2010-cu il Azərbaycan milli mədəniyyətinə
uğurlarla həkk oldu
Yola saldığımız 2010-cu il, bir sıra sahələrdə olduğu kimi, Azərbaycan mədəniyyətinə də töhfələrini vermiş oldu. Bu il, xüsusilə, mədəniyyət və incəsənət aləmində böyük mahiyyət daşıyan hadisələrlə yadda qaldı. Dövlət başçısının mədəniyyət siyasəti nəticəsində əldə olunan uğurların miqyası geniş və əhatəlidir. Mədəniyyət cəmiyyətin müasir inkişaf səviyyəsi, insanın yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusu olduğundan, bu sahədə görülən işlərin mahiyyəti də bəllidir.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsində başladığı əhəmiyyətli islahatlar müasir həyatımızda möhtərəm Prezidentimiz İlham Əliyevin qərar və sərəncamları əsasında uğurla həyata keçirilir. Dövlətimizin mədəniyyətə olan yüksək qayğısı onun bütün sahələrinin inkişafına əsaslı stimul yaratmışdır. Müstəqil Azərbaycanın mədəniyyət siyasətində islami dəyərlərə yeni prizmadan baxış kimi meyillər ictimai düşüncənin formalaşmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və mədəniyyətə göstərdiyi qayğı xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğinə istiqamətlənmişdir. Belə ki, mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilməsin. Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli proqramlar bu sahələrin yenidən qurulmasına imkan yaradır, ayrılan dövlət vəsaitləri hesabına mədəniyyətin maddi-texniki bazası möhkəmləndirilir. Təkcə paytaxtda deyil, regionlarda da mədəniyyət müəssisələrinin təmirinə diqqət artırılmışdır.
2010-cu ildə görülən işlərə diqqət yetirsək, bir il ərzində nə qədər sayda işlərə imza atıldığı bizlərə məlum olar. Paytaxtımızda, region mərkəzlərində teatrlarımızın binası təmir olunur, müasir üslubda yenidənqurma işləri aparılır. Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Milli Akademik Dram Teatrı əsaslı təmirdən sonra yenidən öz qapılarını tamaşaçıların üzünə açmışdır. Artıq Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının da təmir olunması üçün hazırlıqlar görülür.
Kino yaradıcılığı sahəsində də yeni proqram reallaşdırılmaqdadır. Dövlət sifarişi ilə çəkilən filmlərin sayı artmaqda davam edir. Filmlərimizin saxlanc yeri olan Dövlət Film Fondu üçün yeni binanın tikilməsi və onun müasir avadanlıqlarla təmin olunması mənəvi sərvətimiz olan filmlərimizin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsində əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizin ən iri kinoteatrında - Bakıdakı Nizami adına kinoteatrda yenidənqurma işləri uğurla davam etdirilir. Bu kinoteatr Avropa standartları səviyyəsində yenidən qurulub tamaşaçıların istifadəsinə veriləcək.
Musiqi sahəsində nailiyyətlər daha çox və ürəkaçandır. Xüsusilə, Azərbaycan muğamının dünyada təbliği, ölkəmizdə muğamın inkişafına göstərilən qayğı bunu deməyə əsas verir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır.
Muğam festivalının keçirilməsi, gənc muğam ifaçılarının sənətə cəlb olunması, Bakıda Beynəlxalq Muğam Müsabiqəsinin keçirilməsi, eyni zamanda, Dənizkənarı Parkda Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi bu sahədəki nailiyyətlərimizdəndir. Aşıqlar Birliyi rəhbərliyinin dəyişməsi sayəsində xalqımızın qədim aşıq sənətinin yenidən canlanması da son illərin uğurlu mədəniyyət hadisələrindəndir. 2010-cu il üçün aşıq sənətinin YUNESKO-nun dünyanın şah əsərləri sırasına daxil edilməsi mədəniyyət tariximizdə ən yaddaqalan hadisələrdən biri oldu.
Muzeylərimiz, kitabxanalarımız yenidən qurulur. M.F.Axundov adına Milli Kitabxananın fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, elektron kataloqların yaradılması, mərkəzləşmiş kitabxana sistemlərinin müasir tələblərə uyğunlaşdırılması, onların latın qrafikalı əlifba ilə çap olunmuş əsərlərlə komplektləşdirilməsi işi sürətləndirilib. Digər kitabxanalarda da bu proseslər həyata keçirilməkdədir.
YUNESKO-nun Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı, bu təşkilatın xətti ilə Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, bu təşkilatın baş katibinin Bakıya səfəri əlaqələrin getdikcə genişləndirilməsinin bariz nümunəsidir. Söz yox ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu təşkilatın xoşməramlı səfiri adını qazanması da böyük etimadın nəticəsidir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq Musiqi Festivalı bayram əhvalı-ruhiyyəsi ilə qeyd olunmuşdur. Bu bayram Azərbaycan musiqisinin ruhunu əks etdirir və gələcəkdə qəlblərin və düşüncələrin bir araya gəlməsi üçün bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır.
Daha sonra beynəlxalq mahiyyət daşıyan Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Birinci Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi keçirilmişdir.
Azərbaycanda ilk dəfə təşkil edilmiş bu beynəlxalq festivala 8 ölkədən - Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarlar qatılmışdılar. Prezident İlham Əliyevin dəstəyi ilə reallığa çevrilən festival milli aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi üçün böyük imkanlar yaradacaqdır. Aşıq sənətinin həm Azərbaycan xalq ədəbiyyatının, həm də, ümumiyyətlə, mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biri kimi bu sahəyə həmişə dövlət qayğısı olmuş, aşıqlarımız fəxri adlara layiq görülmüş, onların konsertləri üçün hərtərəfli şərait yaradılmışdır. Bu misilsiz xalq sənətinin yeni şəraitdə dirçəlməsi, insanların estetik tərbiyəsində aşıq yaradıcılığının imkanlarından istifadə olunması, onun qorunması, inkişaf etdirilməsi və nadir milli sərvət olaraq dünyada tanıdılması üçün yeni layihələr və tədbirlər həyata keçirilir.
Ulu Öndərimiz Heydər Əliyevin xalq yaradıcılığına bəslədiyi həssas münasibətə sadiq qalaraq aşıq sənətinin inkişafı, dünyada tanıdılması üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri bu qədim el sənətinin yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur.
Son 40 illik tarixi yolun fərqli mərhələlərində əsasını Ulu Öndərimiz Heydər Əliyevin qoyduğu ənənələrə görə, Azərbaycan mədəniyyəti ən yüksək səviyyədə dəstəklənir. Bu mənada, ölkəmizin incəsənət xadimləri sənət yollarında sevincli zaman yaşayırlar. Ona görə ki, Ulu Öndərimizin qoyduğu ənənə Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bütün xalqımıza, mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsl nümunəsini göstərir.
Bütün bunlarla yanaşı, il ərizində müxtəlif adda nəfis tərtibatla kitablar da nəşr olundu. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış "Azərbaycan" nəşrini qeyd etməliyik.
Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanmış nəşrdə toplanmış 1000-dən çox fotoşəkil xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, ölkəmizin müasir simasını təcəssüm etdirir. Kitabın ayrı-ayrı fəsilləri oxucuya Azərbaycanı qarış-qarış gəzmək imkanı yaradır. Bu rəmzi səyahət paytaxt Bakıdan başlayır. Kitabda əfsanəvi Xəzərin sahillərində yerləşən Bakının müxtəlif görməli yerlərini, o cümlədən, İçərişəhəri, Şirvanşahlar sarayını, Qız qalasını əks etdirən şəkillər vardır.
Paytaxtdan başlanan səyahət qədim Abşeronda davam edir. Sonra kitabın səhifələrində Qobustan qayaüstü rəsmləri, Yanardağ, Şahdağın qarlı zirvələri, Quba-Xaçmazın göz oxşayan bağları, Şəki-Zaqatala və Gəncə-Qazax zonasının zümrüd meşələri və qədim qalaları, Lənkəran və Naxçıvanın nadir təbiəti, tarixi abidələrini əks etdirən fotoşəkillər bir-birini əvəz edir. Kitabda hələ də Ermənistanın işğalı altında qalan torpaqlarımıza həsr olunmuş bölmələr də vardır. Nəşrə kompakt disk və buklet əlavə olunmuşdur.
Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan "Qabusnamə" kitabını da rus dilində nəşr etmişdir.
aTərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. Kitab Şərq və onunla qırılmaz tellərlə bağlı olan Azərbaycan mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür yaratmağa imkan yaradır. Rəngli illüstrasiya və nəfis tərtibatlı kitab 1000 nüsxə tirajla nəşr olunmuşdur.
Bu və digər
əlamətdar hadisələr 2010-cu ildə Azərbaycan milli
mədəniyyətinə öz izlərini saldı.
Səs.- 2010.- 31 dekabr.- S. 16.