Vaqif Mustafazadə dünyası
Bu gün caz musiqisinin banisi olan sənətkarın
anım günüdür
Azərbaycan musiqi sənətində caz musiqisinin banisi kimi tanınan Vaqif Mustafazadəni yaradıcılıq uğurları hər zaman izlədiyindən, o, milli sənət nümunəsini, eləcə də, istedada malik ifaçılığını göstərə bilmişdir. Yaradıcılıq yolu qısa, tələm-tələsik olsa da, bu məsafədə sənətkarın müdrik addımları ona əsrlər qədər bir ömür verdi. Zamanının saatı ömür yolunda dayansa da, səslənən musiqisi hələ də onun həyat yolunun ritminin ahəngində vurur. Hər notunda canlı varlıq tək görünür, hiss edilir. Vaqif dünyası böyük və əzəmətli bir aləmdir. Bu aləmin açarı onun yaradıcılıq yolunun girdabına daxil olarkən, daha aydın və bənzərsiz olur.
Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu bitirən Vaqif Mustafazadə Gürcüstan Dövlət Filarmoniyasında "Qafqaz" caz - triosunun yaradıcısıdır. Onun təşəbbüsü ilə fəaliyyətdə olan ilk qadın vokal kvarteti "Leyli", daha sonra isə, "Sevil" vokal instrumental ansamblı Azərbaycan milli estradasının inkişafında xidmətə malikdir. Eyni zamanda, "Muğam" instrumental ansamblına rəhbərlik də onun yaradıcılıq fəaliyyəti ilə bağlıdır. "Tallin - 66", "Tbilisi - 78" ümumittifaq caz festivalların laureatı olan sənətkar təkcə Azərbaycan milli musiqi sənətində deyil, dünya musiqisində də öz yerini tuta bilmişdir. Bəstəkarların Monakoda keçirilən beynəlxalq caz musiqisində də uğuru onun dünyada sözünü deyə bilən ifaçı olduğunu təsdiqləyən amillərdəndir. Bu festivalda da sənətkar dünya musiqiçiləri sırasında birincilik qazanaraq, Azərbaycana böyük nailiyyət bəxş etmiş oldu. Amma etiraf edək ki, Vaqif Mustafazadə dövlət tərəfindən vaxtında öz qiymətini ala bilmədi. Bu da niyyəti xoş olmayan insanların ona qarşı olan şəxsi intriqa və münasibətləri ilə bağlı idi. O, bir müddət qəbul olunmadı, amma zaman həqiqətləri üzə çıxardı və ona verilən qiymətlər Vaqifin hansı şöhrət sahibi olduğunu göstərdi. Vaqif Mustafazadə Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar artisti kimi fəxri adların daşıyıcısına çevirir.
Bu gün fortepiano ilə orkestr üçün konserti, "Muğam" simfoniyası möcüzələr axarında dünyanı dolaşır, hər konsert salonunda onun kimliyi cizgiləri ilə məlum olur. Deyirlər onun qeyri-adiliyi fonunda zaman geriyə işlədi. Bəli, bu, bir həqiqətdir ki, zaman istedad, dahi, böyük şəxsiyyətlərin həyat yolunda öz gücünü, bəzən də diqtəsini yerinə yetirə bilmir. Vaqif də bu qism insanlar sırasındadır.
Keçmişin qaranlıq tarixini, sirlərini, şirin nağıllarını əsərlərində yaşadan və bu ecazkarlıqdan mənən güc alan pianoçu dilləndirdiyi səslərlə dünyanı heyrətləndirəcəyini bəlkə də düşünmədi. Düşündüyü yalnız və yalnız sənət meyarların gerçəkləşdirmək, ruhi dünyası ilə insanları musiqinin kökündə yaşatmaq və əsrarəngizliyi lirik, psixoloji bir yolla insan düşüncəsinə hopdurmaq idi. Belə də oldu. Vaqif İçərişəhərin divarlarından süzülüb gələn ahəngi musiqi dilinə çevirdi. Dünyəvilik qazandırdı bu sevgi Vaqif Mustafazadəyə. Vaqif üçün İçərişəhərin özünəməxsus həniri, minbərlərdən ucalan dua səsləri, dənizin bəzən pıçıltıya dönən, bəzənsə guruldayan ləpələri, daha nələr adi səslər olmadı. Bunlar onun musiqisinin ilk akkordlarına çevrildi. Təbii ki, İçərişəhərin bütün səsləri yaşandı bu musiqidə. Bu dar dalanlardan gələn səslər onu dünya musiqisi ilə müşayiət etdi.
Tallinin "Kalev" idman zalındakı uğuru ona baş gicəlləndirici bir hiss yaşatmadı. Dörd gün davam edən festivalın sonlarına yaxın heç kimin yaxşı tanımadığı cazmen səhnəyə çıxır. Onunla bağlı mənəbələrdə qələmə alınır... "O insanı ki, mən sevirəm" əsərini ifa edən bu ifaçı tamaşaçıları sanki əfsunlayır. Əfsunlaşmış tamaşaçılar arasında birinci ayağa qalxan Yohanson olur. Heyrətindən təmkinini itirən Yohanson "öncə o, sonra mən qalib olacağam" deyə var səsi ilə qışqırır. V.Konover sonradan Vaqif Mustafazadənin çıxışının onda oyatdığı təəssüratı belə bölüşür: "Vaqif qeyri-adi pianoçudur. Dünya cazında ona bərabər musiqiçi tapmaq çətindir". Konover ömrü boyu onu tərk etməyəcək təəssüratın nəticəsi olaraq, Vaqif Mustafazadəni Tallində keçirilən növbəti caz festivalının da şəriksiz qalibi elan etmişdi. Tallində qazandığı böyük uğurdan sonra Vaqif Gürcüstana deyil, Azərbaycana döndü. Bu, qəribə bir dönüş idi. Vaqif Mustafazadə uğur qazandıqdan, dünayanın ən məşhur musiqiçiləri arasında fərqlənəndən sonra onu qiymətləndirməyən, ecazkar musiqisini eşitməzliyə vuran həmvətənləri arasına dönür. İlk vaxtlar Vaqifin uğuru anılsa da, az keçməmiş hər şey əvvəlki yerini alır: laqeydlik, biganəlik, soyuqluq... Vaqifsə bütün bunlara əhəmiyyət verməyərək, 1969-cu ildə Bakıda keçirilən caz festivalında nəyə qadir olduğunu bir daha sübut edir. Gerçəkliyi qəbul etmək istəməyənlər daha canfəşanlıqla onun əleyhinə təbliğat aparırlar. Vaqifin yaradıcılığını milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirənlər bununla da kifayətlənmirlər. Vaqifin televiziyada solo konsert vermək cəhdi dəfələrlə boşa çıxır. Vaqif bu ədalətsizliyin, haqsızlığın fövqündə dayansa da, gündən-günə gərilən əsəblər bir gün özünü büruzə verir. 29 yaşlı sənətkar ölümlə üz-üzə gəlir. Ancaq bu dəfə xəta sovuşur. Deyilənə görə, yatağa düşən Vaqif Mustafazadə hər gün anasından xahiş edir ki, "Bayatı-Şiraz" çalsın. "Anamın ifasında eşitdiyim "Bayatı-Şiraz" dünyanın ən gözəl melodiyasıdır" deyən Vaqif çətin günlərində də musiqiyə üz tutur.
Monakoda
keçirilən festivalda elə bu uğurlarla yadda
qalmışdır. Festivalın şərtlərinə
görə, əsərin müəllifi, ifaçısı hətta
onun hansı ölkəni təmsil etməsi gizli
saxlanılmalı idi. Münsiflər heyəti bu lentləri
bir-bir dinləyib, qalibi müəyyənləşdirdikdən
sonra, əsərin müəllifi, ifaçısı, o
cümlədən, ölkənin adı elan olunacaqdı.
Yüzlərlə naməlum ad içərisindən yenə
də bizə doğma ad çəkilir: "Azərbaycan",
Vaqif Mustafazadə, "Əzizəni gözləyərkən".
Vaqif Monako caz festivalından vətənə "Ağ
royal" mükafatı ilə qayıdır. Monako
festivalına qatılan minlərlə insan ecazkar musiqinin sədalarına
heyran kəsilir. Azərbaycanda isə hələ də Vaqif
Mustafazadənin adının belə çəkilməsini istəmirlər.
Deyilənlərə görə, Vaqif növbəti konsertlərindən
birini (bu, tarixə son konsert kimi düşəcək)
Bakıda verməyi planlaşdırırmış. Ancaq bədxahlar
onun bu istəyini gerçəkləşdirməyə
qoymurlar. Və Vaqif faciəvi sonluqla bitən son konsertini
Daşkənddə verəsi olur. Vaqif Mustafazadə Daşkənd
konsertində səhnəyə son dərəcə əsəbi,
incimiş, bütün bu haqsızlıqlardan boğaza yığılmış
halda çıxıb. Çünki Daşkənddə
konserti təşkil eləməyi öz boynuna götürənlər
onu aldatmışdılar. "Bakıda hazırlanan
afişalar Daşkəndin küçə və
meydanlarında asılıb" desələr də, əslində,
konsertlə bağlı adi bir elan da verilməmişdi.
Bütün bunlar konsert günü məlum olur. Dünya
şöhrətli sənətkarın Daşkəndə gəlişindən,
hətta musiqi aləminin də xəbəri yox imiş. Pərəstişkarlarının
xəbər tutmadığı bu konsertə barmaqla
sayılacaq qədər tamaşaçı
yığılır. Onlar isə təsadüfən bu
konsertdən xəbər tutanlar idi. Vaqif konserti onlara görə
təxirə salmaqdan daşınır. Piano arxasına
keçir. Çalır. Aram-aram, sonra isə getdikcə
şiddətlənən ürək sancılarına
baxmayaraq, çalır, çalır... Ancaq Vaqif Mustafazadəyə
bu konsertin son akkordlarını vurmaq nəsib olmur. Vaqifin
ürəyi səhnədə dayanır... "Dünyada ən
çox anamı, böyüyüb boya-başa
çatdığım İçərişəhəri, bir
də dənizi sevirəm" deyən Vaqif sənəti kimi,
ömrüylə də bədxahlarına meydan oxuyur. 16 mart
tarixində dünyaya göz açan Vaqif Mustafazadə elə
16 dekabr tarixində dünyasını dəyişir. Bu
gün hər il olduğu kimi sənətkarın xatirəsini
bizlərə qalan əsərləri, bir də böyük
iftixarla xatırladığımız uğurları ilə
yad edirik. Bu zəngin irs bizləri çox-çox illər xəyallarda,
Vaqif dünyasında yaşadacaq.
Səs.- 2010.-16 dekabr.- S. 12.