Akademik Şəfaət Mehdiyevin
100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb
Dünən Bakı Dövlət Universitetində (BDU) geologiya-mineralogiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş "Geologiyanın aktual problemləri" mövzusunda respublika elmi konfransı öz işinə başlayıb. Konfransdan əvvəl BDU-da Ş.Mehdiyevin adını daşıyan auditoriyanın və barelyefin açılışı olub.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Milli Məclisin deputatları, tanınmış alimlər və tələbələr iştirak ediblər. Konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək Azərbaycan Prezidentinin böyük alimin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb. Bildirib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı bütövlükdə Azərbaycan elminə, elm xadimlərinə göstərilən qayğının göstəricisidir.
Şəfaət Mehdiyev ensiklopedik biliyə və geniş erudisiyaya malik alim, görkəmli neftçi-geoloq olmaqla yanaşı, eyni zamanda, peşəkar jurnalist, yazıçı və ictimai-siyasi xadim idi. Akademik Şəfaət Mehdiyevin 1958-1965-ci illərdə BDU-nun rektoru olduğunu diqqətə çatdıran A.Məhərrəmov vurğulayıb ki, belə şəxsiyyətlərin, böyük elm və təhsil təşkilatçılarının fədakarlığı nəticəsində universitet özünün bugünkü yüksək səviyyəsinə gəlib çatıb. Neçə-neçə dövlət xadimi, elm, mədəniyyət, ədəbiyyat, hüquq və başqa sahələrin nümayəndələri məhz onun rektorluğu dövründə universitetdə təhsil alıblar. Onların hər biri ustad alim, nüfuzlu ziyalı, tanınmış pedaqoq, ən əsası isə millətini sevən Şəfaət Mehdiyevi bu gün də xoş xatirələrlə anırlar.
Görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Vasif Babazadənin "Görkəmli geoloq alim" və geologiya fakültəsinin dekanı Adil Xasayevin "Unudulmaz müəllim və ictimai xadim" mövzularında məruzələri dinlənilib.
Bildirilib ki, Şəfaət Mehdiyev 1910-cu ildə İranın Sarab qəzasının Şalqun kəndində anadan olmuşdur. Dörd yaşında atasını itirdikdən sonra ailəsi ilə birlikdə Bakıya köçüb. 1930-cu ilin aprelində o, Azərbaycan Sənaye İnstitutunun (hazırkı ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olub və 1934-cü ildə oranı bitirərək neft və qaz yataqlarının kəşfiyyatı üzrə dağ mühəndisi ixtisasına yiyələnib.
Hələ tələbə ikən o, "Azneftkəşfiyyat" Trestində geoloq, sonra Mərdəkan mədənində kəşfiyyat sahəsinin geoloqu vəzifələrində işləyib, daha sonra isə Mərdəkan-Türkan kəşfiyyat qrupunun böyük geoloqu olub.
Şəfaət Mehdiyev 1932-1936-cı illərdə Sənaye İnstitutunun "Neft kadrları uğrunda" adlı çoxtirajlı, daha sonra "Gənc işçi" qəzetlərinin, "Gənc bolşevik" məcmuəsinin, "Azərbaycan idmançısı", "Qala neftçisi" qəzetlərinin redaktoru işləyib. 1936-cı ildən Pirsaat neft mədənində, 1937-1938-ci illərdə Neftçala neft mədənində geoloq kimi çalışıb, daha sonra Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda baş geoloq, direktor müavini vəzifələrinə irəli çəkilərək aspiranturaya daxil olub. O, 1941-1945-ci illər müharibəsinin ilk günlərindən hərbi xidmətə çağırılmış və Qara dəniz qrupunda, Zaqafqaziya və dördüncü Ukrayna cəbhələrində zabit kimi vuruşub. 1944-cü ilin martında mühəndis-geoloq kimi arxa cəbhəyə göndərilib. Ş.Mehdiyev yenidən aspiranturaya bərpa olunub, 1945-ci ilin əvvəllərində doktorluq dissertasiyalarını müdafiə edib. Diqqətə çatdırılıb ki, Şəfaət Mehdiyev tərəfindən Abşeron yarımadasının neft yataqlarının istilik rejimi məsələləri dəqiq surətdə tədqiq olunmuş və qiymətli əsərlər hazırlanıb. Neftin mənşəyi problemi ilə dərindən məşğul olan Şəfaət Mehdiyev hələ 1966-cı ildə neftin dərinlik-biogen genezisi hipotezini irəli sürüb, sonrakı tədqiqatları ilə onu nəzəriyyə səviyyəsinə çatdırıb. Sonralar bu fikir dünyanın bir çox alimləri tərəfindən qəbul edilib.
Vurğulanıb ki, akademik Şəfaət Mehdiyev 400-ə qədər elmi əsərin, 20-dən artıq monoqrafiyanın, Azərbaycanın geoloji və tektonik xəritələrinin, neft və qaz yataqları xəritələrinin redaktoru və tərtibçisi olub. O, "Azərbaycanın geologiyası" adlı çoxcildli nəşrində ayrı-ayrı fəsillərin və bölmələrin tərtibində və redaktə işində böyük əmək sərf edib. Alim 1965-ci ildən ömrünün sonunadək AMEA-nın Geologiya İnstitutunda neftin və qazın geologiyası şöbəsinin rəhbəri və Azərbaycan Dövlət Neft Akademiyasında neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri olub. Bildirilib ki, ümummilli lider Heydər Əliyev Şəfaət Mehdiyevi istedadlı alim olmaqla yanaşı, Azərbaycan xalqına xas zəngin mənəvi keyfiyyətlərin daşıyıcısı kimi dəyərləndirərək deyib: "Akademik Şəfaət Mehdiyev böyük alim, böyük ziyalı, böyük şəxsiyyət olmaqla yanaşı, yaxşı kişi idi".
Tədbirdə təhsil naziri Misir Mərdanov, AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə, Bakı Dövlət Universitetinin kafedra müdiri Abuzər Xələfov, BDU-nun coğrafiya fakültəsinin dekanı Müseyib Müseyibov alimlə bağlı unudulmaz xatirələrini bölüşüblər. Azərbaycanda geologiya elminin formalaşması və inkişafında misilsiz xidmətləri olmuş Şəfaət Mehdiyev geniş elmi biliyə, yüksək təşkilatçılıq bacarığına malik bir alim kimi bu gün də böyük hörmət və ehtiramla yad edilir. Onun xeyirxahlığı, insanpərvərliyi, sadəliyi, vətənpərvərliyi - bir sözlə, insana xas olan gözəl xüsusiyyətləri bu böyük şəxsiyyətlə təmasda olanların xatirəsinə əbədi həkk olunub. Konfransda doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransının ən yaxşı elmi məruzə müəlliflərinə və Ş.Mehdiyevin 100 illik yubileyi münasibətilə alimin elmi irsinin öyrənilməsi ilə bağlı tələbələr arasında keçirilmiş müsabiqənin qaliblərinə fəxri fərmanlar və pul mükafatı təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına və iştirakçılarına ailələri adından minnətdarlığını bildirib. Sonra konfrans işini bölmə iclaslarında davam etdirib.
Səs.- 2010.- 22
dekabr.- S.6.