"Qırxıncı
otaq"
Azərbaycan klassik ədəbiyyatı bir-birini əvəz edən nəsillərin ünvanında inkişaf mərhələsini yaşayır. Hər zamanın yaradıcı varlıqları söz dünyasının zənginliyindən yararlanaraq, orijinal irsin yaradıcısına çevrilərək, ədəbi irsimizə dövrün diqtəsi və tələbatı nöqteyi-nəzərindən yeni çalarlar bəxş edirlər.
Bu sırada oxucuların sənət nümunələrinə yaxşı bələd olduqları və zamanın meyarı baxımında yazıb-yaradan Azərbaycan Yazıçılar Birliyin üzvü, tanınmış yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun əsərləri maraq doğurur. Bu günlərdə "Nurlar" nəşriyyatında çapdan çıxmış "Qırxıncı otaq" kitabı onun yaradıcılıq yolunun gərginliyini və axtarışlarda olduğunu göstərir. Bu, yazıçının "Cəza" və "Xəcalət" povestlərindən sonra oxucu maraqlarını özündə cəmləşdirən yeni bir əsəridir. "Qırxıncı otaq" qeyd edilən əsərlərin davamı kimi də xarakterizə olunur. "Qırxıncı otaq" adı altında çap olunan kitaba "Qırxıncı otaq", "Qumru yumurtaları" və "Qaraçı gözəli Dorito" əsərləri daxildir. Qeyd edək ki, kitabın redaktoru Reyhan Mirzəzadə, rəssamı isə Yavər Əsədovdur.
Həmişə olduğu kimi, yazıçı bu əsərində də cəmiyyəti narahat edən və müəyyən nüansların cərəyan etdiyi hadisələrin mahiyyətini açıb göstərməyi qarşısına məsəd qoymuş və yaradıcılıq təxəyyülünün çərçivəsində dərin psixoloji məqamların açılmasına, insan məninin müdafiəsinə və ədalətin, haqqın qələbəsinə nail ola bilmişdir. Kitaba daxil olan "Qırxıncı otaq" əsərinin mövzusu da məhz cəmiyyətin incə, zərif məxluqu tək qəbul etdiyi qadına olan zorakılığa qarşı bir yazıçı mövqeyini əks etdirir. Çoxsaylı əsərlərin müəllifi olan Hüseynbala Mirələmov müsətəqil dövlətimizin bizlərə verdiyi demokratik hüquqdan çıxış edərək, qanunların keşiyində duran, öz işinə namus, vicdanla yanaşan bir obraz yaradır. Bu, Adil Hüseynlidir. Müəllifin sevərək yaratdığı qəhrəmanlar sırasında yüksəkdə dayanan obraz. Ədalətli, əyilməz hakim obrazı. Bu insan bütövlükdə gücünü, iradəsini xalqın keşiyində durmağa həsr edərək, mübariz səsinin təntənəsinə doğru addımlar atır.
Müəllif çox qabarıq bir şəkildə şəhid ailəsindən olan bir qadına qarşı olan hücumunu bədii tərzədə ifadə etməklə insanlığa məxsus olmayan dəyərləri də diqqətə çatdırır. Azərbaycan xanımına olan çirkin niyyətlərin məhvə doğru yuvarlanması müəllif qələmindən inandırıcı şəkildə oxucuya çatdırırlar. "Qırxıncı otaq"ın qəhrəmanı olan Cahan xanım Azərbaycan qadınına məxsus dəyərlərlə xarakterizə olunur. Əsərdə baş verən hadisələr əsas qəhrəmanlar olan Cahan Axundovanın, akademik Qaraxanlının, Şahin Verdiyevin, Adil Hüseynlinin və başqalarının ətrafında cərəyan edir.
Müəllifin qabartdığı problemlər oxucunu düşündürməyə sövq edir. Əsər ədalətli, namuslu isanların cəmiyyətdə yetişməsinə təsirini göstərməkdədir. Elə ədəbiyyatın da başlıca məqsədi insanşünaslıq elminə xidmətdir. Əsərdə ədalətin, düzlüyün əsas meyarları müəllifin qələmi ilə də dəqiq və düzün şəkildə ortaya qoyulur.
Əsərdə təbiət təsvirlərinin verilməsi də əsərin təsir gücünün artmasına doğru yönəlmişdir.
Kitaba daxil edilən "Qumru yumurtaları" hekayəsi və "Qaraçı gözəli Dorito" povestləri isə sosial problemlərə həsr olunmuşdur. "Qumru yumurtaları" povesti narkomaniyanın cəmiyyətə gətirdiyi sosial bəlaları əks etdirir. "Qaraçı gözəli Dorito" hekayəsi isə ilahi sevgidən bəhs edir.
Kitaba daxil olan əsərlər maraqlı süjetlər əsasında qələmə alınmışdır. Hər bir əsər ayrı-ayrılıqda insan taleyini işıqlandırır və hadisələrin mahiyyətinə ideal şəkildə yanaşılır.
Səs.- 2010.- 22 deekabr.- S.12.