“Bakı gecələri - 2010” Estrada-Mahnı
Festivalı
“Bakı gecələri - 2010” Estrada-Mahnı Festivalında iştirak etmək üçün Təşkilat Komitəsinə ümumilikdə 54 bəstəkar və mahnı müəllifi, 63 şair və həvəskar söz yazarı, 25 aranjimançının ərsəyə gətirdiyi 100-ə yaxın mahnı təqdim olunmuşdur.
Üç konsert proqramından ibarət seçim turunda Təşkilat Komitəsi tərəfindən seçilən mahnılar müğənnilərin ifasında təqdim olunub və professional münsiflər heyəti tərəfindən bu mahnılar sözlərinə, aranjimana və ifa tərzinə görə qiymətləndirilib.
Birinci konsert tamaşaçılara və münsiflər heyətinə sentyabr ayının 13-də, ikinci konsert oktyabr ayının 11-də, üçüncü konsert isə noyabrın 15-də təqdim olundu. İlkin üç mərhələdə yüksək bal toplamış 20 əsər final günü 23 dekabr tarixində Heydər Əliyev Sarayında keçiriləcək Qala-konsertə vəsiqə qazandılar. Finalda səslənən mahnılar “Qran-Pri” və 4 nominasiya üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən ifaçılar “Bakı gecələri Estrada-Mahnı Festivalının Laureatı” adına layiq görüləcəklər. Bu il “Bakı gecələri - 2010” Estrada-Mahnı Festivalının qalibini tamaşaçılar www.baku-art.az saytında “Online” səsvermədə iştirak etməklə müəyyən edə bilərlər.
“Online” səsvermənin bu günə olan nəticələrinə görə, Leyla Ramazanlının “Qələbə” mahnısı 121 səslə liderdir. Manananın ifa etdiyi “Tək səninlə” mahnısı 117, Təranə Vəlizadə “Sarı gəlin” ilə 109, Nadir Qafarzadənin isə ifa etdiyi “Ölərəm sənsiz” mahnısı 103 səslə lideri izləyirlər.
Xatırladaq ki, tamaşaçılar səs verməklə istənilən sevdikləri mahnını “Bakı gecələri - 2010” Estrada-Mahnı Festivalının qalibi edə bilərlər.
Qeyd edək ki, səsvermə dekabr ayının 21-dək
davam edəcək.
Səs.- 2010.- 18 dekabr.- S. 12.