi qarşıdan gələn parlament seçkilərində daha ciddi uğurlar qazanmağımıza əsaslar yaradır. Düşünürəm ki, gənclərimiz seçki kampaniyasında daha çox fəallıq nümayiş etdirəcəklər. Seçki taktikamız ona yönəlib ki, parlament seçkilərində partiyamız əvvəlki parlament seçkilərində əldə etdiyindən daha əhəmiyyətli və yüksək seçki qələbəsi qazansın. Partiyanın belə bir vəzifəni qarşıya qoymağımıza tam haqqı var."
Ə.Əhmədov vurğuladı ki, bu gün partiyanın üzvlərinin sayının yarım milyondan artıq olması da YAP-ın gələcəyinə olan inamın göstəricilərindəndir. Əgər biz müqayisə aparsaq, 2005-ci il parlament seçkilərində YAP-ın üzvlərinin sayı 370-380 min arasında idi. Bu gün isə yarım milyondan çoxdur. Bunun 40 faizini gənclər təşkil edir. Partiyanın sıraları ildən-ilə kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənir. Bu artım YAP-ın ictimai nüfuzunun və dəstəyinin ifadəsi, seçki kampaniyalarında partiyanı dəstəkləyən seçicilərin sayının yüksək səviyyədə olmasının təsdiqidir. Partiya sıralarına axının sürətlənməsi hər bir seçkidə YAP-ın qarşıya daha ciddi və böyük vəzifələr qoyması üçün etibarlı əsas yaradır. Partiyamız parlament seçkilərinə də mühüm vəzifələrlə qatılır: "Düşünürük ki, partiyanın şəhər və rayon təşkilatlarının gənclər birlikləri YAP-ın seçki proqramının uğurla həyata keçirilməsinə özlərinin böyük töhfələrini verə bilərlər. Bu, sözsüz ki, YAP-ın sıralarında birləşən gənclərin fəallığının yüksək olması ilə bağlıdır. Bütün bu parametrləri nəzərə alaraq, gəncləri partiyanın seçki kampaniyasının uğurla həyata keçirməsində vacib, çox əhəmiyyətli resurs hesab edirik. Gənclər birlikləri bu məsuliyyəti dərk edərək, malik olduqları resursdan partiyanın qələbəsi üçün səmərəli istifadə edəcəklər."
Azərbaycanın hər bir şəhərində, rayonunda YAP-ın gənclər birliyi formalaşıb. Ə.Əhmədov bu inamı ifadə etdi ki, qarşıdan gələn parlament seçkilərində bütövlükdə hər bir rayon və şəhər təşkilatı özünün malik olduğu resurslarını seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün səfərbər edəcək. YAP Sədrinin müavini bildirdi ki, ölkəmizin son illərdə qazandığı uğurlar, öz növbəsində, hər bir rayonda, qəsəbədə iqtidarın həyata keçirdiyi siyasətin seçicilər tərəfindən yüksək səviyyədə dəstəklənməsinə zəmin yaradır. Bu uğurlar, eyni zamanda, YAP tərəfindən irəli sürülən namizədlərə münasibəti formalaşdırır. O da bildirildi ki, YAP-ın parlament seçkilərində əsaslandığı digər əhəmiyyətli resurs partiyanın əldə etdiyi seçki təcrübəsidir. Bu istiqamətdə YAP-ın hər bir rayon-şəhər təşkilatının topladığı seçki təcrübəsi parlament seçkilərində müəyyənləşdirdiyimiz vəzifələrin uğurla yerinə yetirilməsinə ciddi əsaslar yaradır: "Partiyamız seçkilərdə qalib gəlmək üçün bütün zəruri işləri görür. Bu hazırlığın parlament seçkilərində böyük uğurlar əldə etməyimizlə, YAP-ı parlamentdə təmsil edən deputatlarının sayının artması ilə müşayiət olunacağına inanırıq. Ötən seçkilərin təcrübəsi göstərir ki, hər seçkidə YAP-ın qalib gələn namizədlərinin sayı daha da artır. Xalq reallığa əsaslanaraq, düzgün seçim etməklə ölkəmizin daha da qüdrətlənməsinə, çiçəklənməsinə, müasirləşməsinə dəstək olur".
YAP Sədrinin müavini onu da bildirdi ki, partiya sıralarında birləşən gənclər YAP-ın seçki qərargahlarının işində fəal iştirak etməklə, partiya tərəfindən irəli sürülən namizədlərin fəal təbliğatçısı olmaqla, seçki proqramının uğurla həyata keçirilməsinə öz töhfələrini verə bilərlər.
Tədbirdə YAP Gənclər Birliyinin Gəncə şəhər təşkilatının sədri Ramin İbrahimov, Ağdam rayon təşkilatının sədri Amil Cavadov, Göyçay rayon təşkilatının sədri Ramiz Şükürov, Lerik rayon təşkilatının sədri Rövşən Rüstəmov çıxış edərək bildirdilər ki, ulu öndər Heydər Əliyev gənclərin ictimai fəallığının artırılmasını daim qarşıya ən ümdə məqsəd kimi qoyurdu. Gəncləri Azərbaycanın gələcəyi hesab edən ümummilli lider onların böyük qüvvə olduğunu bildirərək, bu potensialdan istifadə etməyin vacibliyini bəyan edirdi. Ulu öndər Heydər Əliyevin xüsusi fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması da buna bariz nümunə kimi qeyd edildi. Çıxışlarda bu fikir dönə-dönə vurğulandı ki, dünənin, bugünün və gələcəyin partiyası olan YAP-ın seçkilərdə qələbəsi şübhəsizdir.
Tədbirdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak etdilər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 31 avqust.- S. 5-6.