Səs və işıq teatrı...

 

Bu, 75 yaşlı yubilyarın yaradıcılıq arzularının davamı olacaq

 

Azərbaycan teatr və kino sənətində yüksək bir tonla ismini sevərək, vurğuladığımız sənətkar var: əməkdar incəsənət xadimi, xalq artisti, Prezident təqaüdçüsü Ağakişi Kazımov. Zahiri görkəmi, nitqi, təxəyyülü, yaradıcılıq potensialı, istedadı ilə sevilən və seçilən, rejissor yozumu ilə düşündürən və səhnəni tamaşaçı cəzbində yaşadan sənətkar. Fəlsəfi mahiyyət kəsb edən, məzmunlu əsərləri səhnələşdirib insan prototiplərini, fərdi taleləri səhnəyə gətirən, ictimai hadisələrə məntiq və ağıla, təmkinlə yanaşan, eləcə də, cəmiyyətdə doğan nüansları sadə, anlaşıqlı şəkildə tamaşaçısına təqdim edən Ağakişi Kazımov. Səhnədə yaşayan və qəhrəmanlarını varlığı qədər sevərək yaşadan Ağakişi Kazımov. Gərgin əmək, yüksək insanlıq, yaradıcı şəxslərin qalereyalarına münasibət və bundan doğan axtarışlar, düzgün seçim, istiqamətləndirmə, hökm, bunların zirvəsində duran sonsuz vətənpərvərlik duyğusu onun səhnələşdirdiyi tamaşalarda açıq-aydın sezilir. Günlərin, ayların yorğunluğu, gərginliyin nəticəsi olaraq sonda tamaşaçı alqışı bu mənəvi sarsıntı və yorğunluğa nöqtə qoyur. Belə uğurlar onu zaman-zaman çox izləmişdir. Sənət yolunun təntənəsi ilə alqışlar bir növ onun təqibçisinə çevrilmişdir.

Ağakişi Kazımov yaşadığı zamanı səhnə və  tamaşaçı arasında bölüşdürmüş, ömrünün ixtiyar çağında belə zamanın onun nə vaxt haqladığını belə sezməmişdir. Yaşının 75 olmasına baxmayaraq, ruhu təzə-tərdir və hələ neçə-neçə gənclik eşqi ilə əhatə olunacaq əsərlərin yaradıcısına çevriləcək. Bu, onun axtarışları, sənət meyilləri, aktyor ansamblı ilə işgüzar münasibətindən irəli gəlir. Onu da deyim ki, elə aktyorlarla da işləməkdən mənəvi zövq, fiziki güc alır. 75 bahar görmüş ziyalı ilə həmsöhbət olmaq, onun sənət meyarları ilə bölüşmək elə  sənət dünyasına açılan yoldur.

Bu gün haqqında fikirlərimizi qələmə almaqla tükənməyən rejissorun, aktyorun 75 illik həyat, sənət ştrixlərini yazmaq bir o qədər də asan deyil. Hər sözü söz sərrafı tək süzgəcdən keçirən Ağakişi Kazımov tələbkarlığı ilə elə yozum içindən öz yozumunun bədii ştrixlərinə də məxsusi meyarı ilə yanaşır. Təbii ki, ömrünü səhnədə keçirən sənətkarın yubiley tarixini, sənət biblioqrafiyasını nəzərdən keçirmədən ötüşmək olmaz. Keçdiyi yolun çalarları bizə yol göstəricisi olur. Ağakişi Kazımov... 1935-ci ildə dünyaya gəlib. Uşaqlıq, yeniyetməlik dövrünün istəyi, arzusu onu bir atlı tək Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə gətirir. Gənc ikən sənətə açılan uğuru yolunda Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak olur. 1960-cı ildə Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilir. 1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C.Cabbarlının "Aydın" əsərini tatarca hazırlayır. Tamaşa Kazanda keçirilən "SSRİ xalqlarının dramaturgiyası RSFSR teatrlarının səhnəsində" müsabiqəsində 1-ci yeri tutur.

1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. Tez bir zamanda onun quruluş verdiyi tamaşalar monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyyələnir və rəğbət qazanır. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən tamaşalar paytaxtın müxtəlif teatr səhnələrində təqdim olunur.

Bir qədər haşiyəyə çıxaraq deyim ki, Ağakişi Kazımov ilk gənclik illərində aktyor olub, hələ Teatr İnstitutunun tələbəsi ikən Akademik Milli Dram Teatrının truppasına daxil olub, bu teatrın səhnəsində bir sıra maraqlı obrazlar, o cümlədən, V.Şekspirin "Otello" tamaşasında Zabit, M.F.Axundovun "Hacı Qara" tamaşasında Murov, C.Cabbarlının "Almaz" əsərində Barat, M.Hüseynin "Cavanşir" faciəsində Fərid və s. kimi yaddaqalan obrazlar yaradıb.

Opera və Balet Teatrında da sənət yoluna maraqlı tamaşaların quruluşçu rejissoru cümlələri yazılıb. Şəfiqə Axundovanın "Gəlin qayası" tamaşasını hazırlayaraq böyük sənətkarların ifasında həllinə nail olur. Belə ki, Nəzakət Məmmədova, Arif Babayev və Rübabə Muradova ilə səhnədə unudulmaz bir tamaşa təqdiminə nail olur.

Gənc Tamaşaçılar Teatrına səhnə fəaliyyətinin 20 ilini həsr edib. Ağakişi Kazımov bu teatrda Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında İ.Coşqunun yazdığı "Söhrab və Rüstəm" tamaşasına verdiyi quruluş teatrın tarixində mərhələ təşkil etmiş, böyük tamaşaçı marağına səbəb olmuş, uzun illər teatrın repertuarından düşməmişdir. Gənc Tamaşaçılar Teatrının Moskvaya ilk qastrol səfərində, bu teatra "Şöhrət" ordeninin, onun aktyorlarına fəxri adların verilməsində rolu qeyd edilməlidir. Bütün bu işləri Azərbaycan teatrı naminə təmənnasız edən sənətkar pilə-pillə sənət izlərini qələmə alır. 

Ağakişi Kazımovun yaradıcılığının çox geniş coğrafi məkanı var. Kazan, Bakı, İrəvan, Aşqabad, Köln, Düsseldorf və s. Bu və digər teatr səhnələrində uğurlu rejissor yozumu, səhnə axtarışları, sevinc və nailiyyətlər onun yoluna həkk olunur. Son illərdə dövlət xətti ilə rejissor kimi bir neçə il Almaniyanın Köln və Düsseldorf şəhərlərində də çalışıb. Özünün dediyi kimi bu iki şəhərin bir teatrı var - Türk Dövlət Teatrı var. Orada "Arşın mal alan"ı türk dilində hazırlayıb. Tamaşa bəyənildiyi üçün sonralar da bir neçə dəfə dəvət alaraq sifarişli tamaşalara quruluş verir.

Sənətkarla bağlı məqamları  vərəqlədikcə onun çox dəyərli, zəngin bir ömür yaşadığının şahidinə çevrilirik. Uzun illər çağdaş milli rejissor sənətimizin nümayəndələri ilə çiyin-çiyinə çalışan Ağakişi Kazımovla bağlı sənət yoldaşların söylədikləri fikirlər də maraq doğurur. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azərpaşa Nemətov belə deyir:"Uzun illərdən də bəridir ki, biz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bir yerdə çalışırıq. Bu sənət ocaqlarında biz bir səhnədə tamaşalar qurmuşuq. Yaradıcılıq üslublarımız, həyata baxışlarımız ayrı olsa da, sənət amalımız bir olub: Azərbaycan teatrına və doğma xalqa xidmət. Bir yaradıcı şəxsiyyət kimi onu analitik düşüncə, milli köklərə bağlılıq, ləyaqət, çalışqanlıq və təvazökarlıq kimi keyfiyyətlər xarakterizə edir". Bir sənətkarın qeyrisi haqqında səmimi fikirləri həqiqi sənətlə bağlı reallıqlara bir açardır.

Respublikanın xalq artisti Bəsti Cəfərova onu teatr sənətinin fanatı, bütün ömrünü böyük sənətin xidmətinə həsr edən yaradıcı şəxsiyyət kimi xarakterizə edir: “Onun teatr sənətinə - böyük, sonsuz və təmənnasız məhəbbətinə ancaq həsəd aparmaq olar. Mənim bu böyük sənətkarla yaradıcılıq əlaqəm 1982-ci ildə Nəbi Xəzrinin "Mirzə Şəfi" tamaşasına rol bölgüsü ilə başladı... Bu tamaşada rejissor Ağakişi Kazımov mənə Şəfinin sevgilisi Pakizə rolunu tapşırmışdı. O vaxta qədər mən Ağakişi müəllimi heç tanımırdım... Bəli, məşqlər başladı. İndiki kimi yadımdadır, "Mirzə Şəfi" tamaşasının axşam məşqi idi. Aşağıda, səhnədə hansısa tamaşa gedirdi, biz isə yuxarıdakı böyük məşq otağında məşq edirdik. Tamaşanın final səhnəsində, Şəfinin qəbri üstündə illər keçəndən sonra sevgilisinin söylədiyi monoloqundan sonra, Ağakişi müəllim mənə yaxınlaşdı, öz təəccüb və heyranlığını gizlətmədi. Çünki o vaxt mən çox gənc idim, həm də həyat təcrübəm heç yox idi. Məhz bu tamaşadan sonra uzun müddət Ağakişi Kazımovun hazırladığı demək olar ki, bütün tamaşaların baş qəhrəmanı mən oldum. Yaradıcılığımın ilk illərində, bir-birinin ardınca Ağakişi müəllimin quruluş verdiyi İ.Əfəndiyevin "Büllur sarayda" Lalə, K.Kərimovun "Çahargah fantaziyası"nda Nazilə, C.Cabbarlının "Od gəlin"ində Solmaz, "Solğun çiçəklər"ində Pəri rollarını oynadım. Bu tamaşaların hər biri mənə ayrılıqda çox böyük uğur və tamaşaçı məhəbbəti qazandırdı. Ağakişi Kazımovun 1983-cü ildə hazırladığı görkəmli dramaturqumuz İlyas Əfəndiyevin "Büllur sarayda" tamaşası Akademik Milli Dram Teatrının səhnəsində 300-dən çox anşlaqla nümayiş olundu. Mənim fikrimcə, İ.Əfəndiyevin "Büllur sarayda" pyesi A.Kazımovun hazırladığı ən müvəffəqiyyətli tamaşalardan biridir. Heç təsadüfi deyil ki, Ağakişi Kazımov illər keçəndən sonra bu əsərə bir daha Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluş verdi. Hal-hazırda Ağakişi Kazımov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyorluğu kafedrasının müdiri kimi çalışır. Bir sözlə, mənim pedaqoji fəaliyyətimdə də mənə rəhbərlik edir. Ağakişi Kazımovun rəhbəri olduğu kafedrada işləmək çox xoşdur. Çünki Ağakişi müəllimin yanında özümü rahat və güvəncli hiss edirəm... Onun çox zəngin yaradıcı və pedaqoji təcrübəsi var və Ağakişi müəllim bu təcrübəsini gənclərə ötürməkdən xüsusi zövq alır. Bu gün Ağakişi Kazımov kamil sənətkar kimi milli teatr ənənələrimizi ləyaqətlə yaşadır".

Ağakişi Kazımov yaradıcılıq axtarışındadır. Sözün həqiqi mənasında, sənətlə bir məxrəcdə ömür yaşayır. Ömrü-günü olan teatrla. Özü də arzularla: “15 ilə yaxındır ki, Qobustan, Səda və Nur teatrı yaratmaq barədə düşünürəm. Səs və işıq teatrı... bu, o deməkdir ki, Qobustanda olan bir məkan var ki, orada 300-500 nəfərlik yerlərə oturacaqlar yerləşdirib, açıq havada kiçik tamaşa salonu yaratmaq olar. İşıq cihazları quraraq, qayalar üzərindəki rəsmləri işıqlandırmaqla, səslə, xüsusi effektlərlə 45 dəqiqəlik tamaşa hazırlayaraq turistlərə təqdim etmək olar. Bununla həm turistlərin mədəni istirahətini qurmaq olar, həm yaxşı pul qazanmaq olar, həm də sənət göstərmək olar. Bu, mənim yubiley günündə həyata keçirmək istədiyim bir arzumdur".

Ən böyük arzularından biri də Ümummilli Lider  Heydər Əliyevin obrazını səhnəyə gətirməkdir. Bunu özünə mənəvi borc bilir. Çünki Ulu Öndər Heydər Əliyevin diqqəti və qayğısı onun yaradıcılığına təkan vermişdir. Quruluş verdiyi tamaşalara gəlişi və hər dəfə də bir teatrşünas olaraq münasibəti rejissoru gücləndirmiş, sənət yoluna işıq salmışdır. Bu gün ömrünün ixtiyar çağında sənət dünyasını - Heydər Əliyevin obrazını yaratmaq narahat edir O, özü bu istəyinin yaxın zamanda reallaşacağına əmindir.

 

 

Səs.- 2010.- 8 dekabr.- S. 12.