Xalidə Hasilovanın
90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi
Dünən M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planına əsasən, yazıçı-dramaturq Xalidə Hasilovanın anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Xalidə Hasilovanın Azərbaycanın qadın yazarları arasında özünəməxsusluğundan və məhsuldar yaradıcılıq yolundan söz açdı. O bildirdi ki, Xalidə xanım Azərbaycan qadınının ziyalılıq simvoludur. Belə ki, onun fəaliyyətinə və yaradıcılıq yoluna bələd olan insanların yaddaşına əbədi həkk olunan Xalidə xanım məxsusi dəyərləri, Azərbaycan qadınına məxsus əzəməti, qüruru yaşadan bir ziyalı olaraq əbədiyyətə qovuşmuşdur. Yaradıcılıq yolundakı uğurlar onun zəhməti, istedadı ilə ərsəyə gəlmişdir. T.Kərimov onun müxtəlif illərdə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışdığı illərin Azərbaycan qadın hərəkatına təsirsiz ötmədiyini bildirdi.
Sonra "Heydər Əliyev və qadınlar" adlı film nümayiş olundu. Filmdə Heydər Əliyevin Azərbaycan qadınına olan münasibəti və bunun əyani sübutu olaraq "Azərbaycan qadını" jurnalının 50 illik yubileyinə həsr olunmuş tədbirdə iştirakı və çıxışı, daha sonra Azərbaycan Qadınlarının I Qurultayındakı çıxışında Heydər Əliyev qadın siyasətinin həyata keçirilməsi istiqamətində gördüyü işlərin bariz nümunəsi olaraq əksini tapmışdır.
Sonra tədbiri aparmaq üçün söz tanınmış jurnalist Flora Xəlilzadəyə verildi. Flora xanım ötən əsr Azərbaycan ədəbiyyatı tarixində imzasını atmış görkəmli qadın yazıçı və şairlərin adlarını vurğulayaraq, onların fəaliyyət dairəsinin milli düşüncəmizə təsirinə diqqəti yönətdi. Mədinə Gülgün, Əzizə Cəfərzadə, Xalidə Hasilova kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Azərbaycan qadın hərəkatında sözlərin demiş simalardır.
Flora xanım Xalidə xanımın yaşadığı illərə, onun tərcümeyi-halına diqqəti yönəltdi. Qeyd etdi ki, görkəmli nasir, dramaturq Xalidə Hasilova müəllimlik təhsilinə yiyələndikdən sonra Zaqatala rayonundakı Qımır kəndində müəllimlik etmişdir. 1939-1941-ci illərdə Leninqrad Universitetinin filologiya fakültəsində təhsil almış, Bakıya qayıtdıqdan sonra təhsilini ADU-nun filologiya fakültəsində davam etdirmişdir. X.Hasilova uzun müddət bədii yaradıcılıqla məşğul olmuş, həm uşaqlar, həm də böyüklər üçün bir sıra gözəl əsərlər yazmışdır. Yazıçı, həmçinin, tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, türk və rus dillərindən V.Q.Korelenko, N.Tixonov, İ.P.Soto, Ə.Nesin və başqalarından tərcümələr etmişdir. Xarici ölkələrdə dostluq cəmiyyəti nümayəndə heyətinin tərkibində Macarıstan, AFR, İsveçrə, İran və Yaponiya ölkələrində səfərdə olmuşdur.
Flora xanım Xalidə Hasilovanın təcrübəli jurnalist kimi həmişə gənc jurnalistlərə arxa duraraq, öz köməyini onlardan əsirgəmədiyini də bildirdi. Xalidə xanım gözəl yazıçı olmaqla bərabər, həm də peşəkar jurnalist, bacarıqlı rəhbər idi.
Yazıçının "Həsrət", "Həyat özü bir nəğmədir", "Bir sahilin adamları", "Hamı doğmadır mənə", "Nəğməli könül" pyesləri müxtəlif teatrların səhnəsində tamaşaya qoyulmuş, əsərləri rus və türk dillərinə tərcümə olunmuşdur. O, Azərbaycanın əməkdar mədəniyyət işçisi adını almış, "Şərəf nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilmişdir.
Flora xanım bu və digər ştrixləri diqqətə çəkdikdən sonra sözü Azərbaycan Yazıçılar Birliyin sədri, xalq yazıçısı Anara verdi. O, Xalidə xanımın yaradıcılıq yoluna bir həmkar olaraq nəzər salıb, 20-ci əsrdə qadın nəsri deyəndə, Xalidə Hasilovanın və Əzizə Cəfərzadənin nəzərdə tutulduğunu bildirdi. Xalidə xanım həm nasir, həm də dramaturq olaraq ədəbi irsimizə yeni nümunələr bəxş etmişdir. Onun bir dramaturq olaraq "Nəğməli könül" əsəri Emin Sabitoğlu tərəfindən səhnələşdirilmiş və uzun illər səhnədə oynanılmışdır.
Tədbirdə çıxış edən şair Vaqif Bəhmənli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, professor Qara Namazov, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Azəri Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı və b. Xalidə Hasilovanın yaradıcılığından, tərcüməçi və jurnalist kimi fəaliyyətindən söz açdılar.
Tədbirin sonunda Xalidə Hasilovanın qızı Rəna xanım ailəsi adından çıxış edərək, yubileyin keçirilməsində əməyi ola hər kəsə öz dərin minnətdarlığını bildirdi.
Qeyd edim ki, tədbir çərçivəsində Milli Kitabxananın konfrans zalında Xalidə Hasilovanın yaradıcılığına həsr olunmuş sərgi nümayiş olunmuşdur.
Səs.- 2010.- 17 dekabr.- S. 12.