"Mənim göyərçinim" tamaşası yeni səhnə redaksiyasında təqdim olundu

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın "Mənim göyərçinim" tamaşası oynanıldı. Yeni səhnə versiyasında tamaşaçılara təqdim olunan tamaşa teatrsevərlərin maraqla izlədikləri səhnə əsərlərindən biridir. Lirik səhnə təcəssümü olan tamaşa müasir həyatımızla səsləşən, gənclərin mənəvi tələbatını, onların zövqünü oxşayan səhnə əsəri kimi qiymətləndirlir.

Bildiyimiz kimi, bu  əsər bir neçə il əvvəl, məhz elə bu  teatrın səhnəsində oynanılmış maraqlı səhnə tərtibatı, ifalarla, rejissor yozumu ilə yadda qalmışdır. Yenidən bu əsərə müraciət gənc nəslin belə məzmunda olan əsərlərə tələbatı nəticəsində reallaşmışdır. Məhəbbət haqqında olan iki hissəli lirik drama yozum verən tamaşanın müəllifi quruluşçu rejissoru, teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova "Mənim göyərçinim"i yeni səhnə redaksiyasında təqdim etdi. Tamaşanın uğurlu alınmasında ilk olaraq deyək ki, səhnə tərtibatı, lazımi səviyyədə dekorasiyanın qurulması, rejissor aktyor düşüncəsinin təcəssümü əsas şərtlərdir.

Tamaşanın tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına teatrın baş rəssamı Şota Qlurcidze, rejissor assistenti əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın plastik həlli rəqslərin quruluşu isə Vüsal Mehrəliyevə məxsusdur. Tamaşanın lirik-psixolji məqamlarının qabarıq şəkildə çatdırılmasında musiqinin əhəmiyyəti müstəsnadır. Belə ki, tamaşaya Vladimir Neverova musiqi tərtibatı vermişdir. Tamaşada istifadə edilən şeirlərin müəllifinə gəlincə isə,  Mirzə Ağa Mirzəyevin ismini vurğulamaq lazımdır.

 "Mənim göyərçinim" tamaşasının mövzusu 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuşdur. Tamara xanım əsər vasitəsi ilə onları yad edərək, Azərbaycan xalqına məxsus olan dəyərləri işıqlandırmağa nail olmuşdur. Hadisələrin ardıcıllıqla cərəyanı tamaşanın süjet xəttində özünü büruzə verir. Tamaşada əsas rolları əməkdar artistlər Rafiq Hüseynov, Rahib Əliyev, aktyorlar İlqarə Tosova (Turan (yaşlı)), Günel Məmmədova (Turan), Mirzə Ağa Mirzəyev (Aqil), Eşqin Quliyev, Elnur Hüseynov (Bəhruz), Zülfiyyə Alhüseynova (Səidə), Nəsibə Eldarova (Zəhra), Kərəm Hadızadə (Qürbət), Anar Səfiyev (Alik), İlham Əsədov (aparıcı-şoumen), Məsumə Babayeva (müəllimə), Sona Babayeva (valideyn), Elxan Qurban, Rövşən Abbasov (Natiq), Müşfiq Əliyev, Anar Seyfullayev, Xalidə Şərifova, Ədalət Əbdülsəmədov, Rəzzaq Məmmədov, Yusif Dadaşov, Aydın Dəmirov, Nurlan Rzayev, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Aybəniz Əhmədova, Anar Seyfullayev, Elgün Yəhyayev, Vahid Orucoğlu (şagirdlər), Nəsibə Eldarova, Dilarə Fərəcullayeva, Kərəm Hadızadə, Asya Atakişiyeva, Nigar Məmmədova başqaları bölüşürdülər.

"Mənim göyərçinim" tamaşası yeni səhnə həyatını anşlaqla yaşadı.

 

Səs.- 2010.- 29 dekabr.- S.12.