Birinci Qəbələ Beynəlxalq rəsm sərgisi açılıb

 

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Birinci Qəbələ  Beynəlxalq rəsm sərgisi açılıb.

AzərTAc xəbər verir ki, Qəbələ şəhərindəki "Riverside" hotelində keçirilən sərgini SEBA-nın sədri Ruhəngiz Heydərova açaraq, beynəlxalq tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. R.Heydərova bu sərginin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirib.

Açılış mərasimində Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun  prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sərgi iştirakçılarına ünvanlanmış təbrik məktubunu Fondun icraçı direktoru Anar Ələkbərov oxuyub.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov,  Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov, Koreya Respublikasının  Azərbaycandakı səfiri  Li Ci-Han çıxış edərək  sərginin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri  olduğunu bildirərək, bu  incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar.  Birinci Qəbələ  Beynəlxalq rəsm sərgisinin rəsmi açılışını bildirən qırmızı lent kəsilib və sərgiyə baxış keçirilib.

Məlumat verilib ki, beynəlxalq sərgidə 14 ölkədən -Azərbaycan, Almaniya, Avstraliya, ABŞ, Türkiyə, Böyük Britaniya, Braziliya, Fransa, Gürcüstan, İtaliya, Koreya Respublikası, Latviya, Polşa və Rusiyadan 81 rəssamın 150-dən çox əsəri nümayiş olunur.  Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd ediblər.  Beynəlxalq sərgi iki gün davam edəcək.

 

Səs.- 2010.- 21 dekabr.- S. 4.